Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ-da silah satışına məhdudiyyət qoyulacaq

ABŞ-da silah satışına məhdudiyyət qoyulacaq

04.06.2022 [11:06]

Odlu silaha sahib olmaq üçün...

Nicat PAŞA

Dünyada bir şüar var: kim güclüdürsə, o da qalibdir. İndi insanlıq, humanizm prinsipləri bir xeyli arxa plana atılıb. Çünki artıq silahlar danışır, həm də supergücə sahib silahlar. Müxtəlif vaxtlarda baş verən müharibə və münaqişələrdə tətbiq edilən silahların gücü artdıqca, qurbanların sayının da artması heç kimə sirr deyil. Bu kontekstdə bir çox dövlətlərdə vəziyyət heç də ürəkaçan deyil. Məsələn, CNN-nin yaydığı məlumatda bildirilir ki, ABŞ-da hər yüz nəfərə 120.5 silah düşür. O da bildirilib ki, ABŞ bu göstərici ilə dünyada birinci yerdə, Folklend adaları isə 100 nəfərə 62 silahla ikincidir. Üçüncü yerdə isə 7 ildir vətəndaş müharibəsi aparan Yəmən gəlir. Bu ölkədə hər 100 nəfərə 53 silah düşür. Cənubi Koreya və Yaponiyada isə hər yüz nəfərə 0,2 silah düşdüyü məlum oub. ABŞ dünyada mövcud olan 857 milyon mülki silahın təxminən 393 milyonuna sahibdir. Bu da bütün dünyadakı silahların 46 faizi deməkdir. ABŞ-da hər 100 min nəfərdən 4-ü silahlı atışma nəticəsində ölüb. Bu rəqəm inkişaf etmiş başqa ölkələrdə orta hesabla 18-dir. Bu ölkədə intiharların 44 faizi silahla baş verir. ABŞ dünya üzrə kütləvi silahlı hücuma məruz qalan yeganə ölkədir.

Kiçik bir xatırlatma etmək yerinə düşər. Belə ki, mayın 25-də ABŞ-ın Texas ştatının Yuvald şəhərində orta məktəbdə baş verən atışma nəticəsində 18-i məktəbli olmaqla 21 nəfər ölüb.

Bu hadisədən sonra ABŞ Prezidenti Cozef Bayden silah satışına məhdudiyyətin qoyulması ilə bağlı çıxış edib.  Bayden silahların alınma yaşının 18-dən 21-ə qaldırılmasını təklif edib.

Eyni zamanda saxlama qaydalarının dəyişdirilməsinin və təhlükəli hesab olunduğu halda vətəndaşdan alınması təklifi irəli sürülüb.

“Son iki onillikdə məktəb yaşlı uşaqlar, polis və hərbçilər daha çox odlu silahdan açılan atəş nəticəsində ölüb. Fikirləşin! Allah xatirinə, biz nə qədər belə qırğına dözəcəyik?! Daha nə qədər günahsız amerikalı öləcək?! “Bəsdir!”,- deyə Bayden çıxışında bildirib. Məlumatda bildirilir ki, nümayəndələr Palatasının Ədliyyə Komitəsi artıq müvafiq tədbirləri müzakirə edir. Onlar yaxın iki gün ərzində qanun layihəsini təqdim etməyə hazırdırlar.

Yuxarıda sadalananların timsalında dünya ölkələrində odlu silahdan istifadə nəticəsində həlak olanların sayına nəzər yetirdikdə təəssüflənməmək mümkün deyil. Belə olan təqdirdə bəzi suallar ortaya çıxır.

Dünya təcrübəsində odlu silah əldə etmək və ondan istifadə qaydaları hansılardır?  Hansı ölkələrdə silahdan istifadə etmə qadağaları var?

Bəzi ölkələrdə odlu silah əldə etmək və ondan istifadə qadağan edilmir. Adətən bu ölkələrdə istifadə sənədinin verilməsi üçün vətəndaşlar müxtəlif qrup və kateqoriyalara bölünürlər. Ov, idman atışları, kolleksionerlər və gizli istifadə, özünümüdafiə və digər müxtəlif kateqoriyalar üzrə lisenziyalar mövcuddur. Hər bir məqsəd üçün də müvafiq tələblər var. Buna icazəsi olmayanların siyahısına   məhkumluğu olmuş və yetkinlik yaşına çatmayan şəxslər daxildirlər.

Almaniyada silah sahibliyi 1972-ci il Federal Silah Aktı (Almanca: Waffengesetz) ilə tənzimlənir. Qanunlar atəş enerjisi 7,5 couldan (5,5 futlb) çox olan silahlara şamil edilir. Odlu silah lisenziyası 18 yaşından yuxarı olan, heç bir cinayəti və ya əqli cəhətdən zəif olmayan, etibarlı hesab edilən və odlu silaha sahib olmaq ehtiyacını nümayiş etdirə bilən şəxslərə verilə bilər. Sahib olunan hər bir odlu silah üçün ayrıca lisenziya tələb olunur.

