Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Dövlətlərin və cəmiyyətlərin istəyi ilə...

Dövlətlərin və cəmiyyətlərin istəyi ilə...

22.12.2022 [10:12]

Böyük coğrafiyada yaranan tarixi birlik

Azərbaycan TDT-nin yeni Zirvə görüşünə yeni töhfələrlə gedir

Xəzər və Qara dəniz hövzələri coğrafiyasında yerləşən Türkdilli ölkələr arasında inteqrasiya getdikcə daha da intensivləşir. Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşü baş tutdu. TDT-nin onuncu Zirvə görüşünün isə 2023-cü ildə Qazaxıstanda keçirilməsi planlaşdırılır.

Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinin ölkə lideri Kasım-Jomart Tokayevin Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşünün nəticələrinə dair yaydığı məlumatda deyilir. Digər səviyyələrdə keçirilən görüşlərin və aparılan müzakirələrin də sayı artıb. Ayrı-ayrı Türk dövlətlərinin yüksək səviyyəli rəsmiləri deka­brın 21-də Şuşada keçirilən Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda bir araya gəliblər. Belə təmaslar artdıqca əməkdaşlığın və müzakirə olunan məsələlərin əhatə dairəsi daha da genişlənir və qarşıya yeni-yeni hədəflər qoyulur.

Sıraların genişlənməsi

Dünyada siyasi və iqtisadi maraqlar fonunda yaradılan bir sıra regional təsisatlar sadalamaq mümkündür. Türk dövlətlərini Türk Dövlətləri Təşkilatında bir araya gəlməsini əngəlləyə biləcək hər hansı bir siyasi amil mövcud deyil. Müəyyən dairələrdə və güc mərkəzlərində Türk dövlətlərinin yaxınlaşmasına qısqanc yanaşmalar sezilsə də, bu kimi cəhdlər ümumi axının, inteqrasiya meyilinin qarşısını almaq gücündə deyil. Bir vaxtlar müəyyən ideoloji səbəblər üzündən Türk dövlətləri bir-birlərindən aralı düşmüşdülər. Ancaq zaman hər şeyi öz yerinə qoydu və tarixi ədalət bərpa olundu. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində keçmiş ittifaqın süqutu ilə Türk dövlətləri arasında baryerlər yaradan ideoloji-siyasi amillər aradan qalxdı və birləşmək üçün tarixi şans yarandı. Yeni tarixi şərait Türkdilli ölkələrin birləşməsini mümkün və labüd edirdi. 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”i imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib.

Türk Dövlətləri Təşkilatı yarandığı zaman onun dörd üzv ölkəsi - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın Macarıstanda da ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin kifayət qədər yüksək olduğunu göstərir. Türk Dövlətləri Təşkilatının bir sıra əlaqəli orqan və təşkilatı var. Bunlardan Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) katibliyi və Türk Mədəniyyəti və İrsi Fondunun katibliyi Azərbaycanda yerləşir.

Böyük Türk birliyini mümkün və zəruri edən amillər

Bu gün Türk dövlətlərinin birliyini möhkəm və uzunömürlü edən amillər çoxdur. Burada tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, humanitar sahə, siyasi maraqların uzlaşması və bu kimi digər fundamental səbəbləri sadalamaq mümkündür. Türk dövlətləri tarixən formalaşan möhkəm zəminə əsaslanmaqla müasir çağırışlar qarşısında öz güclərini birləşdirmək, gələcəyə doğru birlikdə addımlamaq niyyəti sərgiləyirlər.

