Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ermənistan seçim qarşısında: Hərb, ya Sülh?

Ermənistan seçim qarşısında: Hərb, ya Sülh?

29.10.2021 [09:36]

Ermənistan-Azərbaycan münasibətləri son vaxtlar müəyyən dönüş nöqtəsinə gəlib çatıb. Bir tərəfdən, Paşinyanın təmsil olunduğu rəsmi İrəvan təmas qurmaq və danışıqlar aparmaq niyyətində olduğunu bəyan edir, digər tərəfdən isə Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsində yaradılmış separatçı qurumun statusu mövzusunu şişirtməkdə davam edir, danışıqları ATƏT-in Minsk qrupu formatına qaytarmağa çalışır,  eyni zamanda erməni yaraqlıları Rusiya sülhməramlılarının məsuliyyət zonasında silahlı təxribatlar törədir, hərbi və mülki nəqliyyat karvanlarını atəşə tuturlar.

Bu ziddiyyətli hadisələrin bir-biri ilə əlaqəsi varmı, belə bir oyun yekun sülh müqaviləsinin imzalanması imkanlarını pozmaq üçün qəsdən yaradılıbmı və hadisələr ümumiyyətlə bundan sonra necə cərəyan edəcək?

İllərlə davam edən silahlı münaqişədən sonra normallaşma prosesinin uzun və ciddi səylər tələb edəcəyi açıq-aydın görünsə də, bu münasibətlərin təməlində ərazi bütövlüyünün və dövlətlərarası sərhədlərin qarşılıqlı tanınması, suverenliyə hörmət və ölkələrin bir-birinin daxili işlərinə qarışmamasının dayanacağı nəzərdə tutulmuşdur.

Növbədənkənar parlament seçkiləri ərəfəsində və seçki kampaniyası dövründə Qarabağın erməni əhalisi üçün “status” məsələsini Ermənistan və Azərbaycan arasında gələcək sazişlərin taleyi ilə əlaqələndirmək cəhdləri hələ seçkiqabağı ritorika elementi kimi qəbul edilə bilərdi. Lakin Paşinyanın qələbəsindən və yeni hökumətin formalaşmasından sonra məlum oldu ki, rəsmi İrəvan özünün strateji prioritetləri barədə qərar verməyib və mövcud “status-kvo”nu səhvən uzunmüddətli  hesab edərək, bundan sonra da sülh prosesinə mane olmaq niyyətindədir.

Üçtərəfli Bəyanata əsasən, Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağda yerləşməsi beş il ilə məhdudlaşır (tərəflərdən heç biri niyyət müddətinin bitməsinə 6 ay qalmış bu müddəanın tətbiqinə xitam vermək istəyini bəyan etmədikdə, növbəti beşillik dövrlər üçün uzadıla bilər). Odur ki, regionda vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün bu vaxta qədər nəinki mərhələli şəkildə normallaşma prosesinə başlamaq, həm də birinci beşilliyin sonuna kimi onu dönməz hala gətirmək lazımdır.

ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesində münaqişənin sülh yolu ilə həlli ilə bağlı Azərbaycanın təkliflərini rədd edən Ermənistan status məsələsinə özü son qoydu. Lakin Ermənistan münaqişədən sonrakı nizamlanma ilə bağlı məsələlərin müzakirəsinə kənar aktorların cəlb olunmasında fəal israr etməkdə davam edir ki, bu da bir tərəfdən yaradılmış üçtərəfli formatı pozur, digər tərəfdən isə təkcə Azərbaycanın deyil, birbaşa Rusiyanın da mövqeyinə ziddir.

Bu məsələdə öz ağılsız inadlarını davam etdirən Ermənistan rəhbərləri boş yerə ümid edirlər ki, həmsədr ölkələri bir-birinə qarşı qoymaqla, Qarabağ bölgəsini alver vasitəsinə çevirərək Azərbaycana təzyiq edə biləcəklər.

Erməni tərəfinin Azərbaycanı günahlandırdığı davamlı hərbi təxribatlar Ermənistanın ötən ilin noyabrında üçtərəfli bəyanat imzalayaraq üzərinə götürdüyü öhdəliklərə yenidən baxmaq cəhdidir. Bu cür cəhdlərə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsi ərazisindən, hazırda Rusiya sülhməramlılarının nəzarətində olan zonadan qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasından, Zəngəzur nəqliyyat dəhlizi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən, sərhədlərin demarkasiya və delim?tasiyasından imtina etməsini, nəqliyyat magistrallarının blokdan çıxarılma prosesini pozmasını da aid etmək olar. Bütün bunları Ermənistan özünün düşdüyü çətin şəraitdə belə, qanunsuz separatçı qurumun qalıqlarını hərbi-siyasi təxribatlarla, diplomatik tədbirlərlə yenidən qanuniləşdirməyə cəhd etmək məqsədi ilə edir.

