Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / YAP 2021-ci ildə...

YAP 2021-ci ildə...

31.12.2021 [01:06]

Nardar BAYRAMLI

Artıq 2021-ci il tarixə qovuşur. Bu il Azərbaycanda bütün sahələr üzrə dinamik inkişaf, islahatlar və quruculuq ili kimi yadda qaldı. Bu baxımdan, ölkənin siyasi mühitində yeniliklər, siyasi münasibətlərin inkişafı istiqamətində ciddi nailiyyətlər əldə olunub.

Əlbəttə ki, ölkəmizin və Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) üçün də 2021-ci il əlamətdar hadisələrlə yadda qalıb, kifayət qədər məhsuldar və uğurlu olub. İlk növbədə, bu il üçün ən mühüm hadisə Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsidir. 

VII Qurultay - partiyanın və ölkənin həyatında yeni mərhələnin başlanğıcı

Yeni Azərbaycan Partiyasının 2021-ci il  martın 5-də keçirilən VII qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. Belə ki, VII qurultayda partiyanın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edildi, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçildi. Həmçinin 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri müsbət həllini tapdı. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultayda  çıxışı zamanı ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələri diqqətə çatdırdı.

Yeni qərarlara müvafiq olaraq partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçildi, Gənclər Birliyinin say tərkibi müəyyən edildi, üzvləri, sədri və sədr müavinləri seçildi. Həmçinin qurultayın nəticələrini əks etdirən sənədlər toplusu hazırlanaraq dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə təqdim olundu. Onu da qeyd edək ki,  qurultaydan sonra partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələri, Təftiş Komissiyasının reqlamenti təsdiqləndi.

Yeni Azərbaycan Partiyasının VII qurultayının əhəmiyyətindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, partiyamız ölkənin gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri müəyyənləşdirmiş oldu, monolit siyasi güc kimi bundan sonra da ölkənin perspektiv inkişafında mühüm rol oynayacağını nümayiş etdirdi.

İdarə Heyətinin iclaslarında hansı məsələlərə baxıldı?

2021-ci il ərzində YAP İdarə Heyətinin bir neçə iclası keçirilərək VII qurultayın qarşıya qoyduğu vəzifələrdən irəli gələn məsələlərlə, həmçinin gündəmdəki mövzularla bağlı qərarlar qəbul olundu.

Aprelin 23-də keçirilən YAP İdarə Heyətinin iclasında Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması, müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edəcək namizədin Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə çıxarılmasına razılığın verilməsi, həmçinin  YAP Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun geniş ictimai qınağa səbəb olmuş hərəkəti ilə bağlı məsələlərinə baxıldı və müvafiq qərarlar qəbul olundu.

Sentyabrın 10-da keçirilən iclasda isə Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələrinin təsdiq edilməsi haqqında məsələyə baxıldı. Sonra Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə yeni üzvlər qəbul olundu. İclasda, həmçinin Bakı şəhərinin rayonları üzrə Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrləri təyin edildi. Eyni zamanda, “Yeni Azərbaycan” qəzetinə yeni baş redaktorun təyin edilməsi məsələsi müzakirə olundu və Alqış Həsənoğlu  “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsinə təyin edildi.  İclasda Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının maliyyə-təsərrüfat fəaliyyəti, eləcə də Ramiz Göyüşovun partiya sıralarından xaric edilməsi ilə bağlı məsələlərə də baxıldı və müvafiq qərarlar qəbul edildi.

YAP İdarə Heyətinin dekabrın 29-da keçirilən iclasında isə Yeni Azərbaycan Partiyasının yeni Proqramı  və Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının məbləği və ödənilməsi Qaydası təsdiq edildi.

Silsilə tədbirlər

Bu il ərzində Yeni Azərbaycan Partiyası çoxsaylı tədbirlər keçirdi. Bu tədbirlər aktual mövzuları əhatə etdi, əlamətdar, eləcə də tarixi hadisələrə həsr olundu. Məsələn, martın 31-də YAP Mərkəzi Aparatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə “Ermənilərin azərbaycanlılara qarşı soyqırımı insanlıq əleyhinə cinayətdir” mövzusunda videokonfrans keçirildi. Aprelin 27-də isə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr edilmiş “Nəsillərə nümunə ömür yolu” mövzusunda videokonfrans təşkil olundu.

Partiya ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər reallaşdırdı. Onların sırasında mayın 4-də Türkiyənin Ədalət və İnkişaf Partiyası - Yeni Azərbaycan Partiyası əməkdaşlığı çərçivəsində “Azərbaycan - Türkiyə, bir millət, iki dövlət: Qarabağ zəfəri sonrası reallıqlar və uydurma erməni soyqırımı açıqlamasının regionda sülhə və stabilliyə təsirləri” mövzusunda videokonfransı, mayın 9-da Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  birgə təşkilatçılığı ilə Binəqədi Rayon Xocasən qəsəbəsinin ərazisində ağacəkmə aksiyasını qeyd etmək olar. Eləcə də Bakı Ali Neft Məktəbində (BANM) Yeni Azərbaycan Partiyasının Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun iştirakı ilə Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdan Tarixi Zəfərə” adlı tədbir keçirildi. İyunun 14-də isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənət sərgisi baş tutdu.