Polşada bu, 21 may 1999-cu il tarixli Silah və Sursat Aktı ilə tənzimlənir. Əlavə edilmiş düzəlişlərlə, odlu silaha sahib olmaq və ona sahib olmaq üçün lisenziya tələb olunur. Silah qanunu 2011 və 2014-cü illərdə yüngülləşdirilib. Bu dəyişikliklər ümumiyyətlə polisin səbəb göstərmədən lisenziya verməkdən imtina etmək səlahiyyətini aradan qaldıraraq prosesi texniki cəhətdən çətinləşdirirdi. Nəticədə, verilən lisenziyaların sayı ildən-ilə artır, lakin Polşa hələ də Avropada adambaşına ən az qeydə alınmış silah sayına malik ölkədir.

Türkiyədə avtomatik və yarım­avtomat odlu silahlar mülki şəxslər üçün qadağandır. Silah almaq və istifadəsi üçün odlu silahla işləmək qabiliyyətinə malik olduğunu və hər hansı psixoloji və ya fiziki maneələrinin olmamasını təsdiq edən tibbi arayış tələb oluna bilər. Əsas yoxlamalar məcburidir və lisenziyaların verilməsi üçün tutarlı, əsaslar tələb olunur. Mülki şəxslər tapança gəzdirmək icazəsi və ya tüfəng daşımaq üçün lisenziya almaq üçün əlavə olaraq polisə müraciət etməlidirlər (sonuncu üçün ovçuluq vəsiqəsi də tələb olunur). Müraciət etməzdən əvvəl onların xüsusi səbəbi olmalıdır və daşıma lisenziyaları olduqca bahadır. Polis məmurları, hərbi qulluqçular, hakimlər, prokurorlar və yüksək rütbəli siyasətçilər kimi xüsusi peşələr hökumətdən ömürlük lisenziyaya malikdirlər və tapança və tüfəng lisenziyaları üçün pulsuz müraciət edə bilərlər.

Rusiyada 18 yaşdan yuxarı vətəndaşlar dərslərdə iştirak etdikdən və silah təhlükəsizliyi imtahanından keçdikdən sonra odlu silah vəsiqəsi ala bilərlər. Daşıma və saxlama icazəsi (kolleksiya üçün nəzərdə tutulmuş silahlar istisna olmaqla) beş il müddətində etibarlıdır və uzadıla bilər. Odlu silahlar özünümüdafiə, ov, idman və kolleksiya üçün alına bilər.

Ölkəmizdə hansı qaydalar mövcuddur?

Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi üzrə polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət edə bilər. Silahın alınmasına xüsusi icazə verilir. Xüsusi icazəni əldə etmək üçün vətəndaş tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

Ərizə (polis orqanından alınmış blank doldurulur)

Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;

Sağlamlıq haqqında tibbi arayış;

3x4 sm ölçüdə iki ədəd fotoşəkil.

Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğu və profilaktiki uçotda olub-olmaması yoxlanılır. Dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər barədə belə yoxlamalar aparılmır.

Mülki silahın əldə edilməsinə xüsusi icazə verilməsi üçün vətəndaşın ovçular cəmiyyətinin üzvü olması tələb edilmir.

Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidir. Bu halda tibbi arayış təqdim edilmir və məhkumluğu yoxlanılmır.

Ölkəmizdə mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti 6 aydır. Xüsusi icazədə aşağıdakı məlumatlar göstərilir: Mülki silahı əldə edən şəxsin soyadı, adı və atasının adı silahın növü, miqdarı, xüsusi icazənin verilmə tarixi və etibarlılıq müddəti.

Ticarət təşkilatı tərəfindən mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin arxa hissəsində satılan silahın markası, kalibri, nömrəsi barədə müvafiq qeydlər aparılaraq, imzalanır və möhürlə təsdiqləndikdən sonra vətəndaşa verilir.

Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu və ya idman silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir.

Odlu ov və ya idman silahının saxlanılması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi zamanı ilkin qeydiyyata görə şərti maliyyə vahidinin 10 misli məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb olunur.

Aşağıdakı hallarda vətəndaşa mülki silah əldə etməsinə xüsusi icazə verilməsindən imtina edilir:

Onun mülkiyyətində kolleksiya əşyaları istisna olmaqla yeddi ədəddən çox odlu ov və ya idman silahı olduqda;

Haqqında alkoqolizm, narkomaniya, ruhi xəstəliklə, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq səhiyyə orqanının tibbi əks-göstərişi olduqda;

Ağır cinayətlərə görə, habelə silah-sursatdan və ya partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda;

Ov və balıq ovu qaydalarının, odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması və tətbiqi qaydalarının, ictimai qaydanın və müəyyən olunmuş idarəçilik qaydalarının pozulmasına görə, habelə odlu silahdan və ya sursatdan istifadə etməklə törədilmiş digər xətalara görə inzibati tənbeh tədbirləri tətbiq edildikdə (həmin inzibati tənbehin tətbiqindən 1 il müddətində);

Polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda;

Fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edildikdə;

Silahla təhlükəsiz davranma qaydalarını bilməməsi müəyyən olunduqda;

Yaşayış yeri müəyyən olunmadıqda.

Paylaş:
Baxılıb: 144 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31