Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Gündəm / DİN-ə qarşı “din”

DİN-ə qarşı “din”

14.06.2022 [09:54]

Bir məqsəd, üç istiqamət...

Nurlan QƏLƏNDƏRLİ

Tarixin mühüm anında - kritik mərhələsindəyik. Taleyüklü məsələlər həll olunur. İşlək marşrut olan dövlətçilik yolunun növbəti döngəsini keçmişik - Qələbə qazanmışıq, Zəfər marşındayıq. Bu, təkcə 30 il müddətində əzəli və əbədi yurd-yerlərimizi hərbi-siyasi əsarətdə saxlayan işğalçı dövlət üzərində qazanılmış qələbə deyil. Və asan deyil. Belə bir tarixi anda, mürəkkəb regionda və çətin geosiyasi şəraitdə məkrli qüvvələrin, vəziyyətdən istifadə etməyə çalışan planlarını pozmaq - niyyətlərini iflasa uğratmaq, sadəcə olaraq, fövqəladə nailiyyət, yaxud siyasi möcüzədir.

Doğrudur, coğrafiya taledir, amma insandan fərqli olaraq dövlətlər  “dünyaya yazılı tale ilə gəlmirlər”. Ərazi mühüm amildir, amma həlledici deyil. Və tarix yazmaq, coğrafiya yaşatmaq üçündür. Böyük dövlətlərin təcrübəsi ilə yanaşı, Azərbaycan nümunəsi də var.  Ölkəmizin coğrafi mövqeyi kimi, regionun reallıqları da bəllidir. Maraqların toqquşduğu, kəsişdiyi, uzlaşdığı bölgədə yerləşmişik - dörd tərəfdən “geosiyasi tamah” sahiblərinin maraq obyektindəyik, şimaldan, cənubdan və digər bir sıra coğrafi cəhətlərdən “geostrateji rüzgar”lar zaman-zaman sərt hava kütləsi kimi Azərbaycana yönəlir. Müxtəlif mexanizmlər işə salınır, fərqli vasitələrdən - alətlərdən istifadə olunur. Hələ uzağa, başqa qitəyə, okeanın o tayına və s. getməyək. Ortaq coğrafi taleyi paylaşdığımız bəzi qüvvələr erməni kartını işə salaraq hərbi-siyasi təxribatlar vasitəsilə Azərbaycanı hansısa güzəştə məcbur etməyə, bəziləri isə başqa bir silahdan - “din” amilindən alət kimi istifadə edərək ölkədaxili situasiyanı dəyişdirməyə çalışır. Belə bir çətin şəraitdə ölkədə sabitliyi, həmrəyliyi qoruya, üçrəngli bayrağımızı Şuşa zirvəsində dalğalandıra, azad Qarabağı abad məkana çevirə bilmişik. Bir sözlə, böyük hədəflərimizə çatmışıq. İndi dövlətçiliyin daha bir işlək marşrutu - Zəfər yolu hərbi müstəvidə qazanılmış Qələbəni diplomatik-siyasi arenada möhkəmləndirmək, iqtisadi gücümüzü, ictimai immunitetimizi artırmaq, siyasi üstünlüyümüzü, beynəlxalq mövqeyimizi gücləndirmək üçün dayanıqlı zəmin rolunu oynayır.  Davam edirik - nə yol, nə mübarizə bitib. Bitməyən daha bir şey var - bölgədə “geosiyasi tərki-dünya” vəziyyətinə sürüklənmiş qüvvələrin Azərbaycana qarşı planları.

Son günlər informasiya resurslarında (xüsusilə də, sosial şəbəkələrdə, internet kanallarında) Azərbaycana qarşı təxribat (təbliğat yox) kampaniyasının şiddətlənməsi müşahidə edilir. Bir-biri ilə bağlı olan və təsadüfi olmayan müxtəlif məqamlar var. Əsas metod (və ya taktika) cəmiyyətin diqqətini həssas məsələlərə yönəldərək ictimai rəyi yanıltmaq, dövlətlə vətəndaş arasındakı inam körpüsünü yandırmaq, bununla da sosial immuniteti zəiflətməkdir. Bir məsələdə üç amil üzərindən, yaxud üç istiqamətdə - cəbhədə proses aparılır. Aparıcı motiv din və ya dini dəyərlərdir.

