Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Pakistan türk dövlətidirmi?

Pakistan türk dövlətidirmi?

02.11.2021 [10:26]

Türkiyə ilə Azərbaycanın sıx münasibətdə olması təbiidir. Bu, qan yaddaşına söykənən birlikdir. Bəs, Pakistan niyə Türkiyə və Azərbaycanla bu qədər yaxınlıq edir?

Bu suala Yunanıstanın “greekcitytimes.com” saytı cavab verib. Anti-türk isterikası ilə tanınan sayt yazır ki, Pakistan ziyalıları bu ölkəni Hindistan mənşəyindən ayırmaq üçün pakistanlıların döyüşkən türk sərkərdələrinin və moğolların nəslindən gəldiklərini iddia edirlər. Onlar son min ildə Hindistanın şimalında dominant mövqelərə sahib olublar.

Ermənilərə və farslara xüsusi simpatiya bəsləyən sayt Pakistanın öz tarixini türk-monqol fundamentində görməsindən ciddi narahat olur. Qəzet bildirir ki, Türkiyə-Azərbaycan-Pakistan ittifaqı Rusiya, İran və Çinə qarşı yönəlib. Bu ittifaq Orta Asiya daxil olmaqla, bütün türkləri bir araya gətirmək arzusundadır.

Türklərə o qədər də xoş münasibətdə olmayan bir media orqanının fikirlərinə nədən bu qədər diqqət çəkdim? Deyim. Bəzən bizim dilə gətirmədiyimizi onlar açıb ortaya qoyurlar.

Yəni hər kəs bilsin ki, Türkiyə-Azərbaycan-Pakistan birliyi müvəqqəti xarakter daşımır, ciddi siyasi hədəflərə çatmaq üçün qurulmuş alyansdır. Biz yaxın gələcəkdə bu birliyin həyata keçirəcəyi möhtəşəm layihələrin şahidi olacağıq...

Bəs, Pakistan haqqında nə bilirik? Pakistan Azərbaycana görə heç vaxt Ermənistanı müstəqil dövlət kimi tanımayıb. Bu faktı Azərbaycanda hər kəs yaxşı bilir. Pakistanı daha yaxşından tanımaq üçün bəzi statistik məlumatları diqqətinizə çatdırırıq:

- Pakistan müsəlman ölkələri arasında əhalisinin sayına görə (225.2 milyon nəfər) İndoneziyadan sonra ikinci ölkədir. Yeri gəlmişkən, 3-cü sırada Hindistan gəlir. Hazırda Hindistanda 220 milyona yaxın müsəlman yaşayır. Hind millətçiliyinə söykənən Baş nazir Narendra Modi iqtidara gəldikdən sonra Hindistanda müsəlmanlara qarşı zorakılıq halları kəskin şəkildə artıb.

- Çin Pakistanın əsas ticari və iqtisadi ortağı hesab olunur. 2015-ci ildə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı 51 saziş imzalanmışdır. Pakistan, həmçinin Çin üçün müsəlman ölkələri ilə əlaqələrdə əsas “qapı” hesab olunur.

- Pakistanın əsas geosiyasi rəqibi Hindistandır. Bu ölkələr indiyə qədər bir-biri ilə 4 dəfə müharibə edib və bu müharibələrin 3-ü Kəşmir ərazisinə görə baş verib. Kəşmir bölgəsinin təqribən 45,1%-i hazırda Hindistanın nəzarəti altındadır. Pakistan tərəfi isə Kəşmirin 38,2%-nə nəzarət edir. Kəşmiri iki dövlət arasında bölən cəbhə xətti 1949-cu ildə yaradılıb.

- “Ethnologue report for Pakistan”a görə ümumilikdə ölkə ərazisində 72 dildə danışan etnik qrup var: pəncablılar, puştunlar, sindhilər, seraikilər, bəluclar, brahuilər, həzaralar, qucaratlılar, nuristanlılar, parslar, ərəblər, çinlilər, özbəklər, türkmənlər, uyğurlar və s.

- Pakistanda əhalinin 96%-i müsəlmanlardan ibarətdir. Ölkə müsəlmanların sayına görə İndoneziyadan sonra dünyada 2-ci yerdədir. Müsəlmanların əksəriyyəti sünnilərdir (95%), şiələr isə müsəlman əhalinin 5%-ni təşkil edir.

