Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Qadının kəşfi

Qadının kəşfi

24.05.2024 [10:45]

Bernard Şounun “Piqmalion” pyesi haqqında

Müəllif bu əsərin janrını “beş pərdədən ibarət roman” kimi müəyyənləşdirib. İdeyası 1897-ci ildə yaransa da, əsər yalnız 1912-ci ildə, özü də vur-tut dörd aya qələmə alınıb. Bu pyes Nobel mükafatı laureatı Bernard Şounun yazdığı altmış üç dram əsərindən biridir. İrland əsilli Şou Şekspirdən sonra ən məşhur ingilis dramaturqudur. “Piqmalion” dünya şöhrətli dramaturqun ən çox səhnəyə qoyulmuş pyesidir. 1913-cü ildə Vyanada alman dilində, 1914-cü ildə isə əvvəlcə Nyu-Yorkda, ardınca Londonda səhnəyə çıxarılan pyesin bütün tamaşaları anşlaqla keçib. Təkcə bunu demək yetər ki, Londonda nümayiş olunmuş 118 tamaşanın hamısında salon ağzına qədər dolu olub.

Əsərin adı qədim yunan əsatirindən götürülüb. Kipr adasında yaşayan Piqmalion adlı qədim heykəltəraş fil sümüyündən Qalateya adlandırdığı gözəl bir qadın heykəli yonur. Sonra sənətkar öz əsərinə aşiq olur, gözəllik tanrısı Afroditaya yalvarır ki, Qalateyanı canlandırsın. Tanrı böyük sənətkarın səsini eşidir, onun əsərinə can verir. Piqmalion Qalateya ilə evlənib xoşbəxt ömür sürür. Pyesdə bu əfsanəyə birbaşa istinad olmasa da, əsərin məzmunu qədim süjetə söykənir.

***

Əhvalat Londonda vaqe olur. Yay axşamında yağan şıdırğı yağışdan daldalanmaq üçün bir dəstə adam sütunlu böyük binanın çardağı altına yığılır. Yaşlı bir kübar xanım qızıyla birlikdə oğlunun taksi tutub gətirəcəyini gözləyir. Əlindəki qeyd dəftərçəsinə nəsə yazan bir cənabdan başqa hər kəs narahatdır, hamı intizarla yağışın kəsməsini gözləyir. Taksi tapmadığından ana-bacısının yanına əliboş qayıdan Freddi yağışın tutmadığı yerə tələsəndə küçədə gül satan qıza toxunub onun səbətini əlindən salır. Gülsatan qız oğlanı kobud sözlərlə yamanlayır. Anası oğlunun əfəlliyinə acıqlanıb Freddini yenidən taksi dalınca göndərir.

Müəmmalı cənab tez dəftərçəsində nəsə qeyd aparır. Qız yanındakı polkovniki bir dəstə gül alması üçün dilə tutur. Polkovnik ondan canını qurtarsın deyə qıza xırda pul verir, ancaq gül almır. Yaxınlıqdakı bir başqa cənab üzü-gözü, əlləri kimi paltarı da çirkli qızı inandırmağa çalışır ki, dəftərçədə qeyd aparan şəxs onun haqqında məlumat toplayan xəfiyyədir, çox güman, yığdığı məlumatı polisə ötürəcək. Gülsatan qız ağlayıb-sızlamağa başlayanda şübhəli cənab onu arxayın salır ki, qətiyyən polisə işləmir, onun işi söz toplamaqdır. Ortalıq qızışanda bəlli olur ki, bu cənab danışığına, ləhcəsinə görə hər kəsin yerini-yurdunu dəqiq müəyyənləşdirə bilir. Onun adı Henri Hiqqinsdir. Professor Hiqqins məşhur linqvist, fonetika üzrə böyük mütəxəssisdir.

