Şuşada ömrə bərabər gün – Fatehlərdən gələn məktub
21.10.2021 [12:40]
(əvvəli ötən sayımızda)
“Adını dağlara yazdım"- Şəhidlərdən gələn məktub
Tarixə tarix yazanlar –Səma şəhərində bir gün
Şuşanın qonaqları – Şuşa aşiqlərinə vəfa borcu
Otelin həyətində iki nəfərlə qarşılaşdıq. Biri yaşlı kişidir, hiss olunur ki, hansısa ağır bir xəstəlik keçirib. Çox yavaş, xırda addımlarla yeriyir. Digəri, 50 yaşlarında olan kişi qoluna girib, yeriməyinə kömək edir, nəsə danışır. Lap yaşlı adamın göz yaşlarını görüncə onu bura gətirən səbəbin sadə olmadığını anlayıram. Jurnalist marağı üstün gəlir. Yaxınlaşıb söhbət edirəm. Məlum olur ki, onlar 30 il öncə bu dağlarda, Daşaltı döyüşlərində şəhid olmuş Arif Əmiraslan oğlu Nəsibovun qohumlarıdır: " Arif 30 il öncə Birinci Qarabağ müharibəsi zamanı Şuşa uğrunda döyüşlərdə həlak olub. Anası, atası bu günləri görə bilmədiklərinə görə, biz gəldik, onun uğrunda öldüyü bu yerləri görək. Özündən sonra bir nişanə qalmayan şəhid balamız üçün gəlmişik bura".
Həmin yaşlı kişi, 86 yaşlı Saday dayı Qazaxdan Şuşaya şəhid qardaşoğluna vəfa borcunu yerinə yetirməyə gəlib. 30 il sonra məzarı olmayan, nəşi tapılmayan şəhid Arifin qanının töküldüyü torpaqlara üzünü sürtməyə gəlib qoca əmi. Keçirdiyi infarktdan sonra danışmaq, eşitmək qabiliyyətini itirib. Amma ürəyi onu çəkib bu dağlara gətirib.
"Əmim gəlmək istədi , gətirdim, bəlkə rahatlıq tapa ürəyi. Aylardır yataq xəstəsiydi. Şuşaya getmək üçün ayaqlanıb. Bəlkə də son borcunu verməyə gəlib", deyir Elman kişi.
Qəhər boğur məni. Şuşamız, sənin uğrunda neçə say-seçmə oğullar canından keçib. Burada həyatını qurban vermiş naməlum igidlər üçün bir ağı keçir içimdən, kimsə eşitməsə də, ürəyim haray çəkir. Bir topa bulud da eşidir sanki ruhumun hıçqırtısını, kəsir başımız üstünü və göz yaşları kimi damlayır yağış.
Əzizim ulu dağlar,
Çeşməli sulu dağlar,
Burda bir igid ölmüş,
Göy kişnər bulud ağlar.
Şuşanı gəzərkən müxtəlif məkanlarda başında çox böyük Buxara papaq olan bir kişi ilə neçə dəfə qarşılaşdıq. 45-50 yaşı olardı. Yanında gənc bir oğlanla bizim kimi şəhəri qarış-qarış gəzirlər. Şuşanın Gəncə qapısı deyilən girişində yenə qarşılaşırıq. Daşların üzərində oturmuş, yolun o tərəfində qurulmuş erməni postlarına baxırlar. Başı papaqlı olan istilənib, əynindəki gödəkcəni çıxarır. Gənc ona deyir.
-Papağını da çıxarsana. İstidir. Sən Allah, bu qədim papağı haradan alıb qoymusan başına?
-Papaqla işin olmasın. Çıxartmaram o papağı. Onun hekayəsi var. Babam Şuşanın Papaqçılar məhəlləsində tanınmış papaqçıydı, Məşədi Abdulcabbar kişi. Şuşa alınandan sonra başına bir daha papaq qoymadı. Əhdi vardı ki, bu Buxara papağı bir də Şuşa alınan gün qoyacaq başına. Deyirdi ki, bu cür qalanı düşmənə vermək qeyrətsizlikdir. Özü görmədi bu günləri, mən də papağını başıma qoyub gəlmişəm. Ruhu sevinsin deyə.
