Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şərur-Dərələyəz mahalı, Keşkənd nahiyəsi, Ardaraz kəndi...

Şərur-Dərələyəz mahalı, Keşkənd nahiyəsi, Ardaraz kəndi...

10.09.2022 [10:21]

“Qərbi Azərbaycan kəndlərinin tarixi-coğrafiyası” silsiləsindən

(I məqalə)

Dinsiz və mürtəce hay kilsəsi Şimali Qafqazın Armavir şəhərində Türk-Müsəlman dünyasına qarşı nifrəti təbliğ edən “Krunk” (hayca mənası “Durna”) qəzetinin uzun fasilədən sonra yenidən nəşr edilməsinə qərar verib. İlk nömrəsi keşiş N.Ertetsyanın redaktorluğu ilə 1917-ci ilin may ayında çıxan bu qəzet uzun fasilədən sonra 1995-1999-cu illərdə çıxsa da, sonradan işıq üzü görməyib. Artıq ayda 1 dəfə, 999 tirajla, t.e.n. S.Y.Quroklyanın (Armavir Sənaye-İnşaat kollecinin tarix müəllimi) redaktorluğu ilə rus və hay dillərində çap edilməsinə, eləcə də pulsuz paylanılmasına bu ilin sentyabr ayından başlanıb.

1920-ci ilədək Qərbi Azərbaycanın Şərur-Dərələyəz mahalı əhali sıxlığına və yaşayış məntəqələrinin pərakəndə yayılmasına, tarixən coğrafi paylanmasına görə digər bölgələrdən fərqlənmişdir. Buna səbəb həm də ərazidə ənənəvi təsərrüfatçılığın geniş təşəkkül tapması, eləcə də, iqtisadi-ticarət, qədim “İpək yolu”nun ən etibarlı səmtlərindən birinin (...Qarabağ-Basarkeşər-Dərələyəz...) buradan keçməsi, Azərbaycanın Aralıq dənizi hövzəsi və Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrini yaradan ticarət yollarının əsasən əlverişli təbii-coğrafi şəraitə malik olması idi. Ona görə də mürtəce-dinsiz hay kilsəsi və quldur hay-daşnak silahlı birləşmələri 1904-1906-cı, 1918-1920-ci illərdə davamlı olaraq bu bölgəyə həm Osmanlı Türkiyəsinin Ərzurum-Qars vilayətlərindən, həm də Cənubi Azərbaycan istiqamətindən basqınlar etmiş, dinc sakinləri qətlə yetirmiş, bir çox kəndləri yerlə-yeksan edərək yer üzündən silmiş (Əzizkənd (əhalisi 1949-cu ildə köçürülüb), Çiməndərə (mənası “çəmənli dərə”, 1948-ci ildə dağıdılıb), Çimənkənd (başqa adı-Aşağı Qarabağlar, 1948-ci ildən sonra haylar yerləşdirilib), Məngü (“heyvanların saxlandığı güzdək”, 1918-ci ildə dağıdılıb), Kolanılı (1949-cu ildə əhalisi köçürülüb, eyni antrotoponimə Yevlax, Salyan, Hacıqabul, Şahbuz, Qobustan və Siyəzən rayonlarında da rast gəlinir), Qarabağlar-1949-cu ildə boşalıb...), milli, etnik zəngin maddi-mədəni irs nümunələrini yağmalayaraq İrəvan və Ü(i)çmüəzzin şəhərlərinə aparmışlar.

Şərur-Dərələyəz mahalında birləşmiş düşmən qüvvələrinə qarşı müqavimət hərəkatının güclü olması hay kilsəsinin mənfur niyyətinə ağır zərbə vurduğundan Türk-Müsəlman əhalisinin köçürülməsi və kəndlərinin boşaldılması 1920-ci ildən sonra II mərhələdə İ.Stalin-A.Mikoyan cütlüyünün fitnəkarlığı və hiyləsi ilə həyata keçirilib:

-1930-cu illərdə kollektiv təsərrüfatların yaradılması adı ilə dağ kəndlərinin boşaldılması və əhalinin iri kəndlərə köçürülməsi (Vedibasar mahalının Basarkeşər dağlıq silsiləsinə bitişik Xosrov yüksəkliyinin maddi-mədəni irsinin, qədim tarixə malik yurd yerlərinin məhv edilməsi də bir məqsədi olmuşdur);

