Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yaxın və uzaq qonşuluqda...

Yaxın və uzaq qonşuluqda...

17.02.2023 [10:36]

Azərbaycana və onun Müzəffər Liderinə böyük hörmət və etimad bəslənilir

Mübariz FEYİZLİ

Xəbər verildiyi kimi, fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Ukrayna Prezidenti kimi Azərbaycanın fəal xarici siyasət kursuna yüksək qiymət verən dövlət başçılarının və beynəlxalq təşkilatların yüksəksəviyyəli rəsmilərinin sayı kifayət qədər çoxdur. Ölkəmizin ardıcıllıqla həyata keçirdiyi siyasətə belə yüksək dəyər verilməsi isə heç də təsadüfi deyil.

Əsas məqam: Prezident İlham Əliyevin qlobal liderlik keyfiyyətləri

Bu, bir həqiqətdir ki, ölkələrin diplomatiyasında liderlər həmişə öz dəst-xətlərini yazırlar. Azərbaycanın uğurlu xarici siyasət kursunda da Prezident İlham Əliyevin hər cür konyukturadan uzaq olan, Azərbaycanın milli maraqlarına və ədalət prinsipinə, beynəlxalq hüquq normalarına əsaslanan mövqeyi açıq-aydın görünür. İlham Əliyevin bu kimi kriteriyalarla müəyyənləşdirdiyi xarici siyasət kursu həm Onun özünə, həm də ölkəmizə bütün dünyada böyük nüfuz qazandırıb. Prezident İlham Əliyev təkcə son vaxtlarda müxtəlif ölkələrdə səfərlərdə olub və çoxsaylı görüşlər keçirib. Coğrafiyalar fərqli olsa da, Azərbaycanın Liderinə münasibət eynidir - O, bütün məkanlarda sonsuz ehtiramla və hörmətlə qarşılanır. Belə demək mümkündürsə, dünyanın dörd bir tərəfində Prezident İlham Əliyevi gözləyirlər, Ona zəng edirlər və telefon diplomatiyasını işə salaraq Onun fikirlərini, müxtəlif məsələlərə münasibətini öyrənməyə çalışırlar. Bu sırada Türkiyənin, Rusiyanın, İsrailin, İtaliyanın, Fransanın, Özbəkistanın, Serbiyanın, Moldovanın, Polşanın və digər ölkələrin prezidentləri yer alırlar. ABŞ-ın dövlət katibi,  Avropa İttifaqı Şurasının Prezidenti, NATO-nun baş katibi və başqaları da Azərbaycan Prezidenti ilə telefon diplomatiyası qurublar. İlham Əliyev qüdrətli dövlətin Prezidenti, Müzəffər Ali Baş Komandanıdır. Müxtəlif məkanlarda keçirilən görüşlər, telefon diplomatiyası bir daha təsdiqləyir ki, dünyada Onunla hesablaşırlar. Ayrı-ayrı ölkələrin dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri Prezident İlham Əliyevlə regional və qlobal gündəliyə aid ən müxtəlif mövzuları müzakirə edirlər. Bunların sırasında postmüharibə mərhələsində Cənubi Qafqazda sülhyaratma prosesi, enerji və nəqliyyat layihələri ilə bağlı aparılan müzakirələri xüsusi vurğulaya bilərik.

Beynəlxalq səviyyədə İlham Əliyevə belə yüksək münasibət ilk növbədə Azərbaycan Prezidentinin qlobal liderlik keyfiyyətləri nümayiş etdirməsindən qaynaqlanır. Burada

-Prezident İlham Əliyevin daim regional və qlobal əməkdaşlığı hədəfləyən təşəbbüslərlə çıxış etməsi,

-Beynəlxalq həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verməsi,

-Onun praqmatikliyi və qətiyyəti, perspektivə hesablanan fəaliyyət sərgiləməsi,

-Bütün strateji addımları zamanında atması,

-Sözünün və imzasının vəhdəti, mövqeyinin dəyişməz qalması,

-Daim təvazökar və hər cür konyukturadan uzaq olması mühüm rol oynayır.

Belə səmimi, uzaqgörən, milli, milli olduğu qədər də bəşəri düşünən Lideri dünya niyə qəbul etməsin ki?

İran və Ermənistan istisna olmaqla...

