Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Rizedən dünyaya mesaj

Rizedən dünyaya mesaj

17.05.2022 [10:03]

İlham Əliyev: Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik

Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfəri yerli və xarici medianın gündəmindədir. Xüsusilə də, iki ölkə rəhbərinin Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakı, bəhs olunan tədbirdə İlham Əliyevin çıxışı və diqqət yetirdiyi məsələlər geniş müzakirə olunur. Analitiklər vurğulayırlar ki, bu, bir millətin iki dövlətinin eyni amal və hədəflər uğrunda ortaq siyasi iradə sərgilədiyini, dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi.

Dünya miqyasında bir-birinə ən yaxın ölkələr

Dövlətimizin başçısı vurğuladı ki, “biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir”. Doğrudan da, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı unikal nümunədir - dünyada bu iki ölkə qədər bir-birinə yaxın olan ölkələr tapmaq mümkün deyil. Bugünkü reallıqlar iki dost, qardaş, strateji tərəfdaş ölkənin birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini və əzmini əks etdirir. Nümunələr çoxdur, sadəcə, postmüharibə dövrünə aid üç fakta diqqət yetirək:

- Prezident Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş Azərbaycan ərazilərinə səfər və  Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi Türkiyə-Azərbaycan mənəvi-siyasi birliyinin əyani nümunəsi - bariz təzahürüdür;

- Tərəflər Şuşa Bəyannaməsi imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəddir. Qars müqaviləsindən yüz il sonra Şuşa Bəyannaməsinin imzalanması hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Prezident İlham Əliyev bəhs olunan tədbirdə “Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik” ,- deyə vurğuladı.

-  Dənizin üzərində inşa edilən nəhəng layihə - Rize-Artvin Hava Limanının iki qardaş ölkənin rəhbəri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı bir millətin iki dövlətinin sarsılmaz münasibətlərə malik olduğunu ifadə edir.

Mühüm məqamlardan biri regionda yeni geosiyasi nizamın məhz Azərbaycan-Türkiyə strateji müttəfiqliyi fonunda təşəkkül tapmasıdır. Bakı ilə Ankaranın təşəbbüsləri bölgədə yeni geostrateji konfiqurasiyanın formalaşmasına zəmin yaradır. Tərəflərin ortaq siyasi iradəsi - birgə təşəbbüsləri əsasında yeni işbirliyi platformalarının formalaşdırılması da aktualdır. Məlumdur ki, Azərbaycan və Türkiyənin birgə təşəbbüsü olan “altılıq” formatında işbirliyi platforması uzun müddətdir ki, müzakirə olunur. Hətta bununla əlaqədar müəyyən təmaslar - danışıqlar və görüşlər də keçirilib. Amma geosiyasi zəlzələ effekti yaradan Rusiya-Ukrayna müharibəsi nəticəsində qütbləşmənin kəskinləşməsi bəzi tərəflərin eyni platformada əməkdaşlıq imkanlarını zəiflədir, hətta bitirir. O səbəbdən yeni geostrateji seçimlər gündəmə gəlir. Yenə də iki ölkənin iradəsi və mövqeyi həlledicidir.  Söhbət Azərbaycan-Türkiyə-Gürcüstan formatında reallaşdırılması nəzərdə tutulan yeni əməkdaşlıq mexanizmindən gedir. “Üçlük” platforması həm Azərbaycan, Türkiyə və Gürcüstanın strateji maraqlarının təmin olunması, həm də regional əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi üçün əhəmiyyətlidir. Bu, həm də  yeni işbirliyi nümunələrinin yaradılmasını təşviq edə bilər. Bütövlükdə, Bakı ilə Ankaranın geosiyasi iradəsi vacib regional məsələlərin həllini təmin edir.

Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürü

Prezident İlham Əliyev sözügedən mərasimdə çıxışı zamanı daha bir maraqlı məqama toxundu. O, “Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də və İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi” ,- deyə söylədi.

Ümumiyyətlə, analitiklərin diqqət yetirdikləri və proseslərin, o cümlədən Rize-Artvin Hava Limanının açılışının əks etdirdiyi mühüm reallıqlardan biri Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında lider amilinin həlledici olmasıdır. İki məqama xüsusi diqqət yetirilir:

- Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan arasında  möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir;

- Həm Azərbaycanın, həm də Türkiyənin iqtisadi imkanlarının artması, regional və beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi xalqlarımız, dövlətlərimiz üçün yeni strateji üstünlüklər yaradır - iqtisadi, siyasi və hərbi-təhlükəsizlik nöqteyi-nəzərdən.

Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Tərəflər nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birinə ən sıx və yaxından dəstək verən ölkələr kimi çıxış edirlər. Xüsusilə də, İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları - elə son zamanlar müşahidə olunan proseslər də bu gerçəkliyi bir daha təsdiqləyir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri zamanı səsləndirilən fikirlər bir daha bu qənaətə gəlməyə imkan verir: Azərbaycan və Türkiyə birlikdədir, Azərbaycan nə deyirsə, Türkiyə də onu deyir, Türkiyə nə deyirsə, Azərbaycan da onu deyir!

Fərqli məkan, eyni coşqu

Bu xüsusda iki mühüm fakta diqqət yetirək:

- 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradı Azərbaycanın şanlı qələbəsinin əzəmətli və təntənəli nümayişi idi. Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin Prezidentinin qatıldığı paradda “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olunmuşdu.  Bu, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisə idi. Zəfər paradı, həmçinin bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi. Bütövlükdə, parad ölkəmizin gücünü-qüdrətini, şanlı qələbəsini nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda çıxışı zamanı “Bu Zəfər Gününüzdə sizlərlə birlikdə olmaqdan böyük məmnunluq duyuruq”  ,- deyə qeyd etmişdi;

- Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakı Azərbaycan-Türkiyə münasibətlərinin dostluq, qardaşlıq və müttəfiqlik zirvəsində olduğunu bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı tədbirdə çıxışı zamanı qeyd etdi ki, “mən bu gün qardaşımın məmləkətindəyəm və demək olar ki, öz məmləkətimdəyəm”. İlham Əliyev söylədi ki, “Bu gün sizinlə bərabər olmaq mənim üçün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür”.

Daha bir məqam: Ərdoğan Zəfər  paradında qətiyyətlə söyləmişdi ki, Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Prezident İlham Əliyev isə Rize-Artvin Hava Limanının açılış mərasimində vurğuladı ki, “Bu gün də biz bir yerdəyik, Qarabağın bərpası işində bərabər, çiyin-çiyinə çalışırıq”. Göründüyü kimi, iki fərqli tarix, fərqli məkan, amma eyni coşqu və istək. Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında, İlham Əliyevin isə “xarüqə layihə” adlandırılan hava limanının açılış mərasimində çıxışı böyük rəğbət və sevgiylə qarşılandı, dostluq, qardaşlıq və müttəfiqlik tariximizin parlaq səhifələrinə çevrildi. Bir daha bəlli oldu ki, bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir. Və iki qardaş ölkənin Liderləri söz ilə əməlin vəhdətini nümayiş etdirir, yeni strateji zirvələrə birlikdə addımlayırlar. Ən əsası, güclü Türkiyə güclü Azərbaycan deməkdir. Eyni zamanda, Azərbaycan güclüdürsə, Türkiyə də güclüdür - biz birlikdə güclüyük!

Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30