Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Uçot dərəcəsi dəyişdi, manatın məzənnəsi dəyişəcəkmi?

Uçot dərəcəsi dəyişdi, manatın məzənnəsi dəyişəcəkmi?

18.12.2021 [11:46]

Nicat Dilqəmli

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8.25% səviyyəsində müəyyən edilib.

Son vaxtlar qiymətlərin artmasında həlledici rol xarici faktorlarla sıx bağlıdır ki, bu da inflyasiya təzyiqlərini artırır. Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda da bildirilir: “Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı xarakter alır. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının inflyasiya proseslərinə təsiri davam etməkdədir. Qeyd olunan amillər qiymət gözləntilərini yüksəltməklə inflyasiyanın hədəf ətrafında lövbərləşməsini mürəkkəbləşdirir”.

Məlumatda inflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolunun aşağı olduğu nəzərə çatdırılıb. Belə ki, valyuta bazarında tarazlıq qiymətlər sabitliyinin əsas lövbərini gücləndirir və xarici mənşəli inflyasiyanı əhəmiyyətli dərəcədə neytrallaşdırır. Monetar şəraitin sərtləşdirilməsi ilə bağlı qərarlar monetar amillərin inflyasiya üzərində balanslaşdırıcı təsirlərini gücləndirir.

Bildirilir ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın risk balansında dəyişikliklər və iqtisadiyyatın ortamüddətli dövrdə perspektivləri nəzərə alınmaqla qəbul ediləcəkdir.

İnflyasiya prosesləri

İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə inflyasiya təzyiqlərinin artması davam edib: “Rəsmi statistikaya görə noyabrda aylıq inflyasiya 1.5%, 12 aylıq inflyasiya isə 11.1% təşkil edib. Orta illik inflyasiya yanvar-noyabr aylarında 6.2%, orta illik baza inflyasiya isə 3.9% təşkil edib. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edir”.

Noyabrda ərzaq məhsulları üzrə qiymət indeksi ötən ayla müqayisədə 1.9% yüksəlmiş, illik ərzaq inflyasiyası 14.9% təşkil edib. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7.4% olub. Qeyri-ərzaq məhsulları üzrə qiymətlər noyabrda ötən ayla müqayisədə 0.5%, son 1 ildə 7.1% yüksəlib. Yanvar-noyabr aylarında orta illik qeyri-ərzaq inflyasiyası 4.8% olub. Xidmətlər noyabrda 1.6%, son 1 ildə 9.1% bahalaşıb. Orta illik xidmət inflyasiyası yanvar-noyabrda 5.4% təşkil edib. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması amilinin təsirləri davam edir.

Son aylarda bəzi əmtəə qiymətləri və qlobal daşınma xərcləri pik səviyyə ilə müqayisədə azalsa da, pandemiya öncəsi səviyyədən əhəmiyyətli yüksəkdir

Dünya Bankının məlumatına görə, noyabrda dünya birjalarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə enerji məhsulları üzrə 2.1 dəfə, qeyri-enerji məhsulları üzrə isə 24.7% artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri cari ilin noyabr ayında 1.2%, son ildə isə 27.3% yüksəlib. Son 1 ildə un məmulatları 23.2%, süd məhsulları 19.1%, yağlar 51.4%, şəkər 36.4% bahalaşıb. Bir sıra ərzaq ixracatçılarında hava şəraitinin pisləşməsi də dünya ərzaq qiymətlərinə təsir edir. Qlobal təchizat zəncirində problemlərin (konteyner daşımaları, mikrosxemlərin istehsalında yubanmalar və s.) qalması xammalın və hazır məhsulun çatdırılma xərclərini artırır.

Qeyd olunan amillər Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanı yüksəltməklə idxal qiymətlərinə təsir edir. İdxal qiymətləri yanvar-oktyabrda ötən ilin eyni dövrünə nəzərən 21.4% yüksəlib.

Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir: “Son 12 ayda inflyasiya gözləntiləri real sektorun monitorinq olunan sektorlarında artım meyilli olmuşdur. Dekabrda aparılan sorğulara görə ev təsərrüfatlarının 29%-i inflyasiya tempinin daha da yüksələcəyini gözləyir”.

