Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Razılaşmanın əksər hissəsi təsdiqlənib

Razılaşmanın əksər hissəsi təsdiqlənib

13.06.2026 [09:51]

ABŞ-la İran arasında memorandum gələn həftə imzalana bilər

ABŞ-la İran yekun sülhlə bağlı hələ də razılığa gələ bilmir. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub. Son günlər isə tərəflər qarşılıqlı olaraq hücum təşkil ediblər.

Tramp hücumları niyə ləğv edib?

İyunun 11-də isə ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan növbəti hücumları ləğv etdiyini açıqlayıb. “Tehran ilə müzakirələrin İranın ən ali rəhbərliyinin çatdırıldığı və təsdiqləndiyinə əsaslanaraq, Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, bu axşam İrana qarşı planlaşdırılan hücumları və bombardmanları ləğv etdim. Müzakirələr və yekun məqamlar həm konsepsiya olaraq, həm də ətraflı şəkildə ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digərləri də daxil olmaqla, bütün ölkələr tərəfindən təsdiqlənib. Dəniz blokadası bu saziş bağlanana qədər qüvvədə qalacaq. İmzalanma vaxtı və yeri tezliklə elan ediləcək”, - deyə Tramp əlavə edib.

Böyük Britaniyanın “The Guardian” qəzeti adı açıqlanmayan diplomatik mənbəyə istinadən məlumat yayıb ki, ABŞ və İran tərəfindən hazırlanan qarşılıqlı anlaşma memorandumu Tehranın nüvə proqramı ilə bağlı konkret həlləri ehtiva etmir. “Sənəd nüvə mövzusu, eləcə də dondurulmuş İran aktivləri məsələsi üzrə danışıqlar prosesinin davam etdirilməsi üçün zəruri olan mexanizmləri təsvir edir. Orada konkret razılaşmalar yoxdur”, - deyə nəşr qeyd edib. Qəzetin müsahibi, həmçinin deyib ki, memorandumda Hörmüz boğazının minalardan təmizlənməsi üçün müddətlər göstəriləcək. Bununla yanaşı, ABŞ minalardan təmizləmə prosesi tam başa çatana qədər İranın dəniz blokadasını saxlamaq niyyətindədir.

Diplomatın bildirdiyinə görə, memorandumun əsas parametrləri hələ bir neçə həftə əvvəl tərəflər arasında razılaşdırılıb. Bununla belə, mənbə vurğulayıb ki, danışıqlar prosesinin uğurla başa çatacağına heç bir zəmanət yoxdur. Diplomat sövdələşmənin müsbət nəticələnməsi ehtimalını 50 faiz olaraq qiymətləndirib. “Əhəmiyyətli dərəcədə potensial maneələr mövcuddur”, - o əlavə edib.

“Mehr”: Memorandum 14 bənddən ibarətdir

CNN telekanalının yaydığı məlumatda isə bildirilir ki, İran nümayəndələri bu həftə Qətərin vasitəçiliyi ilə ABŞ-a sülh müqaviləsinin son variantını təqdim ediblər. Məlumata görə, Qətər İran nümayəndələri ilə aparılan görüşlər zamanı sənəddə qalan bir sıra mübahisəli məqamların, o cümlədən nüvə proqramı ilə bağlı gələcək danışıqların prosedurunun və İslam Respublikasına qarşı tətbiq olunan sanksiyaların yumşaldılması məsələlərinin həllinə kömək edib.

İranın “Mehr” xəbər agentliyinin məlumatına görə isə Tehranla Vaşinqton arasında münaqişənin həlli ilə bağlı memorandum 14 bənddən ibarətdir. Memorandumda dəniz blokadasının 30 gün ərzində aradan qaldırılması və ABŞ qüvvələrinin İranla sərhəd ərazilərdən çıxarılması nəzərdə tutulur. Agentliyin iddiasına görə, Tehranla bağlanmış müqaviləyə əsasən, ABŞ və onun müttəfiqləri İranda infrastrukturun bərpası üçün azı 300 milyard dollar həcmində plan təqdim etməlidirlər.

Tehran: Problem ABŞ-ın ziddiyyətli mövqeyindədir

İyunun 12-də İranın Xarici İşlər Nazirliyinin yaydığı açıqlama da danışıqlar prosesinə nikbinlik yaradır. XİN-in rəsmi nümayəndəsi İsmail Beqai bildirib ki, Vaşinqtonun ziddiyyətli mövqeyinə baxmayaraq, İran və ABŞ arasında münaqişənin həlli ilə bağlı razılaşmanın əksər hissəsi artıq təsdiqlənib. “Mətnin əsas hissəsi praktik olaraq tamamlanıb. Problem həmişə prosesdə qarışıqlıq və pozuntulara səbəb olan ABŞ-ın ziddiyyətli mövqeyindədir”, - deyən Beqai ABŞ ilə razılaşmanın yeri və vaxtı ilə bağlı bütün məlumatları fərziyyə adlandırıb. O qeyd edib ki, Qətər və Pakistandan olan vasitəçilər səylərini davam etdirirlər, lakin diplomatik proses ABŞ-ın təcavüzü nəticəsində pozulub.

“CBS News” nəşri isə iki mənbəyə istinadla gələn həftənin əvvəlində ABŞ və İran arasında niyyət məktubu və ya anlaşma memorandumu imzalanacağını yazıb. Qeyd edilib ki, bu, davamlı ABŞ-İran razılaşması ilə bağlı gələcək danışıqlara yol açacaq. Memorandumun imzalanması ilə ABŞ-İran razılaşmasının təfərrüatlarını müzakirə etmək üçün 60 günlük danışıqlar başlayacaq. Mənbəyə görə, bu müddət lazım olduqda uzadıla bilər.

Bildirilir ki, ilk addımlar minaların təmizlənməsi və Hörmüz boğazının açılması ilə ticarət azadlığının təmin edilməsini əhatə edir. İran uranı zənginləşdirməyəcək və 15-20 il ərzində nüvə obyektlərini sökəcək. Bu addımların qarşılığında İran zamanla mərhələli şəkildə maliyyə yardımı alacaq. Lakin Tehran bu razılaşmanın doğruluğunu hələ ki, təsdiqləməyib.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 10 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30