Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nə üçün məhz İlham Əliyev?

Nə üçün məhz İlham Əliyev?

19.01.2024 [10:10]

Ölkəmizdə Prezident seçkiləri kampaniyası aparılır.

Növbədənkənar seçkiləri hansı amillər şərtləndirdi?

Seçki kampaniyası zamanı yaradılan şərait necədir?

Seçici səs verərkən hansı amilləri əsas götürərək iradəsini ifadə edəcəkdir?

Əvvəli ötən sayımızda…

Prezident vəzifəsini kim daşıya bilər?

Təbiidir ki, yekun sözü seçici gizli səsvermədə öz səsi ilə deyir. Bəs seçici öz seçimini kimin xeyrinə edəcəkdir? Bu suala cavab verməkdən ötrü 1988-ci ildən sonra Azərbaycan xalqının qarşısında dayanan başlıca məqsəd və vəzifələri, 2003-cü ildən sonra keçilən yolun tarixi təcrübəsini təhlil etmək zəruridir.

1988-ci ildən sonra millətin qarşısında dayanan başlıca məqsəd, vəzifələr nədən ibarət olub və onlar 2023-cü ilədək necə həyata keçirilib?

Millətin və dövlətin qarşısında dayanan başlıca məqsəd və vəzifələr

Məlumdur ki, 1988-ci ildən sonra millətin qarşısında dayanan başlıca vəzifə, milli ideya Ermənistanın Azərbaycanın daxili işlərinə kobud müdaxiləsini dayandırmaq, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra isə güclü dövlət qurmaq, Ermənistanın hərbi təcavüzünü durdurmaq, ölkənin inkişafının açarını tapmaq və işğal altında qalan torpaqlarını azad etmək idi. 1991-1993-cü illərdə bir-birini əvəz edən hakimiyyətlər bu vəzifələri yerinə yetirə bilmədilər. 1993-cü ildə ümumi böhrana düşən Azərbaycan dövlət müstəqilliyini itirmək, millət vətəndaş müharibəsi astanasında, xaricdən dəstəklənən separatçılıqla parçalanmaq təhlükəsi qarşısında qaldıqda vətəndaşların təkidli tələbi ilə konstitusiyaya uyğun olaraq hakimiyyət tərəfindən görkəmli dövlət və siyasi xadim Heydər Əliyev Naxçıvandan Bakıya dəvət edildikdən sonra dövlət müstəqilliyinin itirilməsinin qarşısı alındı, millət vətəndaş müharibəsi, ölkə parçalanmaq təhlükəsindən xilas oldu. Heydər Əliyev başlıca məqsədə nail olmaq üçün problemləri heyrətamiz müdrikliklə ardıcıllıqla həll etdi: atəşkəsə getdi; neftə dair “Əsrin müqaviləsi”ni imzaladı; hakimiyyətə küçədən gəlməyə son qoydu; güclü ordu və dövlət qurmağa başladı.

Ölkənin inkişafının açarı təbii sərvət - neft oldu. Tariximizdə ilk dəfə olaraq bu təbii sərvəti milli sərvətə çevirən Heydər Əliyev bütün sahələrdə islahatlara başladı, millətin və dövlətin inkişaf strategiyasını müəyyənləşdirdi. 2003-cü ildə Prezident seçilən İlham Əliyev isə həmin xətti yeni şəraitə uyğun olaraq həyata keçirməyə başladı. Ölkə həyatında davamlı, sabit inkişafın əsası qoyuldu.

Seçici səs verərkən hansı amilləri əsas götürərək iradəsini ifadə edəcəkdir?

Dövlət başçısı vəzifəsinə seçilməkdən ötrü bir neçə şəxsin namizədliyinin irəli sürülməsi seçkilərin demokratik bir mühitdə keçiriləcəyindən xəbər verir. Dünyanın inkişaf etmiş ölkələrində səsvermədə insanların son qərarına təsir edən bir sıra amillər vardır. İnsanların bəzi namizədlərlə dostluq və yoldaşlıq münasibətləri olsa da son anda onlar özlərinə belə bir sual edirlər ki, bu namizədlərdən kim milləti və dövləti həm ölkə daxilində, həm də beynəlxalq aləmdə daha layiqincə təmsil edə bilər?

