Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın reallıqları bütün dünyada qəbul olunur

Azərbaycanın reallıqları bütün dünyada qəbul olunur

23.02.2024 [10:10]

Özünün əsas ümummilli ideyasının - ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olan Azərbaycan müstəqillik prinsipinə əsaslanan strateji kursunu inamla davam etdirir. Belə ki, xarici siyasətdə milli maraqlar əsas götürülür və kənardan təzyiq cəhdləri uğurla neytrallaşdırılır. Son vaxtlarda Fransa kimi ölkələrin  və onların yedəyində gedən bəzi beynəlxalq qurumların qərəzli kampaniyaları fonunda xaricdəki azərbaycanofob dairələr və ölkə daxilindəki “Beşinci kolon” təmsilçiləri fəallaşmışdılar. Azərbaycanın guya Qərbdən uzaqlaşdığı, özünü təcrid etdiyi, Avropadan çəkildiyi barədə iddialar səslənirdi. Azərbaycanın Davos və Münxenə dəvətlər alması bir daha göstərdi ki, bu yalançı təbliğatın heç bir əsası yoxdur.

Balanslı siyasət bundan sonra da davam etdiriləcək

İqtisadi müstəqilliyini yüksək səviyyədə təmin edən Azərbaycan bu əsasda sırf milli maraqlar üzərində qurulan xarici siyasət həyata keçirir. Ölkəmiz dünyada öz maraqlarını qorumağa qadir olan, eyni zamanda beynəlxalq həmrəyliyə, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə davamlı töhfələr verən ləyaqətli dövlət kimi tanınır. Bu gün heç kim respublikamızla diktat dili ilə danışmır və danışa da bilməz. Biz özümüzün tərəfdaşlarımızı özümüz seçirik. Belə effektiv siyasət  son 20 ildə ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Hazırda respublikamıza və onun Lideri İlham Əliyevə həm yerləşdiyi coğrafiyada, həm də uzaq xaricdə böyük hörmət bəslənilir. Bunu son Münxen Təhlükəsizlik Konfransı bir daha təsdiqlədi. Konfrans çərçivəsində Azərbaycan Prezidenti ayrı-ayrı dövlətlərin və beynəlxalq qurumların yüksəksəviyyəli nümayəndələri ilə çoxsaylı görüşlər keçirdi. Həmin görüşlərin təşəbbüskarları qismində məhz qarşı tərəflər çıxış edirdilər.

Ölkəmizin müstəqil xarici siyasət kursu həm də çoxvektorlu səciyyə daşıması ilə diqqəti cəlb edir. Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək, ərazi iddiaları ilə çıxış etmək kimi bir niyyəti yoxdur. Məhz belə bir ardıcıl xarici siyasət kursunun məntiqi nəticəsidir ki, respublikamız 30 illik müstəqillik tarixində işğalçı Ermənistan istisna olmaqla bütün qonşularla yüksəksəviyyəli münasibətlər qurmağa nail olub. Azərbaycanın Türkiyə, Gürcüstan, Rusiya, Mərkəzi Asiya dövlətləri ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkəmiz və xalqımız belə yüksəksəviyyəli qonşuluq  münasibətlərindən məmnundur və bununla qürur duyur.

Azərbaycan nüfuzlu dövlət kimi tanınır

Ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən də Birləşmiş Millətlər Təşkilatında (BMT) yüksək fəallığı da diqqəti cəlb edir. Azərbaycan - 5 mart 1992-ci ildə üzv seçildiyi bu qurumda müvəffəqiyyətlə təmsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Bir zamanlar BMT sıralarında sıravi üzv olan Azərbaycan indi qurumun nüfuzlu, prinsipial mövqeyi ilə fərqlənən üzvlərindən birinə çevrilib. Qısa müstəqillik tarixinə malik olan Azərbaycanın 2011-ci il oktyabrın 24-də BMT Baş Assambleyasının plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsini diplomatiyamızın BMT zirvəsi kimi səciyyələndirə bilərik.

Azərbaycanın Qoşulmama Hərəkatının (QH) prinsiplərinə sadiqlik nümayiş etdirməsi, daim onun ideyalarının təşviqinə çalışması, ehtiyac yarandığı təqdirdə ayrı-ayrı üzv dövlətləri dəstəkləməsi, qurumun fəaliyyətinə digər sanballı töhfələr verməsi qurumda ölkəmizə böyük etimad və nüfuz qazandırıb. Bunun nəticəsidir ki, Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub. Eyni zamanda, Qoşulmama Hərəkatına üzv dövlətlər quruma 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə bir il də sədrlik etmək barədə müraciət ünvanlayıblar və bu müaciət respublikamız tərəfindən müsbət dəyərləndirilib. Azərbaycan Qoşulmama Hərəkatına çox uğurlu uzadılmış sədrlik həyata keçirdi. Ölkəmizin sədrliyi dönəmində hərəkat daxilində yeni təsisatlar formalaşdı və qurumun beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı.

