Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Kreml ilə Qazaxıstanın “söz dueli”

Kreml ilə Qazaxıstanın “söz dueli”

09.12.2022 [12:28]

Rusiyalı səfirə parlamentin spikeri cavab verdi

Son dövrlərdə Qazaxıstan ilə Rusiya arasında müşahidə olunan gərginliklər artan xəttlə inkişaf etməkdədir. Belə ki, iki ölkə arasındakı diplomatik “söz dueli” yeni mərhələyə qədəm qoyub. Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkinin Qazaxıstanda millətçi ab-havanın artdığı barədə açıqlamalarına Milli Məclisin sədri Yerlan Koşanov tərəfindən cavab gəlib. Bu barədə “Tengrinews.kz” saytı məlumat yayıb. Məclis sədrinin fikrincə, Borodavkin bəzi siyasətçilərin təbliğat xarakterli bəyanatlarına qoşulmamalıdır. Onun sözlərinə görə, diplomatın çıxışındakı bəzi məqamlar onun statusuna uyğun gəlmir: “Mən cənab Borodavkinin müsahibəsini diqqətlə oxudum. Onun müsahibəsinin bəzi məqamları həqiqətən də statusuna uyğun gəlmir və xeyrinə işləmir. Cənab Borodavkin çox təcrübəli diplomat olsa da, biz onu çoxdan tanıyırıq. Onu təbliğatçılara, politoloqlara bənzətmək olmaz. İkincisi, ksenofobiya Rusiyada da var”.

Qeyd edək ki, bundan əvvəl Borodavkin “Sputnik” saytına müsahibəsində Qazaxıstanda radikal millətçilik meyillərinin getdikcə daha çox özünü büruzə verməsindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, internet radikal millətçilərin qəbuledilməz tələblər və rusofob şüarlar səsləndirdiyi videolarla doludur. Səfir seçkidə qalib gəldikdən sonra prezident Kasım-Jomart Tokayevin hər cür ekstremist millətçi çıxışların qarşısını almaq üçün sərt tədbirlər görüləcəyinə əminliyini ifadə edib. Rusiyalı diplomatın “bizdən bu barədə soruşsalar, kömək edərik” sözləri isə xüsusi diqqət çəkib.

Əslində baş verənlərin nədən qaynaqlandığı bəllidir. Bu ilin yanvarında Qazaxıstanda baş verən hadisələr, həmin hadisələr zamanı KTMT-nin müdaxiləsi məsələsi iki dövlət arasında bir sıra gərginliklər yaratmışdı. Sonradan baş verənlər isə bu gərginliyi daha da artırdı. Rusiya Ukrayna cəbhəsində Qazaxıstandan açıq dəstək gözləsə də, bu baş vermədi. Hətta Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Sankt-Peterburqda keçirilmiş toplantıda Luqanskı və Donetski müstəqil subyekt kimi tanımadığını, Ukraynanın ərazisi olduğunu bildirdi. Bu isə münasibətləri daha da gərgin müstəviyə daşıdı. Eyni zamanda, son dövrlər Qazaxıstanın Türk Dövlətləri Təşkilatı müstəvisində aktiv fəaliyəti də buna öz təsirini göstərməkdədir.

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, son dövrlərdə Rusiyanın bəzi siyasətçiləri, hətta rəsmi nümayəndələri, deputatları dəfələrlə Qazaxıstanın tarixi, dövlətin yürütdüyü siyasətlə bağlı qərəzli fikirlər səsləndiriblər. Bu isə Qazaxıstan cəmiyyətində mənfi assosasiya yaradır: “Belə olan halda Qazaxıstan ictimaiyyətinin nümayəndələri də Rusiyaya qarşı daha sərt mövqedə dayanmağa, daha sərt ritorikadan istifadə etməyə üstünlük verirlər. Onların fikrincə, rusiyalı diplomatlar və ya siyasətçilər bu kimi açıqlamalarla Qazaxıstanın daxili işlərinə qarışmaq niyyətlərini gizlətmirlər. Analoji gərgin vəziyyət davam etməkdədir. Qazaxıstan rəsmilərinin reaksiyaları onu göstərir ki, ölkə ictimaiyyəti yaranmış vəziyyətdən narahatdır. Qeyd edim ki, bu kimi söz atışmasında bəzi hallarda ortaya ərazi iddiaları da çıxır. Ukrayna müharibəsi fonunda səslənən bu cür bəyanatlara isə Qazaxıstan rəsmiləri reaksiya verməyə bilməz. Bu baxımdan, orada Rusiyanın təsirində olan şəxslər kəskin şəkildə pislənilirlər. Yeri gəlmişkən, rusiyalı səfirin son çıxışı da Qazaxıstan əleyhinə olan dəst-xəttin davamı sayıla bilər.  Bu isə öz növbəsində Qazaxıstanla Rusiya arasındakı siyasi münasibətlərə də mənfi təsir göstərir. Qazaxıstanın parlamentinin rəhbərinin son açıqlamaları bundan xəbər verir”.

İ.Vəlizadənin fikrincə, Rusiyada müşahidə olunan bu dəst-xətt yalnız Qazaxıstanla bağlı deyil. Onun sözlərinə görə, bu hal digər postsovet ölkələri ilə, hətta Azərbaycanla bağlı da özünü göstərir. “Biz dəfələrlə Rusiyanın aparıcı media mənsublarının, hətta deputatlarının Azərbaycana qarşı qərəzli, böhtanla dolu çıxışlarının şahidi olmuşuq. Həmin insanlar türkdilli ölkələrin yaxın münasibətlərinə qarşı da çıxışlar edirlər. Onlar Türk birliyinin yaranmasını, inkişafını öz maraqlarına təhdid kimi qiymətləndirirlər. Bu yaxınlaşma onları qıcıqlandırır. Bu insanların təfəkkürü hələ də sovetlər dönəmində qalıb. Cərəyan edən prosesləri də köhnə dövrün, mövcud olmayan SSRİ-nin prizmasından dəyərləndirirlər. Düşünürlər ki, ölkələr arasında yaranan yaxın münasibətlər Rusiyanın maraqlarına qarşı yönəlib. Bu köhnə sovet psixologiyasının Rusiyada nə dərəcədə ziyanlı və təəssüf ki, hələ də nə dərəcədə aktual olduğunu göstərir”, - deyən İ.Vəlizadə əlavə edib ki, real hadisələr isə tam fərqli mənzərəni ortaya qoymaqdadır. Hazırda Rusiya-Türkiyə münasibətləri normal şəkildə inkişaf edir. Eyni zamanda, Türkiyə bu münaqişədə vasitəçi qismində çıxış edir. Digər tərəfdən, türkdilli ölkələr bu müharibədə daha çox neytral mövqe nümayiş etdirirlər: “Onlar Rusiya ilə heç bir süni gərginlik yaratmaq istəmirər. Belə vəziyyətdə səslənən qərəzli açıqlamalar süni qarşıdurma yaratmaq niyyətini ortaya qoyur. Düşünürəm ki, proseslərin bu istiqamətdə inkişafı isə nəticə etibarı ilə Rusiyanın postsovet məkanında nüfuzuna, həmin ölkələrlə münasibətlərinə mənfi təsir göstərir”.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 492 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30