Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Professor Həsən Mirzəyev-95

Professor Həsən Mirzəyev-95

09.12.2022 [12:37]

El ağsaqqalı, yurd təəssübkeşiHəsən müəllimin tələbəsi olmuş, mühazirələrini maraqla dinləmiş, şeirlərini öz dilindən eşitmiş və ətrafındakı insanlara xeyirxah münasibətinin şahidi olmuş bir insana onun haqqında yazmaq ilk baxışda çox asan görünə bilər. Amma bu həm də çətin vəzifədir. Çünki söhbət özünəməxsus şərəfli həyat yolu keçmiş bir şəxsiyyətin elmi, pedaqoji və ədəbi fəaliyyətindən gedir.

Görkəmli dilçi-türkoloq, pedaqoq, ictimai xadim, filologiya elmləri doktoru, professor, Şöhrət ordeni mükafatçısı, Əməkdar elm xadimi Mirzəyev Həsən İbrahim oğlu Qərbi Azərbaycanın Dərələyəz mahalının Qovuşuq kəndində dünyaya gəlmiş, kənd orta məktəbini bitirdikdən sonra Naxçıvan Dövlət Müəllimlər  İnstitutu və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil almışdır.

Təhsil illərindən Həsən müəllimin elmin enişli-yoxuşlu yollarından keçən və uzun illər boyu davam edən axtarışları başlamışdır. Müəllimimizin özünün dediyi kimi, məqalə və şeirləri elə o vaxtdan mətbuatda işıq üzü görmüşdü. 1965-ci ildə namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyası müdafiə edən Həsən müəllim həyatının 50 ilini Pedaqoji Universitetə, doğma Filologiya fakültəsinə bağlamış, 21 il ADPU-nun Müasir Azərbaycan dili kafedrasına rəhbərlik etmişdir. Universitet divarları arasında neçə nəsil filoloq onun mühazirələrini dinləmiş, rəhbərliyi altında elm yoluna qədəm qoymuş, neçə müəllim, ədəbiyyatşünas alim, yazıçı, şair, mədəniyyət xadimi Həsən müəllimin sayəsində dilçilik elminin əsaslarına yiyələnmişdir.

200-dən artıq elmi əsərin, 25 kitabın və 10-a yaxın dərs vəsaitinin müəllifi olan Həsən Mirzəyevin  ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr etdiyi 14 cildlik külliyatı (bu monoqrafiya 950 çap vərəqi həcmindədir)  dilçilik, milli folklor, tarix, etnoqrafiya və coğrafiya sahələri üçün əvəzsiz faktoloji mənbə hesab edilir. Həsən müəllimin yarım əsrlik pedaqoji fəaliyyəti onun elmi fəaliyyəti üçün həmişə təkanverici amil olmuş, demək olar ki, bu sahələrin biri digərini tamamlamışdır.

Həsən müəllim gənc yaşlarından şeir-sənətlə nəfəs almış, şeirdə nikbinlik və həyat eşqi, ilham və sevinc mənbəyi tapmışdır. Həsən Mirzə milli folklorumuzn mahir bilicisi idi. Azərbaycan Aşıqlar və Yazıçılar Birliyinin üzvü olan Həsən Mirzəyev “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz”, “Dərələyəz folkloru”, “Dərələyəz mahalının toponim və şivə sözləri”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı (ensiklopedik məlumat kitabı)”,  “Hanı o səndəki el, Dərələyəz ?”  əsərlərinin müəllifidir.

Ey ana torpağım, ey can diyarım,

Hanı o səndəki el, Dərələyəz?!

Ey cənnət məkanım, ey dağ vüqarım,

Pərən-pərən olub bil, Dərələyəz!

Şair Həsən Mirzənin lirik şeirləri o qədər ürəyəyatımlı və koloritlidir ki, hər oxunanda qəlbi riqqətə gətirir. Bu sətirlərdə Vətən-torpaq həsrəti ilə yanaşı, tarixi yurd yerlərimizə bir gün qayıdacağımıza olan çağırış və inam da duyulmaqdadır.

Qəlbimi göynədir hicranın dağı,

Sinəm olub qəm dəryası, qəm dağı,

Həsən Mirzə çəkə bilməz bu dağı

Sən necə çəkirsən bu dağı, dağlar?

Dərələyəz vətənim,

Yoxdur gedib-gələnim,

Haylar yurdumda qalsa

Yanar qəbrim, kəfənim.

Bu əsərlərlə müəllif tarixi mənbələrə istinad edərək təsdiq etmişdir ki, Qərbi Azərbaycan bizim tarixi torpağımız, vətənimizin bir parçasıdır.