Bunu biləndə polkovnikin çiçəyi çırtlayır. O, uzun illər Hindistanda yaşayıb, sanskrit dilinin bilicisidir, Londona da professor Hiqqinslə tanış olmaq üçün gəlib. Öz növbəsində Hiqqins də polkovniklə görüşməkdən ötrü Hindistana getmək istəyirmiş. Təzə tanışlar polkovnik Pikerinqin düşdüyü hotelə şam yeməyinə getmək üçün hadisə yerindən uzaqlaşmaq istəyəndə gülsatan qız yenə onlara çiçək aldırmaqdan ötrü cənablara yalvarır. Hiqqins onun səbətinə bir ovuc dəmir pul atır, qız pulun miqdarını görəndə heyrətə gəlir. Yağış səngidiyindən kübar xanım qızıyla birlikdə avtobus dayanacağına gedib. Handan-hana Freddi hadisə yerinə taksiylə qayıdanda həmin taksiyə gülsatan qız oturub gedir.

***

Professor Hiqqins polkovnik Pikerinqə Londonda olacağı müddətdə öz evində qalmağı təklif eləyir. Evinin ünvanını ona deyəndə gülsatan qız bunu eşidir. Professor polkovniki evindəki linqvistik texnika, aparatura ilə tanış eləyir. 

Ertəsi gün qulluqçusu Hiqqinsə deyir ki, qara camaatdan olduğu aşkar bilinən bir qız onunla görüşüb danışmaq istəyir. Gələn həmin gülsatan qızdır - Eliza Dulitl. Fonetika tanrısının məbədinə ilk dəfə qədəm qoyan Eliza müəllifini axtaran personaja, tanrısını gəzən bəndəyə bənzəyir. Qız professordan xahiş eləyir ki, ona nitq dərsləri keçsin, çün indiki danışığıyla Elizanı heç bir gül dükanına işə götürmürlər. Üstəlik, alacağı dərslərin haqqını ödəməyə də hazırdır.

Professorla polkovnik mərc gəlirlər. Hiqqins əminliklə deyir ki, jarqon ifadələrlə danışan, danışanda cürbəcür eybəcər səslər çıxaran bu avam qızı cəmisi altı aya hersoginya səviyyəsinə qaldıra bilər. Pikerinq də öz növbəsində söz verir: əgər professor mərci udsa, Elizanın bütün xərclərini özü çəkəcək.

Ardınca Hiqqins qulluqçusuna gülsatan qızı hamamda yuyundurub kir-pasaqdan təmizləməyi tapşırır. Az keçmiş qızın atası professorun qəbuluna gəlir. Əyyaşlığa qurşanmış sadə bir zibildaşıyan səlis nitqiylə cənabları təəccübləndirir. Ata Dulitl onlardan içmək üçün pul alır, qızının professorun evində qalmasına xeyir-dua verir. Əynində yapon xalatı hamamdan çıxan qızını görəndə Dulitl onu tanımır.

***

İki aydan sonra Henri Hiqqins Elizanı anasının qəbuluna aparır. Bilmək istəyir ki, qızı artıq kübar cəmiyyətə buraxmaq olarmı. Xanım Eynsvord Hill, onun qızı, bir də oğlu Freddi missis Hiqqinsin qonağıdırlar. Bunlar əsərin əvvəlində yağışdan daldalanıb taksi gözləyən həmin o kübar qadınla övladlarıdır. Onlar gülsatan qızı tanımırlar.

Eliza siftə-siftə kitab dilində danışıb özünü elitar xanımlar kimi aparmağa çalışır. Ancaq öz taleyindən, ailəsindən söz açanda ehtiyatı unudub çoxlu küçə sözləri, jarqon kəlmələr işlətməklə kübar qadınları heyrətləndirir. Professor Hiqqins məsələni ört-basdır eləmək üçün qızın işlətdiyi kobud sözləri yeni elitar jarqon kimi qələmə verir. Freddi təbiətin bətnindən kol dibinə düşmüş bu vəhşi çiçəyə hayıl-mayıl olur. Bundan sonra qıza palaz-palaz məktublar yazmağa başlayır.

Qonaqlar dağılışandan sonra professorla polkovnik missis Hiqqinsə gülsatan qızın üzərində apardıqları eksperimentdən, onu səlis danışmağa, rəqs eləməyə, kübar üslubda geyinməyə necə öyrətdiklərindən, onu opera tamaşalarına, sərgilərə apardıqlarından yerli-yataqlı danışırlar. Xanım Hiqqins onlardan narazı qalır, hesab eləyir ki, oğlu gülsatan qızı kukla yerinə oynadır.