Proqnozlara görə, cari ildə orta illik inflyasiya 6.3-6.6%, illik inflyasiya isə 11.4-11.9% səviyyəsində gözlənilir: “Baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcəkdir”.

Xarici sektor

Xarici fon ümumilikdə tədiyə balansı və məcmu tələbin stimullaşdırılması baxımından əlverişli qalsa da, onun perspektivləri ilə bağlı risklər aktuallığını saxlayır. Qlobal iqtisadiyyatda, o cümlədən ticarət tərəfdaşlarında iqtisadi bərpa prosesi davam edir. Lakin virusun yeni ştamlarının meydana gəlməsi nəticəsində pandemiyanın yeni dalğalarının mümkünlüyü ehtimalı qlobal iqtisadi bərpanın sürəti ilə bağlı qeyri-müəyyənliklər yaradır.

Koronavirusun yeni ştamının meydana gəlməsilə davamlı artan neft qiymətində müəyyən korreksiya baş verib

Brent markalı neftin orta qiyməti noyabrda 81 ABŞ dolları olduğu halda dekabrın ötən dövründə 73 ABŞ dollarına enmişdir. Ümumilikdə, 2021-ci ilin ötən dövründə neftin orta qiyməti 71 ABŞ dolları təşkil edib. Qısamüddətli dəyişkənliyə baxmayaraq, beynəlxalq təşkilatlar 2022-ci ildə dünyada neftə tələbin artmaqda davam edəcəyini proqnozlaşdırırlar. OPEK++ formatında qəbul edilmiş son qərarlar 2022-ci ildə də neft qiymətinə artırıcı təsir edəcəkdir.

Tədiyə balansının profisitli olması ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır

Cari ilin 11 ayında strateji valyuta ehtiyatları 4.4% (2.2 mlrd. ABŞ dolları) artaraq 53 mlrd. ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10.2% artaraq 7 mlrd. ABŞ dollarını üstələmişdir. Bu meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir. Ötən iclasdan bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarında tələb bir qədər artsa da, ümumilikdə valyuta bazarında tarazlıq qorunmuş, il ərzində milli valyutanın məzənnəsi sabitlik nümayiş etdirmişdir.

İqtisadi artımın bərpası prosesi davam edir

2021-ci ilin 11 ayında ümumi daxili məhsul real ifadədə 5.3%, o cümlədən qeyri neft-qaz sektoru üzrə 6.4% artıb. Qeyri neft-qaz sənayesində 20.9%, kənd təsərrüfatında 3.8%-lik iqtisadi artım baş verib. İqtisadiyyatda məşğulluq səviyyəsi artmaqda davam edir. Qeyri-neft sektorunda iqtisadi artıma pozitiv impulslar başlıca olaraq istehlakın artımından gəlir. 11 ayda ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 3%, o cümlədən ərzaq məhsulları üzrə 2.7% artıb. Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə noyabrda son 12 ay üzrə ortalama biznes inam indeksi bütün sektorlar üzrə artım meyilli olmuşdur. Eyni dövrdə qeyri-neft sənayesi və tikintidə icraya qəbul edilmiş sifarişlər, ticarətdə isə satışlar üzrə gözləntilər artmışdır. Məcmu buraxılış kəsiri üzrə qiymətləndirmələr iqtisadiyyatın 2022-ci ildə öz potensialına yaxın səviyyədə artacağını göstərir.

