Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 1980-cı illərin sonu - Heydər Əliyevsiz Azərbaycan

1980-cı illərin sonu - Heydər Əliyevsiz Azərbaycan

21.04.2023 [10:25]

1980-ci illər... Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldı. Təbii ki, dissident siyasəti yürütdüyünə görə. Ədəbiyyatda Heydər Əliyevdən bəhs edən şeir-poemalarda, yazarların gündəliklərindəki qeydlərdə belə bu məqama dair yanaşmaların, münasibətlərin yer aldığını görürük: “Mən insanın dəyişə biləcəyinə və uzun müddət kommunistlərin avanqardı kimi tanıdığımız Heydər Əlirza oğlunun içərisində yeni bir Heydərin, Vətən və xalq xadiminin yetişdiyinə inanıram. Bu yeniləşmə lapdan, birdən-birə baş verməmiş, uzun illərin keyfiyyət çoxalmaları, yeni keyfiyyət sıçrayışlarına gətirib çıxarmışdır. Vaxtilə, “çiçəklənən”, indi xaraba qalmış SSRİ-nin xaraba qalmış vəzifə nərdivanında bir zamanlar onun tutduğu ən yüksək pillə Siyasi Büronun üzvü olması idi. Lakin başda M.S.Qorbaçov olmaqla qırmızı imperiyanın hakim dairələri gördülər ki, Heydər Əlirza oğlunu bu mühim vəzifədən uzaqlaşdrmadan Qarabağ kartını udmaq olmaz. Ümumən Azərbaycanı əvvəlki sümürgə (müstəmləkə) kəməndində həmişəlik saxlamaq olmaz. Uzaqlaşdırdılar. Heydər Əlirza oğlunun içərisindəki keyfiyyət sıçrayışı da elə bu zaman baş verdi. O, təmamilə öz xalqına qayıtdı, yenidən doğuldu. Azərbaycan yurdsevərliyi baş məramına, bütün varlığını qapsayan ideala çevrildi”.

Xəlil Rza Ulutürkə məxsus olan bu fikirlər “Ədəbiyyat qəzeti”nin 1998-ci il 9 oktyabr tarixində həyat yoldaşı Firəngiz Ulutürkün təqdimatında çap olunmuşdur. Xalq şairi Zəlimxan Yaqub da “Kremldə keçən ömür” şeirində Heydər Əliyevin keçdiyi yola nəzər salır, onu hakim dairədən uzaqlaşdırmaq niyyətində Azərbaycanı parçalamaq, sındırmaq, təkləmək amilinin olması fikrini önə çəkirdi:

“Vəzifədən getməlidir” -

Fikir aydın, qərar qəti,

Təzə xəbər deyil ki. Bu,

Saymaq ilə qurtararmı

Bu mərkəzin xəyanəti?

Bax beləcə ayaq açdı

Addım-addım üstümüzə

Qarabağın xəyanəti.

Boş sualın nə yeri var,

Niyə getdi, nəyə getdi?

Hər gedənlə can əridi,

Ürək getdi, bədən getdi!

O getməklə əlimizdən

Parça-parça Vətən getdi!

Xalq yazıçısı Elçinin 1992-ci ildə “Aydınlıq” qəzetində çap olunan “Dünya axirət əkini” məqaləsində belə bir məqamla rastlaşırıq: “Berlindən qayıdanda gecə Moskvada “Moskva” mehmanxanasına ayaq basarkən ilk gördüyüm dost adam Elmlər Akademiyamızın prezidenti Eldar Salayev oldu və salamsız-kəlamsız ona dediyim sözlər indiyə kimi mənim də yadımdadı, Eldar Salayevin də.

Dedim: “- Görəcəksən, birinci ermənilər başlayacaq!..”

Təəssüf ki, belə də oldu.

Heydər Əliyev nüfuz sahibi idi və o nüfuz, hətta erməni daşnak irqçiliyinin belə, qarşısında bir səddə çevrilmişdi”.

Bəxtiyar Vahabzadənin “Qayıdış” kitabında bu məsələyə daha dərin, daha siqlətli nüfuz var. Milli etnik məsələ, ermənilərin Qarabağ məsələsinə çoxdan hazırlığı, bunun üçün Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması və s. : “...ermənilər Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırıldıqdan sonra fəaliyyətə başladılar. Zori Balayan Ermənistanda çıxan bir kitabda yazır: “Əliyev getdi, bəs indi biz nəyi gözləyirik?” Nə qədər ki, Heydər Əliyev Bakıda hakimiyyətdə idi, daha sonra Siyasi Büronun üzvü idi, düşmənlərimiz açıq hücuma keçə bilmirdilər”.

Bunun nə qədər dəqiq fikir olması o qədər də uzaq olmayan tariximizdir.