Prezident İlham Əliyev dəfələrlə Ermənistana sülh müqaviləsi imzalamağı, bununla da təhlükəsizlik problemini həll etməyi, eləcə də iki ölkənin ərazi bütövlüyünü tanımağı təklif edib. Ermənistan isə qəti şəkildə bunu etmək istəmir. Çünki bu, onun Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsini öz nəzarət və təsir zonasında saxlamaq cəhdlərinin qarşısını alacaq. Ermənistan hakimiyyətinin son aylarda həyata keçirdiyi  fəaliyyət taktikası məhz bununla izah olunur.

Bütün bunlara baxmayaraq, elə bir təəssürat yaranır ki, bu siyasi oyun öz məntiqi sonluğuna və çoxdan gözlənilən razılaşmaların icrasına doğru gedir. Niyə? Ermənistanın Baş nazirinin MDB Dövlət Başçıları Şurasındakı məlum çıxışını götürsək, görəcəyik ki, Paşinyan 10 noyabr üçtərəfli bəyanatının məntiqinə uyğun bir bəyanat verdi. Rəsmi İrəvan baş nazirinin dili ilə bəyan edib ki, Ermənistan sərhədlərini açmağa və həm Ermənistan ərazisindən, həm də Azərbaycan ərazisindən keçməklə nəqliyyat dəhlizlərinin salınmasında iştirak etməyə hazırdır.

Ola bilsin ki, bu ssenaridə Moskva Paşinyana təzyiq göstərib. Axı bu açıqlama ərəfəsində o, Putinlə görüşüb. Moskva bu məqamların həyata keçirilməsini istəməsəydi, o zaman Paşinyan Ermənistanda böyük qəzəblə qarşılanan bu bəyanatı verməzdi.

Paşinyanın keçmiş müşaviri Arsen Xaratyanın internet saytında Ermənistan və Azərbaycanın noyabrın 9-da Moskvada iki sənəd imzalayacağı ilə bağlı yayılan məlumat da yaxın vaxtlarda sülh müqaviləsinin bağlanacağının mümkünlüyünə işarə edir. Bu məlumatda qeyd olunur ki, son anda fors-major hallar yaranmasa, demək olar ki, yekun olan iki sənəd Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Baş ?azir Nikol Paşinyan və Prezident İlham Əliyev tərəfindən imzalanacaq.

Birinci sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və delimitasiyasına aiddir. Ona uyğun olaraq, İrəvan və Bakı bir-birinin sərhədlərini və ərazi bütövlüyünü SSRİ Müdafiə Nazirliyinin 1920-ci illərə aid Baş Qərargahının xəritələri əsasında tanıyacaq.

İkinci sənəd regionda kommunikasiyaların açılmasına, nəqliyyat dəhlizlərinin (o cümlədən, Azərbaycanla Naxçıvan arasında) yaradılmasının təfərrüatlarına aiddir.

Bundan əlavə, Ermənistanda tez-tez ultramillətçi çağırışların səslənməsinə və revanşist əhval-ruhiyyənin hələ də güclü olmasına baxmayaraq, Ermənistan cəmiyyətinin bir hissəsi tədricən sakitləşmək, mövcud reallığı qəbul etmək və yaradıcı fəaliyyətlə məşğuliyyətin lazım olduğunu anlayır. Qonşu ölkənin bir sıra ictimai-siyasi xadimləri “Qarabağ klanı”nın simasında keçmiş kriminal hərbi-siyasi rəhbərliyin Azərbaycan torpaqlarını mənimsəmək vəsiyyətindən əl çəkməyə, Ermənistan əraziləri çərçivəsində ermənilərin özləri üçün normal həyat qurmaq, başqalarının yaşayış məntəqələrini dağıtmasına deyil, öz şəhərlərini abadlaşdırmağa səyləri yönəltməyə çağırır.

Məsələn, Ermənistanın Demokratiya və Təhlükəsizlik Mərkəzinin təşkil etdiyi müzakirə zamanı hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vigen Xaçaturyan “Qarabağsız Ermənistanın gələcəyi yoxdur” tezisini təbliğ etməyin çox təhlükəli olduğunu bildirib.

