Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Hədəflər açıqlandı

Hədəflər açıqlandı

27.12.2022 [10:00]

Göstərişləri Prezident verəcək!

Başa çatmaqda olan 2022-ci ildə uzun müddət həsrətini çəkdiyimiz  tarixi anlara şahidlik etdik.

Söhbət 44 günlük Vətən müharibəsinin başa çatmasından cəmi iki il sonra qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunmuş ərazilərə qayıdışının başlamasından gedir. Həmin insanlar üç onillik bundan əvvəl Ermənistanın havadarlarına arxalanaraq başladığı işğalçılıq siyasətinə görə doğma yurd yerlərini məcburi qaydada tərk etmişdilər. Müzəffər Ordumuzun 44 günlük müharibədə qazandığı şanlı Zəfər sayəsində tarixi ədalətsizliyə son qoyuldu.

Qarşıda isə soydaşlarımızı Qərbi Azərbaycana böyük qayıdış gözləyir. Bu hədəfi Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində səsləndirib. “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Torpaq həmişə çəkir

Prezident İlham Əliyev soy­daşlarımızın Qərbi Azərbaycana qayıdacaqları ilə bağlı hədəfi bəyan edərkən azərbaycanlıların xarakterində olan çox mühüm bir amilə - xalqımızın tarixi yaddaşına istinad edib. Müqayisə aparan dövlətimizin başçısı bildirib: “Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni, bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”.

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. İndiki Ermənistanın ərazisində tarix boyu azərbaycanlılar yaşayıblar. Bunu təsdiqləyən tarixi sənədlər və xəritələr var. Günümüzə qədər gəlib çatan həmin xəritələrdə onlarla yaşayış məntəqəsinin adları qeyd olunub. Toponimlərin əksəriyyəti Azərbaycan mənşəlidir. Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq və tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıqlar göstərib. Bununla belə,  tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı doğma torpaqlarından məhrum edilib. Prezident İlham Əliyev bildirib ki, XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı vurğulayıb: “1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu, xəyanət idi və cinayət idi. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik”.

Tariximizdə şanlı səhifələr də olub, qara səhifələr də. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, qısamüddətli fəaliyyəti haqqında dəfələrlə öz fikirlərini bildirib. Dövlətimizin başçısı Azərbaycan Demokratik Respublikasının qurucularının fəaliyyətini yüksək qiymətləndirib. Cəmi iki il yaşamasına baxmayaraq, bu, müsəlman aləmində ilk demokratik respublika idi. Ancaq, eyni zamanda, biz bu tariximizin qara səhifələrini də unutmamalıyıq, ört-basdır etməməliyik. Birincisi, tarixi həqiqət təhrif olunmuş formada təqdim edilməməlidir. İkincisi, bu faciəvi hadisə hamımız üçün dərs olmalıdır.

Zamanında bir çoxları tarixi şəhərimiz olan İrəvanın Ermənistana verilməsini müxtəlif səbəblərlə izah edir və buna haqq qazandırmağa çalışırdılar. Belələri indi də var. Ancaq heç bir izahat qəbul edilən deyil, çünki ermənilər bu addımla kifayətlənməmişlər. “Əgər kimsə hesab edirdi ki, İrəvanı orada yaşayan insanlardan xəbərsiz öz doğma diyarından məhrum etməklə Ermənistan və ermənilər kifayətlənəcək, böyük səhv edirdi və sonrakı tarix bunu bir daha göstərdi. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Bunun da məqsədi tam aydın idi. Birincisi, erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi. Digər tərəfdən, Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq üçün atılmış bir addım idi”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bəhs olunan nitqində Prezident İlham Əliyev belə bir fikrini əsaslandırıb ki, hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan. İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalıb. Bu, sovet hökumətinin Qərbi azərbaycanlılara və bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş növbəti cinayəti idi. Bu, eyni zamanda, böyük ədalətsizlik idi, vicdansızlıq idi. Çünki İkinci Dünya müharibəsi cəmi 3 il idi ki, başa çatmışdı. Azərbaycan xalqı müharibədə böyük fədakarlıq göstərmişdi. Təkcə sovet Azərbaycanından olan insanların 300 mini qanlı döyüşlərdə həlak olmuşdur. Eləcə də o vaxt sovet Ermənistanında yaşamış on minlərlə azərbaycanlı da cəbhədə həyatını itirmişdi. Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində əldə edilmiş Qələbədə müstəsna rol oynayıb. Azərbaycan nefti olmasaydı sovet dövləti heç vaxt faşizm üzərində qələbə qazana bilməzdi. Bunu hər kəs bilir. Rəqəmlər də dəfələrlə səsləndirilib. Ordunun təchizatı üçün benzinin, sürtkü yağlarının və neftin təqribən 70, 80, 90 faizi Azərbaycandan tədarük edilirdi. Bütün bunlara baxmayaraq, müharibə başa çatandan cəmi üç il sonra xalqımıza qarşı haqsızlıq edildi və on minlərlə soydaşımız deportasiyaya məruz qaldı.

