Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Qələbə qələbələr doğurmalıdır!

Qələbə qələbələr doğurmalıdır!

13.01.2024 [10:10]

Prezident İlham Əliyev: Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır

Hər dövr dövlətlərin və cəmiyyətlərin qarşısında yeni vəzifələr qoyur. O ölkə və xalq xoşbəxtir ki, hansısa bir zaman kəsiyində qazanılan uğurlarla kifayətlənmir, həmişə gələcəyə baxır və yeni nailiyyətlərə can atır. Bu baxımdan Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Ölkəmiz son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələrə yüksəlib, dünyaya nümunəvi inkişaf modeli təqdim edib. Hazırda isə Azərbaycan yeni strateji inkişaf mərhələsinə keçib və bu mərhələdə də bizim hədəflərimiz kifayət qədər böyükdür. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi geniş müsahibəsində son illərdə qazandığımız nailiyyətlərdən məmnunluğunu bildirməklə yanaşı, qarşıdakı dövr üçün Azərbaycan cəmiyyətinə yeni çağırışlarını da diqqətə çatdırıb.

Xalqımıza qürur hissi yaşadan epoxal hadisələr

Azərbaycan müstəqilliyinin ilk illərində işğal faktı ilə üzləşdi. Qonşu Ermənistan havadarlarının dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal altına aldı, bir milyondan artıq soydaşımız doğma yurd yerlərini tərk etmək məcburiyyətində qaldı. Beləliklə də, ölkəmiz böyük humanitar fəlakətlə üzləşdi. Bəhs olunan müsahibədə Prezident İlham Əliyevin bildirdiyi kimi, bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi. Son 20 ildə bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.  

Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin apardığı siyasətin ən mühüm uğurudur. Vətən müharibəsində xalqımız, cəmiyyətimiz dözüm, iradə və sarsılmaz birlik ortaya qoydu. Siyasi partiyalar Prezident, Ali Baş Komandan ətrafında birləşdi. Ordu şərəflə döyüşdü, XXI əsrin müharibəsini apararaq öz missiyasını yüksək səviyyədə yerinə yetirdi, həmçinin arxa cəbhə Silahlı Qüvvələrimizə dayaq durdu. Qələbənin qazanılmasında bütün nəsillərin nümayəndələri iştirak etdilər. Əsas yük isə müstəqillik illərində yetişən gənclərin üzərinə düşdü Xatırladaq ki, Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid oldu, mindən çox əsgər yaralandı, 6 nəfər itkin düşdü. Ordumuz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun

26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, ötən il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, 2023-cü il sentyabrın 19 isə suverenliyimizi tam bərpa etdik. 23 saatlıq uğurlu antiterror tədbirlərinin nəticələri Azərbaycanın növbəti parlaq Qələbəsidir. Bütün dünya azərbaycanlılarına qürur hissi yaşadan bu hadisələri epoxal hadisələr kimi dəyərəndirən Prezident İlham Əliyev “Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir”, - deyə bildirib.

Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik

Bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurlarını illər boyunca, onilliklər ərzində istismar edirlər. Qalib Azərbaycan heç bir halda belə ölkələrdən olmaq istəmir. İndiyədək nə etmişiksə, hansı uğurlara imza atmışıqsa, onlar artıq tariximizdir. Bunu hamımız bilirik və xalqımız da yüksək qiymətləndirir. Ancaq tarixi zəfərlərimizi bundan sonra daim istismar etmək düzgün olmazdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, bu, birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Bunu xüsusi nəzərə çatdıran dövlətimizin başçısı “Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır, - deyə vurğulayıb.

Bəli, cəmiyyətdə sakitləşmə olmamalıdır! Bunu dövlətimizin başçısı xalqımıza bir çağırış kimi edib. Bu çağırış yeni müharibəyə hazırlıq anlamında qəbul edilməməlidir. Biz heç bir halda yeni müharibənin başlamasını istəmirik, ona nail olmaq istəyirik ki, sülh müqaviləsi mümkün qədər tez imzalansın. Yeni hədəflərə diqqət çəkən Prezident İlham Əliyev bildirib ki,  yetər, müharibələr kifayətdir. Ancaq yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri müəyyənləşdirilməlidir. Əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilər. Ölkəmiz üçün yeni dövr başlayır və şübhə yoxdur ki, bu dövr də respublikamız üçün uğurlu olacaq. “...Gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 566 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28