Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / 5 milli prioritetdən biri

5 milli prioritetdən biri

09.09.2022 [09:56]

Mübariz ABDULLAYEV

Vətən müharibəsi başa çatdıqdan sonra qalib Azərbaycanın həyatında yeni bir səhifə açılıb. Müharibədən əvvəl dövlətimizi və xalqımızı qayğılandıran əsas məsələ işğal faktına son qoyulması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi idi. Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində bu missiyanı yüksək səviyyədə həyata keçirdi. Müzəffər Silahlı Qüvvələrimizin ön xətdə uğurlu döyüş əməliyyatları və Prezident İlham Əliyevin müdrik diplomatik gedişləri sayəsində üç onillik ərzində düşmənin nəzarətində qalan torpaqlarımız hərbi-siyasi yolla işğaldan azad edildi. Yeni reallıqlarla səciyyələnən postmüharibə dövründə isə hədəflərimiz dəyişib. İndiki mərhələdə 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə 5 milli prioritetdən biri kimi müəyyənləşdirilib. Hədəflərin müəyyənləşdirilməsi öz yerində. Azərbaycan həm də güclü və məsuliyyətli dövlət kimi qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır. Bu günlərdə Prezident İlham Əliyev Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında, eləcə də Şuşa, Kəlbəcər və Zəngilan şəhərlərində tikinti işlərinin sürətləndirilməsini, yeni infrastruktur obyektlərinin inşasını özündə ehtiva edən sərəncamlar imzalayıb. Sənədlərə istinadən deyə bilərik ki, işğaldan azad olunmuş ərazilərdə tikinti- quruculuq işləri bundan sonra da intensiv şəkildə davam etdiriləcək.

Qalib Azərbaycanla məğlub Ermənistanın fərqi

İşğaldan azad olunmuş ərazilərimiz təxminən 11 min kvadratkilometri əhatə edir. Həmin ərazilərdən təqdim olunan foto və video materiallar son dərəcə kədərli təəssürat oyadır. Bir vaxtlar bu ərazilərdəki şəhər və kəndlərimiz özlərinin çiçəklənən dövrünü yaşayıb. Burada təbiətin əsrarəngiz gözəlliyini yaşayış məskənlərinin abadlığı tamamlayırdı. Hər tərəfdə quruculuq işləri görülür, torpağa bağlı olan insanlar mövsümə uyğun əkin-biçin aparırdılar. Ötən əsrin əvvəllərində başlayan  dağıdıcı müharibə hər şeyi yarımçıq qoydu, ərazilərimizin 20 faizi işğal altına düşdü, təxminən bir milyon insan doğma yurd yerlərini tərk etmək məcburiyyətində qaldı. Özü də qurulu, yar-yaraşıqlı evlərindən, həyət-bacalarından heç nəyi götürmədən, ayaqyalın, başıaçıq halda, tələm-tələsik. Üç onilliyi əhatə edən işğal dövründə bu yerlərdən, Prezident İlham Əliyevin obrazlı şəkildə ifadə etdiyi kimi, sanki vəhşi tayfalar gəlib keçiblər. Onlar yolları üstündə qarşılarına çıxan hər şeyi dağıdıblar, evlərin materiallarını sökərək Ermənistana daşıyıblar, meşələrimizdəki qiymətli ağacları kəsərək mebel sənayesində istifadə ediblər, tarixi mədəni-dini irs abidələrimizi isə ermənilərə xas üsulla özününküləşdirməyə çalışıblar, bu baş tutmadıqda təhqirlərə məruz qoyublar.

Müharibənin bu kədərli mirasını aradan qaldırmaq, əraziləri yenidən dirçəltmək missiyası Azərbaycan dövlətinin üzərinə düşüb. Müharibə başa çatandan sonra  məğlub Ermənistanın mətbuatında belə bir tezis dövriyyəyə buraxıldı ki, Azərbaycanın geri qaytardığı əraziləri bərpa etməyə imkanları çatmayacaq və bunun üçün ən yaxşı halda onilliklər tələb olunacaq. Bu, ermənilərin yenə də xəstə təxəyüllərinin məhsulu idi. Onların Şuşaya, Kəlbəcərə, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, ümumiyyətlə Qarabağa, buradakı abidələrə heç bir bağlılıqları yox idi. Əgər olsa idi, belə genişmiqyaslı dağıntılar törətməzdilər. Xalqımızı isə doğma, əziz yerlərə güclü mənəvi tellər bağlayır. Bu yerlər əcdadlarımızın məskəni olub, gələcəkdə də burada əbədi olaraq azərbaycanlılar yaşayacaqlar.

