İslamofobiya, yoxsa religiyafobiya...
08.06.2022 [10:31]
Rəsmi Dehli müsəlmanlara qarşı aparılan terrorun qarşısını alacaqmı?
Pərviz SADAYOĞLU
Qlobalizmin geniş vüsət aldığı müasir dövrdə tolerantlıq, dözümlülük və qarşılıqlı anlaşma kimi dəyərlər ikinci plana inteqrasiya edilməkdədir. Uzun illərdən sonra yenidən faşizm, rasizm, dini və irqi dözümsüzlük, ayrı-seçkilik kimi hallar intensivləşərək davam edir. Bunun nəticəsidir ki, leksikona islamofobiya kimi sözlər əlavə olunub. Dünyanın “demokratiya beşiyi” sayılan ölkələrdən zaman-zaman bu kimi addımlar və bəyanatlar səslənsə də, sivilizasiyanın beşiklərindən sayılan qoca şərqdə də eyni mühit formalaşmaqdadır. Məsələn, Hindistan son illərdə bu hallara görə “öncül” sırada yer alır desək, yanılmarıq. Hətta son dövrlərdə bu addımlar daha da intensivləşib. Bunun nəticəsidir ki, Hindistan hökumətinin dini konsepsiyasını radikalizm üzərində yeniləmək cəhdləri və ölkədə islam inancında olan əhalini sıxışdırmağına başqa adlarla haqq qazandırmağa çalışması beynəlxalq mətbuatın əsas müzakirə mövzusuna çevrilib. Qeyd edək ki, Hindistan hökuməti BMT-yə müraciət edərək “islamofobiya” ifadəsinin “religiyafobiya” ifadəsi ilə dəyişdirilməsini istəyir. Hindistan mövqeyini belə əsaslandırır ki, dünyada dini dözümsüzlük, diskriminasiya bir çox dinlərə qarşı həyata keçirilir, ancaq səmavi dinlərə qarşı aktlar önə çıxarılır. İlk baxışda normal qarşılana biləcək bu təklifin arxasında fərqli maraqların dayandığı ortadadır. Belə ki, Hindistan bununla özünün müsəlmanlara qarşı yeritdiyi siyasətinin üzərinə pərdə salmağa salışır. Eləcə də, özünə qarşı islam amili ilə presedent yaradılmaması üçün “narahat olduğunu” sərgiləyir. Son illərdə Hindistan hökuməti ictimai rəyi özünün diplomatik arqumentinə çevirmək üçün əlinin altında olan siyasi qüvvələrdən də maksimum istifadə etməkdədir. Başqa sözlə, Hindistan hökumətinin islamofobiya yanaşması ilə həmin gedişləri paralellik təşkil edir.
Zorakılıq və ekstremizm çağırışları günü-gündən artır
Bir müddət öncə Hindistanın “Bharatia Canata” partiyasının funksionerləri Məhəmməd peyğəmbərə qarşı təhqiramiz ifadələr işlədiblər. İslam peyğəmbərinin təhqir edilməsi isə bir sıra müsəlman ölkələrinin etirazı ilə qarşılanıb. Hətta həmin dövlətlərin ali strukturları ölkələrindəki Hindistan səfirlərini çağıraraq nota təqdim ediblər. Qətər və Küveyt Hindistandakı islamofobiya meyillərinin peyğəmbərin təhqiri ilə müşayiət olunmasına görə üzrxahlıq tələbi səsləndiriblər. Hər iki ölkə hesab edir ki, bu cür mesajlar İslam dini haqqında məlumatsızlıqdan irəli gəlir. Nəzərə alsaq ki, İslam dini Hindistan da daxil olmaqla, dünya sivilizasiyasında böyük rol oynayıb, görünür rəsmi Dehli bu düşüncənin üzərindən xətt çəkmək niyyətindən əl götürmür. Bu, müsəlmanların hədəfə alınmasının davam edəcəyini, zorakılıq və ekstremizm çağırışlarının artacağını deməyə əsas verir. Çünki Hindistan məqsədli niyyətlərini sistemli və döyüşə hazır vəziyyətə gətirib. Bu ölkənin ictimai-siyasi həyatının bütün sahələrində İslama qarşı təhlükəli meyillər formalaşdırılır.
Hindistanda müsəlman olmaq risk faktoruna çevrilib
Bu ilin aprelində Hindistanda “Bharatia Canata” partiyasının (BJP) lideri Yaşpal Suvarna ölkədə ictimai yerlərdə hicabın qadağan ediləcəyini söyləmişdi. Hindistanda müsəlmanlara qarşı ən böyükmiqyaslı hücumlardan biri də elə aprel ayında hicablı qadınlara qarşı həyata keçirilmişdi. Hindistanın cənubundakı Karnataka əyalətində hicablı tələbələr indi “persona non qrata” kimi qəbul edilirlər. Hindu millətçi partiyası olan BJP bir neçə gün ərzində bütün hicablı tələbələrin məktəblərə daxil olmasını qadağan edib. Bu qadınlar iş yerinə ancaq hicablarını çıxarmaqla daxil ola bilirdilər. Fransada nəşr olunan “Liberation” qəzetinin əlaqə saxladığı 17 yaşlı hindistanlı müsəlman tələbə deyir ki, onlara hicabla sinifdə otura bilməyəcəkləri deyilib: “Ona görə də dostlarım və mən içəri girməkdən imtina etdik. Bəs niyə birdən-birə qaydaları dəyişirlər? Gələn həftə imtahanlarımız olanda bu normaldır? 10-18 yaş arası minlərlə tələbə bu qadağanın qurbanı olur”.