Türk dövlətləri həm də özlərində böyük iqtisadi gücü birləşdirirlər. Türk dünyasının iqtisadi lokomotivi, heç şübhəsiz ki, Türkiyədir. 761.4 milyard dollarlıq ÜDM-ə malik Türkiyə hazırda öz inkişafının ən yaxşı dövrünü yaşayır. Burada ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat qurulub. Türk birliyində sonrakı yerləri bölüşən Qazaxıstan 181.7, Özbəkistan 57.9, Azərbaycan 48, Türkmənistan 48 və Qırğızıstan 8.5 milyard dollar həcmində nominal ÜDM-ə malikdirlər. Bütövlükdə, Türk dünyasında 1,2 trilyon nominal ÜDM formalaşır ki, bu da kifayət qədər böyük həcmdir. Mütəxəssislərin qənaətlərinə görə, TDT ölkələrin iqtisadi inteqrasiyası baxımından da əlverişlidir. Türk Dövlətləri Təşkilatı bir növ Avropa İttifaqına oxşar regional əməkdaşlıq platformasıdır. Hazırda təşkilat daxilində iqtisadi və ticari əməkdaşlığı daha sistemli şəkildə əlaqələndirmək mümkündür. Bu formatda əməkdaşlıq ölkələr arasında daha liberal ticarət rejimlərinin formalaşmasına imkan yaradır. Bütün bunlar ondan xəbər verir ki, Türk dünyasında perspektivdə iqtisadi əlaqələr daha da dərinləşəcək.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təsis edildikdən sonra iqtisadi əməkdaşlıq çərçivəsində müvafiq qurumların yüksək səviyyəli rəsmiləri arasında çoxsaylı görüşlər keçirilib, bir neçə biznes forum təşkil olunub. Bu görüşlərdə və biznes forumlarda quruma üzv dövlətlərin iqtisadi imkanları, əməkdaşlıq sahələri təqdim olunub. O cümlədən, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qəbul edilən qərarlar böyük aktuallıq daşıyır.

Perspektivdə yeni təsisatlarla Türkdilli ölkələr arasında inteqrasiya əlaqələrini daha da möhkəmlətmək nəzərdə tutulur. Məsələn, Türk dövlətləri üçün gələcəkdə elektron baza yaratmaq ideyası çox aktualdır. Bu barədə dekabrın 21-də Şuşada keçirilən Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib. O qeyd edib ki, komitənin rəsmi internet saytında yayımlanan xəbərlərin operativliyini, sayını təmin etmək üçün interaktiv xəritə yaradılıb. Yaradılan xəritə ilə dünyanın istənilən yerindən diaspor haqqında məlumat almaq olar. Fuad Muradovun sözlərinə görə, dünyanın 60-dan çox ölkəsindən minlərlə soydaşımızın qatıldığı konfranslar təşkil edilib.

Eyni zamanda, Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin yaradılması planlaşdırılır. “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin yaradılması mərhələsindəyik”. Bu fikri isə Türkiyənin daxili işlər naziri Süleyman Soylu TDT Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərin Zirvə görüşündə deyib.

O bildirib ki, bu gün bu istiqamətdə ilk addımlar atılır. “Zəlzələlər güclü və dağıdıcıdır. Amma inanırıq ki, bizim qardaşlığımız daha güclüdür”, - deyə Süleyman Soylu qeyd edib.

Azərbaycanın artan rolu

Azərbaycanın Türk birliyinin möhkəmlənməsində artan rolu xüsusi diqqət çəkir. İndiyədək respublikamız Türk dünyasının birliyinin güclənməsinə mühüm töhfələr verib. Təşkilatın məhz Naxçıvan Sazişi ilə yaradılması bunun bariz göstəricisidir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edib. Məsələn, Prezident İlham Əliyev 2014-cü ildə Bodrumda keçirilən Dördüncü Zirvə görüşü zamanı Türk İnvestisiya Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi pandemiya dövrünə düşsə də, ölkəmiz vəziyyətə adekvat reaksiya verərək uğurlu bir sədrlik həyata keçirib. 2020-ci ildə Azərbaycan təşkilatın dövlət və hökumət başçılarının onlayn Zirvə görüşünü təşkil edib. Bu, pandemiya dövründə dövlət və hökumət başçıları səviyyəsində təşkil edilən ilk onlayn tədbir idi.

Azərbaycanın bütün Türkdilli ölkələrlə yüksəksəviyyəli ikitərəfli münasibətlər qurması son nəticədə TDT-nin möhkəmlənməsinə öz müsbət təsirini göstərir. Qardaş ölkələr olan Azərbaycan və Türkiyə qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar. Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlığın dərinləşməsində 2019-cu ildə imzalanmış Preferensial Ticarət Sazişi mühüm yer tutur. Məlumat üçün bildirək ki, Türkiyə şirkətləri Azərbaycanda indiyədək 400-dən çox layihə həyata keçiriblər. Azərbaycanlı iş adamları da qardaş ölkədə yüksək fəallıq nümayiş etdirirlər. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. İndiyədək respublikamızdan qardaş ölkənin iqtisadiyyatına təxminən 20 milyard dollar, Türkiyədən Azərbaycana isə 14 milyard dollara yaxın sərmayə yönəldilib. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə ikitərəfli əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Azərbaycanla Özbəkistan arasında siyasi dialoq yüksək səviyyədədir. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 154 sənəd imzalanıb. Bu ilin doqquz ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 131,06 milyon dollar olub. Halbuki, 2021-ci ildə bu göstərici 111,9 milyon dollar idi. Bu il yükdaşımaların həcmində də artım müşahidə olunub. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 578 min ton olub. Bu, əvvəlki illərə nisbətən 2-3 dəfə çoxdur.