Millətin və dövlətin maraqlarını yüksək tutan seçici səsini dostuna, şəxsən tanıdığına deyil, bu missiyanı daşıya, dövləti və milləti layiqincə təmsil edə biləcək şəxsə verir. Elə isə bu seçkidə Azərbaycan xalqı səs verərkən hansı amilləri əsas götürəcəkdir?

Millətin və dövlətin layiqli təmsilçisi

Dərin biliyə, mükəmməl dövlətçilik təfəkkürünə, çevik və səmərəli idarəçilik bacarığına malik olan Prezident İlham Əliyev Azərbaycan millətini və dövlətini beynəlxalq aləmdə ən layiqli şəkildə təmsil edən bir şəxsdir. Onun indiyədək olan davranışları və çıxışları millətə yalnız başucalığı gətirib, qürur hissi yaşadıb. Bütün toplantılarda etdiyi nitqləri ilə Prezident İlham Əliyev Azərbaycan millətinin yüksək intellektual səviyyəsini və mədəniyyətini dünyaya nümayiş etdirib. Millətimizə qiyməti Prezident İlham Əliyevin zəkası və bacarığına görə veriblər. Azərbaycan milləti ötən 20 ildə əmin olub ki, Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq toplantılarda milli-dövlət maraqları ən yaxşı şəkildə qorunur.

Bir sıra beynəlxalq toplantıların Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin şəxsiyyətinə olan inam, etibar və hörmətlə bağlıdır. COP29-un Bakıda keçirilməsi barədə qərarın qəbulunda bu amil başlıca rol oynayıb. Millət bu xəttin davam etdirilməsini istəyir.

Sabit və təhlükəsiz Azərbaycanın lideri

Bəşər cəmiyyəti yaranandan bəri insan həmişə təhlükəsiz, sabit və gələcəyi müəyyən olan bir şəraitdə yaşamaq istəyib. Prezident İlham Əliyev sabit və davamlı inkişaf edən ölkə qurmuş, vətəndaşa təhlükəsiz həyat təmin etmiş dövlət rəhbəridir. Azərbaycan dünyada rahat və təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkədir. Millət 90-cı illərin xaos, anarxiya şəraitinə qayıtmaq istəmir və belə cəhdlərə də heç bir zaman icazə verməz. Deməli, Azərbaycan xalqı ilk növbədə özünə, təhlükəsiz həyatına, sabit, davamlı inkişafa səs verəcəkdir. 

Azərbaycan tarixində ilklər: yüzilliklərin məkrli planlarını darmadağın edərək milli ideyanı gerçəkləşdirən, millət qarşısında yeni üfüqlər açan dövlət rəhbəri

Seçici son 20 ildə ölkədə görülən möhtəşəm işlərə, Prezident İlham Əliyevin Azərbaycan tarixində yaratdığı ilklərə səs verəcəkdir. Məlum olduğu kimi, nəinki keçmiş Dağlıq Qarabağdakı separatçı rejimin, həmçinin Ermənistanın özünün Azərbaycan ərazilərini işğal etmək gücündə iqtisadiyyatı, insan, maliyyə ehtiyatları, hərbi-sənaye kompleksi olmayıb. Dövlətin qüdrəti məsələsində Ermənistan Azərbaycana heç yaxın da gələ bilməyib. Belə olduqda soruşulur: Bəs hansı ölkə və ya ölkələr Azərbaycan ərazilərini nə üçün işğal etmişdilər? Bu sualın cavabı aydındır. Azərbaycan Ermənistan ilə təkbətək qalardısa, işğal altında olan ərazilərini qısa müddətdə azad edə bilərdi. Ancaq münaqişənin uzun illər boyu həll edilməməsi həmin dövlətlərin siyasəti ilə bağlı olub. Prezident İlham Əliyev isə səlib yürüşlərindən bəri müxtəlif formalarla davam edən siyasəti 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri nəticəsində darmadağın edən, Azərbaycan ərazisində 1923-cü ildə süni surətdə yaradılmış Dağlıq Qarabağ problemini 2023-cü ildə birdəfəlik həll edən, çibanı kökündən kəsib atan, ikili standartlar siyasəti yürüdən dövlətlərə qalib gələn, milli ideyanı həyata keçirən ölkə başçısıdır.

