Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / İki ölkənin üç mühüm tarixi

İki ölkənin üç mühüm tarixi

18.01.2023 [10:28]

Bu il Azərbaycan və Türkiyə üçün əlamətdar hadisələr vəd edir

Heydər Əliyev İli, sülh ili, inkişaf ili olacaq...

Arxada qoyduğumuz 2022-ci il Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə yadda qalmışdı - ölkəmiz həm regional, həm də beynəlxalq müstəvidə mühüm uğurlar əldə etmişdi. Ölkəmiz xarici siyasət kursunda - diplomatik cəbhədə, danışıqlar masasında əsaslı üstünlüklər qazanmışdı. Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımışdı və bu amil gələcək üçün danışıqların intensivləşməsi fazasında mühüm bir element kimi çıxış edəcək.

2022-ci il Azərbaycanı bütün dünya ölkələri üçün yaxın, etibarlı tərəfdaş, sözü imzası qədər dürüst və dəyərli olan dövlət kimi xarakterizə etdi - Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı kimi mühüm beynəlxalq platformalarda əldə edilən üstünlüklər 2023-cü il üçün olduqca yüksək bir baza formalaşdırdı - artıq Azərbaycan Qərbin və Şərqin, Ərəb dünyasının qəbul etdiyi, təhlükəsizlik seqmentinin formalaşmasında mövqeyi əsas götürülən dövlətə çevrilib. Bu isə yaşayacağımız 2023-cü ili Azərbaycan üçün daha əlamətdar bir tarixə çevirə bilər.

Bu il Ulu Öndərimizin 100 illik yubileyidir. 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Müasir Azərbaycanın banisi olan Heydər Əliyevin 100 illik yubileyi Azərbaycanın uzun illərdən bəri yaşadığı ən böyük problemin - Qarabağ probleminin tam şəkildə həlli ili kimi tarixə yazıla bilər. Və buna ümid də böyükdür. Azərbaycanın 2020-ci ildə döyüş meydanında qazandığı qələbə nə qədər əhəmiyyətli idisə, ötən dövr ərzində diplomatik danışıqlarda əldə etdiyimiz üstünlük o qədər dəyərli və əhəmiyyətlidir - Azərbaycan artıq məsələni tam həll edib. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu amil

2023-cü ildə rəsmi sülhün realaşmasında əsaslı rol oynayacaq. Bu mənada,

1993-cü ildə qayıdışı ilə Azərbaycanın dövlətçiliyini, varlığını xilas edən, gələcək inkişafının əsasını qoyan ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan 2023-cü il öz əlamətdarlığı ilə tarixə yazıla bilər. Ümummilli Liderimizin ideyaları əsasında müstəqillik, tərəqqi və Zəfər yolunda əmin addımlarla irəliləyən, Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələr fəth edən Azərbaycanı “Heydər Əliyev İli”ndə yeni nailiyyətlər və diplomatik qələbələr gözləyir.

Cümhuriyyətin 100-cü ildönümü - Türkiyə qlobal gücə çevrilib...

Qeyd edildiyi kimi, bu il qardaş Türkiyədə də əlamətdar tarixlər yaşanmaqdadır. 2023-cü il həm Cümhuriyyətin 100-cü ildönümü, həm də növbəti prezident seçkiləri ilə tarixə yazılacaq. Müasir Türkiyənin əsası 100 il öncə - 1923-cü ildə qoyuldu. Hələ Ərzurum qurultayında çıxışı zamanı Qazi Mustafa Kamal Paşa qələbədən sonra idarə formasının cümhuriyyət olacağını bəyan etmişdi. 1922-ci ilin noyabrın 1-də dövlət idarə-üsulunda sultanlığın ləğvi ilə Türkiyənin tarixində yeni mərhələ başlandı. Milli Mübarizənin zəfər çalmasında tarixi rol oynamış Türkiyə Böyük Millət Məclisinin birinci dövr üzvləri yeni seçki qərarı verərək (1 aprel 1923) buraxıldılar. Yeni seçkilərin keçirilməsindən sonra TBMM ikinci müddətə fəaliyyətə başladı. Yeni qurulan parlament Lozanna Sülh Müqaviləsini ratifikasiya etdi. Beləliklə, milli müstəqillik tam şəkildə reallaşdı. 1923-cü ildə yaşanan hökumət böhranı isə Mustafa Kamal Paşaya cümhuriyyəti elan etmək üçün çoxdan gözlədiyi fürsəti verdi. 1923-cü il oktyabrın 28-i axşama qədər hökuməti qurmaq mümkün olmayandan sonra Mustafa Kamal Paşa Çankaya Köşkündə dostlarına “Sabah cümhuriyyəti elan edəcəyik!”, - dedi. Həmin gecə İsmət Paşa ilə birlikdə 1921-ci il Konstitusiyasının bəzi maddələrini dəyişdirən qanun layihəsi hazırladılar. Türkiyə Böyük Millət Məclisində “Türkiyə dövlətinin idarə forması cümhuriyyətdir” müddəasını ehtiva edən qanun layihəsi ilə bağlı çıxışlardan sonra Cümhuriyyətin elan edilməsi təsdiqləndi. Beləliklə, Türk dünyası üçün, Türkiyə üçün yeni inkişaf erasının əsası qoyuldu.