***

Vaxt-vədə tamama yetəndə dostlar Elizanı ən yüksək səviyyəli elitar məclisə dəvət olunanlar siyahısına saldıra bilirlər. Eliza o məclisdə böyük uğur qazanır, nitqi, davranış tərziylə hamının diqqətini çəkir, rəğbətini qazanır, kübar cəmiyyət onu hersoginya zənn eləyir. Professor Hiqqins mərci udur. Eksperiment sona çatır.

Qazandığı uğura baxmayaraq Eliza baldan evə çox pərişan qayıdır. O, qısa bir müddətdə həyatın dibindən çıxıb, bəlli bir mədəni səviyyəyə çatıb, necə deyərlər, bolluca mənəvi kapital toplayıb, ancaq o kapitalı hara xərcləyəcək? Əvvəlki həyata qayıtması mümkün deyil, ali cəmiyyətdə isə ona yer yoxdur.

Son məclisdə qazanılmış uğurdan sonra professor artıq ona marağını itirib, hiss olunur ki, qızı çölə atmağa belə hazırdır. O, yaratdığı varlığa canlı insan kimi yox, sözün gerçək mənasında oyuncaq kimi, gəlmişi-keçmişi, hissi-duyğusu, sevinci-kədəri olmayan kukla kimi baxır. Eliza yaradanına qarşı üsyana qalxanda Hiqqins ona təskinlik verib deyir ki, vəziyyət qətiyyən çıxılmaz deyil, qız kübar cəmiyyətdən olan birinə ərə gedə, ya da elə köhnə peşəsinə qayıdıb gül dükanında gül sata, yaxud bundan da ötə - gül dükanı aça bilər. Bu işdə Pikerinq ona kömək göstərər, polkovnikin pulu xəzəl kimidir.

Qırx yaşlı peşəkar subay professor Hiqqinsin (yeri gəlmişkən, polkovnik Pikerinq də təcrübəli subaydır) onun gələcək taleyinə biganə yanaşması, böyük uğurun gətirdiyi dərin pərişanlıqdan alışıb yanan Elizanın qəmli gözəlliyini, qayğılı göz yaşlarını sezməməsi qızı hövsələdən çıxarır. Səliqə-sahman, nəzakət gözləməyə alışmamış ərköyün professor başmağının tayını axtaranda evdə hər şeyin, o cümlədən professora aid əşyaların yerini gözüyumulu bilən Eliza həmin bir tay başmağı yerdən götürüb ustadının kəlləsinə tolazlayır, nəhayət, öz müəllifinin də səbrini daşırmağı bacarır. Hiss olunur ki, Eliza onu quyudan çıxarıb özünə qədər ucaltmış bu iki subay kişidən, ələlxüsus da Hiqqinsdən təklif gözləyir - axı onun kübar qadına çevrilməsi üçün ayrı yol yoxdur. Eliza yuxarı silkə, elitar təbəqəyə başqa cür düşə bilməz, zibildaşıyanın qızını orada rüsvay eləyərlər.

Miss Dulitl dəbdəbəli bal geyimini, üstündəki bahalı daş-qaşı Hiqqinsə verir, onun aldığı üzüyü barmağından çıxarıb masanın üstünə qoyur, bir növ nişanını qaytarır. Sadə bir don geyinir. Öz paltarları qalmayıb, çünki bu evin sakininə çevrildiyi gün əynindən çıxan nə varsa, hamısı professorun göstərişiylə yandırılıb. Hiqqins qəzəbindən üzüyü götürüb buxarıda yanan ocağa atır.

F.Uğurlu

Davamı növbəti sayımızda…

Paylaş:
Baxılıb: 635 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Həmrəylik forumu...

27 Noyabr 10:54  

Siyasət

Ədəbiyyat

Maraqlı

MEDİA

Uğurlu vəhdət!

27 Noyabr 08:53

Sosial

İkiqat sevinc...

27 Noyabr 08:30

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30