O, həmçinin bu ərazilərin son 300 il ərzində mübahisəli olduğunu və heç vaxt Ermənistana məxsus olduğunun deyilmədiyini bildirib, reallığa düzgün baxmağa çağırıb. Xaçaturyanın sözlərinə görə, bu ərazilərin Ermənistanın ərazisi sayılmasından söhbət gedə bilməz, Azərbaycanın tərkibində bu insanların gələcəyindən danışmaq lazımdır.

Danışıqların pozulmasına və sənədlərin imzalanmasına səbəb ola biləcək  təhlükələrdən biri Paşinyanın mümkün istefası və “Qarabağ klanı”nın və ya revanşist yanaşmaya sadiq qalan ultramillətçilərin hakimiyyətə gəlməsi sayıla bilər. Paşinyan başa düşür ki, hazırda o və onun “Vətəndaş müqaviləsi” partiyası artıq Ermənistanda əvvəlki nüfuz və populyarlığa malik deyil, ona görə də hər dəfə harasa gedəndə özünü çox böyük sayda təhlükəsizlik işçiləri və polis vasitəsi ilə insanlardan qoruyur, iştirak etdiyi tədbirlərdə jurnalistlərin fəaliyyətini məhdudlaşdırır.

Sərhəddəki təxribatlar, Qərblə oyunlar, münaqişədən sonrakı nizamlanma üzrə danışıqlar üçün region ölkələrinin təklif etdiyi “3+3” formatına məhəl qoymamaq, ABŞ və Fransanı danışıqlara cəlb etmək üçün ümidsiz cəhdlər də məhz bundan irəli gəlir. Bu, rəsmi İrəvanın Ermənistanın daxilində ehtirasların intensivliyini azaltmaq,  Paşinyanın üçtərəfli sazişin həyata keçirilməsi istiqamətində hərəkətlərinin mənfi nəticələrini minimuma endirməsinə yönəlmiş bir oyunudur. Paşinyanın ətrafının fikrincə, bu, hansısa yolla ehtirasların intensivliyini tarazlaşdıra, İrəvandakı “etiraz aksiyaları” əhval-ruhiyyəsini alt-üst edə bilər. Amma təbii ki, daxili auditoriyanın ehtiyacları üçün belə bir “tarazlıq” yaratmaq və hansısa yolla özünü qorumaq istəkləri tamamilə faydasız və səmərəsizdir. Erməni “qrossmeysterlərinin” bu cür gedişləri həm hakim “Vətəndaş müqaviləsi”  partiyası ətrafında, həm də Paşinyanın özünün ətrafında - həm İrəvan-Bakı xətti, həm də İrəvan-Moskva xətti üzrə vəziyyəti daha da gərginləşdirir.

Paşinyanın və onun partiyasının reytinqinin kəskin şəkildə aşağı düşməsinin bariz sübutu oktyabrın 17-də Ermənistanda yerli özünüidarə orqanlarına keçirilən seçkilər oldu və burada Dilicandan başqa, demək olar ki, hər yerdə “Vətəndaş müqaviləsi” məğlub oldu - həm bir vaxtlar Paşinyanın “məxməri inqilabı” başlandığı Gümrüdə, həm Qorisdə (Gorus), həm Meğridə. Üstəlik, Qorisdə Paşinyanın partiyası, ümumiyyətlə həbsdə olan şəhərin meri, Aruş Aruşanyana uduzub. Bu fakt onu deməyə əsas verir ki, Paşinyanın partiyasının istifadə etdiyi heç bir təzyiq, rüşvət və inzibati alətlər artıq yerlərdə qələbə qazanmağa kömək etmir. Amma əhalisi Ermənistanın Baş nazirinə daha çox mənfi münasibət bəsləyən bu sərhədyanı bölgələrdə seçkilərdə qələbə Azərbaycanla gözlənilən sənədlərin imzalanması üçün Paş?nyana yaxşı kömək olardı.

Amma Paşinyanın hakimiyyətdə qalıb-qalmamasından asılı olmayaraq, Bakı bu və ya digər şəkildə qalib olan tərəf olacaq. Ən pis halda, sülh müqaviləsinin imzalanması bir az uzana bilər. Çünki üçtərəfli saziş artıq tam həyata keçirilməlidir və onun həyata keçirilməsi üçün üç ölkədə siyasi iradənin yetişdiyi artıq bəllidir. Ermənistan, sülh sazişinin əldə olunması, eləcə də Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası üçün can atmalıdır, çünki ölkədə iqtisadi vəziyyət kritikdir.

