Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / ABŞ Konqresində gərginlik: Ukraynaya 61 milyard veriləcəkmi?

ABŞ Konqresində gərginlik: Ukraynaya 61 milyard veriləcəkmi?

30.11.2023 [10:50]

ABŞ-ın dünyadakı mövcud hərbi-siyasi münaqişələrin gedişatına bu və ya digər dərəcədə təsir göstərməsi heç də sirr deyil. Bu münaqişələr arasında elələri var ki, birbaşa ABŞ-ın maliyyə, eləcə də hərbi dəstəyi əsasında ortaya çıxıb və illərlə sönməyən qaynar ocağa çevrilib. O da sirr deyil ki, Birləşmiş Ştatlar onun istəklərinə uyğun davranan dövlətlərə və onların siyasi rejimlərinə bir qayda olaraq açıq maliyyə dəstəyi göstərir. Hazırda ABŞ-ın ictimai-siyasi gündəmində üzümüzə gələn il üçün Ukrayna və İsrailə ayrılacaq maliyyə yardımının həcmi müzakirə olunur. Qeyd etmək lazımdır ki, Ukraynanın Vaşinqton tərəfindən maliyyələşdirilməsinə ABŞ ictimaiyyətinin münasibəti birmənalı deyil.

Üstünlük kimə verilir - Ukraynaya, yoxsa İsrailə?  

Hazırda ABŞ Konqresi bu məsələni müzakirə etməkdədir.  Konqresin hər iki palatasının spikerləri - Mayk Conson və Çak Şumerin bəyanatlarından belə çıxır ki, konqresmenlər yardım məsələsində “Ukrayna, yoxsa İsrail?”  seçimi etməyəcəklər. Yəni, Konqres 90 faiz ehtimalla hər iki dövlət üçün nəzərdə tutulan maliyyə yardımını təsdiqləyəcək, lakin burada yeganə problem Kiyevə veriləsi vəsaitin azaldılması ola bilər. Yəni, Konqresin Bayden administrasiyasının Ukrayna üçün ayırdığı maliyyə vəsaitinin həcminə etiraz etməsi və həmin vəsaitin azaldılması barədə qərar verməsi gözləniləndir.

Amma bir məsələ aydındır: istənilən halda Kiyevə Təl-Əvivdən dəfələrlə çox maliyyə yardımı ayrılacaq. Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson Ukraynaya yardım məsələsi ilə bağlı demokratların çoxluq təşkil etdiyi Senatda, eləcə də Nümayəndələr Palatasında təmsil olunan demokrat konqresmenlərlə intensiv danışıqlar aparır. Conson bildirib ki, o, Ukrayna və İsrailə yardım paketinin təsdiqlənməsini yeni ili qeyd etməzdən əvvəl gözləyir: “Biz belə başa düşürük ki, yardım məsələsi təcili həll olunmalıdır”.  Lakin siyasətçi bu layihə ilə bağlı bütün tərəfləri maraqlandıran suala, yəni yardım məsələsinin bir qanun layihəsində qəbul edilib-edilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirməyib.

Respublikaçılar: “Ukrayna Avropanın problemidir”

Xarici yardımla bağlı qanun layihəsinin qəbulunda birinci variantı Ağ Ev təklif edib. Bu formada qanun layihəsi o deməkdir ki, İsrailə yardımı təsdiq etməklə konqresmenlər Ukrayna üçün də nəzərdə tutulan yardımı avtomatik təsdiqləmiş olacaqlar. Bu variantda Ağ Ev mühafizəkar respublikaçıların müqavimətindən yan keçəcək. Respublikaçılar İsrailə kömək etməyin tərəfdarıdırlar. Bunu xüsusilə də özlərini qitənin mental köklərinin daşıyıcıları sayan “əsl amerikalılar”, yəni, protestant xristianlar daha çox istəyirlər. Ancaq onların Ukraynaya münasibəti tamam fərqlidir. Eynilə respublikaçı senator Coş Houlinin bu fikirləri kimi: “Bizim xaricdəki əsas rəqibimiz Çindir. Ukrayna isə mənə elə gəlir ki, Avropada yerləşir. Nə üçün onlara avropalılar  yox, ABŞ kömək etməlidir?”

Beləliklə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın mövqeyini dəstəkləyən mühafizəkarlar hazırda partiyada üstünlük təşkil edirlər və Konqresin hər iki palatasında öz fraksiyalarının ümumi intonasiyasını təyin edirlər.

