Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dünya Liderləri Vaşiqtona toplaşır...

Dünya Liderləri Vaşiqtona toplaşır...

19.02.2026 [08:12]

Sülh Şurasının ilk iclasında qlobal təhlükəsizliyin təmini istiqamətində əsaslı addımlar atılacaq

Xəbər verildiyi kimi, bu gün ABŞ lideri Donald Tramp tərəfindən yaradılan Sülh Şurasının Vaşinqtonda ilk iclası keçiriləcək.  İclasda Qəzza sektorunun bərpası üçün 5 milyard dollardan çox vəsait ayrılacağı açıqlanıb. Qeyd edək ki, bu platforma Yaxın Şərqdə sabitliyi bərpa etmək məqsədi daşıyır. Təsis sənədi ABŞ, Azərbaycan, Ermənistan, Argentina, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və başqa ölkələr tərəfindən imzalanıb. Yayılan xəbərlərə görə, iclas zamanı Qəzza üzrə atəşkəsin ikinci mərhələsinin ilkin nəticələri müzakirə olunacaq və anklavın bərpası üçün maliyyə toplama planları irəli sürüləcək. BMT Təhlükəsizlik Şurası yeni orqanı atəşkəsin yerinə yetirilməsini izləmək, yeni hökumətin formalaşdırılması və Qəzza bölgəsinin bərpası üzrə işləmək üçün səlahiyyətləndirib.

Qeyd edək ki, hələ bir ay öncə Prezident Tramp yeni strukturdan qlobal sülhə nail olmaq üçün istifadə olunacağına ümidvar olduğunu bildirmişdi. O imzalama mərasimində “inanıram ki, Sülh Şurasının burada toplaşan insanlarla, Birləşmiş Millətlər Təşkilatı ilə birləşməsi dünya üçün - təkcə ABŞ üçün deyil, bütün dünya üçün həqiqətən unikal bir şey ola bilər”, - deyə bildirmişdi. Tramp həmçinin yeni təşkilata şəxsən rəhbərlik etdiyini açıqlamışdı. Onun rəhbərlik etdiyi komandaya, həmçinin Dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff, Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer və başqaları daxildir.

Yeni dövrün sülh platforması...

Qeyd edək ki, yanvar ayında təsis edilən Sülh Şurasının ilk iclasının keçirilməsi həm institusional baxımdan, həm də ideoloji müstəvidə mühüm hadisə kimi qiymətləndirilə bilər. Yeni yaradılan bu platforma qlobal miqyasda artan geosiyasi gərginliklər, regional münaqişələr və təhlükəsizlik arxitekturasında baş verən transformasiyalar fonunda xüsusi aktuallıq kəsb edir. Müasir beynəlxalq münasibətlər sistemində sülhün əldə olunması qədər onun qorunması və davamlı mexanizmlərlə təmin edilməsi də prioritet məsələdir. Sülh Şurası məhz bu boşluğu doldurmağa iddialı olan bir təşəbbüs kimi çıxış edir.

Qurumun perspektivi, ilk növbədə, onun fəaliyyət fəlsəfəsinə söykənir - Şura praktik təşəbbüslər irəli sürməklə, dialoq mexanizmləri yaratmaqla və etimad quruculuğu tədbirlərini təşviq etməklə qlobal mühitdə vacib stabilləşdirici institut kimi formalaşa bilər. Bu isə onun beynəlxalq sülh gündəliyində real təsir gücünə malik olmasını təmin edəcək. Bu baxımdan hətta Sülh Şurası dövlətlər, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları arasında körpü rolunu oynaya bilər. Çünki müasir dövrdə sülh anlayışı yalnız siyasi sənədlərlə məhdudlaşmır; iqtisadi əməkdaşlıq, humanitar əlaqələr, enerji və ərzaq təhlükəsizliyi, iqlim dəyişiklikləri kimi faktorlar da davamlı sülhün tərkib hissəsinə çevrilib. Sülh Şurasının gələcəkdə qlobal sülhün əldə edilməsi və qorunmasında rolu onun inklüzivlik səviyyəsindən də asılıdır. Sirr deyil ki,  qlobal miqyasda qarşıdurmaların artdığı bir zamanda dialoq məkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Sülh Şurası preventiv diplomatiyanın təşviqi, erkən xəbərdarlıq mexanizmlərinin qurulması və münaqişələrin sülh yolu ilə həlli üçün tövsiyələrin hazırlanması istiqamətində sistemli fəaliyyət göstərə biləcək unikal bir sistemdir.

Bakı dünyaya sülh modeli təqdim edir...

