Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / 184 medal, 2-ci pillə

184 medal, 2-ci pillə

10.10.2025 [09:56]

Azərbaycanda daha bir möhtəşəm idman bayramı yaşandı - ölkəmizdə təşkil olunan III MDB Oyunları uğurla başa çatdı. Oyunların startı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə sentyabrın 28-də Gəncədə verilib.  Oktyabrın 8-dək davam edən III MDB Oyunları 23 idman növü üzrə təşkil edilib. Yarışlar “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncədə və ölkəmizin digər 6 şəhərində keçirilib. O cümlədən Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil olunub.

Oyunların yaddaqalan bağlanış mərasimi

MDB Oyunları - Müstəqil Dövlətlər Birliyi ölkələrinin idmançıları arasında keçirilən idman yarışıdır. I MDB Oyunları 2021-ci il 4-11 sentyabr tarixində Rusiyanın Kazan şəhərində keçirilib. Yarışlar ikinci dəfə 4-14 avqust tarixində Belarusda təşkil olunub. Minskdə keçirilən II MDB Oyunlarında format genişləndirilərək digər ölkələrin idmançılarının da yarışlara qatılmalarına imkan yaradılıb. Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları da genişləndirilmiş formatda baş tutub. Belə ki, on gün davam edən yarışlarda Müstəqil Dövlətlər Birliyi ölkələrindən, həmçinin oyunlara qatılan Türkiyə, Pakistan, Oman, Kuba və Küveytdən bütövlükdə 2400 nəfərlik idman nümayəndə heyətləri iştirak ediblər.

III MDB Oyunlarının ev sahibi ölkəsi kimi Azərbaycanın müəyyənləşdirilməsi heç də təsadüfi deyil. Respublikamızda mötəbər beynəlxalq idman turnirlərinin təşkil edilməsi üçün bütün zəruri şərtlər təmin olunub. Əvvəla, aparılan uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan güclü iqtisadi potensialı və geniş maliyyə imkanları olan ölkəyə çevrilib. İkinci vacib amil bütün ölkə boyunca yaradılan müasir idman infrastrukturu ilə bağlıdır. 2004-cü ildən bəri paytaxt Bakıda və bölgələrdə 50-dək Olimpiya -İdman kompleksləri tikilib, mövcud arenalar əsaslı şəkildə yenidən qurulub. Ölkəmizin digər bir üstünlüyü isə cəmiyyətimizin tolerantlığı ilə bağlıdır. Azərbaycan vətəndaşlarına bölücülük, irqi-dini ayrı-seçkiçilik tamam yaddır. Bu, tarixdən gələn ənənədir, eyni zamanda, dövlət siyasətidir. Hazırda Azərbaycan dünyada multikulturalizmi təşviq edən azsaylı ölkələr sırasında yer alır.

Beynəlxalq idman yarışlarının keçirilməsi üçün vacib şərtlərin mövcudluğu şəraitində Azərbaycan indiyədək müxtəlif illərdə mötəbər turnirlərə uğurla ev sahibliyi etməklə bacarıqlı təşkilatçı kimi özünü təsdiqləyib. Bakıda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də müxtəlif növlər üzrə dünya və qitə çempionatları yüksək səviyyədə keçirilib.

Güclü və məsuliyyətli dövlət olan Azərbaycan III MDB Oyunlarına da yüksək səviyyədə hazırlıqlar görüb. Oyunların paytaxt Bakıdan kənarda keçirilməsi ölkəmizin regionlarında da güclü infrastrukturun, idmanın inkişafı üçün lazımi şəraitin yaradıldığını bir daha təsdiqləyir. Yeri gəlmişkən, III MDB Oyunlarını izləmək üçün respublikamıza təşrif gətirən qonaqlar və idmançılar hazırlıqların yüksək standartlar səviyyəsində həyata keçirildiyini dönə-dönə vurğulayıblar.

Oktyabrın 8-də Gəncə Stadionunda təşkil olunan III MDB Oyunlarının bağlanış mərasimi bədii hissə ilə başlayıb. Yarışlar haqqında ümumi videoçarx nümayiş etdirilib.

Sonra III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri Samir Şərifov yarışların uğurla başa çatdığını bildirib. O deyib: “On bir gün ərzində Oyunlara ev sahibliyi edən Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi şəhərləri möhtəşəm idman bayramının şahidinə və bilavasitə iştirakçısına çevrilib. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançıları 23 idman növü üzrə yarışlarda öz məharətlərini, əzmkarlıqlarını nümayiş etdirdilər. Onlar 235 dəst fərdi və komanda mükafatları uğrunda mübarizə apararaq milyonlarla idmansevərə unudulmaz sevinc, həyəcan, həmçinin qürur dolu anlar yaşatdılar. Bu möhtəşəm idman bayramının ərsəyə gəlməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğının təzahürüdür. Əminliklə deyə bilərik ki, Azərbaycanda keçirilən III MDB Oyunlarının təşkilində ən yüksək standartlar təmin edilib”.