Heydər Əliyevin sovet hakimiyyəti dövründə rəhbər ikən imza atdığı qərarlar, azərbaycançılıq ideologiyasının alt qatda pərvəriş tapıb yaşaması, milli mənlik və kimlik şüurunun dirçəlişi naminə gördüyü misilsiz işlər onun var olduğu bir dönəmdə hansısa tənəzzül, iflas və işğal məqamlarına yer olmayacağının şübhəsiz sübutu idi. 1990-cı il ilin iyununda “Ulduz” jurnalına verdiyi müsahibədə Heydər Əliyevin belə fikirləri yer alır: “1969-cu ildə Birinci katib seçiləndən bir ay sonra Ermənistan KP MK-nın birinci katibi Anton Koçinyana zəng vurub onunla görüşmək istədiyimi dedim. Görüşümüz Qazax rayonu ilə İcevan rayonunun sərhədində oldu. Mən məsələni qəti qoydum və Koçinyana təklif etdim ki, Ermənistandakı millətçi adamları öz ərazi iddialarından çəkindirmək üçün əməli, konkret işlər görsün”.

Heydər Əliyev həmin müsahibəsində deyirdi ki, sonralar bu görüşün təsiri hiss olundu. Deməli, Heydər Əliyev Azərbaycanda rəhbərliyə başladığı ilk günlərdən etibarən erməni millətçiləri ilə savaşmalı olmuşdur. Sovetlər dönəmində bu proseslər, Qarabağla bağlı keçirilən görüşlər, aparılan söhbətlər təbii ki, cəmiyyətə açıqlanmırdı, amma tarix sübut edir ki, erməni millətçilərinin Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş çirkin fəaliyyəti hər zaman Heydər Əiyevin sərt müqaviməti ilə rastlaşıb.

Bu kontekstdə maraq doğuran faktlar çoxdur.   Dağlıq Qarabağ üzərində nəzarət 1969-cu ildən başlayaraq bir an belə olsun Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Məsələn, 1970-ci illərdə Qarabağda böyük siyasi proseslər cərəyan edib. Heydər Əliyevin xatırlatdığımız müsahibəsində bildirilir ki,  1975-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin plenumunda bəzi erməni millətçi ünsürlər tənqid olundu. Bu isə o demək idi ki, Heydər Əliyev Azərbaycanın torpaq bütünlüyünü qorumaq üçün siyasətin mümkün olan bütün üsullarından istifadə edirdi. Təsəvvür edin, Qarabağ erməniləri Ermənistandakı millətçi ruhlu adamların Qarabağda sabitliyi pozmağa çalışdıqlarına dair konkret faktlar gətirir, hətta, plenumda  Zori Balayanın çirkin millətçi fəaliyyəti də, daşnak Andronikin xalq qəhrəmanı kimi təbliğ olunması da kəskin tənqid olunurdu. Heydər Əliyev xatırladırdı ki, həmin plenumdan iki ay sonra Moskvada Ermənistan KP MK-n?n birinci katibi Dəmirçiyanla dörd saat söhbət etdim. Və ona bildirdim ki,  Dağlıq Qarabağın problemlərini Azərbaycanın öz rəhbərliyi həll etməlidir. Dəmirçiyana dedim ki, “Qarabağın işlərinə ayrı-ayrı şəxslərin qarışması ümumi münasibətimizə ancaq ziyan vura bilər və biz buna yol verə bilmərik”... 

Heydər Əliyev “Ulduz” jurnalına verdiyi həmin müsahibəsində milli birlik və milli vəhdət məsələsini də qaldırırdı. Azərbaycanda siyasi parçalanmaların nə qədər böyük fəsadlar doğurduğunu faktlarla göstərirdi:  “Bizim respublikanın siyasi rəhbərliyində birliyin olmaması, öz şəxsi mənafeyinə görə başqasını satmaq, ona millətçi damğası yapışdırmaq və s. xoşagəlməz hallar millətin vəhdətini pozub. Tarixi izləsəniz görərsiniz ki, respublikamızın başına bəlalar belə şeylərdən gəlib. Mircəfər Bağırovun ətrafındakılar kimlər idilər? Ermənilər... 1937-38-ci illərdə adamlarımızı, xüsusən ziyalılarımızı qıranlar kimlər idilər? Qriqoryanlar, Markaryanlar. Onların əli ilə Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminli... məhv edilib”.

1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş Heydər Əliyevin Ali Sovetdəki ilk çıxışında siyasi həyatımız, siyasi tariximiz baxımından hədsiz maraqlı bir detala diqqət çəkmək istəyirəm. Əliyev həmin çıxışında Qarabağ məsələsinə yanaşmanın siyasi istiqamətini müəyyənləşdirir: “Hesab edirəm ki, Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması - məsələnin dar çərçivədə qoyulması deməkdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa oluması - məsələ belə qoyulmalıdır və biz bunun üçün çarə, çıxış yolu tapmalıyıq”.