Bu gün Azərbaycan Avropa ilə münasibətlərini uğurla inkişaf etdirir. Ölkəmizlə Avropa İttifaqı (Aİ) məkanına daxil olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında sazişlər imzalayıb. Hazırda respublikamız Cənubi Qafqazda Aİ-nin əsas ticarət tərəfdaşıdır. Ölkəmizin qısa müddətdə “qoca qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm yer alan dövlətə çevrilməsi qürurverici haldır.

Eyni zamanda, Azərbaycan geniş İslam coğrafiyasında böyük nüfuz qazanıb. Dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan bu coğrafiyanın əksər aparıcı dövlətləri ilə yüksəksəviyyəli iqtisadi-siyasi-mədəni əlaqələr qurub. İslam Əməkdaşlıq Təşkilatı ölkəmizin sıx ünsiyyətdə olduğu beynəlxalq qurumlardan biridir. Azərbaycan, həmçinin Türk birliyinin ideyadan reallığa çevrilməsində müstəsna rol oynayan dövlətdir. Biz qürur duyuruq ki, Türk Dövlətləri Təşkilatının (TDT) yaranmasına aparan yol 2009-cüu ildə Naxçıvandan başlayıb. Cari ildə isə TDT-nın növbəti Zirvə görüşü bütün Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçiriləcək. Azərbaycan ölkəmizə bütün dünyada böyük nüfuz qazandıran balanslı siyasətini bundan sonra da davam etdirəcək.

Azərbaycan regional lider kimi qəbul olunur

Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət Azərbaycanın bütün istiqamətlərdə dinamik inkişafını təmin edib. Bu gün Azərbaycan yerləşdiyi regionun lideri kimi qəbul edilir. Respublikamız qlobal miqyasda pozitiv gündəliyin formalaşmasına töhfəsini verir. Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər bütövlükdə, Cənubi Qafqazın, Xəzər hövzəsi regionunun inkişafını, burada sağlam əməkdaşlıq konfiqurasiyasının formalaşmasını hədəfləyir. İndiyədək Azərbaycanın moderatorluğu ilə reallaşdırılan bir sıra enerji və nəqliyyat layihələri ölkəmizin mənafeyinə xidmət etməklə yanaşı, həm də regional və qlobal əhəmiyyət daşıyır. Yeni növ koronavirus pandemiyasının pik mərhələsində Prezident İlham Əliyev qlobal təhdidlərə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi, “peyvənd millətçiliyinə” son qoyulması kimi bəşəri səciyyə daşıyan çağırışlar etdi və bu çağırışlar BMT səviyyəsində qəbul olundu.

Azərbaycan Prezident seçkilərindən çıxan ölkədir. Bu seçkilər ölkəmizdə sabitliyin, həmrəyliyin, iqtidara inamın yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Eyni zamanda, seçkilərə beynəlxalq miqyasda böyük maraq var idi. Seçkilərdən sonra isə inamlı qələbə sayəsində növbəti dəfə Azərbaycanın dövlət başçısı seçilən İlham Əliyevin ünvanına çoxsaylı təbriklər gəlməkdədir. Seçkilərdən sonra Azərbaycanın nüfuzlu Münxen Təhlükəsizlik Konfransına dəvət alması, dövlət və hökumət başçılarının, nüfuzlu təşkilat rəhbərlərinin Münxendə Prezident İlham Əliyevlə görüş üçün çoxsaylı müraciətlər etmələri bütövlükdə, seçkilərin nəticələrinə müsbət beynəlxalq münasibətin ifadəsidir. Ölkəmizin reallıqları bütün dünyada qəbul olunur. Bu gün Azərbaycanın Ermənistandan başqa heç bir ölkə ilə problemi yoxdur. Respublikamızın qlobal dünya ilə münasibətləri artıq Ermənistanla münasibətlər üzərində qurulmayıb, bu problem birdəfəlik həll olunub və bundan sonra Azərbaycan beynəlxalq siyqsətdə daha aktiv rol oynayacaq. Bunu Prezident İlham Əliyevin iş qrafikinin çox sıx olmasına rəğmən, seçkilərdən sonra Münxen və Ankaraya səfərlər etməsi bir daha təsdiqləyir. Bu da belə bir qənaət formalaşdırır ki, əsas ümummilli ideyasının həyata keçməsinə nail olan Azərbaycan xarici siyasətində də daha böyük uğurlara imza atacaq.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 433 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31