Ötən əsrin səksəninci illərinin sonlarından etibarən sovet hökuməti xalqımıza qarşı növbəti cinayətə rəvac verib. Bu dəfə ulu öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Həmin dövrü xatırlayan Prezident İlham Əliyev deyib: “Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi və biz bu tarixi yaxşı bilirik, xatırlayırıq və azərbaycanlıların yaşadıqları o məntəqələrin sayını da yaxşı bilirik - 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Mən ovaxtkı Ermənistanı nəzərdə tuturam, Ermənistan Respublikasını nəzərdə tuturam, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər və bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Bütün bu cinayətlər sovet hökumətinin gözünün önündə baş vermişdi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı. O da azmış kimi Qarabağda da xalqımıza qarşı cinayət törədildi”.

XX yüzilliyin sonlarına yaxın Qarabağın və Şərqi Zəngəzurun işğalı xalqımızın növbəti faciəsi idi. Bu dəfə ermənilər havadarlarının köməyi ilə Azərbaycanın 10 min kvadratkilometrdən çox ərazisini öz nəzarətləri altına keçirməyə nail oldular. Sonuncu işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bununla belə, üzləşdiyi məhrumiyyətlər xalqımızı sındıra bilmədi. Prezident İlham Əliyev xalqımıza daim ümid verirdi, əminliklə bildirirdi ki, biz doğma yurd yerlərimizə qayıdacağıq. Bu ümidlər Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə doğruldu. Ordumuz müharibədə Ermənistanı diz çökdürməklə əslində dünya erməniliyini məğlubiyyətə uğratdı.

Haqq səsimiz dünya ictimaiyyətinə çatdırılmalıdır

Azərbaycan addım-addım özünün tarixi məqsədlərinə doğru irəliləyir. Vətən müharibəsində qazanılan Qələbə son 200 illik tariximizin ən böyük zəfəridir. Son iki əsrdə xalqımız daim torpaq itkilərinə məruz qalıb. Bu pis ənənəyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və mahir sərkərdəlik qabiliyyəti sayəsində Vətən müharibəsində son qoyuldu. Azərbaycan iki əsrdə ilk dəfə olaraq itirilmiş torpaqlarını geri qaytardı. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq.

Artıq başa çatmaqda olan 2022-ci ildə də bir çox önəmli hadisələr baş verib. Cari ilin sentyabrında Ordumuz Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirdi və növbəti dəfə öz gücünü düşmənə göstərərək strateji yüksəkliklərdə möhkəmləndi. Uğurlarımızı dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb: “Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən siyasi sahəni nəzərdə tuturam, - qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Bax, özümüzü bundan sığortalamaq üçün biz mütləq Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib olmalı idik və buna nail olduq”.

Ordumuzun qazandığı uğurlar Qərbi Azərbaycan İcmasının məqsədyönlü fəaliyyəti ilə tamamlanmalıdır. Prezident İlham Əliyev bildirib ki, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. “Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, İcma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir. Ona görə hesab edirəm ki, İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu İcmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu İcmanın fəallığı çox önəmli ola bilər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına verdiyi mühüm tapşırıqlardan biri də qurumun beynəlxalq miqyasda fəaliyyəti ilə bağlıdır. Tarix boyunca üzləşdiyimiz haqsızlıqlar, faciələrimiz dünya ictimaiyyətinin diqqətinə çatırılmalıdır. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev bildirib: “Hesab edirəm ki, İcmanın bundan az əhəmiyyət kəsb etməyən beynəlxalq müstəvidə fəaliyyəti olmalıdır. Çünki biz bu həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, necə ki, Qarabağ həqiqətlərini çatdırmışdıq”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28