Ötən 100 ildə mühüm inkişaf yolu keçmiş Türkiyə Respublikasının son 20 ilə yaxın zaman kəsiyində əldə etdiyi nailiyyətlər xüsusi vurğulanmalıdır. Bu dövr ərzində Türkiyə özünün iqtisadi-siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə başladı. Son bir neçə il isə Türkiyə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır - Avroasiya məkanında yaşanan katklizmlərdə Türkiyənin rolu, bu ölkənin hərbi müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan yeni tipli silahların yaradılması, ən əsası isə mühüm bir coğrafiyada siyasi liderlik statusuna yüksəlməsi 2023-cü il üçün mühüm perspektivlər formalaşdırır. Cümhuriyyət ili Türkiyənin Yaxın Orta şərq, Avropa, Qafqaz regionunda apardığı siyasətin daha da möhkəmlənməsinə yol aça bilər. Siyasi münasibətlərdə yeni səhifələrin açılması, Aralıq dənizi hövzəsində müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, Yaxın Orta Şərqdə siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, hətta NATO-nun gələcəyində oynadığı mühüm rol, Qafqazda siyasi münasibətlərin müəyyənləşməsinə təsiri Türkiyənin 2023-cü il üçün müəyyənləşdirdiyi hədəflərin əsas ştrixləridir.

Cümhuriyyətin 100-cü ildönümü Türkiyə üçün yeni enerji habına çevrilmə perspektivi baxımından da böyük perspektiv vəd edir - Türkiyə Qərblə-Şərq arasında əsas tranzit və enerji mübadiləsi ünvanına çevrilə bilər. Ötən illər ərzində tapılan enerji rezervləri Türkiyəni Avroasiyanın yeni enerji təminatçısı kimi çıxış etməsinə zəmin yaradacaq. Yaxın perspektivdə açılması nəzərdə tutulan Zəngəzur dəhlizi isə Azərbaycan vasitəsilə Türkiyənin də dünyanın ən böyük materikinin yeni yol xəritəsinin mühüm stansiyalarından birinə çevrilməsini təmin edəcək...

Türkiyə 2023 seçkiləri ərəfəsində - nələr gözlənilir?

Bu il həm də Türkiyədə prezident seçkiləri keçiriləcək - bu ilin yayında keçiriləcək seçkilər ölkənin gələcəyi üçün də olduqca mühüm və həyati əhəmiyyətə malikdir. Xatırladaq ki, 2018-ci ildən Türkiyədə idarə üsulu dəyişib: baş nazir postu ləğv edilib, prezident həm dövlət, həm də hökumət başçısı olub. Həmin vaxta qədər isə Türkiyə parlament respublikası idi, hökumət Böyük Millət Məclisinə seçkinin nəticələri əsasında qurulurdu.

Son illərdə qardaş Türkiyədə mühüm siyasi, iqtisadi islahatlar aparılır - bunun nəticəsində də əsaslı inkişafa nail olunub, Türkiyənin ümumi daxili məhsulu bir neçə dəfə artıb. Qarşılığında isə xarici borcları demək olar ki, ən minimal səviyyəyə enib. Artıq bir neçə ildir ki, Türkiyənin siyasi rəhbərliyi 2023-cü il ilə bağlı strateji planlar haqqında mühüm mesajlar səsləndirir. Aparılan islahatlar, atılan addımlar 2023-cü ilin Türkiyə tarixində yeni bir mərhələnin başlanğıcı olacağını deməyə əsas verir. Yuxarıda da qeyd etdiyimiz kimi, artıq 20 ilə yaxındır ki, Türkiyənin dövlət siyasətinin hədəfləri, istiqamətləri konkretləşdirilib:

- Qardaş ölkə regional proseslərdə aktiv rol alır;

- Qlobal proseslərdə mühüm iştirakçı qismində çıxış edir;

- İstər Yaxın Şərq problemi, istər Qarabağ məsələsi, istərsə də Ukrayna ilə bağlı gərginliklərdə Türkiyənin tutduğu mövqe bu dövlətin regional güc mərkəzinə çevrildiyini sübuta yetirir”.