Qayıdaq ABŞ gündəmini zəbt edən mübahisəli yardım məsələsinə. Ağ Evin təqdim etdiyi və müzakirələrə yol açan qanun layihəsində Ukraynaya İsraildən qat-qat çox, yəni 14 milyard dollara qarşı 61 milyard dollar ayrılması  nəzərdə tutulur. Əlavə maliyyələşdirməyə dair qanun layihəsinin ümumi dəyəri isə 106 milyard dollar həcmində təsdiq olunub. Bunun da 13,6 milyard dollarının ABŞ-Meksika sərhədində  müdafiənin gücləndirilməsinə sərf edilməsi planlaşdırılır. Beləliklə, qanun layihəsi bir neçə yerə bölünərsə, respublikaçı konqresmenlər böyük ehtimalla İsrail üçün nəzərdə tutulan yardımın lehinə, Ukrayna üçün planlaşdırılan vəsaitin isə azaldılmasına səs verəcəklər. Doğrudur, Vaşinqton Kiyevə maliyyə və texniki yardımını onsuz da həyata keçirəcək, lakin gedişat respublikaçıların mövqeyindən asılı olarsa (bu versiya elə də ağlabatan görünmür), sözügedən yardım Ağ Evin tələb etdiyindən xeyli az olacaq.

Konqres Ağ Evin sözündən çıxmayacaq

Təbii ki, Bayden administrasiyası respublikaçıların yardım paketinin bölünməsinə çalışacaqlarını bilir. Ağ Evin ilkin büdcə sorğusunda Ukraynaya dəstəyin məbləği daha az - 24 milyard dollar həcmində göstərilmişdi. Lakin sonra aydın olmayan səbəblərdən vəsaitin artırılmasına qərar verilib. Respublikaçı siyasətçilərin fikrincə, bu, bir az da taktiki hərəkətə bənzəyir. Ola bilsin, Bayden sadəcə 24 milyardın təsdiqlənməsini istəyir. Yəni, prezident administrasiyası Konqreslə sövdələşməyə getmək, səslənən rəqəmin “azaldılması” üçün böyük məbləği qəsdən ortaya atmış ola bilər.

Ümumi götürdükdə o da faktdır ki, respublikaçılarla Ağ Ev arasındakı qarşıdurmada sonuncular açıq şəkildə üstün gəlir. Məsələn, Nümayəndələr Palatasının təsdiqlədiyi, Ukrayna və İsrail üçün yardımın bölünməsini təklif edən qanun layihəsi Senatdan keçməyib. Demokrat Partiyasının fraksiyası Ağ Evlə həmrəylik nümayiş etdirib. Üstəlik, spiker Çak Şumer Ağ Evin irəli sürdüyü qanun layihəsinə senatorların özlərinin də səs verəcəklərini açıqlayıb. Səsvermə isə dekabrın 4-nə təyin edilib. Şumer sənədin bütün senatorlar - həm respublikaçılar, həm də demokratlar tərəfindən dəstəklənəcəyinə ümid edir. Ancaq burada da müəyyən sürprizlərin olması mümkündür.

Demokrat Partiyasının sol qanadının lideri, Vermontdan olan yəhudi əsilli senator Berni Sanders “İsrail hərbi və siyasi mövqeyində dəyişiklik etməsə, ABŞ-dan bir sent də ala bilməyəcək” deyə bəyanat verib. Bu, ABŞ siyasətində uzun müddətdir davam edən bir paradoksdur: ölkədə İsrailin ən güclü tərəfdarları xristianlardır. Sol təmayüllü yerli yəhudilərin isə İsrail hakimiyyətinə münasibəti birmənalı deyil.

Böyük ehtimalla ABŞ-da azlıqda olan İsrail əleyhdarları öz fikirlərini partiya və ya geniş bazaya malik ictimai təşkilatlar adından sırıya bilməyəcəklər. Sorğular göstərir ki, Amerika cəmiyyətində ərəb-yəhudi münaqişəsinə münasibət heç də ərəblərin xeyrinə deyil. Əksinə, amerikalılar dindarlığa və solçuluğa az meyilli olduqlarından ictimaiyyət arasında İsrail tərəfdarları çoxluq təşkil edir. Sözügedən yardım məsələsi ilə bağlı Konqresin qəbul edəcəyi yekun qərar isə 2024-cü il girməmiş məlum olacaq.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 303 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29