Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / BMT ailəsinin Azərbaycana böyük inamı

BMT ailəsinin Azərbaycana böyük inamı

06.02.2024 [09:13]

Azərbaycan cari ildə daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. Söhbət İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından - COP29-dan gedir. Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı- COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın bütün yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində, sayca 28-ci olan son toplantısı isə 2023-cü ilin dekabrında Dubayda baş tutub.

Azərbaycana göstərilən böyük etimad

Milli maraqlar əsasında multiregional xarici siyasət kursu həyata keçirən Azərbaycan qlobal miqyasda əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verir. Öz növbəsində ölkəmizin müsbət nümunəsi, ümumi məqsədlər naminə irəli sürdüyü və reallaşdırdığı təşəbbüslər dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanır. Qürurverici haldır ki, hazırda Azərbaycana və Onun Liderinə beynəlxalq miqyasda böyük hörmət bəslənilir.  Belə bir faktı vurğulamaq yerinə düşər ki, təkcə son vaxtlarda Prezident İlham Əliyev həm İslam coğrafiyasında, həm də Avropa İttifaqı (Aİ) məkanında dövlət və hökumət başçıları səviyyəsində keçirilən bir sıra sammitlərə fəxri qonaq qismində dəvətlər alıb. Eyni zamanda, Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin, qlobal forumların, müxtəlif missiyaların görüşlərinin  ənənəvi olaraq keçirildiyi məkana çevrilib. Bu tədbirlərdə və görüşlərdə bir qayda olaraq qlobal gündəliyə aid aktual məsələlər müzakirələrə çıxarılır və mühüm qərarlar qəbul edilir. Təbii ki, bu qərarların qəbul olunmasında respublikamızın təşəbbüsləri və moderator rolu mütləq nəzərə alınır.

Bu baxımdan BMT-nin ən irimiqyaslı tədbirlərindən biri sayılan COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi də təsadüfi deyil. Prezident İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edərkən qonaqla söhbətində vurğulayıb ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüblər. Sonradan  Ermənistan və Bolqarıstan Azərbaycanın xeyrinə namizədliklərini geri çəkiblər və nəticədə ölkəmizin namizədliyi təsdiqlənib.

Azərbaycan çox dəqiq və düşünülmüş diplomatik addımlar sayəsində bəhs olunan  mötəbər tədbirə ev sahibliyi hüququ qazanıb. COP30-un ev sahibi bəlli olsa da - bu, Braziliyadır -  COP29-un ev sahibi son vaxtlaradək bəlli deyildi. Hətta COP28 konfransı ötən il dekabrın birinci ongünlüyündə Dubayda öz işinə başlayandan sonra da aktiv diplomatik təmaslar davam edirdi. Azərbaycan burada da öz istəyinə nail oldu. Dünya birliyinin respublikamıza böyük etimadı göstərməsi bir tərəfdən Azərbaycanın apardığı siyasət, digər tərəfdən isə ölkəmizin müsbət reallıqları ilə bağlıdır.

COP-un tarixində yeni bir inkişaf

COP29 kimi qlobal miqyaslı tədbirin Azərbaycanda keçirilməsinin önəmindən bəhs edərkən məlum qərarın verilmə tarixinə xüsusi nəzər salmaq lazımdır. Azərbaycan COP29-a ev sahibliyi etmək hüququnu özünün suveren ərazisində sentyabrın 19-da başladığı və cəmi 23 saat ərzində uğurla tamamladığı lokal xarakterli antiterror tədbirlərindən sonra qazanıb. Bəhs olunan qəbulda dövlətimizin başçısı qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə COP-un tarixində yeni bir inkişafdır.

Bu, ölkəmiz üçün çox həssas və vacib bir məqamdır. Yada salaq ki, antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürərək müəyyən qınaqlar ünvanlayıblar. Halbuki belə ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib. Xüsusilə vurğulanmalıdır ki, respublikamız suvereniliyini bütün humanitar normaları gözləməklə, mülki əhaliyə və infrastruktura ziyan vurmamaqla bərpa edib. Bütün bunların müqabilində bəzi Qərb ölkələri - onların arasında ənənəvi olaraq Fransa da yer alır - Azərbaycanın Qələbəsi ilə barışmaq istəmirlər. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistanın özü də vəziyyətlə barışıb.

Beləliklə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının cari ildə ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Bu, bütün dünya ictimaiyyətinin Azərbaycana öz dəstəyini ifadə etdiyini bir daha təsdiqləyir. Bakıda COP29 konfransının keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub, yəni, burada yekdil mövqe ortaya qoyulub. Bütün bunlar, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stilin ölkəmizə gələrək COP29 hazırlıqla bağlı müzakirələr aparması o anlama gəlir ki, Azərbaycanın ölkə daxilində və regionda yaratdığı yeni reallıqlar BMT səviyyəsində qəbul olunur ki, bu da ölkəmiz üçün son dərəcə vacibdir.

