Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Ədəbiyyat / Babam Hüseyn Cavid bir Günəş idi...

Babam Hüseyn Cavid bir Günəş idi...

24.10.2023 [10:50]

Hüseyn Cavid -141!

Günel ABBAS

“Babam Hüseyn Cavid bir Günəş idi. Yüksəldi, parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar...”

Bu fikirləri Ərtoğrol Cavid öz atası haqqında 1939-cu ildə yazıb. Həqiqətən də, Ərtoğrolun ifadə etdiyi kimi, kor yarasalar 1937-ci ildən sonra Cavidin ailəsinə də, onun əsərlərinə də həqarət ediblər. Bu isə 1956-cı ilədək davam edib. Sonralar da ara-sıra bu həqarətlərin şahidi olmuşuq. Cavidin əsl bəraəti 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mərkəzi Komitənin 21 iyul 1981-ci il tarixli qərarından sonra baş verdi.

Hüseyn Cavid yaradıcılığına bəzən hətta kobud zorakılıq səviyyəsində çoxsaylı müdaxilələr olub. Bu baxımdan təkcə “Hərb və fəlakət” şerini xatırlatmaq kifayətdir. Şeir əslində, üç hissədən ibarətdir. 1958-ci ildə onun yalnız birinci hissəsi, 1984-cü ildə nəşr olunan dördcildlik “Əsərlər”də də birinci və üçüncü hissələri çap olunub. “Hərb və fəlakət”in başlıca qayəsi isə onun ikinci hissəsində ifadə olunur.

Hüseyn Cavidin türkcəsi

Digər tərəfdən, 1918-ci ildə yazdığı və bütün digər nəşrlərdə “Məzlumlar üçün” başlığı ilə verilmiş şeirin əsli “Kars və Oltu ətrafında səbəbsiz olaraq alçaqcasına qətl və yəğma edilən məzlumlar için” adlanır. Müxtəlif illərdə guya Hüseyn Cavidi müasir oxucu üçün daha anlaşıqlı etmək niyyətində olan naşir və redaktorları başa düşmək çətindir. Axı belə bir təşəbbüs edənlərin heç biri Cavid mətnlərinin ədəbi-estetik, tarixi və məfkurəvi mahiyyətinə vaqif olmayıblar. Dahi türkoloq Mehmet Fuad Köprülü yazırdı ki, Hüseyn Cavid təmiz və kamil bir üsluba malikdir. Amma təəssüf ki, o illərdə Köprülünün səsi buralarda eşidilə bilməzdi.

H.Cavidin dili barədə nisbətən müfəssəl və obyektiv qənaətləri ilk dəfə Mustafa Haqqı Türkəqul yazdı: “Cavidin dili istər Azərbaycan daxilində, istərsə Azərbaycan xaricində ən çox münaqişə və mübahisə olunan bir mövzudur. Məlum olduğu kimi, İstanbul türkcəsi ilə Azərbaycan türkcəsi arasında kiçik də olsa, bir ləhcə fərqi vardır. Cavid İstanbul türkcəsini mənimsəmiş, bu şivəni bütün incəliklərinə qədər öyrənmişdi. Yaradıcılığının ilk dövrlərində, xüsusilə şeirlərində İstanbul şivəsini məharətlə işlədən şair, sonralar yaratdığı əsərlərində bu şivəni Azərbaycan ədəbi türkcəsinə yaxınlaşdırmağa çalışmış və demək olar ki, bu işdə müvəffəq olmuşdu. Bunun üçün də Cavidin türkcəsinə nə tamamilə İstanbul türkcəsi, nə də tamamilə Azərbaycan ədəbi türkcəsi demək qabildir. Cəsarətlə deyə bilərik ki, Cavid bu iki türkcə şivə arasında bir körpü yaratmış və bu iki şivə arasındakı məsafəni qısaldıb. Cavidin işlətdiyi türkcə olduqca gözəl bir türkcədir. Şimali və Cənubi Azərbaycan, Türkiyə və Türküstan və s. türk ellərində tək bir münəvvər bulunmaz ki, Cavidi oxusun və anlamasın”.

Böyük şairin payız ömrü

Bu gün Hüseyn Cavid yaradıcılığından söz açmağımız təsadüfi deyil. Çünki bu gün dahi sənətkarın anadan olmasından 141 il ötür.