Eyni zamanda, Heydər Əliyev həmin çıxışında konseptual bir məsələ qaldırırdı. “Bəs nə cür oldu ki, 1988-ci ildə Azərbaycan torpağının bir hissəsi əldən getdi?”

Yəni Heydər Əliyev 1988-1990-cı illərin daha konseptual təhlilinin aparılmalı olduğunu təklif edirdi: “Bu, tarixi məsələdir. Azərbaycan xalqının tarixində ən çətin, ən ləkəli dövrdür. Gələcək nəsillər, hətta biz Dağlıq Qarabağ Muxtar Vilayətində hakimiyyəti bərpa etsək də, torpaqlarımızı geri qaytarsaq da, mütləq bu məsələnin baş verməsini, bu üç il müddətdə gedən prosesləri təhlil edəcəklər”.

Heydər Əliyev təkid edirdi ki, bunu gələcək nəsillərin öhdəsinə buraxmaq lazım deyildir.  “Gərək müəyyən edilsin: harada, kim hansı günahı işləyib, nə cür olub, nə təhər olub ki, xalq belə acizlik göstərib, öz torpağını əldən verib”.

O dövrdə hakimiyyətdə olanlar və onların yaxın çevrələri Heydər Əliyevi “köhnə palan içi sökməkdə” qınayırdılar. O isə cavab verirdi: “Mən köhnə palan içi sökmürəm, həqiqəti bir daha yada salıram. Balayan da, Poqosyan da, Dadamyan da bizim respublikadan deputat seçildi və onlar orda (SSRİ Ali Sovetində - E.A.) Azərbaycan Respublikasına daha dərindən xəyanət etmək üçün böyük hüquqlar əldə etdilər”.

Bütün bunlar nə üçün baş verdi?

Heydər Əliyev bütün bu sualların cavablandırılmasını istəyirdi. Niyə Volskinin idarəsi vaxtında Xankəndindən on beş min azərbaycanlı qovulub, niyə 1988-ci ildə Xankəndində 250 azərbaycanlının evinin yandırılması ilə bağlı cinayət işi yalnız 1991-ci ildə qaldırılır və s. Heydər Əiyev Azərbaycan siyasilərini xəbərdar edirdi ki, belə davam etsə, “biz bir neçə il də Dağlıq Qarabağda Azərbaycanın hakimiyyətini bərpa edə bilməyəcəyik. Unutmayın ki, Dağlıq Qarabağ Fələstin probleminə çevrilə bilər”.

Heydər Əliyev Azərbaycan Ali Sovetindəki çıxışında 1920-ci illərdən etibarən Naxçıvan torpaqlarının bir qisminin də ermənilərə verilməsini xatırladıb, yeni ideya ilə çıxış edirdi: “Bir Dağlıq Qarabağ məsələsi yox, bütün 1920-ci ildən indiyədək Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq-hesabı aparılsın. Hansı dövrdə, hansı sərhəd sahəsində, hansı torpaqlar verilib? Bu torpaqların hansı qərarlarla, kim tərəfindən verilməsi müəyyən olunsun. Və biz Ermənistana qarşı artıq müdafiə mövqeyində yox, hücum mövqeyində duraq”.  

Bu, Ulu Öndərin tarix qarşısında cavab verməli olacaq şəxsləri sorğulamaq cəhdi ilə bərabər, xalqı gələcək təhlükələrdən qorumaq, onu unutqanlıq bəlasından xilas etmək üçün etdiyi çabalar idi. Xalqın öz tarixini, milli müəyyənliyini dərk etməsi onun üçün əhəmiyyətli məsələ idi, o mənada ki, mənəvi qüdrəti tükənmiş millətin öz nicatını aramasının çətinliyini bilirdi. Müharibə cəbhəsində təbəddülat dövrü başlanan 1994-cü ilin yazında qüdrətli siyasi nüfuzu və böyük dövlətlərin müdaxiləsi ilə Heydər Əliyev  atəşkəsə nail olanda da  bunu qazanılan gələcək zəfərimiz üçün gərək olan nəfəs dərimi olduğunu yaxşı anlayırdı. Müstəqilliyini yenicə qazanmış, amma qəfil meydana çıxan Qarabağ faciəsi, ard-arda itirdiyi torpaqlar, üzləşdiyi sarsıntılarla bağlı mənəvi-psixoloji deqradasiyaya məruz qalmış xalqın özünə gəlməsi, kor Edip kimi ayağa qalxıb yeriməsi üçün belə bir nəfəs dəriminə ehtiyac vardı. Bu da savaş idi əslində. Amma bu savaş artıq  diplomatik danışıqlar müstəvisində aparılacaqdı. Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, beynəlxalq aləmdə tanıdılması, dövlətin iqtisadi və hərbi potensialının gücləndirilməsi, eyni zamanda, ideologiya və mənəviyyat cəbhəsində strateji hədəflər bəlləmək üçün hərtərəfli siyasi iradə və məfkurə bütövlüyü müəyyənləşməliydi. Analitik baxışın dramatizmi gücləndikcə idrakın, düşüncənin şüuraltı axını sürətlənəcəkdi. Bunlar olmadan, xalqın oyanışı mümkün deyildi. Heydər Əliyevin milli ruhun dirçəldilməsi yönündə xidmətləri bu mənada, ölçüyəgəlməzdir. Təsadüfi deyil ki, Azərbaycan yazıçılarının 1997-ci il oktyabrın 31-də keçirilmiş X qurultayında Heydər Əliyev çıxış edərək, bütün digər sahələr kimi, ədəbiyyatı da Qarabağ müharibəsi mövzusuna həssas olmağa səsləmişdir.

