Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əlifba bizi necə ayırırdı

Əlifba bizi necə ayırırdı

29.09.2022 [10:38]

Murad Köhnəqala

Həmişə öz yazılarımda dilimizə keçmiş əcnəbi sözləri Azərbaycan dilinin ahəng qanununa uyğun yazmağa çalışmışam. Məsələn, “müəllim” sözünü “məllim”, “təəccüb” sözünü “təcüb”, “məəttəl” sözünü “mətəl” kimi işlətməyə, yəni yazmağa çalışmışam. Düzdür, bəzən redaktorlar yazdığım tekstlərdə bu kimi sözləri Azərbaycan dilinin rəsmi orfoqrafiya lüğətini əldə əsas tutaraq düzəldiblər. Hətta mənim qramatika (qrammatika) bilgimə də şübhə ilə yanaşıblar. Lakin ən yaxşı halda özümün izahımdan sonra bu “savadsızlığımı” yazarın stili kimi qəbul eləyib qələmlərini geri çəkiblər.

Düşünürəm ki, rus dilinin qaydalarına uyğun olaraq, məsələn, “motor”, “Moskva” kimi yazılışında “o” hərfi, deyilişində “a” səsi işlədilən sözlər dilimizin qaydalarına uyğunlaşdırılıb “mator” və “Maskva” kimi yazılmalıdır. Çünki bizim yazılı və şifahi dilimizdə “o” yazıb “a” kimi tələffüz olunma qaydası yoxdur. 

Bizdən başqa dillərə adlamış sözlər də yeni dil məkanının qaydalarına uyğun olaraq dəyişib. Bircə misal: rusların işlətdiyi “koltso” (üzük) sözü “kolça” (yəni qolbağı) sözündəndir. Slavyanlar mənimsəyərkən sözü öz dillərinin qanunlarına uyğunlaşdıraraq kullanıblar. Yaxud: “bezvozmezdnıy” sözünün kökündə bizim “muzd” sözü durur. Tərcüməsi təmənnasız, yəni əvəzində muzd ödənməyən deməkdir. Göründüyü kimi, sözün kökü “muzd” şəklindən “mezd” şəklinə düşüb.

Bu proses təkcə türk-slavyan söz mübadiləsində deyil, bütün dünya xalqları arasında belə aparılır. Adicə, sərhədsiz yaşayan Avropa xalqları qonşudan aldığı istənilən yeni sözü öz dilinin ahəng qanununa uyğunlaşdırmasa bağrı çatlayar.

Bəli, burada mübahisə doğurası bir şeylər də söyləmək istərdim. Axı biz danışarkən “təəccüb elədim” yox, “təcüb elədim”, yaxud “məəttəl qaldım” yox, “mətəl qaldım” deyirik. Bəs nə üçün ərəbdən gələn sözlərdən ötəri ağzımızı əyib danışmalıyıq? “Təsərrüfat” demirik axı, “təsərfat” deyirik!

Sovetlər vaxtı bütün türk respublikalarında Kiril əlifbası tətbiq edilirdi. Rusiyada tələbə olduğum dövrlərdə Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan gələn tələbələrin gətirdikləri kitabları oxuyandan sonra başa düşdüm ki, rus imperiyası bilərəkdən bizim aramıza anlaşılmazlıqlar atıb. Məsələn, Məhəmməd Füzulinin çağdaşı olan özbək şairi Nəvainin şeirlərini özbəkcədən, yəni özbəklərin qəbul elədiyi Kiril əlifbasında oxuyarkən heç nə başa düşmürdüm. Halbuki hər iki klassikimiz orta çağ türk bədii dilində yazıb. Yəni, əlifbada çoxlu süni problemlər quraşdırmışdılar. Məsələn, bizim işlətdiyimiz əlifbada Kirilin “c” hərfi “ç” hərfinin quyruqlu variantı sayılırdısa, özbəkcədə bu hərfi quyruqlu “j” hərfi ilə almışdılar. Özbək dostlarım Nəvainin qəzəllərini ucadan oxuyanda eynən Füzulinin dili alınırdı. Lakin həmin qəzəlləri biz özümüz oxuyarkən qəti şəkildə o dilə yaxınlaşa bilmirdik. Yəni, biz o kitablarda “ey can” ifadəsini anlaşılmaz şəkildə “ey jan” kimi oxuyurduq.

Klassik türkmən şairi Məhtimqulunun isə dili eynən Molla Pənah Vaqifin dilidir. Bu sirri türkmənlərin özləri Məhtimqulunu yanımızda ucadan oxuyandan sonra anlamışdıq.

Kiril əlifbasının özbək dilinə vurduğu bir zərbəni də örnək gətirmək istəyirəm. “Sağır nun” kimi anladığımız “Nı” səsini almaq üçün özbək dilçiləri “n” hərfinin yanına bir “q” hərfi də əlavə etmişdilər. Nəticədə, tutaq ki,  “məNə bax” ifadəsi “mənqə bax” kimi yazılırdı. Yaşlı nəslin nümayəndələri “sağır nun”u “Nı” kimi səsləndirsələr də, yeni nəsil nümayəndələri kitablara istinad edərək bu ifadəni “mənqə bax” kimi işlətməyə başladılar. Bircə hərfin yanlış qəbuluna görə özbək dili bizim dillə qədim uyğunluğunu biabırçı vəziyyətdə itirdi. Halbuki Kiril əlifbasının qəbul olunmasına qədər hər iki xalq həmin ifadəni bu gün Azərbaycanda işlədilən formada, yəni “mənə bax” kimi dilə gətirirdi. İmperiyanın göstərişi ilə həmin əlifbanı qazaxlar bir cür, türkmənlər ayrı cür, tatarlar bir başqa cür qəbul etmişdilər. Adicə əlifba islahatı ilə də türk xalqlarını bir-birindən ayrı salmışdılar.

Bizim istifadə etdiyimiz Kiril əlifbasında apostrof deyilən bir işarə də vardı. Bu işarə bir qayda olaraq dilimizdəki alınma sözlərin uzanan saitinin belinə qoyulurdu. Məsələn “şer” sözündə “e” hərfindən sonra qoyulan apostrof işarəsi sözü “şeer” kimi deməyi diktə edirdi. Sonralar qəbul elədiyimiz latın qrafikasında bu imkan olmadığına görə “şeir” sözünü hərə bir cür yazmalı olub. Kimi bu sözü köhnədə olduğu şəkildə “şer”, kimi “şeyir”, kimi “şeir”, kimi də “şeer” kimi yazır.

Latın qrafikasına keçməzdən əvvəl Türkiyə türkləri bizim yazdıqlarımızı, azərbaycanlılar isə onların yazdıqlarını oxuya bilmirdi. Azərbaycanda yeni əlifbanın qəbulu Türkiyə türkləri ilə qaynayıb qarışmamızı kifayət qədər sürətləndirdi. Həmin problemi bu gün İran azərbaycanlıları ilə də yaşamaqdayıq. Yaxınlarda Qazaxıstan respublikasında da latın qrafikasına keçiləcəyi bəyan ediləndə düşündüm, görəsən, qazax qardaşlarımız bu əlifbanı bizdəkindən, yaxud da Türkiyədəkindən çoxmu fərqli formada qəbul edəcəklər?..

Əlbəttə, bütün bunlar mənim subyektiv fikirlərimdir, yaxşısını yenə də dilçilər bilər.

Paylaş:
Baxılıb: 197 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Xəbər lenti

Onlar susurlarsa...

25 Noyabr 10:57

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30