Ölkəmizin yaşıl enerjiyə keçidlə bağlı təşəbbüsləri

COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi həm də ölkəmizin yaşıl enerjiyə keçidlə bağlı təşəbbüslərinin beynəlxalq səviyyədə dəstəklənməsi anlamına gəlir. Qəbulda Prezident İlham Əliyev Azərbaycanın milli və regional səviyyədə yaşıl enerjiyə keçid istiqamətində təşəbbüsləri barədə məlumat verib, COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində səylərinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına təkan verəcəyinə əminliyini bildirib.

Azərbaycanın COP29 a ev sahibliyi etməsi respublikamızın yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı olacaq. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişmələr yaratmaq məqsədi daşıyan ölkələr üçün nümunə olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Ölkəmiz yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də təsdiqləyir. Belə ki, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.

Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib məsələlər sırasında yer alır. Karbohidrogen resursları ilə zəngin olan respublikamız elektrik enerjisi istehsalında yaşıl enerjinin xüsusi çəkisinin artırılmasını hədəfləyib. Bu da onunla bağlıdır ki, ölkəmiz bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Respublikamızın iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 27000 MVt həcmində qiymətləndirilir. Qeyd edək ki, son illərdə respublikamızda külək enerjisi istehsalı 131 dəfə, günəş enerjisi istehsalı isə 55 dəfə artıb. Ölkəmiz növbəti illərdə bərpa olunan enerjinin ümumi istehlakda payını artırmaq niyyətindədir. Bu sahədə 2030-cu ilədək qarşıya qoyulan hədəf bərpa olunan enerjinin ümumi istehlakda payının 30 faizdən çox artırılmasına nail olmaqdan ibarətdir.

Beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq

Azərbaycanın müsbət nümunəsindən bəhs edərkən  ölkəmizin beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsinə də diqqət çəkmək istərdik. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan - 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatına (“Non-Aligned Movement - NAM”) sədirliyi 2023-cü ilin sonunda başa çatıb. 2019-cu ildə Qoşulmama Hərəkatı (QH) ölkələrinin yekdil qərarı ilə Hərəkata sədrliyi başlayan Azərbaycan qısa zaman ərzində beynəlxalq münasibətlərdə mühüm aktorlardan birinə çevrilib və bununla da əldə edilən uğurlar bütün üzv dövlətlər tərəfindən təqdir edilib. Azərbaycanın Hərəkata 3 il müddətinə nəzərdə tutulan sədrliyi yekdilliklə əlavə 1 il müddətinə - 2023-cü ilə qədər artırılıb. Azərbaycanın QH-na uğurlu sədrliyi BMT səviyyəsində etiraf olunub. O cümlədən Hərəkatın Sədri statusunda Prezident İlham Əliyevin irəli sürdüyü qlobal həmrəylik təşəbbüsləri qurum tərəfindən dəstəklənib. Ölkəmizin QH-na uğurlu sədriyindən məmnunluqla söhbət açan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan həmişə çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verib və beynəlxalq təşkilatlarda, çoxtərəfli platformalarda daim çox fəal siyasət yürüdüb. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini və bunun Hərəkata üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib, ölkəmizin digər beynəlxalq təşkilatlarla da uğurlu əməkdaşlığını vurğulayıb.

Çox məsuliyyətli hazırlıq

Artıq vaxt itirilmədən COP29-a hazırlıq işlərinə start verilib. Hazırlıq işlərinin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub. Konfransa hazırlıqla bağlı ilk müşavirənin dövlət başçısının sədrliyi ilə keçirilməsi ölkəmizin COP29-un layiqli və yüksək səviyyədə baş tutmasına necə böyük məsuliyyətlə yanaşdığını göstərir. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsinin təmini məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb. Yanvarın 22-də Samir Nuriyevin sədrliyi ilə Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclasda COP-29-un ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyi vurğulanıb.

COP29-a hazırlıq işlərinin yüksək səviyyədə davam etdirildiyi bəhs olunan qəbulda da yüksək qiymətləndirilib.  Dövlətimizin başçısı bildirib ki, Azərbaycan tərəfi bu tədbirin uğurla keçirilməsi üçün bu təşkilatla və bütün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsinin olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, COP29 ölkəmizdə keçirilən və ümumiyyətlə dünyada miqyasına görə ən çox iştirakçının qatıldığı tədbirlərdən biri olacaq. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfindən həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır və bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir. Azərbaycan Prezidenti COP29-un təşkili prosesinə könüllülərin də yaxından cəlb olunacağını deyib.

Öz növbəsində qonaq da

COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərinin yüksək qiymətləndirildiyini qeyd edib. Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının əməkdaşlarının Azərbaycanda müxtəlif sahələr üzrə tərəfmüqabilləri ilə çox məhsuldar görüşlər keçirdiklərini və müzakirələr apardıqlarını vurğulayıb. O, COP29-un keçirilməsi üzrə Azərbaycanda yaradılmış təşkilat komitəsində qadınların yer almasını müsbət dəyərləndirib. Qonaq qeyd edib ki, artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələrini bölüşməyə hazırdırlar.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 188 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

181-ci üzv

02 Mart 11:10

Xəbər lenti

MEDİA

Sosial

Analitik

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Analitik

Gərginlik artır

01 Mart 11:10

Xəbər lenti

Xəbər lenti

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31