Xarici investorlar Ermənistandan qaçır. Belə ki, bu yaxınlarda Ermənistanın Statistika Komitəsi elan edib ki, bu altı ay ərzində Ermənistandan birbaşa investisiyalarını geri götürən ölkələr var. Fransanın möhkəm dostluq münasibətinə və Ermənistana hər cür köməklik göstərməyə hazır olduğuna dair bütün təminatlarına baxmayaraq, “Beşinci Respublika”nın ölkədən çıxartdığı kapitalın həcmi 5 milyard 15 milyon dram təşkil etdi. Ermənistanın ən yaxın müttəfiqi olan Rusiya da birbaşa investisiyaları azaldıb. Ötən il Ermənistandan Rusiyaya çıxarılan birbaşa investisiyaların həcmi 9 milyard 379 milyon dram təşkil edib. Gürcüstan Ermənistandan 4,5 milyon dram məbləğində kapitalını çıxarıb. İtaliya da birbaşa investisiyalarını azaldıb.

Hətta Ermənistana yaxın olan ölkələrin birbaşa investisiyaları geri çəkməsi tamamilə başadüşüləndir. Xarici investorlar Ermənistanda bizneslərini inkişaf etdirmək üçün heç bir perspektiv görmürlər və boş yerə risk etmək fikrində deyillər, çünki onlar Ermənistan bazarının məhdud  imkanlarından və vətəndaşların ödəmə qabiliyyətinin aşağı səviyyəsindən xəbərdardırlar.

Rəsmi olaraq açıqlanıb ki, 2021-ci il dekabrın 31-nə kimi Ermənistanın dövlət borcu təqribən 9,135 milyard dollar, 2022-ci ilin sonunadək isə təqribən 10,188 milyard dollar təşkil edəcək və ÜDM-in 60%-dən çoxunu keçəcək. Dünya Bankının hesablamalarına görə, Ermənistanda yoxsulluq səviyyəsi 2020-ci ildə 51%-dən çox olub. Dövlətin daxili siyasətindən məyus olan vətəndaşlar sosial və maliyyə problemlərinin həlli üçün miqrasiyanı seçirlər, əhali ildən-ilə azalır. Ermənistan əhalisinin sayı 2021-ci il yanvarın 1-nə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,8 min nəfər azalaraq  2 963,3 min nəfər təşkil edib.

Odur ki, Ermənistan indiki acınacaqlı durumda ?? Qarabağ müharibəsinin dərslərini unutmamalı və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, tamamilə fərqli reallıqlarda yaşamağı öyrənməli, güc balansını, geosiyasi vəziyyəti və öz perspektivlərini düzgün dəyərləndirməlidir.

Ermənistan münaqişədən sonrakı bugünkü vəziyyətə belə bir yanaşma tətbiq edərsə, bu, bütün nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycanla sərhədlərin delimitasiyası və daha sonra Türkiyə ilə münasibətlərin normallaşması üçün əlverişli şəraitin yaradılması istiqamətində mühüm addım olacaq və bununla da regionda uzunmüddətli sülh üçün möhkəm zəmin yaranacaq. Yox, əgər o, yekun sülhün əldə olunmasına mane olarsa, özünü çıxılmaz vəziyyətə salacaq.

II Qarabağ müharibəsinin və münaqişənin praktiki olaraq başa çatması Cənubi Qafqazda region ölkələrinin iqtisadi inkişafına təkan verəcək və strateji nəqliyyat dəhlizlərinin açılmasına imkan yaradacaq yeni geosiyasi reallıqlar yaratmışdır. Belə ki, Zəngəzurdan keçən marşrut Rusiya-Azərbaycan-Ermənistan-İran və Türkiyə vasitəsilə Avropadan Asiyaya gedən ən qısa və iqtisadi baxımdan ən sərfəli yoldur. Beləliklə, Ermənistan tərəfinin Zəngəzur dəhlizinin açılışını uzatması, ilk növbədə, təkcə Ermənistanın deyil, həm də Rusiyanın və bu dəhlizdə maraqlı olan digər region dövlətlərinin maraqlarına ziyan vurur.

Erməni liderləri nə qədər çalışsalar, nə qədər çabalasalar da, onların yalnız bir seçimi var: sülh sazişi və ya yeni silahlı münaqişə. Birinci halda, xəyali və illüzor ambisiyalarından əl çəkən Ermənistan, nəhayət, uzun qaranlıq dəhlizdə ölkəni böhran və xaosdan çıxaracaq nəfəslik görəcək. İkinci halda isə, Azərbaycanın dəmir yumruğu ilə növbəti terapiya erməni dövlətçiliyinin qalıqlarını uçurub,  qonşu ölkənin hansısa gələcəklə bağlı bütün xəyallarını birdəfəlik dəfn edəcək.

T.Ağaverdiyev

 

 

 

Paylaş
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31