Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Perspektivi olmayan qaranlıq məsələ

Perspektivi olmayan qaranlıq məsələ

01.10.2022 [10:30]

Ekspert Ermənistanın NATO-ya üzv olmaq cəhdini belə dəyərləndirir

Mübariz ABDULLAYEV

44 günlük müharibədə acınacaqlı məğlubiyyət acısı yaşayan və onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qalan Ermənistan postmüharibə mərhələsində ziddiyyətli davranışları ilə diqqət çəkir. Müşahidə edilən odur ki, müharibənin başa çatmasından iki il vaxt ötsə də, bu ölkənin perspektivlə bağlı siyasəti qeyri-müəyyən olaraq qalmaqdadır.

Ermənistanın üzüdönüklüyü

Kasıb Ermənistan tarixən başqalarının hesabına yaşamağa adət edib. Ermənilər zamanında məhz havadarlarının açıq və gizli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında öz dövlətlərini qurublar və ərazilərini genişləndiriblər. Üç onillik bundan əvvəl yenə də xaricdən dəstək alan Ermənistan ölkəmizə qarşı işğalçılıq siyasətinə başladı və torpaqlarımızın 20 faizini zəbt etdi. İşğalçı ölkə 44 günlük müharibədə də məhz havadarlarının pulsuz verdikləri silahlardan istifadə edirdilər. Ermənistan bu gün də enerji daşıyıcılarını və bir sıra digər strateji məhsulları güzəştli qiymətlərlə alır. Bu siyahını istənilən qədər uzada da bilərik. Ancaq bu deyilənlər də Ermənistanın başqalarından asılı olan dövlət imici barədə konkret təsəvvür yaratmağa kifayətdir. Bu marionet dövlət başqalarının hesabına qurulub və indiyədək də mövcudluğunu onların havadarlığı sayəsində qoruyub saxlayıb.

Ancaq burada forpost ölkəyə xas olan bir cəhətə də xüsusi diqqət çəkmək istərdik. Zaman-zaman biz Ermənistanın üzüdönüklüyünün, keçmiş dostları əlcək kimi dəyişməsinin, bir ayağını daim iki başmağa qoyduğunun şahidi olmuşuq. Belə görünür ki, bu ölkə yenə də öz xislətində və ampluasında qalmaqdadır. Xatırlayaq: Bir vaxtlar Ermənistan Azərbaycanı müttəfiqləri, daha çox da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə hədələyirdi. Uzağa getməyək. Bu ölkə 44 günlük müharibədə məhz KTMT-yə güvənərək Azərbaycanın keçmiş təmas xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini, mülki infrastrukturunu ağır artilleriyadan istifadə etməklə intensiv atəşə tuturdu. Ərazilərimizə qadağan olunmuş silahlar atan bu ölkənin hərbi-siyasi elitasında təmsil olunanlar açıq şəkildə bildirirdilər ki, Azərbaycan belə hücumlara cavab verib Ermənistan ərazilərinə atəş açsa, KTMT-dən hərbi yardım istəniləcək. Bəli, müharibə günlərində KTMT-yə Ermənistandan hərbi yardımla bağlı müraciətlər edildi. Bu ölkə sentyabrın 12-dən 13-nə keçən gecə sərhəddə törətdiyi təxribatlara cavab olaraq Azərbaycandan aldığı zərbələrdən sonra da quruma yardımla bağlı müraciət ünvanladı. KTMT isə Ermənistan rəsmilərinin xəyallarını bir növ suya salaraq əritdi. Qurumdan Ermənistana hərbi yardım göstərilmədi və bunun hüquqi əsaslarını tapmaq da mümkün deyildi. Çünki Azərbaycanın başqa dövlətin ərazilərində müharibə aparmaq kimi bir niyyəti yoxdur. Respublikamızın yeganə istəyi üç onillik ərzində işğal altında qalan torpaqlarımızı geri qaytarmaq idi ki, buna da nail olub. Sentyabrda isə Silahlı Qüvvələrimizin bölmələri düşmənin təxribatlarına cavab verib. KTMT-nin iki halda onun göz yaşlarına, yalvarışlarına məhəl qoymadığının fərqində olan Ermənistan, öz xislətinə uyğun olaraq  qurumda üzvlüyünün sona çatdığı zamanının yetişdiyini açıq şəkildə gündəmə gətirib.