Qazanılan qələbə təkcə Azərbaycanın deyildir. Prezident İlham Əliyev türk xalqları və dövlətlərinin başını uca edən, müstəqil dövlətləri olmayan türk xalqlarında özünə inam hissini artıran, yoluna işıq saçan liderdir.

İşğaldan azad edilən ərazilərdə təkbaşına aparılan dirçəliş işləri, qısa müddətdə iki hava limanının istifadəyə verilməsi, yeni şəhərlərin tikilməsi, məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtması Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin qüdrətini və hər bir işin planlı şəkildə həyata keçirildiyini göstərir.

Prezident İlham Əliyev 1988-ci ildən bəri Azərbaycan xalqının qarşısında dayanan ən böyük problemi həll edən, təcavüzkar Ermənistanı, dünya erməniliyini və onların havadarlarını məğlub edərək ayaqları altında əzən, əraziləri düşmən işğalından azad edən, separatizmin kökünü kəsən, dövlət suverenliyini ölkənin bütün ərazisində bərqərar edən, millətin üstündən ləkəni silən, başını uca edən, xəyallarını, millət üçün möcüzə kimi görünən vəzifələri gerçəkləşdirirərək qarşısında yeni inkişaf dövrü açan ilk və yeganə dövlət rəhbəridir.

Siyasətinin mənası millətin daha yaxşı yaşaması olan rəhbər

2003-cü ildə keçirilən seçkilərdə qələbə qazanan İlham Əliyevin hakimiyyətə gəlməsi ilə müasir Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələ başladı. Bu mərhələ bir sıra özünəməxsusluqları ilə fərqlənir. Siyasətinin başlıca məqsədi xalqın daha yaxşı yaşaması olan Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində geniş islahatlar həyata keçirdi. Sosial dövlətin qurulması, bərabər imkanların yaradılması üçün başlanan islahatlar dərinləşdirildi. Yeni iş yerləri açıldı. Yoxsulluğun səviyyəsi aşağı salındı. Azərbaycan kasıblar ölkəsindən imkanlılar ölkəsinə çevrildi. Sabaha inam artdı. Gənclərə xüsusi qayğı göstərildi. Təhsil almaq istəyən şəxslər üçün imkanlar yaradıldı. Dövlət büdcəsi hesabına təhsil yerlərinin sayı artırıldı. Təhsil əlçatan oldu. Xarici ölkələrin qabaqcıl universitetlərində təhsil almaqdan ötrü dövlət proqramları qəbul edildi.