Azərbaycanın bu prosesdə rolu xüsusi qeyd olunmalıdır. Son 6 ildə regional münaqişənin həllinə nail olaraq postmünaqişə mərhələsində sülh quruculuğu gündəliyini ön plana çıxaran Azərbaycan artıq yalnız öz təhlükəsizliyini təmin edən dövlət deyil, eyni zamanda regional sabitliyin təşəbbüskarı kimi çıxış edir. Enerji və nəqliyyat layihələri vasitəsilə müxtəlif ölkələri ortaq maraqlar ətrafında birləşdirməsi də sülhə töhfənin praktik nümunəsidir. Qarşılıqlı əməkdaşlıq və iqtisadi inteqrasiya münaqişə risklərini azaldan əsas amillərdən biri kimi məhz Azərbaycanın timsalında ortaya çıxır.

Bununla yanaşı, Azərbaycanın çoxtərəfli diplomatiyada fəal iştirakı, beynəlxalq humanitar təşəbbüslərə verdiyi dəstək və mədəniyyətlərarası dialoqu təşviq etməsi qlobal sülh gündəliyinə mühüm töhfədir. Ölkənin coğrafi və geosiyasi mövqeyi ona müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynamaq imkanı verir. Bu amil Sülh Şurasının fəaliyyətində də əlavə üstünlük yarada bilər. Azərbaycan həm Şərq, həm də Qərb dünyası ilə konstruktiv münasibətlərə malik olmaqla dialoq üçün əlverişli platforma təqdim edir. Təsadüfi deyil ki, fevralın 13-də Münxendə Azərbaycan telekanallarına müsahibəsində Prezident İlham Əliyev  bildirmişdi ki, beynəlxalq hüquq artıq etibarlı deyil: “Ölkələr, bir çox ölkələr ona sadəcə məhəl qoymurdu. Yalnız beynəlxalq hüquqa arxalanmaq probleminizi həll etməyəcək. Azərbaycanın nümunəsi isə bunu həqiqətən nümayiş etdirir. Beləliklə, yeni dünya nizamının və ya hökumətlərarası münasibətlər üzrə yeni sistemin peyda olması, əlbəttə ki, işlənilmə mərhələsində idi. Məsələ onda idi ki, ilk addımı atmaq üçün kim üzərinə məsuliyyət götürəcək. Hesab edirəm ki, böyük gələcəyi olan təşkilatın - Sülh Şurasının yaradılması təşəbbüsü ilə çıxış etməklə Prezident Tramp böyük bir iş gördü”.

Birinci sammitlə bağlı fikirlərini bölüşən Prezident İlham Əliyev qeyd etmişdi ki, hər şey gündəlikdən asılı olacaq: “Bildiyiniz kimi, birinci sammit tezliklə baş tutacaq. Hər kəsə sammitin gündəliyinin nədən ibarət olduğunu və nəticənin nə olacağını bilmək maraqlıdır. Lakin artıq daha çox ölkələr dərk edirlər ki, onlar hökumətlərarası münasibətlərə, təhlükəsizliyə, beynəlxalq təsisatların fəaliyyətinə dair yanaşmalarını yenidən nəzərdən keçirməlidirlər. Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur. Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir”.

Qlobal sabitlik üçün...

Beləliklə, Sülh Şurasının birinci iclası onun gələcək fəaliyyət istiqamətlərini müəyyən edəcək əsas mərhələyə çevrilə bilər. Burada konkret fəaliyyət planı, prioritet sahələr və əməkdaşlıq mexanizmləri müəyyənləşdirilərsə, qurum qlobal miqyasda nüfuzunu daha da artıra, hətta yeni sabitləşdirici aktora çevrilmək şansı əldə edər. Ən başlıcası isə sülhün yalnız siyasi sənəd kimi deyil, davamlı inkişaf, iqtisadi inteqrasiya və humanitar əməkdaşlıqla bağlı kompleks anlayış kimi təqdim olunmasıdır.

Nəticə etibarilə, Sülh Şurası beynəlxalq münasibətlər sistemində yeni institusional yanaşma təklif edir. Azərbaycanın bu prosesdə fəal iştirakı və təşəbbüskarlığı isə qlobal sülhün möhkəmləndirilməsinə real töhfə verə bilər. Müasir dövrdə sülhün qorunması üçün yalnız güc deyil, etimad, əməkdaşlıq və ortaq maraqların formalaşdırılması əsasdır - Sülh Şurası məhz bu prinsiplər üzərində qurulur və gələcəkdə qlobal təhlükəsizlik arxitekturasının mühüm elementinə çevrilmə vədi verir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Gündəm

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28