Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Yaşıl dünyaya doğru...

Yaşıl dünyaya doğru...

27.12.2023 [10:00]

5 milli prioritetdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”

Hazırda bütün dünyada ekoloji çağırışların aktuallığı heç vaxt olmadığı qədər artıb. Bu da onunla bağlıdır ki, qlobal istiləşmənin və güclü sənaye inkişafının nəticəsi olaraq atmosferdə tarazlıq pozulub. Artıq dərk olunur ki, bu gün mənfi proseslərə qarşı müvafiq tədbirlər görülməsə, sabah gec olacaq. Burada qlobal təhdidə qarşı qlobal həmrəyliyə böyük ehtiyac var. Gözlənilən ümumi bəlanın qarşısını yalnız səyləri və imkanları birləşdirməklə almaq mümkündür. Meydana çıxan çağırışların əsas mahiyyəti ondan ibarətdir ki, qabaqlayıcı təhdidlər həm beynəlxalq müstəvilərdə, həm də milli səviyyələrdə koordinasiya edilərək davamlı şəkildə həyata keçirilməlidir.

BMT səviyyəsində çalınan həyəcan təbili

Açıq statistikaya əsasən, planetimizdə son yüz il ərzində havanın illik temperaturu 1 dərəcə artıb. Ən dəhşətlisi odur ki, temperaturun 0,75 dərəcə artımı son onilliyə təsadüf edir. Çox doğru olaraq bu tendensiya qlobal miqyasda sənaye inkişafının genişlənməsi ilə əlaqələndirilir. Yer üzündə həyatın tam məhv olması üçün isə temperaturun 10-15 dərəcə artması kifayətdir. Xəbərdarlıq edilir ki, əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq. Antropogen fəaliyyət zamanı atmosferə atılan hissəciklər və qazlar nəinki iqlim sferasında qlobal dəyişikliklərlə nəticələnir, həm də insan sağlamlığına birbaşa mənfi təsir göstərir. BMT-nin məlumatına görə, dünyanın 99 faizi havanın çirklənməsindən təsirlənir. Bu da ildə 6,5 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur.

Qlobal istiləşmənin və güclü sənaye inkişafının yaratdığı ekoloji fəlakətlərin qarşısını almaq üçün BMT səviyyəsində həyəcan təbili çalınır. İndiyədək qurum dünya ölkələrinin səylərini əlaqələndirmək məqsədilə bir sıra sənədlər, o cümlədən də İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası qəbul edib. Həmçinin Konvensiyanın Kioto Protokolu təsdiqlənib. Kioto protokolu üzrə öhdəliklərin yerinə yetirilməsinin 2-ci dövrü üçün Doha əlavəsi qəbul olunub. Eyni zamanda, 22 aprel 2016-cı il tarixində Paris razılaşması imzalanıb. Razılaşmanın məqsədi (2-ci maddəyə görə) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının “tətbiqini artırmaq”, xüsusən qlobal orta temperatur artımını 2 °C-dən “çox aşağıda” saxlamaq və məhdudlaşdırmaq üçün “səy göstərmək”dən ibarətdir. Razılığa gələn tərəflər SO2 emissiyalarının zirvəsinə “ən qısa müddətdə” çatmalı olduqlarını elan ediblər.