- Pakistan nüvə silahına sahib olan ilk müsəlman ölkəsidir.

- Pakistan Ordusu gücünə görə dünyada 11-ci yerdədir və 620 min hərbçisi var. BMT-nin sülhməramlı missiyasını əsasən Pakistan Ordusu həyata keçirir.

- Pakistan dünyada ən yaxşı təlim keçmiş hərbi pilotlara sahibdir. Pakistanlı hərbi pilot MM Alam 1965-ci ildə baş vermiş Pakistan-Hindistan müharibəsi zamanı 1 dəqiqə ərzində Hindistanın 5 qırıcı təyyarəsini sıradan çıxarmışdı.

- Karaçi Pakistanın ən böyük şəhəridir. Maliyyə mərkəzi kimi tanınır. 17 milyon nəfər əhalisi var. Karaçi həm də Pakistanın ən böyük dəniz limanıdır. Bu şəhər Pakistanın ilk paytaxtı olub.

- Ərazisinə görə Pakistan dünyanın 33-cü (881,913 kvadrat km.) dövlətidir. Bu ərazinin 25 faizindən əkin sahəsi kimi istifadə olunur. Müqayisə üçün deyək ki, Pakistanın əkin üçün istifadə olunan ərazisi, ərazi baxımından dünyanın ən böyük dövləti olan Rusiyadan 3 dəfə böyükdür.

- Hazırda əhalisi 2 milyon nəfərdən bir qədər çox olan İslamabad Pakistanın müstəqilliyindən düz 20 il sonra-1967-ci ildə bu ölkənin paytaxtı elan olundu. Bu şəhər dünyanın ikinci (Londondan sonra) ən gözəl paytaxt şəhəri kimi tanınır. (növbəti yerlər belə sıralanır: Berlin, Vaşinqton, Paris, Roma, Tokio, Budapeşt, Ottava, Moskva)

- Pakistan 1947-ci ildə müstəqillik əldə etsə də kraliça II Yelizaveta 1956-cı ilə kimi rəsmən bu ölkənin kraliçası sayılıb. Xatırladım ki, kraliça II Yelizaveta 1952-ci ildə taxta çıxıb. Hələ də iqtidardadır.

- Pakistan sözü rəsmi versiyaya görə, fars və urdu dilində “məsumların vətəni” anlamını verir.

- Urdu dili Pakistan və Hindistanda dövlət dilləri sırasında yer alır. Xatırladaq ki, “urdu” qədim türk sözü olan “ordu”dan törənib. Süni yaradılmış dildir. Fars, hindi, türk, monqol... kimi dillərin sintezindən yaranıb. Əmir Teymurun nəslindən gələn Moğol imperiyasının qurucuları tərəfindən rəsmi status alıb. Əsasən orduda fərqli etnik qrupların bir-birini anlaması üçün istifadə olunub. XVIII əsrdən etibarən urdu dilində bədii ədəbiyyat yaranmağa başlayıb. Hazırda dünyada 170 milyon nəfər bu dildə danışır. Urdu dünyada ən çox danışılan dillər sırasında 11-ci yerdə gəlir. Urdu və ingilis dili Pakistanın dövlət dilləridir.

- Pakistanda indiyə qədər iki nəfər Nobel mükafatına layiq görülüb. Fizik Abdus Salam və qadın hüquqları müdafiəçisi Malala Yousafzai. Xatırladım ki, İslam Dünyasında ilk dəfə Nobel mükafatını Məhəmməd Ənvər Sadat (1978) alıb.

- Avropa Biznes Tədris Ocaqları arasında xüsusi nüfuzu olan “The Institute of European Business Administration” mərkəzinin 125 ölkədə keçirdiyi araşdırmaların nəticəsinə görə Pakistan əhalisi dünyanın ən intellektual xalqı kimi 4-cü sırada yer alıb. Təsadüfi deyil ki, nüfuzuna görə pakistanlı alimlər və mühəndislər dünya çapında 7-ci yerdə gəlir.

- Pakistan rəsmən din üzərində qurulmuş yeganə ölkə sayılır. Bu ölkənin adı (Pakistan) və paytaxtının adı (İslamabad) da islam dini ilə bağlıdır.

- Pakistan Türkiyədən sonra qadınların hərb və polisdə xidmət etməsinə rəsmən icazə vermiş ikinci müsəlman ölkəsidir.

