Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir

YAP qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir

17.11.2022 [11:21]

Məlahət İbrahimqızı

Milli Məclisin deputatı,

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü

“Dünənin, bu günün və gələcəyin Partiyası...” olan və tarixi sınaqlardan şərəflə çıxaraq xalqın xidmətçisi olan Yeni Azərbaycan Partiyası  gələcəkdə də ölkəmizin ictimai-siyasi həyatında, dövlətimizin inkişafında möhtərəm Prezidentimiz və YAP-ın Sədri cənab İlham Əliyevin yardımçısı olacaqdır

21 noyabr Azərbaycan xalqının ictimai-siyasi fikir tarixində ən əlamətdar və unudulmaz tarixi hadisələrindəndir. Müstəqillik tariximizdə Yeni Azərbaycan Partiyasının yarandığı gün kimi təqvimə düşmüş 21 noyabr əlamətdar tarixi hadisə kimi xalqımızın taleyində və dövlətçilik tarixində mühüm rol oynamışdır. Fəxrlə qeyd etməliyik ki,  21 noyabr 1992-ci ildə yaranmış və keşməkeşli və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası müasir dövlətçilik tariximizlə  bərabər addımlamış, irili-xırdalı, yerli və beynəlxalq səviyyədə dövlətimizin qazandığı bütün uğurlarda iqtidar partiyası kimi misilsiz rolu olmuşdur.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və çətin günlərində, Azərbaycan xalqının ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır.

Bildiyimiz kimi XX əsrin sonuncu onilliyində Sovet imperialist sistemi dağıldıqdan və Azərbaycanın yenidən dövlət müstəqilliyinin rəsmən elan olunduğu 1991-ci ilin 18 oktyabrından sonra bütün sahələrdə böhran içində xalqımız böyük fəlakətlə üzləşdi. Bir-birini sürətlə əvəzləyən müvəqqəti iqtidarların səriştəsiz siyasəti dövlətə, xalqa qarşı edilən xəyanətlər Azərbaycanı nəinki yenicə qazandığı müstəqilliyini itirmək, hətta bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdirdi.

1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gəldi. AXC-Müsavat cütlüyünün hakimiyyəti özünün bədnam idarəçilik fəaliyyəti ilə xalqın bu günə və gələcəyə ümidini, qürurlu millət kimi yaşamağa inamını öldürmüşdü. Meydanın boş olduğunu görən erməni təcavüzkarları işğalçılıq siyasətini daha da gücləndirmiş, respublikanın ayrı-ayrı bölgələrində qanunsuz silahlı birləşmələr cövlan etməyə başlamışdı. Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi.

Həmin vaxtlarda Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə olan münasibətləri korlanmış və respublika beynəlxalq aləmdə təklənmişdi. Məhz belə bir faciəli vəziyyətdə xalqı təlaşdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin -partiyanın yaranması zamanın tələbi idi. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısının müraciəti “Səs”qəzetində dərc olundu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik ümumilli lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.

Azərbaycanda bütün regionlardan seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi şəraitin diqtəsindən irəli gələn  zərurət kimi qiymətləndirərək söyləmişdir:

“Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaratmışdır”. Müstəqilliyimizin ilk illərində yaşanan böhran ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra uğurlu daxili və xarici siyasəti nəticəsində aradan qaldırıldı. Xaos, anarxiya, özbaşınalığın sabitlik ilə əvəzlənməsi Azərbaycanın iqtisadi baxımdan qüdrətlənməsinə, siyasi mövqeyinin möhkəmlənməsinə səbəb oldu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, - deyən ümummilli lider Heydər Əliyev uğurlu iqtisadi islahatları ilə ölkəmizi tənəzzüldən tərəqqi yoluna çıxardı. 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft müqaviləsinin imzalanması ilə Azərbaycanın iqtisadi inkişafının təməli qoyuldu. Bu öncə ölkəmizə olan inamın göstəricisi idi. Azərbaycan çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Təbii ki, iqtisadiyyatın inkişafı əhalinin sosial rifah halının yaxşılaşmasına da öz müsbət təsirini göstərdi. Xalqın gələcəyə inamı gündən-günə artdı. İlk gündən hüquqi, dünyəvi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın demokratik islahatlar sahəsində qazandığı uğurlar da o dövrün şahidləri kimi hər birimizə bəllidir. Söz, mətbuat azadlığı təmin edildi, insan hüquqlarının qorunması sahəsində mühüm addımlar atıldı, ölkədə çoxpartiyalı sistem yaradıldı, seçki praktikası ildən-ilə daha da təkmilləşdirildi. Təbii ki, bütün bunlar Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına səbəb oldu. Ölkəmiz bir sıra nüfuzlu regional və beynəlxalq təşkilatların üzvüdür. Xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verən dövlətimizin beynəlxalq təşkilatlarla münasibəti də yüksək səviyyədədir. Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür. YAP qələbələr, uğurlar partiyasıdır. YAP keçdiyi tarixi yol nəticəsində güclü siyasi təşkilata çevrilib.