Prezident İlham Əliyev dəfələrlə belə bir fikri əsaslandırıb ki, ayrılıqda təcrid olunmuş hansısa bir ölkə uğur qazana bilməz. Azərbaycan Prezidentinin diplomatik fəallığı multiregional və strateji xarakterlidir, böyük coğrafiyalarda Azərbaycanın maraqlarına uyğun tərəfdaşlıq əlaqələrinin formalaşmasını ehtiva edir, siyasi, hərbi, iqtisadi və humanitar sahələri əhatə edən yeni hədəflər müəyyənləşdirir. Bu tezislərin nə qədər həyati olduğunu məğlub Ermənistanın timsalında aydın şəkildə görürük. Bu ölkə işğalçılıq siyasətinin girovuna çevrilərək dalan vəziyyətə düşüb, bütün parametrlər baxımından cəlbediciliyini itirib.

Azərbaycana gəldikdə isə biz tamam fərqli bir mənzərənin şahidi oluruq. Bu gün Azərbaycan Ermənistan və İran istisna olmaqla, əksər yaxın və uzaq qonşu ölkələrlə münasibətlərini yüksələn xətlə inkişaf etdirir. Ermənistanla münasibətlərin qurulmaması əvvəlki mərhələdə qonşu ölkənin işğalçılıq siyasəti, postmüharibə mərhələsində isə revanşist mövqedən çıxış etməsi ilə bağlıdır. Azərbaycan qalib statusuna baxmayaraq, bu ölkəyə tərəf addım atır, Cənubi Qafqazda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasına çalışır. Ermənistan isə manipulyasiyalar sərgiləyərək sülh təkliflərindən qaçır, destruktiv davranışlar sərgiləyir. Həmçinin İranı da oxşar mövqedən səciyyələndirə bilərik. Azərbaycan İrana həmişə səmimi münasibət bəsləyib, bu ölkə ilə iqtisadi-ticarət və nəqliyyat əlaqələrini genişləndirməyə səy göstərib. İranda təxminən 40 milyon azərbaycanlı yaşayır. Respublikamızın qonşu ölkəyə səmimi münasibəti həm də bu vacib faktordan qaynaqlanır. İranın mollakratiya rejimi isə üç onillik ərzində işğalçı Ermənistanın yanında yer aldı, bu ölkəyə hər cür dəstək verdi. İranla Ermənistanı narkotrafik, təbii sərvətlərin qeyri-qanuni istismarı, Azərbaycanafobiya kimi çirkin fəaliyyətlər ortaq məxrəcə gətirir. İranın Ermənistana münasibətində islam həmrəyliyindən əsər-əlamət yoxdur. Bu dövlət ölkənin aborigen sakinləri olan azərbaycanlılara qarşı diskriminasiya siyasəti həyata keçirir və soydaşlarımızın milli-mədəni hüquqlarını tanımaq istəmir.

İran və Ermənistanı çıxmaq şərti ilə, Azərbaycanın dünyanın əksər ölkələri və mötəbər beynəlxalq təşkilatlarla xoş mərama əsaslanan münasibətləri formalaşıb. Son vaxtlarda türkdilli ölkələr arasında keyfiyyətcə yeni əməkdaşlıq münasibətlərinin qurulmasının şahidi oluruq. Deyə bilərik ki, türkdilli dövlətlər tərəfdaşlıqdan müxtəlif sahələrdə sıx inteqrasiya dövrünə qədəm qoyublar. Türk dövlətlərinin birliyini möhkəm və uzunömürlü edən amillər çoxdur. Burada tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, humanitar sahə, siyasi maraqların uzlaşması və bu kimi digər fundamental səbəbləri sadalamaq mümkündür. Xəzər-Qara dəniz hövzələri regionunda geniş coğrafiyada yerləşən türkdilli ölkələr arasında birliyin möhkəmlənməsində Azərbaycanın rolu xüsusi qeyd edilməlidir. Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda məhz Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri sayəsində qoyulub.

Bu gün Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələri uğurla inkişaf edir. Ölkəmiz Aİ-nin 11 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. İndiki mərhələdə Azərbaycanla Aİ arasında enerji dialoqu daha da intensivləşib. Ölkəmiz qoca qitənin yeni enerji təhlükəsizliyi xəritəsini formalaşdırıb. Bu gün məlum geosiyasi reallıqlar fonunda Avropanın enerji daşıyıcılarına tələbatı artıb. Azərbaycan yeni mənbə və müasir infrastruktura malik ölkə kimi qoca qitənin artan tələbatını qarşılamağa hazır və qadir ölkədir. Cari ildə Azərbaycan Avropaya 12 milyard kubmetrədək qaz ixrac etməyi hədəfləyib. Ötən ilin yayında Bakıda Azərbaycanla Avropa Komissiyası arasında imzalanan yeni Anlaşma Memorandumuna əsasən bu həcm 2027-ci ilədək iki dəfə artırılacaq.