Modernləşən və rəqabətə davamlı ölkənin qurulması

2003-cü ildən sonra keçən müddət tarix baxımından qısa olsa da həyata keçirilən tədbirlər, aparılan islahatlar və inkişaf baxımından bir sıra ölkələrin yüz ildə keçdikləri yola bərabərdir. Bunu dərk etmək üçün hər şeydən əvvəl, Azərbaycanın həyatında baş verən əsaslı dəyişikliklərə nəzər yetirmək gərəkdir. Ötən 20 il Azərbaycanın daxili ictimai-siyasi, iqtisadi, mədəni həyatı və xarici siyasəti bir sıra özünəməxsusluqlarla əlamətdar olub. Prezident İlham Əliyev hakimiyyətinin ilk 20 ilində Azərbaycan tarixində bir sıra ilklər yaratmış dövlət başçısıdır. O, ilk növbədə, rəqabətə davamlı Azərbaycan dövləti qurub. Ölkəmiz dünyada baş verən enib-qalxmalara, təlatümlərə hazırdır, dayanıqlıdır. Bu illər Azərbaycan Respublikasında dövlət quruculuğunda və xarici siyasətdə varisliyin, böyük dövlət və siyasət adamı Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin yeni şəraitə uyğun olaraq davam etdirilməsi, ölkənin müasirləşməsi illəridir. Hakimiyyətə gəldikdən sonra Prezident İlham Əliyev minilliklərlə tariximizdən gələn milli-mənəvi köklərdən ayrılmayaraq, tarixi varisliyə dayanaraq ölkənin müasirləşdirilməsini bir vəzifə olaraq qarşıya qoydu. Soruşulur: müasirləşmə Azərbaycana nə üçün lazımdır? Tarixin təcrübəsi göstərir ki, hər hansı bir ölkənin zəngin təbii sərvətləri və çoxlu maliyyə vəsaitləri ola bilər. Lakin əgər ölkəni idarə edənlər həmin təbii sərvətləri milli sərvətlərə çevirə, yeni texnologiyaları tətbiq edə, millət üçün dövrün tələblərinə uyğun olaraq yeni milli ideyalar müəyyənləşdirə bilmirlərsə, insanlar əməyi yadırğayırlarsa, ölkə digərlərindən geri qalır, rəqabətə tab gətirmir, zəifləyir və sıradan çıxmağa doğru gedir. Buna dair çoxlu misallar gətirmək olar. Məlum olduğu kimi, tarixən mövcud olmuş xalqların və ölkələrin bir çoxu məhz zamanla ayaqlaşa, müasirləşə bilmədikləri üçün hazırda dünyanın siyasi səhnəsində yoxdurlar, yalnız tarix kitablarında adları qalıb. Zamanla ayaqlaşmayan, dövrün şərtlərinə tab gətirməyən, inkişaf yolunu müstəqil və düzgün müəyyənləşdirə bilməyən xalqların çoxu hazırda söz sahibi deyillər, arxa planda qalıblar. Bir zamanlar Roma və Bizans imperatorluqları, Portuqaliya, İspaniya, Hollandiya, Osmanlı dövləti, Avstriya-Macarıstan dünya siyasətinə ya hökmranlıq edərdilər, ya da xeyli nüfuzlu idilər. Lakin zaman-zaman onların bəziləri həm dünyada gedən müasirləşmə proseslərinə uyğunlaşmadıqlarından, həm də amansız rəqabət şəraitində xarici güclərin təsiri altında zəifləyiblər, bəziləri isə parçalanıblar.

Prezident İlham Əliyev Azərbaycan cəmiyyətinə daim yeni ideyalar, hədəflər göstərib.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzu və təsiri, ona maraq göstərən, əlaqələr qurmaq istəyən dövlətlərin sayı artıb, dostları çoxalıb. 20 ilin təcrübəsi göstərdi ki, Azərbaycan sözü ilə işi bir olan, ləyaqətli bir dövlətdir. Prezident İlham Əliyevin “mənim sözüm imzam gücündədir” sözlərinə daim əmin olan dünya ölkələrinin başçıları Azərbaycan rəhbərinə hörmətlə yanaşır, ondan öyrənirlər.

Yalnız milli-dövlət maraqlarının, haqq və ədalətin yanında olan Prezident İlham Əliyev üçün Azərbaycanın mənafeləri hər şeydən üstündür. O, “qırmızı xətti” keçən dövlət başçılarına layiqli cavab verərək yerində oturdub. Dünya siyasətinin, beynəlxalq münasibətlərin həm tarixi, həm nəzəri, həm də praktik baxımdan mahir bilicisi olduğundan Prezident Azərbaycan dövlətinin xarici siyasətinə böyük uğurlar gətirib. Azərbaycan Respublikası heç bir dövlətin və dövlətlər qrupunun, qütblərin deyil, yalnız özünün milli-dövlət maraqlarının yanındadır.