Bu gün YAP öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir.

Bu gün Azərbaycanın hər vətəndaşı heç bir mübaliğə olmadan  deyə bilər ki, Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.

Bu bir gerçəklikdir ki, Türk dünyasının görkəmli oğlu, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlər Azərbaycan var olduqca minnətdarlıq və şükranlıqla xatırlanacaqdır.  Yeni Azərbaycan Partiyasının qurucusu və ilk Sədri, dövlətimizin rəhbəri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi müddətdə çağdaş dövlətçiliyimizin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi yolunda əzəmətli işlər görmüşdür. Dahi rəhbərin respublikamızın siyasi, iqtisadi, ictimai və mədəni həyatının bütün sahələrində gördüyü işlər artıq Azərbaycanın milli inkişaf konsepsiyasına çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir və  müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır.

Fəxrlə deməliyik ki, 2003-cü ildən başlayaraq öz inkişafının intibah dövrünü yaşayan respublikamızda möhtərəm Prezidentimiz  və YAP-ın Sədri İlham Əliyevin apardığı müdrik, uzaqgörən siyasət nəticəsində Azərbaycan xalqı dünyada müzəffər xalq kimi böyük uğur qazanmışdır. 44 günlük Vətən müharibəsi dövründə bütün xalqımız kimi, YAP-ın hər bir üzvü həm ön cəbhədə, həm də arxa cəbhədə böyük fədakarlıqlar göstərmişdir. Ərazi bütövlüyümüz uğrunda, torpaqlarımızın işğaldan azad olunması uğrunda partiyamızın üzvləri də çox sıx səfərbər olmuşdur. Bu gün şəhid və qazilərimizin, müharibə veteranlarının sırasında kifayət qədər YAP üzvləri var. Bu gün postmüharibə dövründə də dünya erməniliyinin ölkəmizə qarşı davam edən qara propaqanda işində partiyamızın bütün üzvləri informasiya savaşında fəal mövqe nümayiş etdirir. Qeyd etmək istərdim ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əsaslı və çox dərin islahatlar həyata keçirilir. Partiyamızın sonuncu qurultayında Yeni Azərbaycan Partiyasının Nizamnamə və Əsasnaməsində ciddi islahatlar həyata keçirildi. Həyata keçirilən bu çoxşaxəli islahatlar siyasi partiyaları da əhatə edir. Bunun nəticəsidir ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar? əməkdaşlıq və dialoq üçün çox əlverişli mühit yaranmış və ölkəmizdə yeni siyasi mühit formalaşmışdır. Bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası və onun hər bir üzvü üzərində böyük məsuliyyət daşıyır.

Azərbaycan xalqı tarix boyu qəbul etdiyi müdrik qərarlarla minilliklərin süzgəcindən keçərək XXI əsrin müzəffər xalqı və müzəffər dövləti kimi dünya birliyində özünəməxsus yer tutmuşdur. Bu ay 30 illik yubileyini  qeyd edəcəyimiz “Dünənin, bu günün və gələcəyin Partiyası...” olan və tarixi sınaqlardan şərəflə çıxaraq xalqın xidmətçisi olan Yeni Azərbaycan Partiyası  gələcəkdə də ölkəmizin ictimai-siyasi həyatında, dövlətimizin inkişafında möhtərəm Prezidentimiz və YAP-ın Sədri cənab İlham Əliyevin yardımçısı olacaqdır.

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31