Ayrı-ayrı beynəlxalq təşkilatlarda Azərbaycanın nüfuzu getdikcə artır. Azərbaycanın QH-da artan nüfuzunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin respublikamıza həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Azərbaycanın 3 il müddətinə bu təşkilata sədr seçilməsi, şübhəsiz ki, diplomatiyamızın növbəti qələbəsi olub. 2021-ci ildə isə Qoşulmama Hərəkatının üzvləri Azərbaycana müraciət ünvanlayıb və sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş ediblər. Azərbaycan da öz növbəsində bu təklifi qəbul edib. Nəticədə, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin onlayn formatda baş tutan Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha bir il, yəni, 2023-cü ilə qədər uzadılması haqqında qərar veriblər. Bu qərar Hərəkat üzvləri tərəfindən Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunan dövlətlərin son davranışları da həmişə ədalət mövqeyindən çıxış edən, sözü və imzası daim bir-birini tamamlayan Azərbaycana hətta üzvü olmadığı beynəlxalq təşkilatlarda da böyük hörmət bəslənildiyini və mövqeyinin dəstəkləndiyini əyani şəkildə təsdiqləyir. Söhbət postmüharibə dövründə də regionda sabitliyə və təhlükəsizliyə təhdidlər yaratmaqda davam edən məğlub Ermənistanın KTMT-ni özünün təcəvüzkarlıq siyasətinə ortaq etmək cəhdlərinin qurumda təmsil olunan dövlətlər tərəfindən rədd edilməsindən gedir.

Diplomatiyamızın uğurları, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi

Prezident İlham Əliyevin düşünülmüş, strateji hədəfləri aydın olan və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun nəticəsidir. Ardıcıllıqla aparılan bu siyasi kurs respublikamıza beynəlxalq miqyasda böyük nüfuz qazandırıb.

Ukrayna Azərbaycana dost ölkədir

Öz növbəsində Ukrayna da Azərbaycana dost ölkələr sırasında yer alır. Zamanında işğal faktı ilə üzləşən respublikamız Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bununla bağlı Azərbaycan Prezidenti birmənalı mövqeyini bir neçə dəfə diqqətə çatdırıb. İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda  vurğulayıb ki, Azərbaycan Ukraynanın və digər ölkələrin ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir: “Bəli, bizim Rusiya ilə yaxşı münasibətlərimiz var. Eyni zamanda, Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri siyasi seçimlərə əsaslanaraq təfsir edilməməlidir. Biz özümüz hər zaman bunun subyekti olmuşuq. Çünki hətta Ukraynadakı hadisədən əvvəl beynəlxalq ictimaiyyət tərəfindən Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə hər zaman açıq şəkildə dəstək ifadə olunub. Bizə çatanda isə mesaj həmişə bu olub ki, gedin sülh yolu ilə həll edin. Lakin sənin ərazindən çıxmaq istəməyən işğalçı ilə necə sülh yolu ilə razılaşa bilərsən? Biz cəhd etdik. Mən, demək olar ki, 17 il cəhd etdim. Sonra biz gördük ki, bu, mümkün deyil. Sonra biz gördük ki, bizim sülh yolu ilə həll etmək istəyimiz işğalçını daha təkəbbürlü və aqressiv etdi. Onlar yeni ərazilər naminə yeni müharibə ilə bizi hədələməyə başladılar və “Qarabağ Ermənistandır” dedilər. Lakin indi nə deyirlər? İndi isə deyirlər ki, Qarabağ Azərbaycandır. Bunu kim dedi? 2019-cu ildə “Qarabağ Ermənistandır” deyən eyni şəxslər. Biz yeni reallıqlar yaratdıq - necə deyərlər, öz əllərimiz və öz qəlbimizlə. Hesab edirəm ki, bizim təcrübəmiz ləyaqət, ərazi bütövlüyü və ədalət naminə bütün ölkələr üçün əhəmiyyətlidir”.

Azərbaycan çətin sınaqla üzləşən Ukraynaya vaxtaşırı humanitar yardımlar ünvanlayır. Indiyədək ölkəmizdən  həm rəsmi hökumət, həm yerli idarəetmə orqanları və könüllülər vasitəsi ilə bu ölkəyə dəfələrlə humanitar yardımlar göndərilib. Bütövlükdə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır. Bununla yanaşı, müxtəlif qurumlar tərəfindən Ukrayna xalqına humanitar yardım xarakterli xidmətlər də göstərilib. Belə ki, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə ölkəmizə gətirilib. İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib, humanitar yardım xarakterli müxtəlif tədbirlər həyata keçirilib.

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31