Güclü Azərbaycan dövləti müharibə başa çatandan dərhal sonra işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işlərinə başlamaqla erməniləri növbəti dəfə məyus etdi. Burada da qalib Azərbaycanla məğlub Ermənistanın fərqi aydın şəkildə nəzərə çarpır. Üç onilliyi əhatə edən işğal dövründə Ermənistan heç bir iqtisadi inkişafa nail olmayıb. Əksinə, Azərbaycanın məqsədyönlü siyasəti sayəsində bu ölkə dalan vəziyyətə düşüb, investisiya cəlbediciliyini tamam itirib, xarici iqtisadi əlaqələri böyük dərəcədə məhdudlaşıb. Təsadüfi deyildir ki, Ermənistanda hansısa bir layihəni reallaşdırmaqdan ötrü nəzərlər mütləq xarici fondlara yönəlir, onlardan kömək, qrant istənilir. Azərbaycan isə geniş maliyyə imkanlarına malik ölkədir və tam müstəqil siyasət həyata keçirir. Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasını da Azərbaycan sırf öz gücünə həyata keçirir. Müharibə başa çatandan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü və xalqımızın doğma yurd yerlərinə möhkəm bağlılığını bir daha nümayiş etdirir.

Layihələrin sistemli və planlı şəkildə reallaşdırılması

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, işğaldan azad edilmiş ərazilərdə infrastruktur quruculuğu, şəhər və kəndlərin inşası sistemli və planlı şəkildə həyata keçiriləcək, burada hər hansı özfəaliyyətə qətiyyən yol verilməyəcək. Sözügedən ərazilərdə bütün layihələr də məhz bu prinsip gözlənilməklə reallaşdırılır. İşğaldan azad olunmuş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəmüvafiqliyi nəzərə alınmaqla dövlət başçısının 7 iyul 2021-ci il tarixində imzaladığı müvafiq Fərmana uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edib. Eləcə də Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması qərara alınıb. Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinin daha operativ və sistemli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin digər fərmanları ilə “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti”, eləcə də “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsləri yaradılıb. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə Zəngilan rayonunda bir sıra mühüm vəzifələrin icrası həvalə edilib. Nizamnamədə də qeyd olunduğu kimi,  Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir: Müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək; müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaları, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək, müvəqqəti idarə etmək; müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək; müvafiq ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etmək; müvafiq ərazidə yerləşən, ümumi istifadədə və balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək. Qarabağ İqtisadi Rayonunda isə oxşar fəaliyyəti  yeni yaradılan “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs həyata keçirir.

Bəhs olunan publik hüquqi şəxslər tərəfindən həm Şərqi Zəngəzur, həm də Qarabağ iqtisadi rayonlarında yeni layihələrin icrası uğurla təmin edilir. Prezident İlham Əliyevin sentyabrın 7-də imzaladığı Sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 2,0 (iki) milyon manat vəsait ayrılıb. Eyni tarixdə imzalanan digər Sərəncamla isə Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 3,0 (üç) milyon manat vəsait ayrılıb.

Göründüyü kimi, işğaldan azad edilmiş ərazilərdə layihələrin icrasının maliyyə təminatı daha da gücləndirilir. Ayrılan vəsaitlər quruculuq-bərpa işlərinin sürətini daha da artırmağa imkan verəcək. Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərin bərpasına ötən il dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdı.  Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Qanuna əsasən, 2022-ci ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına 2 670 000 000,0 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub.

Sosial-mədəni infrastruktur quruculuğu

Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri müxtəlif istiqamətləri əhatə edir. Bəhs olunan ərazilərdə yolların inşası, elektrik enerjisi ilə təminat sisteminin qurulması, su layihələrinin icrası ilə bağlı statistika kifayət qədər zəngindir. Bir sıra layihələrin icrası artıq tamamlanıb, digərlərinin icrası isə uğurla davam etdirilir. O cümlədən işğal olunmuş ərazilərdə ilk yaşayış məntəqəsinin inşası tamamlanıb. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində ilk “Ağıllı kənd” istifadəyə verilib. Bu günlərdə həmin kəndə sakinlərin köçürülməsi həyata keçirilir.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sosial infrastruktur quruculuğu, mədəni irs obyektlərinin tikintisi və bərpası da diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin sentyabrın 7-də imzaladığı sərəncamlarla Zəngilan və Kəlbəcər şəhərlərində məktəb binalarının layihələndirilməsi və tikintisi məqsədilə məktəblərin hər biri üzrə ayrı-ayrılıqda Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 (üç yüz) min manat vəsait ayrılıb. Məktəblərin hər biri 960 şagird yerlik olacaq. Dövlət başçısının sentyabrın 7-də imzaladığı digər bir Sərəncamla isə Şuşa şəhərində yerləşən Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın (Sadıqcanın) yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsə ilkin olaraq 600,0 (altı yüz) min manat vəsait ayrılıb.

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31