Şuşanın havasından deməsəm olmaz
Şuşanın havası həddən artıq dəyişkəndir. Bir gündə sanki bir neçə fəsil yaşayırsan . Şuşanın dağları o qədər əzəmətli, o qədər ucadır ki, onun başında yox, ətəyində duman var. Duman dediyimiz isə, yerə enmiş buludlardır. Dərələrdə bulud enir, düşünürsən ki, bu pambıq topasına baş vursam yıxılmaram. O dərəcədə sıx duman yaranır. Lakin 2 dəqiqə keçmir ki, yüngül meh dumanı qovur, hava aydınlanır. Cıdır düzündən dərəyə boylandıq, dərə buludla örtülmüşdü deyə, görünməz oldu. Yağış başladı. Biz islanmamaq üçün avtomobilimizə sarı gedərkən yağış kəsdi, gün çıxdı, Cıdır düzünü göy qurşağı bəzədi. Yəni 200 addım atdıq, hava 2 dəfə dəyişdi. Cıdır düzünü bütün gözəlliyi ilə görmək üçün "Ay duman, gəl get bu dağlardan" deməmək əldə deyil. Dağlar səsimə səs verdi. Dumanını geri çəkdi, igidlərimizin əliyalın dırmandığı yalçın qayaları göstərdi. Cıdır düzünün kənarındakı qaya parçalarını, daşları da güllə izləri örtüb.
Şuşa çörəyi
Şuşaya səfər edən hər kəs Şuşa çörəyindən bəh-bəhlə bəhs edir. Çörəkçi Qəzənfər dayıyla da tanış olduq. Qəzənəf Dadaşov bizi "Qala çörəyi" adı verdiyi sexinin yanında hörmətlə qarşıladı. Şuşa azad ediləndən 2 gün sonra bura gəlib, işə başlayıb. "Tenderdə qalib gəldim, Şuşa alınandan 2 gün sonra burdaydım artıq. Əsgərlərimizi çörəklə təmin etmək lazım idi. Amma ilk günlər tanış-bilişlərin əlindən işləyə bilmirdim. Hamı yalvarırdı ki, şəhərin görüntülərini atım onlara. İlk bir həftəni çörək bişirməkdən çox, şəkil, video çəkməklə məşğul idim. İncimirdim də. Anlayırdım hamının Şuşaya olan həsrətini" , deyir. Qəzənfər dayının sexində bişən çörəklər əl boydadır. Yaxşı fikirləşib, artıq qalmasın, israf olmasın deyə. Bir neçə çörək də bizə hədiyyə edir "Qala çörəyi"ndən. Bu çörəyin dadı bir başqadır, xəmiri Şuşanın suyundan yoğrulub deyə.
Mxitaryanın xaraba qalmış villası
Şuşada çox az sayda yeni tikili var. Onlardan biri də xaricdə yaşayan erməni futbolçu Mxitaryanın villasıdır. İndi bizim əsgərlərin döyüş postu olan bu villa ermənilərin postundan təxminən 300 metr aralıdadır. Villanın divarlarında salamat yer yoxdur. Şüşələr çiliklənib tökülüb yerə. Əsgərlərimiz həyətdə gəzişirlər, lakin bizi villanın ön tərəfinə keçməyə qoymurlar. "Hədəfə gələrsiniz, snayperlər buranı aydın görür",- deyirlər. Şuşanın hər tərəfində bolluca qoz ağacları bitib. Bu villanın da həyətində bir neçə ağac var. Cavan bir əsgər bir torba qoz yığıb, onu qırmaqla məşğuldur. Hərəmizə bir ovuc uzadır. O qoz qırdıqca söhbət edirik.
- Neçə ayın əsgərisiniz?
- 6-cı aydır.
- Çətin deyil Şuşada xidmət?
- Ən rahat yer elə buradır.
- Evdəkilər narahat olmur?
- Anam fəxr eləməlidir ki, oğlu Şuşadadır. Özüm də darıxmıram. Burada erməniləri siçan kimi deşiyə girən görmək ləzzət eləyir. Süd dağıtmış pişiyə dönüblər. Gör nə quzu kimi durublar?!
Başı ilə qarşı tərəfdəki erməni postuna işarə edib, şirin-şirin gülür.
