Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Analitik / Müharibənin davam etməsi kimə sərf edir?

Müharibənin davam etməsi kimə sərf edir?

22.04.2022 [10:12]

Siseron: “Pis sülh yaxşı müharibədən yaxşıdır”

Taleh AĞAVERDİEV

Artıq 57 gündür ki, Ukraynada döyüşlər gedir. Hər axşam dinc sakinlər səhər oyanıb-oyanmayacağını, evlərinin növbəti raket hücumuna məruz qalıb-qalmayacağını bilmədən yuxuya gedirlər. Atışma səsləri, mərmi partlayışları ukraynalılar üçün gündəlik reallığa çevrilib. Dəhşətli reallığa. Yüzlərlə insan  - qocalar, qadınlar, uşaqlar öldürülür, infrastruktur dağıdılır, illərlə böyük zəhmətlə ərsəyə gətirdikləri külə çevrilir. Eyni zamanda minlərlə rus əsgəri ölür, analar oğullarını, arvadlar ərlərini, uşaqlar atalarını itirir...

Müharibə həmişə dəhşətlidir. Təəssüf ki, Rusiya ilə Ukrayna arasında müharibənin sonu hələ də görünmür. Son həftələrdə iki ölkəni sülh danışıqlarına səsləyən çağırışlar da demək olar ki, dayanıb. Təkcə bir çağırışdan savayı - BMT-nin Baş katibi Pasxa bayramı münasibəti ilə mülki əhalinin müharibə bölgələrindən təxliyyəsini təşkil etmək və humanitar yardımların çatdırılması üçün aprelin 21-dən 24-dək Ukraynada atəşkəs elan etməyi təklif etdi, lakin Rusiya buna yazılı imtina ilə cavab verdi.

Amma müharibənin ilk ayında onların sayı az deyildi. Müxtəlif ölkələrin liderləri və xarici işlər nazirləri, Aİ rəsmiləri ən azından sözdə də olsa, sülh danışıqlarını təşviq etməyə çalışırdılar. Fransa prezidenti Makron demək olar ki, hər gün Putinə zəng edirdi. Lakin martın sonu - aprelin əvvəllərində vəziyyət kəskin şəkildə dəyişdi. Avropa ölkələri dialoq imkanlarını azaldaraq rus diplomatlarını kütləvi şəkildə qovmağa başladılar.

Üstəlik, müharibəni “qələbəli sonluğa” kimi davam etdirməklə bağlı açıq çağırışlar başladı. Ayın birinci yarısında Avropa diplomatiyasının rəhbəri Cozep Borrell bir neçə dəfə “bu müharibənin döyüş meydanında uduzacağını” deyib. Eyni zamanda, bir neçə gün sonra həmin Borrell bildirib ki, “Avropa İttifaqı Ukraynada müharibənin “yayılmasına” təşviq etmir. Ardınca Polşa prezidenti Ukraynaya Rusiya ilə danışıqlardan əl çəkməyi tövsiyə edib. İtaliyanın baş naziri də qeyd edib ki, “Putinlə danışıqlar vaxt itkisidir”. Eyni zamanda, Ukraynaya silah-sursat, o cümlədən ağır silahların tədarükü artır.

Makron da daxil olmaqla, Qərb siyasətçiləri təmasların azaldılmasını və sülh çağırışlarının dayandırılmasını Buça və Ukraynanın digər şəhərlərində törədilən qətliamlarla izah edirlər. Ancaq belə bir izahat səmimi görünmür, çünki bu halda, əksinə, tezliklə atəşkəsə nail olmaq üçün daha çox səy göstərmək daha məntiqli olardı.

Bu baxımdan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlaması diqqət çəkir. Aprelin 20-də türkiyəli nazir CNN Türk-ə müsahibəsində deyib ki, “NATO-da Ukraynada müharibənin davam etməsini istəyən ölkələr var”. Onun sözlərinə görə, bir sıra NATO ölkələri Ukraynada müharibənin davam etdirilməsini Rusiyanın zəifləməsi kimi qiymətləndirir və Ukraynadakı vəziyyət onları narahat etmir.

Çavuşoğlunun bu açıqlaması Qərbin mövqeyinin kəskin dəyişməsini izah etməyə daha uyğundur. Davam edən müharibə Rusiyaya qarşı mövcud sanksiyaları saxlamağa və yeni sanksiyalar tətbiq etməyə əsas verir. Beləliklə, Qərb müharibəyə qarışmadan əsas geosiyasi rəqiblərindən birini daha da zəiflədə və hərbi potensialını azalda biləcək. Qərbin mövqeyini Almaniya kansleri Olaf Şolzun “Rusiyanın Ukraynada qələbəsinə imkan vermək olmaz, lakin NATO müharibəyə müdaxilə etməyəcək” bəyanatı açıq şəkildə nümayiş etdirir. Bir sözlə, alyans üzvləri Rusiyanın məğlubiyyətini və zəifləməsini arzulayır, lakin buna avropalıların, amerikalıların yox, ukraynalıların həyatı bahasına nail olmaq istəyirlər.

Qərb müharibədən sonra göstərilən “yardım” müqabilində hansı iqtisadi və siyasi dividendlər alacaq:

Ukraynanın tam loyallığı və asılılığı,

Ukrayna bazarında əlverişli mövqelər,

Sərfəli şərtlərlə böyük kontraktlar,

Dağılmış infrastrukturun bərpası üçün tenderlər və s.

Bu arada, NATO üzvləri arasında yalnız Türkiyə iki ölkə nümayəndələri arasında dialoqun bərpası üçün səylərini davam etdirir, müharibənin qızışmasının qarşısını almağa çalışır. Ankara tərəfləri hər vəchlə Ukraynada atəşkəsə sövq edir, uzunmüddətli siyasi nizamlanmaya yol açmağa çalışır və Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazırdır. Ölkə prezidenti və xarici işlər naziri rusiyalı və ukraynalı həmkarları ilə daim əlaqə saxlayır, onları dialoqa çağırır. Çavuşoğlu müsahibəsində bildirib ki, Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Rusiya lideri ilə telefon danışığı aparmaq niyyətindədir. Nazirin özü də Rusiya və Ukrayna XİN rəhbərlərinin İstanbul və ya Antalyada görüşünün keçirilməsini təklif edib. Qeyd edək ki, bundan əvvəl danışıqlarda ən mühüm irəliləyiş Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı görüşündən sonra əldə edilib. Eyni zamanda, Türkiyənin səyləri fonunda onun Qərb tərəfdaşları vaxtaşırı ölkənin anti-Rusiya sanksiyalarına qoşulması məsələsini gündəmə gətirir.

Ümid edirik ki, qardaş Türkiyə tezliklə Ukraynada atəşkəsə məhz dinc danışıqlar yolu ilə nail ola biləcək. Çünki Siseronun dediyi kimi: “Pis sülh yaxşı müharibədən yaxşıdır”.

Paylaş:
Baxılıb: 308 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

MEDİA

Analitik

İnsan işğalı

18 May 10:25

Siyasət

Siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

18 May 10:00

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31