1. Birbaşa “din” adı altında: cinayət əməli sübuta yetirilərək hüquqi məsuliyyətə cəlb olunan - həbsxanada məhkumluq həyatı yaşayan Tale Bağırzadə adlı şəxs üzərindən növbəti oyuna start veriblər. Talenin əli və dili ilə Azərbaycanın taleyini dəyişdirmək cəhdləri yeni deyil. Bundan əvvəl qeyri-qanuni birləşmələr yaradaraq dini zəmində ajiotaj yaratmağa çalışırdılar. Yaxşı xatırlayırıq - ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməyi planlaşdıran və din pərdəsi arxasında fəaliyyət göstərən terrorçu dəstə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaratmışdı. Həmçinin paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edir, bununla bağlı tərəfdarlarına göstərişlər verir və əhaliyə çağırış vərəqələri paylayırdılar. Alınmadı! Azərbaycan dövlətinin gücü, cəmiyyətin iradəsi - ictimai immunitet buna imkan vermədi. İndi yenidən fəallaşmağa çalışırlar, ölkədə “İslamı müdafiə” adı altında pozucu fəaliyyətə əl atır, sosial mediada dövlət qurumlarının əleyhinə şər və böhtan kampaniyasına rəvac verir, süni gərginlik yaratmağa səy göstərirlər. T.Bağırzadəyə və digər bir sıra “əqidədaş”larına aclıq aksiyası keçirmək barədə göstəriş veriblər, məsələni dərhal sosial medianın gündəminə gətiriblər. Ssenarinin reallaşdırılması üçün tapdıqları (uydurduqları) və irəli sürdükləri bəhanə isə süni, saxta və absurd - gülüncdür: “Azərbaycan polisi Allahı təhqir edir”. Hər hansı bir fakt (foto və ya video) yoxdur. Fakt budur ki, Azərbaycan polisinin adı heç vaxt dini azadlıqların məhdudlaşdırılması və ya dini zəmində təfriqə yaradılması məsələlərində hallanmayıb. “Allahı təhqir”  yolunu tutanlar dini (və dini dəyərləri) istismar alətinə çevirərək, “Allahın evində” (məscidlərdə) terrorçu dili və üslubu ilə siyasi moizələr oxuyaraq qanunsuzluğa və mənəviyyatsızlığa yol verən (onların dili ilə desək, “allahsızlıq edən”) Bağırzadə və ətrafındakılardır. Elə Nardaran hadisələri zamanı xidməti vəzifəsini yerinə yetirən, asayişin keşiyində dayanan iki polis əməkdaşını qətlə yetirənlər də onlardır. Və onların kimə - hansı coğrafi cəhətə bağlı olduqları isə bəllidir. Bu gün onu dəstəkləyən internet kanallarının hansı ölkəyə bağlı olduğunu özləri ifadə və etiraf edirlər. Asayişi təmin edən Azərbaycan polisinin - Daxili İşlər Nazirliyinin (DİN) “din” amili üzərindən ittiham edilməsi (böhtan atılması) elə sabitlik və təhlükəsizlik mühitinin hədəf seçilməsidir. Yəni həmin qüvvələrin məqsədi, niyyəti eyni, “mübarizə” formaları və istifadə etdikləri alətlər fərqlidir. Əvvəl meydanda (qəsəbədə, məhəllədə, küçədə və s.) asayişi pozmağa, qarşıdurma yaratmağa çalışır, polisi hədəf seçirdilər, indi isə informasiya mənbələrində, sosial şəbəkələrdə DİN-ə qarşı “din” amilindən istifadə etməyə cəhd göstərirlər.

Və paralel iş davam etdirilir. Sadalanan məsələlərlə yanaşı, sosial şəbəkələrdə müxtəlif foto və video materiallar yayılır. Görüntülərin birində dindar geyimində olan bir qrup qadın qapalı məkanda mübahisə edir. Və mübahisəni şəxsi yox, dini zəmində ictimailəşdirirlər. Ardınca üzərində guya dini azadlığı məhdudlaşdıran bir cəmiyyətə - Azərbaycan cəmiyyətinə qarşı şantaj, təhdid xarakterli mesaj olan bir foto yayılır. Bəzi internet kanallarında isə “ekspert” adı ilə təqdim olunan şəbəkə üzvləri Azərbaycanda İslam dininə qarşı kampaniya aparıldığını, məscidlərdə ibadətə icazə verilmədiyini, ölkədə məscidlərin sayının azaldığını iddia edir (halbuki Azərbaycan yenidən müstəqilliyini qazananda respublikada cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2253-dür və istənilən şəxs ibadət edə bilər). Təbii ki, bu hərəkətlər sinxron xarakter daşıyır, bir-biri ilə bağlıdır və heç də uzaq olmayan ölkələrdən birindən idarə olunur;

2. Şəhid ailələri üzərindən aparılan kampaniya: milli mənəviyyatımızda və onun tərkib hissəsi olan dini dəyərlərimizdə şəhid adı müqəddəsdir, şəhidlik zirvəsi ali - ən uca məqam kimi dəyərləndirilir. Bunu bilən və görən həmin qüvvələr Azərbaycana qarşı total hücumların bir istiqamətini də şəhid ailələrinin adından istifadə etməklə müəyyənləşdirirlər. Şəhid ailəsi üzvlərini müxtəlif (və onlara aid olmayan) həssas mövzularda müzakirəyə cəlb edərək cəmiyyətdə antidövlət ovqatı formalaşdırmağa çalışırlar. Yəni “bu dövlət bizimdir, hamılıqla bir və birlikdə olmalıyıq” fikrini ifadə etmək əvəzinə, “baxın şəhid ailələri filan məsələdə dövlətin mövqeyini bölüşmür, deməli, dövlət yanlış yoldadır”  düşüncəsi formalaşdırmağa və təbliğ etməyə cəhd göstərirlər. Cəmiyyəti parçalamağa, ictimai immuniteti zəiflətməyə, dövlətlə vətəndaş arasında süni gərginlik yaratmağa hədəflənirlər.