-1948-1952-ci illərdə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli 4083 nömrəli qərarı ilə Şərur-Dərələyəz mahalının 150 min nəfərə yaxın əhalisinin zorla doğma yurd-ocağından çıxarılaraq (yüzillər ərzində yığılmış mal-mülk toxunulmadan qalmaqla) Kür-Araz ovalığına deportasiya-sürgün edilməsi və onların qurulu evlərinə xaricdən (Suriya, Livan, Fransa, Yunanıstan, Bolqarıstan və s.) köçürülən hay sürüsünün məskunlaşdırılması;

Qərbi Azərbaycanın kökənli Türk-Müsəlman əhalisinin sayının azaldılması, yerli mənşəli yaşayış məntəqələrinin məhv edilməsi məqsədi ilə yanaşı, həm də “Ermənistan SSR” adlanan qondarma qurumun demoqrafik tərkibinin ermənilərin xeyrinə dəyişdirilməsi hay kilsəsinin dinsiz niyyətlərindən, SSRİ rəhbərliyinin hay xislətinə rəğbətindən xəbər verirdi.  

Bu zərbələrə tuş gələn və sinə gərən isə Qərbi Azərbaycanın Türk-Müsəlman əhalisi idi. Hansı ki, deportasiya edilənlərin ailə üzvlərinin 50-60 min nəfərdən çoxu 1939-1945-ci illər II Dünya müharibəsinin cəbhələrində həlak olmuşdular və geri qayıtmamışdılar. Həmin illərin milli-siyasi faciələrini yaşayanlar sırasında Şərur-Dərələyəz mahalının Keşkənd nahiyəsinin Ardaraz kəndinin sakinləri də olmuşdur. 1949-cu ilin noyabr ayının 3-də yük vaqonlarında Ardaraz kəndinin camaatı Saatlı rayonuna çatanda yerdə və qatarın üstündə 20 sm qalınlığında qar var idi, sazaq-şaxta iliyi dondururdu. Əhali əvvəlcə Əliabad, sonralar isə Fətəlikənd, Şirinbəy, Dəlləkli-Nərimakənd kəndlərində qamışlı-palçıqlı obalarda yerləşdirildi.  

Nahiyənin Qozluca (120 ev), Almalıq, Çivə (200 ev), Hortun (150 ev), Heşin...kəndlərinin əhalisi də eyni zülmə düçar olmuşdular.  

Dərələyəz silsiləsinin Didivan dağından, “Ağmanqal”, “Qırxbulaq” yaylaqlarının bulaqlarının suyundan başlayan Ardaraz çayı (uzunluğu 25-30 km) Çivə, Ardaraz kəndlərindən keşərək Arpa kəndində Arpaçaya qovuşur və axıb Şərur rayonu ərazisində isə Araz çayına soldan tökülürdü. Deyilənlərə görə, Ardaraz kəndinin əsasını aran Qarabağın Əfşarlar tərəkəmə elatının bu yaylaqlarda binə quran tayfalarından biri (Bayramlılar nəsli) qoyub. 

Şərur bölgəsinin Günnüt kəndindən 5 km aralı yerləşən Ardaraz kəndində 1918-ci ildə 70-80, 1948-ci ildə 120 ev olub. Bərəkətli torpaqları, dərdə dərman güllü-çiçəkli yaylaqları, qədim tarixi olan kənd camaatının inanc-iman yerlərindən biri də Didivan dağı (bu yerdən Araz çayı sahilləri, Türkiyə əraziləri aydın görünür, Didivan qalası Qazax rayonu, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağında VI-VII əsrlərdə inşa edilmişdir) zirvəsində, Qarabulaq yaylağının ən uca yerində, Qarabağlar kəndinə daxil olan Hortun kəndinə yaxın (Ardaraz və Hortun kəndlərinin arası 25 km idi) Ocaq idi. Mərmər kimi parıldayan iki sinə daşı (2 m boyda) deyilənə görə Ata və oğula aid olub. İstəklərinə, diləklərinə çarə tapmaq ümidi ilə Uca Yaradanın mehrinə iman gətirənlər dəstəmazlı halda bir gecə orada qalar, ümidlərinə hasil olaraq geri qayıdardılar. 

1944-cü ildə Ardaraz kəndinin fermasında müdir işləyən Camal İbrahim oğlu Məmmədovun (1896-1996) elə yaylaqdaca ağzı əyiləndə bibisi Əzət Şıxməmməd qızı Alıyeva (1855-1945) onu bir gecə Ocaqda saxladı, dualadı, səhərisi gün sap-sağlam geri qayıtdılar...