2023-cü illə bağlı strateji planların əsasında həm də Türkiyə iqtisadiyyatının daha da şaxələndirilməsi, milli müdafiə sənayesinin inkişafı, Avropa və Asiya ilə əlaqələrin daha da yüksək səviyyəyə çatdırılması kimi məsələlər dayanır. Türkiyənin Xəzinədarlıq və Maliyyə Nazirliyinin 2023-2025-ci illəri əhatə edən Ortamüddətli Proqramında (MTP) bildirilir ki, inflyasiya hədəfi 2023-cü ildə 24,9%, 2024-cü ildə isə 13,8% səviyyəsində müəyyən edilib. Bu il və 2023-cü il üçün iqtisadi artım hədəfi 5%, 2024 və 2025-ci il üçün 5,5% proqnozlaşdırılıb. MTP-yə görə, Türkiyədə işsizlik səviyyəsi 2023-cü il üçün 10,4%, 2024-cü ildə 9,9% və 2025-ci il üçün 9,6%-ə enəcək.

Eləcə də, Türkiyədə Milli Süni Zəka (SZ) Strategiyası (2021-2025) davam etdiriləcək. Bəlli olduğu kimi, Strategiya 11-ci İnkişaf Planı çərçivəsində Sənaye və Texnologiya Nazirliyi və Prezident Administrasiyasının aidiyyəti ofisi tərəfindən birgə hazırlanıb. Sənəddə Türkiyənin 2025-ci ildə SZ sahəsində nail olmağı planlaşdırdığı hədəflər yer alır. Son illərdə əldə olunan uğurlar, yeni texnologiyaya əsaslanan silahların hazırlanması isə bu hədəflərin uğurla həayta keçirildiyini deməyə əsas verir.

TDT-yə ümidlər böyükdür...

Qeyd edildiyi kimi, 2022-ci il bütövlükdə türk dünyasının, türkdilli ölkələrin münasibətlərində dinamizmin yaşandığı bir dövr kimi xarakterizə olundu. Bu isə, 2023-cü il üçün mühüm zəmin formalaşdırdı. Bunun nəticəsidir ki, 2022-ci ilin noyabrında Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə 2023-cü ilin “Türk Sivilizasiyasının Yüksəlişi İli” elan edilməsi planlaşdırıldı. Bununla bağlı tvitter hesabında paylaşım edən Özbəkistanın xarici işlər naziri Vladimir Norov bildirmişdi. TDT-nin Ağsaqqallar Şurasının sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) müavini Binəli Yıldırım isə ötən ilin sonunda Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonuna səfəri zamanı bildirmişdi ki, 2023-cü il türklərin ili olacaq. B.Yıldırım vurğulamışdı ki, Türkiyə Cümhuriyyətinin və ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ilidir: “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı daha da möhkəmlənəcək. Qardaşlarımızın sevincinə hər zaman ortaq olacağıq. Bir millət, iki dövlət şüarının da həqiqətə çevrildiyini günbəgün görməkdəyik”.

Həqiqətən də ötən il ən mühüm regional poseslərdən biri də Türkdilli ölkələrin yer aldığı regionda müşahidə olundu. Belə ki, 2021-c? ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı kimi adlandırılması, münasibətlərin yaxınlaşmasında yeni mərhələyə qədəm qoyulması 2022-ci ili bu region üçün də dinamikləşdirirdi. İl ərzində TDT üzvü olan ölkələrin rəhbərlərinin qarşılıqlı səfərləri, imzalanan anlaşmalar, memorandumlar isə dövlətlərarası münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qədəm qoymasını şərtləndirdi. Artıq bütün dünya bir faktı dəqiqləşdirdi - Azərbaycanın və Türkiyənin rəhbərliyi, müəyyənləşdirdiyi yol xəritəsinə əsasən Türk Dövlətləri Təşkilatı üzvü olan ölkələr arasıda inteqrasiya 2023-cü ildə daha da güclənəcəkdir.

Ötən ilin noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı liderlərinin Zirvə görüşü isə bu məsələdə əsaslı əhəmiyyət daşıdı - “Türk sivilizasiyasının yeni dövrü: Birgə inkişaf və tərəqqiyə doğru”“ mövzusu ilə keçirilən toplantı TDT-nin gündəmini və gələcək planlarını müəyyənləşdirdi. İqtisadi, ticarət, nəqliyyat və gömrük sahələrindəki TDT layihələrilə bağlı razılaşmaların və rəsmi sənədlərin imzalandığı bu platforma quruma üzv və müşahidəçi statusunda olan dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas prioritetlərini müəyyənləşdirdi. İmzalanan Səmərqənd Bəyannaməsi təşkilatın inkişafında yeni bir mərhələni formalaşdıran qərarlar toplusuna çevrildi. Qarşıdakı perspektivdə qurumun miqyası, xarakteri, hətta gücü də fərqli müstəvilərdə özünə yeni inkişaf formalaşdıra bilər - TDT-nin 2023-cü ildə real hərbi, iqtisadi və siyasi birlik platforması olmasına ümidlər böyükdür...

Pərviz SADYOĞLU

Paylaş:
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28