Monetar şərait

Ötən iclaslarda qəbul edilən pul siyasəti qərarları müəyyən zaman intervalı ilə monetar amillərin inflyasiya üzərində məhdudlaşdırıcı təsirlərini gücləndirməkdədir. Qiymətləndirmələrə görə, inflyasiyanın formalaşmasında monetar amillərin payı 10%-dən də aşağıdır və azalma meyillidir. Başlıca balanslaşdırıcı rola malik olan məzənnə dayanıqlığı xarici mənşəli inflyasiyanı və gözləntiləri əhəmiyyətli dərəcədə neytrallaşdırmaqdadır. Monetar şəraitin inflyasiyaya balanslaşdırıcı təsirlərinin gücləndirilməsi pulun həm kəmiyyəti, həm də dəyəri vasitəsilə reallaşmaqdadır. İlin əvvəlindən pul bazası cəmi 5.1% artıb. Dekabrın ötən dövründə banklararası REPO əməliyyatları üzrə orta faiz dərəcələrində cüzi artım qeydə alınıb. Kreditlər üzrə faizlər əhəmiyyətli dəyişməmiş, depozitlər üzrə faizlərin müəyyən qədər artması isə yığımı dəstəkləmişdir. Bank sistemi üzrə kredit portfeli noyabrda 1.8%, ümumilikdə 11 ayda 15% artmışdır. Bu artım əsasən artan depozitlər hesabına maliyyələşdirilir. Noyabrda manatla depozitlər əvvəlki aya nəzərən 3.5%, ilin əvvəlinə nəzərən 29% (2.8 mlrd. manat) artıb. İlin ötən dövründə dövlət büdcəsi profisitli olmaqla pul bazasının artımına məhdudlaşdırıcı təsir etmişdir ki, bu da anti-inflyasiya effekti vermişdir. İlin qalan dövründə büdcə xərcləmələrində aktivləşmə gözlənilsə də onun monetar şəraitə təsirlərinin növbəti ilə keçəcəyi proqnozlaşdırılır.

Risklər balansı - inflyasiyanın risk balansında artırıcı amillər üstün mövqeyini saxlayır

Mövcud inflyasiyanın xarakteri nəzərə alınmaqla başlıca risk xarici və daxili xərc amillərinin təsirinin proqnozlaşdırılan səviyyədən daha yüksək qalıcılığa malik olması və inflyasiya gözləntilərinin hədəf ətrafında lövbərləşməsini gecikdirməsi potensialıdır. Dünya əmtəə bazarlarında, xüsusən ərzaq bazarında qiymət artımlarının, tərəfdaş ölkələrdə inflyasiyanın, beynəlxalq təchizat-logistika zəncirində problemlərin, eləcə də ölkə daxili qiymət və tariflərin liberallaşmasının qiymətlərə artırıcı təsirlərinin qalıcılığı ilə əlaqədar qeyri-müəyyənliklər artmaqdadır. Tərəfdaş ölkələrdə inflyasiya bu ölkələrin mərkəzi banklarının siyasət reaksiyasından da asılı olacaq.

Daxili tələbin iqtisadiyyatın artım potensialı ilə müqayisədə daha yüksək templə artması da inflyasiyaya artırıcı təsir göstərə biləcək amildir

Profisitli tədiyə balansı və qəbul edilmiş makroiqtisadi platforma risk balansında artırıcı amilləri ortamüddətli perspektivdə neytrallaşdırma potensialına malikdir. 2022-ci ilə qəbul edilmiş dövlət büdcəsində neft transfertlərinin əvvəlki illə müqayisədə artması milli valyutanın məzənnəsinin dayanıqlılığını dəstəkləyəcək. Digər tərəfdən anti-inflyasiya xarakterli pul siyasəti daxili tələbin monetar amillərin tarazlı səviyyədə qorunmasına xidmət edəcək. Müvəqqəti xarici və daxili xərc amillərinin qiymətlərə təsiri neytrallaşdıqca, balanslaşdırıcı rol oynayan monetar amillərin inflyasiyaya azaldıcı təsirləri güclənəcək.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar ortamüddətli dövrə makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək. Pul siyasətinə dair adekvat qərarlar verə bilmək üçün Mərkəzi Bank bundan sonra da inflyasiyanın xərc və təklif amillərini sıx monitorinq edəcək, dünya və ölkə iqtisadiyyatlarının müxtəlif ssenarilərdə inkişaf proqnozlarını nəzərdən keçirəcək.

Bu qərar 17 dekabr 2021-ci ildən qüvvəyə minir. Pul siyasəti qərarlarının 2022-ci il üzrə ictimaiyyətə açıqlanması qrafiki “Azərbaycan Respublikası Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatı” ilə ictimaiyyətə açıqlanacaq.

 

 

 

Paylaş
Baxılıb: 213 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31