Bilavasitə Prezident İlham Əliyev Azərbaycan dövlətinin sədrliyi müddətində Qoşulmama Hərəkatına yeni nəfəs verib, həmin təşkilatın üzv dövlətlərinin dünya siyasətində rolunun artmasına nail olub. Açıq şəkildə bildirib ki, dünya 25-30 dövlətdən ibarət deyildir. Belə mövqe həm də ikili standartlar siyasətinə qarşı açıq, cəsarətli etirazdır.

Ötən illər ərzində ərazisinin bir hissəsinin işğal altında qalmasına, qaçqın və məcburi köçkünlərin olmasına baxmayaraq, Azərbaycan yenidən qurulan, inkişaf edən bir ölkəyə çevrilib. Ölkədə geniş inşaat işləri aparılıb, qaçqın və məcburi köçkünlər üçün evlər tikilib. Başqa hər hansı bir ölkə belə vəziyyətdə olsaydı ağır bir vəziyyətə düşərdi. Prezident İlham Əliyev Azərbaycan modeli yaradıb.

Yürüdülən düzgün siyasət nəticəsində Azərbaycan Respublikası Cənubi Qafqaz iqtisadiyyatının təqribən 75 faizini öz əlində cəmləşdirib. İqtisadiyyatın neftdən asılılığına son qoymaqdan ötrü addımlar atılıb, böyük layihələr həyata keçirilib.

Ölkəni xarici hərbi müdaxilədən qorumaq qabiliyyətində olan güclü ordu və müasir hərbi-sənaye kompleksi yaradılıb. Beynəlxalq silah sərgilərində özünəməxsus yer tutan Azərbaycan silah satan ölkədir.

Demokratikləşdirmə və vətəndaş cəmiyyətinin qurulması məqsədi ilə islahatlar həyata keçirilib. Siyasi partiyaların yenidən qeydiyyata alınması prosesi başa çatdırılıb. Çoxpartiyalı sistemin əsasları möhkəmləndirilib. Azərbaycan yeni müstəqil dövlətlər arasında islahatların ən geniş və uğurla aparıldığı bir ölkədir. 

Dövlət rəhbərinin ayağı dəyən yerlər gülüstana çevrilir. Bütün bunlara görə İlham Əliyev Azərbaycan xalqının minilliklər tarixində Qurucu Prezident adını qazanıb. Əslində hakimiyyəti illərində bir möcüzə yaradaraq dünyaya təqdim edib. Bu, Azərbaycan möcüzəsidir.

Dövlət canlı orqanizmdir - daim genişlənməlidir

Planetar təfəkkürlü dövlət xadimi olan Prezident İlham Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq “Dövlət canlı orqanizmdir - daim genişlənməlidir” geosiyasi nəzəriyyəsini xarici ölkələrə sərmayələr qoymaqla, geniş və səmərəli əməkdaşlıq yolu ilə gerçəkləşdirən ölkə rəhbəridir.

Bəllidir ki, bir zamanlar Azərbaycan dövləti borc istəsə də verməzdilər. Çünki sabaha, borcun necə qaytarılacağına ümid yox idi. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində vəziyyət dəyişib. Bu gün Azərbaycan borc alan ölkədən borc verən, kapital ixrac edən ölkəyə çevrilib. Türkiyə, Gürcüstan və digər ölkələrdə Azərbaycan kapitalının çəkisi artıb.

Musa QASIMLI,

Milli Məclisin deputatı

Ardı var…

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

181-ci üzv

02 Mart 11:10

Xəbər lenti

MEDİA

Sosial

Analitik

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Analitik

Gərginlik artır

01 Mart 11:10

Xəbər lenti

Xəbər lenti

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31