Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Fransanın müstəmləkəçilik siyasətinin izi ilə...

Fransanın müstəmləkəçilik siyasətinin izi ilə...

31.10.2023 [10:50]

Beynəlxalq təşkilatlar Korsikaya niyə müşahidəçi yollamır?

Fransanın Ermənistanın havadarı qismində çıxış etməsi hər kəsə bəllidir. Bu ölkə özünün tarixi demokratik ənənələrini unudaraq, beynəlxalq hüquq normalarına arxa çevirərək daim birtərəfli qaydada Ermənistana dəstək nümayiş etdirir. İndiyədək Fransanın Senatı və Milli Assambleyası 44 günlük müharibədən əvvəl və sonra Azərbaycana münasibətdə bir neçə dəfə qərəzli qətnamələr qəbul edib. Prezident Emmanuel Makron başda olmaqla Fransa rəsmiləri daim “kiçik bacı” adlandırdıqları Ermənistanın başına sığal çəkir, istisnasız olaraq bütün məsələlərdə onun arxasında, yanında dayandıqlarını bəyan edirlər. Fransadan olan nazirlər Ermənistanı bir növ su yoluna döndəriblər, başlarını Parisdə isladıb İrəvanda qırıxdırırlar. Bu günlərdə ölkənin daha bir naziri İrəvanda səfərdə olub. Söhbət mədəniyyət naziri Rima Əbdül Mələkin Ermənistana səfərindən gedir. Əlbəttə, fransalı nazirin hansı ölkəyə səfər etməsi onun öz işidir. Ancaq Rima Əbdül Mələk İrəvanda olarkən ənənəvi qaydada Azərbaycanla bağlı absurd fikirlər səsləndirib ki, bütün bunlara münasibət bildirmək yerinə düşər.

Fransa üçün utancverici hal

Fransalı nazir Ermənistana anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni lobbisinin sözçüsü kimi fəaliyyət göstərən parlamentari - Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorans Petel ilə eyni təyyarədə gəlib. Yəni, erməni lobbisi faktiki olaraq naziri özü ilə gətirir və nazir məhz ona verilən məlumat və tezislər əsasında işini qurur. Bu, o Peteldir ki, ermənipərəstliyi ilə ad çıxarıb. Onu harada itirsən, İrəvanda tapmaq mümkündür. Petel təkcə son aylarda bir neçə dəfə Ermənistanda səfərdə olub. O, sentyabr səfəri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirmişdi ki, Qarabağdan gedən ermənilər arasında arzu edənlər evlərinə geri qayıda bilməlidirlər. Azərbaycana qarşı təhrikçi iddialar səsləndirən Petel Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Avropa İttifaqının buradakı mülki missiyasının sayının və əhatə dairəsinin genişləndirilməsi “təklifi” ilə çıxış edib. Ermənipərəst deputat oktyabrın son günlərində növbəti dəfə İrəvanda zühr edib. Görünür, bu dəfə ona mədəniyyət nazirini təlimatlandırmaq, ona sufulyorluq etmək tapşırılıb. Mədəniyyət naziri İrəvanda erməni lobbisini məmnun edəcək çoxlu hədyanlar dilə gətirib. Fransalı nazirin Azərbaycanın Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi ilə bağlı iddialar qaldırması və onları qorumaq üçün müxtəlif beynəlxalq mexanizmlərin yaradılmasına çağırış etməsi xüsusilə diqqət çəkir. Aydın şəkildə görünür ki, Fransanın mədəniyyət naziri mədəni etiket qaydalarından və obyektivlikdən çox uzaqdır. Əks halda o, tarixi mədəni irs nümunələrinin qorunmasına selektiv yanaşma ortaya qoymazdı. Fransanın mədəniyyət nazirinin postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə çəkilmiş və  transmilli mediada da yayılmış foto və videoları izləmədiyi ehtimalı azdır. Həmin materiallarda beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır ki, erməni vandalları 30 ili əhatə edən işğal dövründə bu ərazilərdəki Azərbaycan xalqına məxsus bütün tarixi mədəni-dini irs nümunələrini yerlə-yeksan ediblər, o cümlədən də 67 məsciddən 65-i dağıdılıb, digərləri isə təhqirlərə məruz qoyulub. Bəs Fransanın mədaəniyyət nazirinin obyektivliyi haradadır? Azərbaycanın ünvanına iftiralar yağdıran nazir nədən ermənilərin vandallıqları barədə bir kəlmə də danışmır və ağzına su alıb durur? Zamanında beynəlxalq ictimaiyyəti ermənilərin işğalı altında olan ərazilərə dəvət etmək nə üçün onun yadına düşmürdü? Fransalı nazirin İrəvanda dilə gətirdiyi iftiralar bir qərəz nümunəsidir. Azərbaycan öz ərazilərindəki bütün mədəni və tarixi abidələrin mühafizəsinin vacibliyini və bu xüsusda, öhdəliklərini çox gözəl dərk edir. Fransanın başqa xalqlara məxsus tarixi və mədəniyyət sərvətlərini müsadirə etmiş ölkə kimi belə iddialar qaldırmağa heç bir mənəvi haqqı yoxdur. Azərbaycanın antiterror tədbirlərindən sonra mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddialar əsassızdır və bu, BMT-nin regiona reallaşdırılan iki missiyası tərəfindən də təsdiqlənib. Təəssüflər olsun ki, Fransa nə keçmiş Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi kimi, nə də UNESCO çərçivəsində nüfuzlu ölkə kimi heç vaxt Ermənistan tərəfindən istər Azərbaycan, istərsə də Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin tamamilə dağıdılmasından narahatlığını ifadə etməyib.