İyunun 22-də isə Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar hesabat-seçki yığıncağı keçirildi. Yığıncaqda YAP Həmkarlar İttifaqı Komitəsinin yeni tərkibi formalaşdı.

Bundan başqa, avqustun 4-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirildi.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı 44 günlük Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş tədbirlər də reallaşdırdı. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 27 Sentyabr - Anım Gününə həsr olunmuş videokonfrans, “Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri” mövzusunda konfrans, Xalq rəssamı Sakit Məmmədovun 8 Noyabr - Zəfər Gününə həsr edilmiş “Qarabağnamə” əsərinin təqdimat mərasimi bu sıraya daxildir. Həmçinin “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masada Milli Məclisin komitə sədrləri, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri, hərbi, siyasi ekspertlər, QHT rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

Oktyabrın 26-da isə Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Zəfər Gününün birinci ildönümünə həsr olunmuş “Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi” mövzusunda videokonfrans baş tutdu. Noyabrın 6-da isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 8 Noyabr - Zəfər Günü münasibətilə qanvermə aksiyası keçirildi. Qanvermə aksiyasında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və 300 nəfərə yaxın YAP üzvü iştirak etdi.

Bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə də silsilə tədbirlər keçirildi. Onların sırasında  YAP Mərkəzi Aparatında “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda keçirilən konfransı qeyd etmək olar. Noyabrın 20-də isə Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl Marafon” kampaniyası keçirildi. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Milli Məclisin üzvləri və partiyanın fəalları marafonda iştirak etdilər.

Bundan başqa,  dekabrın 21-də keçirilən “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” və dekabrın 24-də “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzularında keçirilən konfranslarda Azərbaycanın inkişafı, Qarabağın dirçəlişi məsələlərinə dair dövlət və hökumət nümayəndələrinin geniş məruzələri dinlənildi.

Beynəlxalq əlaqələrin inkişafı diqqət mərkəzində

Bu il ərzində Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin inkişafı da diqqət mərkəzində oldu. Xüsusilə, YAP ilə qardaş Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qeyd edək ki, 1-3 iyun tarixlərində YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri oldu. Səfər zamanı YAP-ın nümayəndə heyəti bir sıra görüşlər keçirdi, iki hakim partiya arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olundu. Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbulu zamanı iki partiya arasında əlaqələrin inkişafının vacibliyini vurğuladı. Bundan başqa, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Ankarada AK Partinin mərkəzi qərargahında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş ilə görüşü zamanı iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin real vəziyyəti yüksək dəyərləndirildi, perspektivlər müzakirə olundu. Həmçinin Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş YAP ilə AK Parti arasında əməkdaşlığa dair niyyət protokolunu imzaladılar.

Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Ədalət və İnkişaf Partiyasının Sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfkan Ala, Ədalət və İnkişaf Partiyası Sədrinin müavini, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç ilə görüşləri  zamanı da Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasındakı əlaqələrin inkişaf dinamikası yüksək qiymətləndirildi.

Eyni zamanda, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun AK Parti Gənclər qollarının sədri Eyyub Kadir İnan ilə görüşü, həmçinin YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova ilə Ədalət və İnkişaf Partiyasının Təftiş Komissiyasının sədri Ahmet Aydın arasında keçirilən görüş iki qardaş ölkənin hakim partiyalarının təcrübə mübadiləsi, gələcək əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Bütövlükdə, Ankarada YAP ilə AK Parti arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsinin aparılması, əməkdaşlığın səmərəliliyini artırmaq üçün koordinasiyanın yaradılması imkanlarının müzakirə olunması, iki partiya arasında əməkdaşlığa dair niyyət protokolunun imzalanması və digər bu kimi məqamlar olduqca böyük önəm kəsb edir.

25-28 iyul ayında isə AK Parti  böyük nümayəndə heyəti ilə ölkəmizə rəsmi səfər etdi. AK Partinin nümayəndə heyətinin Azərbaycana rəsmi səfərinin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görüldü. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev AK Partiyanın nümayəndə heyəti ilə görüşdü. Görüşdə Azərbaycan-Türkiyə və YAP-AK Parti münasibətlərinə dair geniş fikir mübadiləsi aparıldı. İyulun 26-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. İyulun 28-də isə Gəncədə Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirildi.