Bəli... 1980-ci illərdə Kremlin məkrli siyasəti öz işini gördü. Heydər Əliyev vəzifəsindən kənarlaşdırıldı. Meydanda isə 1970-1980-ci illərin - Heydər Əliyev zamanının reallaşdırdığı gerçəklər sırası, ölkə və xalq adına görülən nəhayətsiz əməllərin özülünün qoyulduğu mərhələ vardı. Hamının və hər kəsin vurğulayacağı bu gerçəyin üzərinə tarix yenidən qayıdacaqdı. Çünki 1970-1980-ci illərin Azərbaycanı Heydər Əliyevin müəyyənləşdirdiyi əxlaqi-milli-mədəni aktın ilhamçısı və icraçısıdır. Cari prosesin, yazılan əsərlərin, bütöv ədəbi hərəkatın ideya zəmini rolunda çıxış edən aparıcı simadır

Heydər Əliyev. “Belə ki, epoxaları birləşdirən Heydər Əliyev şəxsiyyəti nəinki “Şamo”nun, “Pərvanə”nin, “Fəhlə qardaş”ın, “Geriyə baxma, qoca”nın... ərsəyə gəlməsində yaşlı ədiblərimizlə qabaq-qənşərdir; habelə o, ədəbiyyata bilavasiyə “Yeni epoxa”nı gətirən, yetişdirən, himayə-təlqin edən, yazan-yazdıran bir tarixi simadır... Bu barədə gərəkdir həmçinin çağdaş Ədəbiyyatda Nəsimi həqiqətlərini gəlişdirən İsa Hüseynovdan və Qabildən soruşasan; Xətai nisgilini yaşayan Fərman Kərimzadənin mətnlərinə varasan, Dədəm Qorqud çağdaşlığına körpü qoyan Şamil Cəmşidov və Anardan sorasan; şeirdən, nəsrdən, dramaturgiyadan nə qədər belə misallar gətirmək olar hələ; axı kim dana bilər, 1960-1980-ci illər bizim Ədəbiyyatda, Mədəniyyətdə, Sənətdə epoxadır; neo-maarifçi çağdaşlığımız və bəli, Əsr iddiamızdır...” (T.Əlişanoğlu).

Sovet epoxası daxilində bütün ölkə miqyasında sosial-tarixi, ədəbi-estetik qanunauyğunluqlarla müasir ədəbiyyatın özünün bədii-fəlsəfi ənənəsi arasında əlaqə, körpü rolunu Heydər Əliyev icra etdi. Uzun illərin mənəvi təmassızlığından sonra ədəbiyyatın yeni bir bədii-fəlsəfi zirvədən keçmişə, özünə qayıtma dövrü məhz, Heydər Əliyevin payına düşdü. Bu mərhələ milli özünüdərk, milli mənlik şüurunun dirçəldilməsinə canatım illəri kimi Heydər Əliyevin simasında dolğun mövcudluğunu yaşadı. Yaddaşın dövriyyəsinə qatdığı şəxsiyyətlərin yaradıcılığı ilə ümumi amal, ideya əsasını təşkil edən şüur intibahı, təfəkkür oyanışı, milli tərəqqi kimi ali duyğuları özündə əks etdirən bu dövrün özəlliyi Heydər Əliyevin şəxsində bütün parametr və tərkibi ilə görünə bildi. Bu mənada 1960-1980-ci illər poeziyası və nəsrində Heydər Əliyev obrazı həmişə dominantdır. Onu yetirir, stimul verir, poetikasından tutmuş problematikasına qədər alt məqamda iştirak edir.

Bu, Heydər Əliyev Zamanıdır!

ELNARƏ AKİMOVA,

YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri

Paylaş:
Baxılıb: 644 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31