Bu, görünür artıq Fransanın mədəniyyət nazirinin də yoluxduğu azərbaycanafobiya xəstəliyidir. Bu təhlükəli virusun mənbəyi Fransadakı erməni lobbisidir.  Fransada 700 minədək erməni yaşayır. Buqələmun xüsusiyyətləri və hiyləgərlikləri ilə bütün dünyada məşhurlaşan, yazıq obraz yaratmaqla istədiklərini almağı yaxşı bacaran ermənilər özlərinə xas olan strategiyalarını bu ölkədə də işə salmaqla hakimiyyət, biznes strukturlarında, mediada yer tutmağı və təşkilatlanmağı bacarıblar. Hazırda Fransada erməni lobbisi o dərəcədə güclənib ki, hətta bu ölkənin hakimiyyətinin müxtəlif qollarında qərarların qəbul edilməsinə, qanunvericilik hakimiyyətinin, icra strukturlarının, iri və kiçik ranqlı məmurların fəaliyyətlərinin istiqamətlənməsinə də bu və ya digər formada təsir göstərə bilirlər. Bunun təsdiqi üçün uzağa getmək lazım deyil - son olaraq Rima Əbdül Mələk İrəvanda bunu bir daha təsdiqlədi. Bu, Fransa üçün utancverici haldır.

Afrikada törədilən cinayətlər niyə yada düşmür?

Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu ölkə istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Təbii ki, zaman ötdükcə Fransa müstəmləkəçilik siyasətində müəyyən forma dəyişiklikləri etmək məcburiyyətində qalıb. Ancaq zaman və forma dəyişsə də, ənənəvi müstəmləkəçilik neokolonializmlə əvəzlənsə də,  üzqarası siyasətinin mahiyyəti dəyişməyib.  Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırımı üçün məsuliyyət daşıyır. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub.

XX əsrdə 30 il ərzində Fransız Polineziyasında Fransa tərəfindən 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirilib. Həmin nüvə sınaqlarının ağır fəsadları Polineziya və Əlcəzair xalqları tərəfindən bu gün də yaşanmaqdadır. Bir çox təşkilatın etdiyi çağırışlara uyğun olaraq nüvə sınaqlarının vurduğu ziyan qiymətləndirilməlidir və Fransa tərəfindən müvafiq təzminatlar ödənilməlidir.

Əlcəzairin 132 il davam edən işğalı dövründə 1,5 milyondan artıq insan Fransa dövləti tərəfindən qətlə yetirilib, bu səbəbdən ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Fransız ordusunun törətdiyi qətliamların miqyası və coğrafiyası o qədər genişdir ki, sadalamaqla bitirmək çətindir. Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları, Haiti və digər ölkələr bu gün də bu işğalın ağır fəsadlarını hiss edir.

Faktların siyahısı çox uzundur. Lakin sadalanan azsaylı nümunələr də Fransanın cinayətləri barədə konkret təsəvvür yaradır. Fransalı nazir ölkəsinin Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığını ölkələrlə bağlı faktların da UNESCO, AŞPA tərəfindən araşdırılmasını niyə təşviq etmir? Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç niyə bu ölkələrdə Fransanın etnik və dini zorakılıqlarını araşdırmır? Korsikaya faktaraşdırıcı missiya niyə göndərilmir? Bütün bu kimi sualların cavabını Makron, Petel, Rima Əbdül Mələk kimilərinin vicdanına buraxırıq. Əgər onlarda vicdan varsa!

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 409 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Xəbər lenti

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Gündəm

O`Braynın səfəri...

06 Dekabr 10:40  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31