Qərbə inteqrasiya cəhdi

Hazırda Ermənistanda köhnə müttəfiqlərlə vidalaşmaq, Qərbə inteqrasiya, o cümlədən də  KTMT-də üzvlüyün Şimali Atlantika Alyansı (NATO) ilə əməkdaşlıqla əvəzlənməsi ilə bağlı intensiv müzakirələr aparılır. Bu planının konturları hər ötən gün özünü daha qabarıq şəkildə  büruzə verir. Ermənistan özünün Qərbyönümlü dövlət olduğunu isbatlamaq üçün dəridən-qabıqdan çıxır, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Sentyabrın əvvəlində ABŞ Nümayəndələr Palatasının sədri N.Pelosi uzaq yolu yaxın edib Ermənistana səfərə gəldi. Bu səfərin detalları başqa bir müzakirənin mövzusudur. Bəs İrəvanda okeanın o tayından gələn ağbirçək qonağın pişvazına necə çıxdılar? Özlərisayağı. N.Pelosinin keçəcəyi marşrut boyunca Ermənistanın köhnə müttəfiqləri ilə strateji dostluğunu tərənnüm edən plakatlar yığışdırıldı. Bunların yerində N.Pelosinin portretləri, Ermənistanın Qərbə inteqrasiyaya böyük önəm verdiyini əks etdirən şüarlar asıldı. Bəlli xislətə malik Ermənistan üçün bütün bunları etmək su içmək qədər asandır. Elə ölkənin rəsmiləri də son va?tlarda köhnə dostlarla əlaqələr qurmağa çox da həvəsli görünmürlər. Əksinə onlar Qərb ölkələrini bir növ su yoluna çeviriblər. N.Paşinyan, A.Mirzoyan, A.Qriqoryan və digər yüksək ranqlı rəsmilər başlarını İrəvanda isladıb Vaşinqtonda, Parisdə qırxdırırlar. Elə bu günlərdə N.Paşinyan Fransada səfərdə oldu və bu ölkənin prezidenti Emmanuel Makronla görüşə qatıldı. Əslində, N.Paşinyanın bəhs olunan səfərini İrəvanın ünvanı dəyişmək p?anlarının tərkib hissəsi kimi də səciyyələndirmək mümkündür.

Ermənistanın baş naziri bir qədər bundan əvvəl, həmçinin BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Görüşdə Ermənistanın xarici işlər naziri A.Mirzoyan və Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan da iştirak ediblər. NATO-nun baş katibi görüş zamanı qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən son dərəcə narahatdır. Stoltenberq regional problemlərin sülh və danışıqlar yolu ilə həllinin zəruriliyini qeyd edib

Bu arada Ermənistan Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan ABŞ-da səfərdə olub. O, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında görüşlər keçirib. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi “Facebook” hesabında bildirib. “Vaşinqtona səfərim çərçivəsində Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki qərargahında işgüzar görüşlərim oldu”, - deyə Qriqoryan vurğulayıb. Bundan əvvəl isə Ermənistan rəsmisi Pentaqonda ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuperlə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib.