1930-cu illərdə Ardaraz, Almalıq və Kömürlü kəndləri bir Sovetlik olub, mərkəz Ardaraz kəndi olduğundan Sovet sədri Hüseyn Mehdi oğlu Məmmədov (1882-1954, deportasiya mühitinə dözə bilmədi, Əliabad kəndində vəfat edib) bir çox ailələri repressiyadan xilas edib. Onlardan biri Almalıq kəndində (Didivan dağının şərqində, 1 km aralıda yaylaq yerində) yaşayan Seyd Mir Yasin, əslən Cənubi Azərbaycandan idi. Mükəmməl dini dünyagörüşü olmaqla yanaşı, həm də camaatı təmənnasız olaraq xalq təbabəti ilə (min cür gül-çiçəkdən hazırladığı məlhəmlə) müalicə edirdi, şəfa verirdi.

Keşkənd nahiyə Partiya Firqəsinin II katibi, Məmmədlilər nəslindən olan Qəzənfər Abbas oğlu Mehdiyev (1915-1943) müharibəyə getdiyi ildə həlak oldu...

Ardaraz kəndinin (550-600 illik tarixə malik) mərkəzi hissəsində, yasamal yerində Cümə məscidini molla Mehdi Məmməd oğlu (1820-1900) tikdirmişdir, birmərtəbəli, üstü gümbəzli bina idi, min nəfərədək adam ibadət edə bilirdi, aradan pərdə çəkilməklə həm qadınlar, həm də kişilər. Nəcəf şəhərində dini təhsil almış molla Mehdi məsciddə təlim-tədrislə də məşğul olub, sonralar həmin məscidin imamı onun yetirməsi molla Hüseynqulu Kərbəlayi Gözəl oğlu (1851-1946) idi, müəlliminin dini-elmi irsi ona qalmışdır.

Ümumilikdə 2000 hektar sahəni tutan Ardaraz kəndinin münbit-qaratorpaq əkin yerlərində (600 hektara qədər) buğda, arpa, noxud, mərci, kətan, çuğundur, günəbaxan...əkilib. Quzey hissədəki Güney dağının ətəyindəki “Zəyərək yeri”ndə (80 hektar) noyabr-may ayları ərzində qar örtüyü 1 metrə çatırdı, yazlıq ağ buğda becərilirdi. Kəndin qərbində, 5 km aralıda “Şər qaya” deyilən sahədə (250-300 hektar) həm də noxud əkilirdi, “Çalın başı”nda (2 km uzaqlıqda, şimal-qərbdə, 50 hektar) taxıl və noxud yetişirdi. Günçıxan səmtdə 1 km aralı olan “Hörgülü yeri” (50 hektar) çox bərəkətli idi, orada hər şey əkilirdi.  

Biçənəkləri bərəkətli ot örtüyünə bürünürdü, həm kolxoz, həm də şəxsi təsərrüfatlar istifadə edirdi, kəndin 3-4 km-də “Qara qaya”-50 hektar, “Yalın biçənəyi”-20 hektar, eləcə də örüş yerləri-Qara qaya, Zəylik, Güney qayası... 

Kənd camaatının ümumilikdə 600 başa qədər xırdabuynuzlu, 300 baş iri- buynuzlu davarı olub, 1940-cı illərdə... 

Arıçılıq məhsulları camaat arasında bərabər bölünərdi. Arıçı Soltan Paşa oğlu Bayramov idi, məhsulları ev şəraitində Hüseyn Mehdi oğlu səbətlərdə saxlayırdı. 

Ardaraz kəndində 7 illik məktəb idi, kəndin aşağı-Kazımlılar məhəlləsinin arxa tərəfində yerləşirdi və 6-7 otaqdan ibarət idi. 1941-1945-ci illərdə direktoru Çivə orta məktəbini bitirmiş Surə Məmmədova (1924-1995) Əliabad kəndində yaşayıb. Məktəbin müəllimləri-Novruz Bayramov (idman dərsi deyib), Fərəməz Bayramov (riyaziyyat müəllimi), Musa Bayramov (coğrafiya müəllimi) və digərləri indi də xatırlanır... 

R.S. Çimənkənd orotoponimi 1948-ci ildən hay kilsəsi tərəfindən- “Urcadzor”...adlanır.) 

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Şərur-Dərələyəz mahalının Keşkənd nahiyəsinin Ardaraz kəndinin sakini Məcid Hüseyn oğlu Məmmədovun (1936) məlumatlarından istifadə edilib.)

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31