Xarici mətbuatın yazdığına görə, ölkədə müsəlman olmaq son zamanlar risk faktoruna çevrilib. Anti-islam siyasəti son dövrlərdə açıq-aşkar hal alıb. Bu siyasətin məqsədi “işğalçı” kimi təqdim edilən Hindistan müsəlmanlarının sosial, siyasi və iqtisadi hüquqlarını zəiflətmək və təcrid etməkdir. Ölkədə ən azı ayda bir dəfə müsəlmanlara qarşı yüksək təzyiq hadisəsi müşahidə olunur.
Bu ilin aprelində Hindistanın Racastan əyalətində Karauli seçki dairəsində də komendant saatı elan edilmişdi. Təxribat törətmək istəyən hinduların başçılığı ilə keçirilən mitinqdən sonra bölgədə gərginlik artmışdı. Hindu fəalları iddia edirdilər ki, müsəlmanlar hinduların Yeni ili münasibəti ilə Ramın qarşısında baş əyərək “Qələbə Allah Ramaya məxsusdur” deyəcəklər. Həmin zaman toqquşmalarda 35 nəfər yaralanmışdı.
Bu ölkədəki dini ayrı-seçkilik özünü bir çox faktlarla ortaya qoyur. Məsələn, ?? əsrdə tikilmiş və 1992-ci ildə radikal hindular tərəfindən dağıdılmış Babri məscidi ilə bağlı Hindistanda ən yüksək məhkəmə instansiyasının bəraət qərarı bunun əsl sübutudur. Babri məscidinin dağıdılmasına rəhbərlik edən keçmiş baş nazir Lal Krişna Advani də daxil olmaqla, 32 hindu lideri 2020-ci ildə irəli sürülən ittihamlardan bəraət aldı. Bəraət qərarından Ali Məhkəmə məscidin yerləşdiyi torpağın hindulara aid olduğunu bəyan etdi. Mübahisəli qərardan cəmi 4 ay sonra baş hakim Ranjan Qoqoin parlamentin yuxarı palatasına təyin edilib.
Müsəlman qadınlara qarşı aparılan təhlükəli kampaniyalar genişlənir
Bu kimi faktlar sadalandıqca bitməz. 2002-ci ildə Hindistanın qərbindəki Qucarat əyalətində hindular tərəfindən 2000-dən çox müsəlmanın qətlə yetirilməsi ölkə tarixində qara iz buraxıb. Keçmişdən bu günə qədər təkrar-təkrar yaranan islamofobiya dalğası hər cür cinayət əməllərinə təkan verən ekstremist qruplar tərəfindən qızışdırılır. “Mübariz faşist qrupu” sayılan Rashtriya Swayamsevak Sangh (RSS) ideologiyasından ilhamlanan hindu millətçilərindən ibarət Sanq Parivar bu qrupların ən məşhurudur. Sanq Parivarın hökumətdəki təsiri və mövcudluğu isə hamıya məlumdur. Xarici mətbuatın bildirdiyinə görə, Sangh Parivarın alt qrupları halal qida və digər dini mövzuları hədəf alan müsəlmanlara qarşı hücumlara başlayıb. Bununla yanaşı, Hindistanda müsəlmanlara qarşı soyqırım ideyalarını, hətta müsəlman qadınların cinsi alçaldılmasını təbliğ edən və onları kölələşdirməyə çalışan “Sulli Deals” və “Bulli Bai” kimi təcrübələrdən istifadə edən bir çox sosial media hesabları belə mövcuddur.
“The Indian Express”in məlumatına görə, yüzdən çox müsəlman qadın, jurnalist və fəal onların adlarının “hərracda satmağı” təklif edən saytda qeyd edildiyini öyrənib. Ötən ilin iyul ayında BBC 80-dən çox müsəlman qadının “Sulli Deals” saytında və proqramında fotoprofillərinin yaradıldığını, onların “günün sövdələşmələri” kimi təsvir edildiyini yayımlamışdı. Burada işlədilən “Sulli” ifadəsi hindu sağçı trolları tərəfindən müsəlman qadınlara istinad etmək üçün istifadə olunur və hindi dilində aşağılayıcı termindir. Bu təcrübə Hindistan hakimiyyətinin hindu millətçiliyinə qarşı çıxan qadınları alçaltmaq məqsədi daşıyır. Düzdür, sonradan bununla bağlı ilk şübhəlinin, 21 yaşlı gəncin həbs edildiyi söylənsə də, onun bu fəaliyyətdə tək olmasına inananlar az olmuşdu.
Dünya bu ayrı-seçkiliyə susmamalıdır...
Hindistanda müsəlmanlara qarşı baş verən dəhşətli faktlar dünyanın aparıcı dövlətlərinin diqqətindən də yayınmır. Bunun nəticəsidir ki, Amerika Birləşmiş Ştatları sözügedən mövzuda Hindistana qarşı münasibətdə sərtlik nümayiş etdirir, dövlət katibi Entoni Blinken Hindistanda insanlara və ibadət yerlərinə artan hücumlardan narahatlığını ifadə edir. Bununla belə, Hindistan dünyanın çağırışlarına məhəl qoymadan öz bildiyini etməkdə israrlı görünür. Çoxmillətli və çoxdinli ölkə olsa da, multikultural həyat tərzini tam şəkildə rədd edən Hindistan primitiv insan hüquq və azadlıqlarını təmin etmir. Bunun qarşılığında isə “ayrı-seçkilik bəlası” pərdəsinə bürünmək üçün BMT-yə məlum müraciəti edir.
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34