Ümumiyyətlə, Qərbə inteqrasiya planlarının tərkib hissəsi kimi NATO ilə əməkdaşlığın genişləndirilməsi Ermənistanın köhnə xəyallarındandır. Hətta bu ölkədə daha qabağa gedərək NATO-ya üzvlüklə bağlı iddialar səsləndirənlər də var. Belə görünür ki, Ermənistan indiyədək ünvanı dəyişmək, köhnə müttəfiqləri əvəzləmək planlarını açıq müstəviyə çıxartmağa özündə cəsarət tapmırdı - cəzalandırılacağından qorxurdu. İndi isə bu ölkədə yeni geosiyasi reallıqlar fonunda köhnə planların reallaşdırılması üçün imkanlar yarandığı qənaətindədirlər.

Ermənistanın NATO-ya yaxınlaşmaq, hətta özünü onun sıralarında görmək istəyi yada “qız evində toydur, oğlan evinin xəbəri yoxdur” zərb-məsəlini salır. Ermənistanın niyyəti bəllidir: Bu ölkə yağlı piroqdan özünə dilim götürmək istəyir. Bəs bu kasıb və hərbi potensialı aşağı səviyyədə olan Ermənistanın özü Şimali Atlantika Alyansına nə verə bilər? Heç nə! Ermənistan kimi bir ölkənin NATO-da təmsilçiliyi bu qurumun nüfuzunu yerlə bir edər. Ekspertlər də Ermənistanın NATO-da təmsilçiliyini xəyal kimi dəyərləndirirlər. Bu barədə fikirlərini “Yeni Azərbaycan”a bölüşən hərbi ekspert Ədalət Verdiyev vurğulayıb: “Hazırda dərin dalan vəziyyətində olan Ermənistanın Rusiyadan silah əldə etmək imkanları tamamilə məhdudlaşdığı üçün İrəvan müxtəlif istiqamətlərə üz tutmaq məcburiyyətindədir. Sahildən sahilə üzən Ermənistan müharibədən sonrakı müddətdə gah NATO-ya, gah Avropa İttifaqına, gah İrana, gah Hindistana, gah Yunanıstana, gah da Fransaya müraciət edir. Daxili auditoriyadan da itirilmiş ordunun bərpa edilmədiyinə görə N.Paşinyana təzyiqlərin atması müşahidə edilməkdədir. N.Paşinyan və onun komandasının üzvləri bu təzyiqlərdən qurtu?maq üçün tez-tez müxtəlif ölkələrə səfərlər edirlər. Onlar yardımlar və silahlar əldə etmək üçün dilənçilik fəaliyyətlərini kifayət qədər genişləndiriblər.

Ermənistanın NATO-ya üzvlüyü perspektivi qaranlıq olan bir məsələdir. NATO-ya üzv olmaq üçün Ermənistan öz ordusunun səviyyəsini Şimali Atlantika Alyansının səviyyəsinə gətirib çıxartmalıdır. Bu isə qətiyyən mümkün görünmür, çünki Ermənistan XXI əsrin iki fərari ordusundan birinci sırada dayananına malikdir. Belə bir ordunun NATO sıralarına daxil olması qurumun da nüfuzuna xələl gətirərdi. Ermənistanın bu vəziyyətə düşməsinin əsas səbəbkarları bu ölkənin əvvəlki və indiki siyasi rəhbərliyidir. Məhz onların Azərbaycana qarşı təhdid və təxribat xarakterli fəaliyyətləri hazırda Ermənistan ordusunun həm darmadağın edilməsi, həm də bütövlükdə ölkənin rəzil, alçaldılmış vəziyyətə düşməsi ilə nəticələnib. Belə bir ölkənin NATO-ya yaxın buraxılması qurumun prinsiplərinə də ziddir. Digər tərəfdən isə, Ermənistan nə qədər Qərbə üz tutsa da, real olaraq onun ərazisində Rusiya qoşunları yerləşib. Ermənistanın Azərbaycan və Gürcüstanla sərhədləri istisna olmaqla, digər sərhədləri Rusiya tərəfindən qorunur. Belə olan halda plagiat bir ölkənin NATO-ya üzvlüyü barədə danışmaq çox tezdir”.

Paylaş:
Baxılıb: 815 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31