- 1965-ci ildə Pakistanla Hindistan arasında müharibə oldu. II Dünya Müharibəsindən sonra ən böyük tank döyüşü həyata keçirildi. Minlərlə əsgər şəhid oldu. Müharibə ABŞ və SSRİ-nin müdaxiləsindən sonra dayandırıldı. Maraqlıdır ki, həm Pakistan, həm də Hindistan bu müharibədən qalib çıxdığını bəyan etdi.

- 1971-ci ildə Hindistan - Pakistan müharibəsi başladı. 1971-ci ilin dekabrında müharibə başa çatdıqdan sonra Hindistan artıq Şərqi Pakistanın böyük bir hissəsini işğal etmişdi. 1971-ci ildə Banqladeş Müsəlman Xalq Cümhuriyyəti yaradıldı və Hindistan ərazini tərk etdi. Banqladeş dünyanın ən kasıb, ən çoxmillətli və ən az inkişaf etmiş ölkələrindən biridir.

- 2007-ci ildə sui-qəsdlə öldürülən Bənazir Bhutto İslam Dünyasında ilk dəfə baş nazir (1993-1996) vəzifəsini tutan qadındır. Xatırladım ki, Qarabağ münaqişəsinin ilk illərində məhz o, Pakistan adından Azərbaycana 1 milyon dollar (o vaxt üçün böyük göstərici sayılır) yardım edib. Azərbaycan xalqı indi də bunu böyük maddi və mənəvi dəstək kimi dəyərləndirir.

- İstifadədən çıxmış gəmilərin demontaj olunmasında Pakistan dünyada 3-cü yerdə gedir.

- Müstəqillik əldə etdikdən sonra 10-12 milyon müsəlman Hindistandan Pakistana pənah gətirdi. Onlar müxtəlif dillərdə danışırdılar. Pakistan dövləti onlara həvəslə qucaq açdı və canını götürüb qaçmış insanlara sahib çıxdı.

- Silvester Stallonenin “Rambo III” filmi yadınızdadırmı? Həmin film Pakistanda çəkilib. 

- 2011-ci il mayın 2-də “Əl-Qaidə” terror şəbəkəsinin yaradıcısı Usama bin Laden ABŞ-ın Xüsusi Hərbi Qüvvələri tərəfindən Pakistanın Abbottabad şəhərində qətlə yetirilib.

- Pakistanın kəşfiyyat mərkəzi dünyada ən yaxşı kəşfiyyat mərkəzi kimi tanınır. Onlar, hətta ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsini belə geridə qoyurlar.

- Pakistan raket texnologiyası baxımından dünyanın ən inkişaf etmiş ölkələrindən biri sayılır.

- Süd istehsalına görə Pakistan dünyada dördüncü yerdə gəlir. İnəyin müqəddəs heyvan hesab edildiyi Hindistan isə bu baxımdan birinci sırada yer alır.

- Cərrahlıqda istifadə olunan alətlərin istehsalı baxımından Pakistan dünyanın aparıcı dövlətlərindən biridir.

- Pambıq tədarükündə Pakistan dünyada dördüncü yerdə gəlir.

-  Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkədir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub.

- 1993-cü il aprelin 30-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. Yekdilliklə qəbul olunmuş həmin qətnamədə Kəlbəcər rayonundakı erməni işğalçı qüvvələrinin təcili olaraq hərbi əməliyyatları dayandırması tələb olunurdu.

- 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub.

- 1996-cı ilin aprelində Prezident Heydər Əliyev Pakistana, 2004-cü ilin iyulunda isə Pakistan prezidenti Pərviz Müşərrəf Azərbaycana rəsmi səfər edib. 2005-ci ilin aprelində Prezident İlham Əliyev Pakistanda, 2012-cı ilin oktyabrında isə Pakistan prezidenti Asif Əli Zərdari Azərbaycanda olub. Müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycan və Pakistan rəhbərləri dəfələrlə görüşüblər. Bu görüşlər mütəmadi xarakter daşıyır.

- 2015-ci ilin martında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya “Hilal-e-Pakistan” ordeni təqdim olunub.

- “Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycan Prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik”,- deyə Prezident Heydər Əliyev vurğulamışdı.

- “Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik”, - deyə Prezident İlham Əliyev bildirmişdi.

Elbəyi Həsənli, Sürix

Paylaş
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31