Hüseyn Cavid bir payız səhərində - 1882-ci ilin 24 oktyabrında Naxçıvan şəhərində dünyaya göz açıb. Şübhə yoxdur ki, onun ədəbiyyatımıza gətirdiyi yeniliklər, verdiyi töhfələr əvəzolunmazdır. Romantizm ədəbi cərəyanının nümayəndəsi olan Cavid Azərbaycan ədəbiyyatında romantik şeirin və mənzum faciənin banisidir. Hüseyn Cavidin fəlsəfi və tarixi pyesləri, ailə-məişət mövzusunda yazdığı dram əsərləri ədəbiyyatımızda yeni bir mərhələ yaratmaqla bərabər milli teatr mədəniyyətimizin inkişafına da güclü təsir göstərib.

Əsərlərində dövrün ümumbəşəri problemlərinə diqqət çəkən Hüseyn Cavidin həyat və yaradıcılıq yolu heç də hamar olmayıb. Sovet hakimiyyətinin ilk illərində böyük söz ustası qardaşını və qızını itirib, həyat yoldaşı cərrahiyyə əməliyyatı zərurəti ilə üz-üzə qalıb. Şair ehtiyac ucbatından kitablarını və paltarlarını satmalı olub. Ədəbi tənqid Hüseyn Cavid yaradıcılığının bu mərhələsini “məfkurəvi tərəddüd və böhran” dövrü adlandırıb.

Böyük şair repressiya maşınının tüğyan etdiyi 1938-ci ildə “əksinqilabi əlaqələr saxlamaq”, “bir sıra müsavatçılarla söhbətlər aparmaq”, “millətçi düşüncələrlə köklənmiş cavan şairləri ətrafına toplayıb müsavatçı ruhda təkmilləşdirmək” kimi qondarma ittihamlarla günahlandırılaraq həbs olunur. 1939-cu ilin 9 iyununda o, 8 il islah əmək düşərgəsində cəza çəkməyə məhkum edilir. Burada ağır həyat şəraitinə dözməyən yaşlı şair 1941-ci ilin 5 dekabr tarixində İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişir. Ölümündən sonra - 1956-cı ildə Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə bəraət alır.

Onun əsərləri dövlətimizin varidatıdır!

Heydər Əliyev Hüseyn Cavidin xatirəsinə, onun yaradıcılığına, övladına hər zaman böyük hörmət-ehtiram bəsləyib. Onun təşəbbüsü ilə 1982-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyinə hazırlıq ərəfəsində onun nəşi Sibirdən Azərbaycana gətirildi. Bununla da dahi sənətkarın ruhu əbədi rahatlıq tapdı. Naxçıvanda Hüseyn Cavidin məzarı üzərində məqbərə tikildi. 1996-cı ilin 29 oktyabrında məqbərənin açılış mərasimi təşkil edildi.

Təsadüfi deyil ki, Heydər Əliyev böyük şair haqqında deyirdi: “Bilirsiniz ki, Hüseyn Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün nə qədər dəyərli, əhəmiyyətli olub, onun qoyduğu ədəbi-mənəvi irs bizim üçün nə qədər əhəmiyyətli və gərəklidir. Eyni zamanda, onun həyatı faciəli olubdur. Ancaq bu faciəli dövrlər onun yaradıcılığını Azərbaycan xalqının qəlbindən çıxara bilməyib, yaşadıbdır... Hüseyn Cavidi Şərqin Şekspiri adlandırırlar. Ancaq onu bəlkə də Höte ilə müqayisə etmək düzgün olardı. Əsərlərindəki fəlsəfi fikirlərinə görə, ola bilsin, Cavid Şekspirdən də yüksək səviyyəyə qalxmış adamdır. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaqdır, yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir”.

Bu gün də ölkə rəhbərliyi tərəfindən Hüseyn Cavid irsinə böyük diqqət və qayğı göstərilir. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən böyük sənətkarımızın əsərləri latın qrafikası ilə yenidən çap olunub, şairin anadan olmasının 125, 130, 135, 140 illiyi dövlət səviyyəsində keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Hüseyn Cavid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına salınıb.

Paylaş:
Baxılıb: 346 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Qul psixologiyası  

29 Noyabr 14:42

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Daha 2 gün...

29 Noyabr 11:20

Sosial

Xarici siyasət

Analitik

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sabitlik olmadan...

29 Noyabr 09:23

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30