Azərbaycanla Qazaxıstan arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib. Ümumilikdə isə Azərbaycan ilə Qazaxıstan arasında 119 ikitərəfli sənəd imzalanıb. Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına daha da töhfə verib. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. 2022-ci ildə isə bu rəqəmin 500 milyon dollara çatdırılması nəzərdə tutulub. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon ABŞ dolları həcmində investisiya qoyulub.

Azərbaycanla Qırğızıstan arasındakı münasibətlərdə yeni bir səhifənin açıldığını söyləmək mümkündür. “Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb”. Bu fikirləri Prezident İlham Əliyev cari il aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində keçirilən geniş tərkibdə görüşdə ifadə edib. Həmin görüşdə Qırğızıstanın dövlət başçısı ikitərəfli münasibətlərin qurulmasında Ulu Öndərin rolunu yüksək dəyərləndirərək varisliyi qoruyub saxladığına və daha da inkişaf etdirdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb: “Hörmətli İlham Heydər oğlu, icazə verin, varisliyi qoruyub saxladığınıza görə Sizə minnətdarlığımı bildirim. Bu varislik sayəsində bizim münasibətlərimiz bu gün də uğurla inkişaf edir. Hesab edirəm ki, bizim müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin qurduğumuz etibarlı təməli olmasaydı, qarşılıqlı əlaqələrimizin fəallığı mümkün olmazdı”.

Azərbaycanla TDT-da müşahidəçi qismində təmsil olunan Türkmənistan arasında da əməkdaşlıq çoxşaxəlidir. Hər iki dövlət BMT, İKT, MDB və digər beynəlxalq qurumlar çərçivəsində bir qayda olaraq konstruktiv mövqe nümayiş etdirirlər və müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan Türkmənistanın bitərəflik statusunu dəstəkləyən ilk ölkələrdən biridir. 2017-ci ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə” adlanan bu sənəd iki ölkə arasında əməkdaşlığın daha geniş perspektivi barədə konkret təsəvvür yaradır. 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Azərbaycanla Türkmənistan arasında qarşılıqlı ticarət dövriyyəsi 2022-ci ilin əvvəlindən 5 dəfə artaraq rekord səviyyəyə yüksəlib.

Azərbaycan həmçinin ayrı-ayrı Türkdilli ölkələrin üçtərəfli formatda bir araya gəlməsində mühüm rol oynayır. İndiyədək ölkəmizin fəal iştirakı ilə Türkiyənin, Özbəkistanın, Qazaxıstanın və Türkmənistanın yer aldıqları üçtərəfli əməkdaşlıq formatları yaradılıb. Bəhs olunan bu üçtərəfli formatlar çərçivəsində enerji və nəqliyyat sektorunda bütün Türk dünyası üçün böyük önəm daşıyan əməkdaşlıq münasibətləri uğurla inkişaf edir.

Azərbaycan həmçinin postmüharibə mərhələsində Zəngəzur dəhlizinin yaradılmasına böyük səy göstərir. Prezident İlham Əliyevin təkidi ilə üçtərəfli Bəyanatda Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində olan Naxçıvan arasında nəqliyyat bağlantısının bərpa edilməsi ilə bağlı müddəa salınıb. Bu dəhliz açıldıqdan sonra zamanında müəyyən güc mərkəzlərinin ambisiyalarına görə pozulan tarixi Türk coğrafiyasının birliyi də təmin olunacaq.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 104 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Bir əsr, 32 il...

02 Fevral 11:00

Xəbər lenti

Regionda birinci...

02 Fevral 10:59

Xarici siyasət

Analitik

Xəbər lenti

Siyasət

Gündəm

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28