Azərbaycanın beş milli prioritetindən biri

Bəhs etdiyimiz qlobal mənzərə milli səviyyələrdə ölkələrin məsuliyyətini artırır. Hər bir dövlət öz siyasətində dekarbonizasiya məsələlərini önə çəkməlidir. Bu mənada, məsuliyyətli dövlət olan Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişiklikləri ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Respublikamız BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və Konvensiyanın Kioto Protokolunu  2000-ci ildə təsdiqləyib. Doha əlavəsi 14 aprel 2015-ci ildə Milli Məclis tərəfindən  ratifikasiya edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Paris Sazişi  isə 2016-cı il oktyabrın 28-də Milli Məclis tərəfindən ratifikasiya olunub.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Ölkəmiz neft istehsalı sahəsində sıfır emissiyasız fəaliyyəti hədəfləyib və bu sahədə qlobal tərəfdaşlığa öz töhfələrini verir.  Azərbaycan Dövlət Neft Şirkəti 2008-ci ildən GGFR-in rəhbər komitəsinin üzvüdür. Respublikamızda həyata keçirilən layihələr nəticəsində il ərzində atmosferə atılan 1 milyard kubmetr qaz yığılaraq əhalinin istifadəsinə yönəldilib. SOCAR tərəfindən səmt qazının azaldılması tədbirləri Dünya Bankının Ekspert Şurası tərəfindən bir neçə dəfə ali mükafata layiq görülüb. Hazırda neft hasilatı zamanı səmt qazının emissiyası göstəricilərinin aşağı olmasına görə Avropa İttifaqına neft ixrac edən əsas 10 ölkə arasında Azərbaycan birinci yeri tutur. Bütün neft-qaz əməliyyatlarında 2030-cu ilə qədər normal hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsi, 2022-ci il baza dövrü ilə müqayisədə 2030-cu ilə qədər “Upstream” seqmentində emissiya intensivliyinin 30 faiz, 2035-ci ilə qədər korporativ emissiya intensivliyinin 30 faiz azaldılması, 2035-ci ilə qədər “Sıfır metan” hədəfinə yaxınlaşılması və 2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatılması SOCAR-ın əsas məqsədlərindən biridir. Bütün bu kimi faktlar Azərbaycanın iqlim dəyişiklikləri və dekarbonizasiya məsələləri ilə bağlı ardıcıllıqla həyata keçirdiyi siyasətin əhatə dairəsinin kifayət qədər geniş olduğunu təsdiqləyir.

Ölkəmizin müsbət reallıqları

Yaranan ekoloji çağırışlar ənənəvi enerji istehsalı və istehlakından bərpaolunan enerjiyə transformasiyanın aktuallığını artırıb. Beynəlxalq Enerji Agentliyi (BEA) hesab edir ki, təmiz enerji texnologiyaları 2030-cu ilə qədər dünya enerji sistemində indikindən daha böyük rol oynayacaq.

Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasındadır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız da elektrik enerjisi istehsalında yaşıl enerjinin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, respublikamız bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, Günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Eyni zamanda, Azərbaycan dövləti  bu potensialdan daha səmərəli istifadə olunmasına güclü siyasi iradə nümayiş etdirir. Qeyd edək ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, Günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Külək və Günəş enerjisi istehsalının növbəti illərdə artan templə davam edəcəyi gözlənilir. Ölkəmiz növbəti illərdə bərpaolunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək qarşıya qoyulan hədəf bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir.

Azərbaycana və ölkəmizin Liderinə dünyada artan inam

Azərbaycanın müsbət reallıqları və dövlətin güclü siyasi iradəsi ölkəmizin ekoloji çağırışlarla bağlı qlobal həmrəyliyə daha sanballı töhfələr verməsini şərtləndirir. Respublikamızın qətiyyətli mövqeyinin ifadəsi olaraq Prezident İlham Əliyev bu günlərdə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə bir sıra mühüm məqamlara, ölkəmizin xoş niyyətinə diqqət çəkilib. Bildir?lir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Eləcə də vurğulandığı kimi, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir.

Gələn il COP29 tədbirinə ev sahibliyi etməklə Azərbaycan qlobal həmrəyliyə növbəti böyük töhfəsini vermiş olacaq. Artıq beynəlxalq səviyyəli tədbirə hazırlıq işlərinə start verilib. Bununla bağlı ölkə Prezidentinin Sədrliyi ilə ayrıca müşavirə keçirilib və müvafiq qurumlara zəruri tapşırıqlar verilib.

Xatırladaq ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüblər. Sonuncu iki ölkə öz namizədliyini Azərbaycanın xeyrinə geri götürüb. Beləliklə də, Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. Dekabrın 11-də Dubayda Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi edəcəyi münasibətilə tədbir təşkil olunub.

Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. COP29 kimi qlobal miqyaslı tədbirə ev sahibliyi hüququnun Azərbaycana verilməsi bir daha təsdiqləyir ki, dünya birliyi ölkəmizə və onun Liderinə inanaraq böyük etmad göstərir.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 743 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31