Bu il noyabrın sonlarında isə YAP nümayəndə heyəti Qazaxıstanda səfərdə oldu.  Qazaxıstanın paytaxtı Nur-Sultanda “Nur Otan” Partiyasının İctimai Siyasət İnstitutu tərəfindən təşkil edilən “Qazaxıstan siyasi-partiya sisteminin təkamülü: çağırışlar, nailiyyətlər və perspektivlər” Beynəlxalq Forumu keçirildi. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak etdi. Tədbirdə  çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirdi ki, Forum siyasi partiyalar arasında münasibətlərin inkişafına, fikir mübadiləsinə və bu sahədə zəngin təcrübəyə mühüm töhfə verəcək. Tahir Budaqov forum çərçivəsində keçirilən “Siyasi partiyalar vətəndaş cəmiyyəti: regional aspekt”, “Siyasi proseslərdə qadın və gənclərin iştirakının genişləndirilməsi” və “Seçkilər və yeni zaman: dünya təcrübəsi və Qazaxıstan” mövzularında keçirilən sessiyalarda da iştirak etdi. YAP nümayəndə heyətinin rəhbərinin Qazaxıstanın “Nur Otan” Partiyası sədrinin birinci müavini Baurıjan Baybeklə keçirdiyi görüşdə isə partiyalararası əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri müzakirə olundu.

Dekabrın əvvəlində isə Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada səfərdə oldu və Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Ali Radada keçirilən görüşdə Ukrayna tərəfindən spikerin birinci müavini Aleksandr Kornienko, hakim “Xalqın Xidmətçisi” partiyasının sədri, deputat Yelena Şulyak, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux, həmsədrin müavini Lyudmila Marçenko iştirak etdilər. Görüşün sonunda   YAP və “Xalqın Xidmətçisi” partiyası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və “Xalqın Xidmətçisi” partiyasının sədri Yelena Şulyak imzaladılar. YAP nümayəndə heyəti səfər çərçivəsində Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikovla da görüşdü. Görüşdə Azərbaycan ilə Ukrayna arasında iqtisadi-ticari əlaqələrin perspektivləri müzakirə edildi.

Dekabrın 6-da İstanbulda keçirilən XII Boğaziçi Sammitində də YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olundu. Səfər çərçivəsində dekabrın 7-də Tahir Budaqov  Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini Numan Kurtulmuş ilə görüşdü. Görüş zamanı iki qardaş ölkənin hakim partiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində işlərin davamlılığı, növbəti perspektiv planlar müzakirə olundu. Həmçinin Tahir Budaqov və Numan Kurtulmuş birgə mətbuat konfransı keçirdilər.

Onu da qeyd edək ki, Yeni Azərbaycan Partiyası ilə Çin Xalq Respublikası arasında da əlaqələr inkişaf edir. Bu il iyunun 9-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə keçirilən görüşdə də ölkələr və partiyalar arasındakı münasibətlərin hazırkı vəziyyətinin məmnunluq doğurduğu vurğulandı. Noyabrın 19-da isə 19-cu çağırış Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 6-cı Plenar İclasının yekunlarına dair onlayn formatda brifinq keçirildi. Dünyanın müxtəlif ölkələrinin aparıcı siyasi partiyalarının qatıldığı brifinqdə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılığı ilə 40 nəfərə yaxın YAP üzvü iştirak etdi.

Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyası arasında əlaqələrin qurulması da diqqət mərkəzindədir. Belə ki, dekabrın 30-da Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşdü. Görüşdə Azərbaycan - Kuba münasibətləri, eləcə də hər iki ölkənin hakim partiyaları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olundu. Görüşdə Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyası arasında əlaqələrin yaradılmasının hər iki ölkənin və xalqın mənafelərinə xidmət edəcəyi qeyd edildi.

Hesabat-seçki yığıncaqları, YAP Veteranlar Şurasının və Gənclər Birliyinin fəaliyyəti...

YAP-ın bu il ərzində həyata keçirdiyi tədbirlər sırasında partiyanın rayon və şəhər təşkilatlarının hesabat-seçki yığıncaqları da vacib yer tutur. Belə ki, cari ildə partiyanın bütün yerli təşkilatlarında keçirilən yığıncaqlarda ötən dövrdə görülmüş işlərə dair hesabatlar verilib.

Bundan əlavə, YAP-ın Veteranlar Şurası və Gənclər Birliyi, eləcə də yerli təşkilatlar il ərzində aktual mövzularla bağlı tədbirlər keçirdi, partiyamızın Sədri, Prezident İlham Əliyevin siyasətinin uğurlarının cəmiyyətdə təbliğ olunması işində fəallıq göstərdilər.

Bütövlükdə, 2021-ci ildə həm Yeni Azərbaycan Partiyasının fəaliyyətində, həm də ölkəmizin gələcək inkişafı baxımından yeni mərhələnin əsası qoyuldu. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.

Paylaş
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31