Qərbi Azərbaycanın, o cümlədən Dərələyəz mahalı toponimlərinin araşdırılması professor  H. Mirzəyevin adı ilə bağlıdır. Adı çəkilən mahal 1920-ci ilə qədər Azərbaycanın tərkibində olmuşdur. 1930-ci il noyabrın 29-da Ermənistan SSR yaranandan sonra Dərələyəz mahalı Ermənistana verilmişdir. Dərələyəz mahalı türk mənşəli toponimləri ilə məşhurdur. Bu toponimlər ərazinin köklü sakinlərinin azərbaycanlılar olduğunu əyani şəkildə ifadə edir.

Ali məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulmiş “Dərələyəz mahalının toponim və şivə sözləri” adlı elim əsərində Həsən müəllim bu qədim mahalın 162 toponimini müəyyənləşdirərək tarixi-linqvistik baxımdan araşdırmış, onların elmi izahını vermişdir. İki hissədən ibarət bu kitab haqqında Həsən müəllim yazırdı: “Beş əsr müddətində (XVI-XXI) aşıq poeziyasında işlənən toponimlərdən (onomastik vasitələrdən), bunların işlənmə yollarından söhbət açır, yeri gəldikcə mənşəyinə nəzər salır, tarixən çox böyük bir əraziyə malik olan Azərbaycan xalqının torpaqlarındakı yer-yurd adlarını oxucuların, gənclərin diqqətinə çatdırmaq istəyirəm”.

Professor H. Mirzəyev Azərbaycan dilçiliyində daha çox feilin tədqiqatçısı kimi tanınır. Məhz onun araşdırmaları ilə dilçiliyimizdə feilin etimologiyası, leksik-semantik xüsusiyyətləri, morfoloji əlamətləri, sintaktik vəzifə və funksiyaları əhatəli şəkildə tədqiqata cəlb olunmuşdur. Alim “Azərbaycan dilində feil”, “Azərbaycan dilində feli sifət və təsirli-təsirsiz feillər” adlı kitablarında türk dillərində feillərin qrammatik xüsusiyyətləri və dildə kommunikativ rolu, eləcə də nitq hissəsi kimi bu söz qrupu haqqında elmi qənaətlərini əsaslandırmış, məsələ ilə bağlı bir çox mübahisə doğuran məqamlara aydınlıq gətirmişdir.

Tədqiqatın elmi yeniliyini şərtləndirən başlıca cəhət feilin mahiyyəti, onun kateqoriyaları, xüsusilə növ və təsirlik kateqoriyalarının kompleks tədqiqidir. Müəllif dilimizin milli özümlülüyünü qoruyub saxlayan  nitq hissəsinin -feillərin araşdırılması sırasında dil tariximiz və onun inkişafı ilə bağlı olan məsələlərə də müəyyən yer vermişdir.

Bildiyimiz kimi, Azərbaycan dilinin qorunması və inkişafına yönəlmiş əsas məsələlərdən biri də onun sistemli tədrisi və öyrədilməsidir. Qloballaşan dünyada milli dillərin gələcək perspektivinin müəyənləşməsində tədris prosesi mühüm yer tutur. Dil tədris prosesində təkcə ünsiyyətə xidmət etmir, müxtəlif tədris texnologiyalarının mənimsədilməsi, ixtisasa yiyələnmə sahəsində əsas amil kimi çıxış edir. Bu mənada, Həsən müəllim həm bakalavr, həm də magistr pillələri üçün “Müasir Azərbaycan ədəbi dili” (1988), “Azərbaycan dilində feil” Dildən xüsusi kurs proqramı (1988), “Müasir Azərbaycan dili” (1988, prof. Q. Kazımovla birlikdə), “Azərbaycan dilində feil”, “Seçmə fənn” (1999) və bu kimi 8 tədris proqramını tərtib etmişdir.

Bütövlükdə, Həsən müəllimin bədii və elmi yaradıcılığının ana xəttini türkçülük və azərbaycançılıq təşkil edir, desək yanılmarıq.

Bəzən həmkarlarımızla təhsil illərimizdən söhbət düşəndə “O mənim müəllimim olub”, yaxud “filan müəllim mənə dərs deyib” cümlələrini işlədirik. Bu fikirlərdə tələbələrinə can yandıran, onlara biliklə yanaşı, həm də həyatı öyrədən əsl ziyalıları fərqləndiririk. Bu mənada Həsən müəllim tələbələrinə təkcə müəllim olmamış, savadı və fəhmli tələbə-gənclərə hər cür dəstəyini əsirgəməmişdir.

1991-ci ildə ADPU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra bir neçə il Azərbaycan Ensiklopediyasında əvvəl mütəxəssis, sonra redaktor vəzifəsində işlədim. Bu müddətdə ölkənin tanınmış mədəniyyət, sənət adamları, alimləri ilə yaxından tanış olmaq imkanı, elmi mətinlə işləmə və redaktə bacarığı qazandım.