Bu günlərdə özünü fond təmsilçisi, araşdırma mərkəzinin rəhbəri, siyasi şərhçi kimi cəmiyyətə təqdim edən Ərəstun Oruclunun feysbuk hesabında paylaşdığı fotoya yazdığı sözlər diqqəti cəlb edir: “Hələ xeyli əvvəl çox dəyərli bir dostum deyirdi ki, Azərbaycanı bu iki Ana xilas edəcək”. Paylaşılan fotoda olan şəxslərdən biri şəhid generalımız Polad Həşimovun anasıdır. Təbii ki, Səmayə anaya Polad Həşimov kimi şəhidlik zirvəsinə ucalmış və Milli Qəhrəman adına layiq görülmüş Vətən övladı yetişdirdiyinə görə dərin təşəkkür etmək - sonsuz minnətdarlıq bildirmək hər birimizin borcudur. Bu il fevralın 2-də Gülüstan sarayında keçirilən - Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə Milli Qəhrəman Polad Həşimovun qızı Aybəniz Həşimovanın dialoqu hər birimizin yadındadır. “Salam, cənab Prezident! Mən Milli Qəhrəman Polad Həşimovun qızıyam” deyərək sualı olmadığını qeyd edən A.Həşimova dövlət başçısına şəhid ailələrinə göstərdiyi diqqət  üçün təşəkkürünü bildirmişdi. Bu,  əslində, bütün şəhid ailələrinin dilindən səslənmiş sayıla bilərdi. Prezidentimiz isə “Poladın itirilməsi bizim üçün böyük itkidir, böyük dərddir. Amma sən fəxr edə bilərsən ki, Polad kimi atan olub, var və xalqımızın qəlbində əbədi yaşayacaq!” ,- deyə inamla, qətiyyətlə vurğulamışdı. Bəli, şəhidləri ilə fəxr edən cəmiyyət və dövlət şəhid ailələrinə də böyük hörmət və ehtiram göstərir... Ərəstun Oruclu və başqaları isə şəhid adından istifadə etməyə, şəhid ailəsi üzərindən hansısa mesaj verməyə çalışır. Hədəf cəmiyyətin hisləri ilə oynamaq, şəhid ailələri ilə cəmiyyəti üz-üzə qoymaq, dövləti ictimai qəzəbə tuş gətirməkdir. Şəhidlik məqamına yüksəlmiş qəhrəman Vətən övladları torpaqlarımızı düşmən əsarətindən xilas ediblər. Bəs “bu iki ana Azərbaycanı xilas edəcək” nə deməkdir?!

3. “İnternet müxalifəti” iş başında: Azərbaycana qarşı total hücumun üçüncü cəbhəsi internet televiziya kanallarında lövbər salmış, özünü “müxalifətçi”, “araşdırmaçı-jurnalist”, “ekspert” kimi təqdim edən bir sıra şəxslərdir. Sevinc Osmanqızı, Qənimət Zahid, Əli Kərimli, Gültəkin Hacıbəyli, Arif Məmmədov və başqaları son zamanlar insan hüquqları  məsələsi üzərindən fəallaşmağa başlayıblar. Demək olar ki, istənilən məsələ ilə əlaqədar müzakirəni - bütün söhbətləri məhz insan hüquqları ilə bağlayır, din azadlığından danışırlar. Maraqlıdır, etiqad azadlığı,  ölkədə dini durum məsələsi onların yadına haradan düşüb və ya uzun müddətdir ki, bu barədə niyə danışmırdılar? Bağırzadənin içəridə “aclıq aksiyası”, adını çəkdiyimiz şəxslərin isə virtual meydanda din məsələsi ilə əlaqədar müzakirə təşkil etməsi təsadüfdür? Bu faktın fonunda “xoruzun quyruğu aydın görünür” və ya bütün kartlar açılır. Deməli, dünən Qərb dairələrindən “qonorar” alıb insan hüquqlarından danışan belələri bu gün daha bir maliyyə mənbəyi taparaq - din pərdəsi arxasında gizlənənlərin “hücum” əmrini yerinə yetirir.

Beləliklə, Azərbaycana qarşı real və virtual aləmdə total hücumlar  var. Qeyd etdiyimiz kimi, həssas mövzulardan - dindən, şəhidlik məqamından, şəhid ailəsindən, insan hüquqlarından istifadə edərək planlarını reallaşdırmağa çalışırlar. Bəli, həssas olmalıyıq, bu dəyərlərin istismarına yol verməmək və dövlətə sahib çıxmaq, dövlətçiliyi qorumaq üçün. Unutmamalıyıq ki, şəhidlər ölməz, Vətən bölünməz, dövlət isə toxunulmazdır!

Paylaş:
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

MEDİA

Prezident bu gün

Prezident bu gün

25 İyun 10:11

Xəbər lenti

Siyasət

4-cü səfər...

25 İyun 10:01  

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30