Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qələbədən 7 ay sonra - ötən ilin bu günü

Qələbədən 7 ay sonra - ötən ilin bu günü

15.06.2022 [10:05]

Şuşa zirvəsində Azərbaycan ilə Türkiyənin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldi

İlham Əliyev: Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik

Rəcəb Tayyib Ərdoğan: Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik

Azərbaycanın dövlətçilik təqvimi, müstəqillik tarixi müstəsna hadisələrlə zəngin və əlamətdardır. Bunlardan biri də 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm ?ələbədən 7 ay sonra - iki dost, qardaş və strateji tərəfdaş ölkə olan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasıdır.

Şuşa zirvəsində Azərbaycan ilə Türkiyənin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi şanlı tariximizin ən qürurverici səhifələrindən biridir. Bəyannamənin imzalanması, ilk növbədə, iki qardaş ölkənin əlaqələrinin, birliyinin - həmrəyliyinin sarsılmaz olduğunu göstərdi. Bir daha bütün dünyaya nümayiş etdirildi ki, Azərbaycan-Türkiyə münasibətləri bütün siyasi hadisələr və proseslərin fövqündə - dostluq, qardaşlıq və strateji tərəfdaşlıq zirvəsindədir.

Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə mənəvi-siyasi cəhətdən yaxın olan ölkələr tapmaq mümkün deyil. İki ölkənin münasibətləri unikal bir nümunəyə çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Dövlətlərarası strateji əlaqələrlə yanaşı, ortaq tarix və milli-mənəvi dəyərlər xalqlarımızın sıx birliyini - həmrəyliyini təmin edən amillərdir. Ümumiyyətlə, Bakı ilə Ankara arasında diplomatik münasibətlərin qurulduğu 30 ildən artıq müddət bir çox əlamətdar hadisələrlə, önəmli məqamlarla zəngindir, elə tarixin özüdür. Ötən dövrün mənzərəsinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, iki ölkə bu müddət ərzində əsrə bərabər inkişaf yolu keçib, dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri ən yüksək nöqtəyə - zirvəyə çatıb. Ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyədədir. İqtisadi-ticari əlaqələr də uğurla inkişaf edir. Azərbaycan Türkiyədə, Türkiyə isə Azərbaycanda ən böyük sərmayədarlardan biridir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa mühüm töhfələr verir. Bunlarla yanaşı, Azərbaycan və Türkiyə daim bir-birini ən yüksək səviyyədə dəstəkləyir, hər iki ölkənin milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər. Daha dəqiq desək, Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələr kimi çıxış edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ölkələrimiz tarixi sınaqlardan şərəflə və başıuca çıxaraq “Bir millət, iki dövlət” şüarının ruhuna sadiqliyini təsdiq etmiş, onu yaşatmışdır”.

Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması üçün milli mübarizəsinin uğurla nəticələnməsində, möhtəşəm tarixi qələbəsinin təmin edilməsində qardaş Türkiyənin mənəvi-siyasi dəstəyi müstəsna önəm daşıyıb. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Postmüharibə dövrünün reallıqları - elə son zamanlar müşahidə olunan proseslər də bu gerçəkliyi bir daha təsdiqləyir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı səfərləri zamanı, həmçinin dövlət rəsmilərinin görüşləri çərçivəsində, eləcə də müxtəlif tədbirlərdə  səsləndirilən fikirlər bir daha bu qənaətə gəlməyə imkan verir: Azərbaycan və Türkiyə birlikdədir, Azərbaycan nə deyirsə, Türkiyə də onu deyir, Türkiyə nə deyirsə, Azərbaycan da onu deyir!

Azərbaycan ilə Türkiyə Şuşa Bəyannaməsini imzalamaqla müttəfiqlik münasibətlərinin strateji xarakterini və ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyiblər. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik”. Rəcəb Tayyib Ərdoğan isə “Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik... Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük” ,- deyə söyləyib.

Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub.  Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdid və təcavüzün qarşısının alınmasına  hesablanıb. Sənəddə qeyd edilir:  “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. Beləliklə, ən mühüm məqamlardan biri Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Bu, həm də hansı geosiyasi qütbdən və ya cəhətdən gəlməsindən asılı olmayaraq,  təhdidlərə qarşı birgə mübarizə platformasının əsasının qoyulmasıdır. Bəyannamənin strateji əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev “Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq”,-deyə vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə əlaqələrin yeni dövrdəki yol xəritəsinin müəyyənləşdirildiyini qeyd edib: “Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.

Bütövlükdə, Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsidir.  Sənəddə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi də vurğulanıb. Eyni zamanda, bundan sonrakı mərhələdə müştərək milli mənafelər baxımından siyasi, hərbi, təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi aktuallıq daşıyır. Heç şübhəsiz, postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın daha intensiv xarakter almasında vacib rola malikdir. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. Son 100 ilin ən mühüm hadisələrindən olan Şuşa Bəyannaməsinin imzalanması ilə regionun geostrateji arxitekturası yenidən dizayn olunur.

“Şuşa İli”ndə Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirməklə yanaşı, Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin də qətiyyətlə yerinə yetiriləcəyini göstərən mənəvi-siyasi simvol kimi çıxış edir. Şübhəsiz ki, 2020-ci ildə Zəfər paradını birlikdə qəbul edən, ondan 1 il sonra Şuşa Bəyannaməsini imzalayan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli siyasəti nəticəsində Azərbaycan və Türkiyə təhdidlərin qarşısını birlikdə almağa, milli və regional təhlükəsizliyi təmin etməyə qadirdir. Şuşa Bəyannaməsindən irəli gələn müttəfiqliyin təsir gücü isə hansısa geosiyasi dairələrin iradəsindən, yaxud regional təhlükəsizlik təşkilatlarının fəaliyyətindən üstündür. Azərbaycanın və Türkiyənin siyasi-diplomatik və iqtisadi imkanlarının artması, regional və beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi xalqlarımız, dövlətlərimiz üçün yeni üstünlüklər yaradır. Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin qətiyyətlə yerinə yetirilməsi hər iki ölkənin milli gücünün artırılması, regional təhlükəsizliyin təmin olunması və çoxşaxəli əməkdaşlığın inkişafı baxımından strateji önəm daşıyır.

Bugünkü reallıqlar iki dost, qardaş, strateji tərəfdaş ölkənin ortaq siyasi iradəsini, birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini, əzmini əks etdirir. Və bir daha sübuta yetirilir ki, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı bənzərsiz bir nümunədir. Bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir. Və iki qardaş ölkənin Liderləri söz ilə əməlin vəhdətini nümayiş etdirir, yeni strateji zirvələrə birlikdə addımlayırlar. Ən əsası, güclü Türkiyə güclü Azərbaycan deməkdir. Eyni zamanda, Azərbaycan güclüdürsə, Türkiyə də güclüdür. Biz birlikdə güclüyük!

Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 160 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

MEDİA

Prezident bu gün

Prezident bu gün

25 İyun 10:11

Xəbər lenti

Siyasət

4-cü səfər...

25 İyun 10:01  

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30