Amma müəllimliyə bağlılığım məni yenə doğma universitetə gətirdi. 1995-ci ildə xeyirxah insan, ADPU-nun o zamankı rektoru, professor Nizami Xudiyevin qəbuluna yazıldım. Rəhmətlik Nizami müəllim məni dinlədikdən sonra daxili telefonla Həsən müəllimə zəng etdi. “Sənə bir işçi göndərmək istəyirəm, Həsən müəllim, bizim fakültənin məzunudur,  sən onu tanıyırsan, dərs demisən. Əlaçı idi, mənim də diplomçum olub”, - dedi. Telefon dəstəyindən Həsən müəllimin tanış səsini mən də eşidirdim, Nizami müəllimə deyirdi ki, “kafedraya işçi götürmək məsələsində mənim mövqeyim budur, o adamı özüm tanımalıyam. Mən yuxarıdan göstərişlə iş görmürəm, özün bilirsən”. Belə idi Həsən müəllimin təbiəti - diplomatiyasız, maskasız, birbaşa sözünü deyərdi.

Beləliklə, mən Ədəbiyyatın tədrisi metodikası (indiki adı Ədəbiyyatın tədrisi texnologiyalarıdır) kafedrasına baş laborant vəzifəsinə işə qəbul olundum. Bir müddət sonra müəllimimi görmək üçün Müasir Azərbaycan dili kafedrasına getdim. Həsən müəllim məni görən kimi sualları ard-arda verdi: Sən hara, bura hara? Ailə-uşaq varmı? Hansı məktəbdə işləyirsən? Mən də  Nizami müəllimin otağında olub keçənləri müəllimimə danışdım. Həsən müəllim məni yaxşıca danladı: “Bircə kəlmə ilə özünü tanıda bilərdin, axı mən nə biləydim ki, bu sənsən?! İndi də gec deyil! Get bir ərizə yaz, məzmununu sənə özüm izah edərəm. Keç mənim kafedrama, mövzu da verim, işlə”. Heç bir cavab vermədiyimi görən Həsən müəllim gülümsəyərək əlavə etdi: “O vaxt mən səhv etdim, indi də sən!” Bu hadisədən sonra hər dəfə fakültədə üz-üzə gələndə Həsən müəllim işlərimlə, ailəmlə maraqlanandan sonra deyərdi. “Bax ha, təklifim qüvvəsindədir. Çətinliyin olsa, çəkinmə, gəl”.

Həsən Mirzə heç kimdən, heç nədən qorxub çəkinməyən prinsipial bir adam idi. Dostuna dost, düşməninə düşmən idi. Sözünü adamın üzünə deyərdi. Mübarizəsini də mərdi-mərdanə aparırdı. Həsən müəllim universitetin, filologiya fakültəsinin nüfuzlu ağsaqqalı idi. Fakültənin heç bir tədbiri onsuz keçirilməzdi. Hər hansı mübahisəli məsələdə onun ağsaqqal sözü və mövqeyi ən mötəbər olardı.

Həsən müəllim həm də məclis adamı idi. Xeyir-şərdən heç vaxt qalmazdı. Hələ tələbəlik illərindən onu həmişə şirin, duzlu-məzəli söhbətləri, ibrətli xatirələri ilə həmsöhbətlərinin fikrini özünə cəlb edən, həmişə əhatəsində sazlı-sözlü qonaqları olan insan kimi xatırlayıram.

Professor Həsən Mirzəyev Azərbaycanın elm tarixində, ictimai-siyasi həyatında, dilçiliyimizdə həmişə yaşayacaq insanlardan biridir. O, qiymətli elmi tədqiqatları, dilçilik elmi sahəsində seçilən layiqli davamçıları ilə özünə möhtəşəm abidə ucaltmışdır.

Fərəhli haldır ki, professor Həsən Mirzəyevin bacısı qızı və layiqli davamçısı,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Mahirə Nağı qızı Hüseynova həm dilçi alim, təhsil təşkilatçısı və pedaqoq, həm də fəal vətəndaş mövqeyi ilə seçilən qələm sahibi və incə ruhlu şairədir. Dayısına olan ehtiram və qədirşünaslıqla bu gün Mahirə xanım ustadının elmi-pedaqoji fəaliyyətini ləyaqətlə davam etdirir. İnanırıq ki, Həsən Mirzə məktəbinin davamçısı kimi Mahirə Nağıqızı 101 yaşlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin ictimai və beynəlxalq həyatına, eləcə də elmimizin və təhsilimizin  inkişafına  bundan sonra da dəyərli töhfələr verəcəkdir.

Qasımova Yeganə Nəriman qızı,

ADPU-nun Ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xarici siyasət

MEDİA

Siyasət

28 il əvvəl, bu gün

27 Yanvar 10:23

Siyasət

Klaar Bakıya gəlmədi...

27 Yanvar 10:16  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31