Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / YAP İdarə Heyətinin üzvləri Elitar gimnaziyada olublar

YAP İdarə Heyətinin üzvləri Elitar gimnaziyada olublar

18.09.2009 [10:56]

Əli Əhmədov: Elitar gimnaziyanın timsalında Azərbaycanda hökumətin təhsilə qayğısının hansı səviyyədə olması, bütövlükdə Azərbaycan təhsilinin həm bu günü, həm də gələcək perspektivləri haqqında aydın təsəvvür formalaşır
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvləri Nəsimi rayonunda yerləşən və əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Elitar gimnaziyada olublar. Tədbirdə YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov, YAP İdarə Heyətinin üzvləri Misir Mərdanov, Əli Həsənov, Siyavuş Novruzov, Kərim Kərimov, Abel Məhərrəmov, Bahar Muradova, Nizami Xudiyev və Şahlar Əsgərov iştirak edib.
Təhsil naziri Misir Mərdanov məlumat verib ki, Prezidentin tapşırığı ilə bu il iyulun 17-dən təmirinə başlanan bu gimnaziyada tədris üçün hər cür şərait yaradılıb. 70-ə yaxın sinif otağı, 1000 şagird yeri olan gimnaziyada 958 məktəbli təhsil alır və onların təlim-tərbiyəsi ilə 93 müəllim məşğul olur. Paytaxtın qabaqcıl təhsil ocaqlarından olan gimnaziyanın binası ötən əsrin 30-cu illərində klassik üslubda inşa olunub və müstəqillik illərində bina ilk dəfədir ki, əsaslı şəkildə yenidən qurulub. 1 milyon 12 min manat vəsait sərf olunaraq təmir edilən gimnaziya ən müasir avadanlıq və əyani dərs vəsaitləri ilə təchiz edilib. 2007/2008-ci tədris ilinin yekunlarına görə gimnaziya “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindəndir.
Məktəbin direktoru Sevda Quliyevanın sözlərinə görə, əvvəl 41 saylı məktəb olan təhsil ocağı 2002-ci ildən gimnaziya kimi fəaliyyət göstərir. Bu dəyişikliyin Prezident İlham Əliyevin yeni tipli məktəbin yaradılması ilə bağlı Sərəncamından sonra gerçəkləşdiyini vurğulayan direktor deyib ki, məktəbin adının “Elitar” olması təbəqələşmə ilə deyil, tədrisin məzmunu ilə bağlıdır: “Biz şagirdlərimizə həyatda onlara lazım olan vərdişlər aşılayırıq. Gimnaziyada ibtidai sinifdən başlayaraq, etika, estetika fənləri tədris olunur. Zövqlərinin formalaşdırılmasından tutmuş, hətta valideynlərin diqqət yetirmədiyi ən kiçik məsələlərə qədər - rənglərin sintezini, eyni zamanda buket hazırlamağı da öyrədirik”.
Direktor deyib ki, ötən dərs ilində məktəbin 76 məzunu olub. Onlardan 70 nəfəri artıq tələbədir. üç nəfər isə xarici ölkələrin ali məktəblərinə qəbul olunub. Məktəbin 8 məzunu 600-dən çox bal toplayıb, onlardan biri Prezident təqaüdünə layiq görülüb.
Direktor gimnaziyada ingilis və yapon dillərinin tədris edildiyini də söyləyib.
Gimnaziya binasının birinci mərtəbəsində Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlətçilik fəaliyyəti, Azərbaycanın dövlət rəmzləri ilə bağlı xüsusi guşələr yaradılıb. Hətta məktəbin keçmiş vəziyyəti ilə bərpadan sonrakı görüntüsünü əks etdirən lövhə də qonaqların diqqətini cəlb edib. İkinci mərtəbədə ayrı-ayrı sinif otaqlarına, fənn kabinetlərinə, müəllimlər otağına baxan qonaqlar tədris prosesi və dərs vəsaitləri ilə maraqlanıb. Kompyuter otağı ilə tanışlıqdan sonra isə qonaqlar Prezident İlham Əliyevin fərdi noutbuklar hədiyyə etdiyi V sinif şagirdləri ilə görüşüb. Qonaqlara məlumat verilib ki, Azərbaycan təhsil portalında gimnaziya ilə bağlı bütün məlumatlar toplanıb. Gimnaziyanın kitabxanası ilə tanışlıq isə xüsusi marağa səbəb olub. Burada 16300-dən çox dərslik və müxtəlif ədəbiyyat toplandığını söyləyən təhsil naziri M.Mərdanov işin davam etdiyini, tezliklə ən müasir məktəb kitabxanasına çevriləcəyini söyləyib.
Kimya kabineti ilə tanışlıq isə qonaqları heyrətləndirib. Buradakı şəraitin, hətta bəzi ali məktəblərdə belə olmadığını vurğulayan Nizami Xudiyev tələbəlik illərində kimya və fizika laboratoriyalarındakı şəraitsizliyi xatırladıb.
YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun fikrincə, dünyanın heç bir yerində məktəb binaları Azərbaycanda olduğu kimi sürətlə, ən müasir tələblər səviyyəsində inşa olunmur, müasir avadanlıqla təchiz edilmir. Onun sözlərinə görə, Elitar gimnaziyanın timsalında Azərbaycanda hökumətin təhsilə qayğısının hansı səviyyədə olması, bütövlükdə Azərbaycan təhsilinin həm bu günü, həm də gələcək perspektivləri haqqında aydın təsəvvür formalaşır.
Qonaqlar gimnaziyanın idman salonunda da olub. Buradakı müasir şərait və müxtəlif avadanlıq bədən tərbiyəsi dərslərinin yüksək səviyyədə tədrisinə imkan yaradır. Məktəb direktoru S.Quliyeva bildirib ki, idman meydanında həndbol, voleybol, mini futbol, stolüstü tennis və digər oyunlar üzrə yarışlar keçirmək mümkündür. Salonun duşxana, soyunub-geyinmə otaqları da var.
Məktəbin akt zalı da lazımi avadanlıqla təchiz olunub, müxtəlif tədbirlər keçirmək, dərnəklər və musiqi qruplarının işləməsi üçün tam şərait yaradılıb. Gimnaziyanın həyətində yaradılan şəraitlə tanış olan qonaqların açıq havada kiçik idman meydançasından heyrətləndiyini görən direktor S.Quliyeva deyib ki, bu, rəmzi idman zalıdır. Hələlik yaşıl örtüyü döşənməyib. Lakin tezliklə örtük də çəkiləcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın 15-də Elitar gimnaziyanın açılışında iştirak edib.
RUHİYYƏ
Paylaş:
Baxılıb: 1397 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31