Şəhəri gəzərkən " Xan qızı" bulağından bidonlarla su daşıyan iki əsgərlə bir neçə dəfə qarşılaşdıq. Yorulublar, dincəlirlər. Onları görüncə bilmirəm nədənsə ürəyim sızıldayır, qarşılarına keçirəm. Birisi, sarışın olan uşaq məsumluğu ilə üzümə baxır. "Səni qucaqlamaq istəyirəm oğlum, olarmı?" Başı ilə "hə" deyir və mən onun boynuna sarılıb, üzündən öpürəm. Sonra yanındakı qarabala əsgəri də. Bilmirəm mənim qəhərlənməyimdənmi təsirləniblər, yoxsa onlar da mənim simamda analarını gördülər, onların da gözü dolub. Onsuz da Şuşanı gəzdikcə qəhər, hüzn məni boğmuşdu, qazilərimzin , şəhidlərimizin, əziyyət çəkmiş bütün əsgərlərimizin hamısının yerinə bu iki əsgər balaya sarılıb ağladım. Biri sakitcə çiynimə toxunub, "hər şey yaxşıdır, vallah, çox yaxşıdır, hələ daha da yaxşı olacaq", - deyir. Ayrılırıq. Onlar uzaqlaşdıqca ürəyim sanki əl kimi uzanır arxalarınca. Onları mənə öz balam kimi doğma hiss etdirən, sevdirən bu duyğunun adı "Ana ürəyidir" , bütün anaların əvəzinə qucaqladım əsgər oğulları.
Sübh dumanı dərələrdə sürünür
Şuşada axşam saat 9-da komendant saatı başlayır. İş dayanır, əl- ayaq çəkilir. Küçələrdə yalnız patrul maşınları, polislər və əsgərlər gözə çarpır. Yuxulamadan yatan şəhərin keşiyini çəkirlər. Düşmən bir addımlıqdadır çünki. İstənilən an hər cür təxribat törədə bilərlər. Gözümüzü yuxu tutmur. Soyuq olmasına baxmayaraq, otaqlara sığmırıq, balkondan Şuşa gecəsini dinləyirik. Qaranlıqda şüşələri qırılmış binalardan ara- sıra əsgərlərimizin səsləri gəlir. Dan yerinin zülmətini qırmızı bir şəfəq parçalayır. İlahi sübh çağı nə gözəl olarmış. Gözlərimizə inana bilmirik. Sanki bulud sunamisidir, buluddan okeandır, ağappaq buludlar örtüb Xankəndinin üzərini. Buludlar Şuşamıza baş əymiş . Şuşanın başı dumanlı filan deyil, burda buludlar bu möhtəşəm qalanın ayaqlarından öpür.
Günəş dağların arxasından deyil, bu ağ bulud dənizinin üzərindən doğur. Bu gözəlliyi təsvir etməyə dil yetməz, söz çatmaz. Şuşada səhər açılır. Hələ çox gözəl səhərlər açılacaq, hələ çox sabahalara "xoş gəldin" deyəcək gözəl Şuşamız.
Ayrılıq saatı gəldi. Zaur Həsənov bizi yola salmağa gəlib. "Yenə gəlin, görməyə şad olarıq" deyir. Elə bizim üçün də onu yenidən görmək çox xoş olar. Şuşa bizə onun simasında yaxşı bir dost qazandırdı.
Vidalaşmırıq, eləcə dönüb geriyə boylanıram. Bir daha gələcəyimizi bilirəm. Şəhərin yerləşdiyi sıldırım qayanı aşağıdan izləyincə bu şəhəri burda tikməyi ağıl etmiş Pənahəli xana da, bu alınmaz qalanı almaqla imkansızı bacarmış igidlərimizə də, dövrün, zamanın nəbzini tutaraq, ən uyğun zamanda, ən çətin işi bacarmış, dünya güclərinə meydan oxumuş Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə də təşəkkür edirik. Tarix durduqca, Şuşa yaşadıqca onların adları qoşa çəkiləcək, bu dastan dillərdən-dillərə düşüb əfsanə olacaq. Şuşa onların əsəridir. Biz isə, bu əfsanənin canlı şahidləriyik. Xoşbəxt insanlarıq.
İlhamə Rəsulova
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
YAP xəbərləri
26 Oktyabr 12:35
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
YAP xəbərləri
26 Oktyabr 10:34
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
YAP xəbərləri
26 Oktyabr 00:33
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35