Ardınca III MDB Oyunlarının bayrağı endirilib. Sonra Dövlət Himni səsləndirilib. Tədbir bədii hissə ilə davam edib.

Azərbaycan idmançılarının uğurları

Son illərdə mötəbər beynəlxalq turnirlərə inamla qatılan və yaxşı nəticələr qazanan Azərbaycan idmançıları III MDB Oyunlarında da çoxlu sayda qələbə sevinci yaşayıblar. Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub. İlk sırada Rusiya qərarlaşıb. Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi.

Oyunlarda qızıl medal qazanan Azərbaycan idmançılarından biri üzgüçü Oqtay Hüseynovdur. O, 400 metr məsafəyə qarışıq üzmə yarışında fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Qarşılaşmanı şərh edən Azərbaycanın üzgüçülük millisinin məşqçisi Teymur Quliyev deyib. “Yarışa çox ciddi hazırlaşmışdıq. MDB Oyunlarının üzgüçülük yarışlarında heç vaxt qızıl medal qazanmamışdıq. Sevindirici haldır ki, doğma torpaqda himnimiz səsləndi”.

Üzgüçü Oqtay Hüseynovun özü isə  Azərbaycan bayrağını yüksəyə qaldırdığı üçün çox xoşbəxt olduğunu bildirib. “İlk dəfədir ki, Azərbaycan üzgüçüsü MDB Oyunlarında qızıl medal qazanır. Bunu bacardığım üçün çox sevincliyəm. Xoşbəxtəm ki, Azərbaycanın Bayrağını ən yüksəyə qaldırdım. Yarışdan öncə bir qədər tələskənliyim var idi. Üzməyə başlayarkən bunu aradan qaldıra bildim”, - deyə idmançı vurğulayıb.

Oyunlarda qazanılan ilk qızıl medallar taekvandoçularımızdan gəlib

Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start götürən III MDB Oyunlarının taekvondo yarışlarının ilk günü millimiz üçün uğurlu alınıb. Yeddi çəki dərəcəsində keçirilən qarşılaşmalarda Azərbaycan taekvondoçuları Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) finalda rəqiblərinə qalib gələrək ölkəmizə ilk üç qızıl medalı qazandırıblar.

Qızıl medalçılarla yanaşı, Elcan Əliyev (74 kq) və Ümid Rəhimzadə (54 kq) də finala qədər irəliləyiblər. Lakin həlledici görüşdə məğlub olan idmançılarımız gümüş medalla kifayətləniblər. Taekvondoçularımız daha 6 bürünc medal qazanıblar: kişilərdə: Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi - 87 kq), qadınlarda: Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq), Nərgiz Kazımova (62 kq). Bununla da  yarışların ilk günündə Azərbaycan taekvondo millisi ümumilikdə 11 medal (3 qızıl, 2 gümüş, 6 bürünc) qazanaraq MDB Oyunlarına möhtəşəm başlanğıc edib.

Taekvando yarışlarının ikinci günündə Azərbaycanın daha 11 təmsilçisi fəxri kürsüyə yüksəlib. Bunlardan Vasif Səlimov (68 kiloqram) qızıl, Nigar Abdullayeva, Leyla Bəşirova ( hər ikisi 57 kiloqram), Səmərrux Osmanova, Zemfira Həsənzadə ( hər ikisi 49 kiloqram), Zemfira Aslanova, Nərmin Ənsəri (hər iki 67 kiloqram), Fuad Məhərrəmli, Məhəmməd Həsənli ( hər ikisi 58 kiloqram), Rza Əsədli (80 kiloqram) və Xan Məmmədzadə (87 kiloqram) bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycanın taekvondo komandası III MDB Oyunlarını 22 medalla başa vurub. Taekvondo yarışlarında 68 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal qazanan Vasif Səlimov nəticəyə görə xoşbəxt olduğunu bildirib: “Azərbaycan Bayrağını zirvəyə qaldırmaq böyük qürurdur. Bura qızıl medal üçün gəlmişdim. Məqsədimə çatdım. Üzərimdə əziyyəti olan hər kəsə təşəkkür edirəm. Gələcək hədəfim 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında qalib olmaqdır”.

Çövkən millimiz ən yüksək pillədə

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qızıl medal gözləntisi həmçinin çövkən üzrə milli komandadan idi. Sentyabrın 30-da bu idman  növü üzrə Şəki Şəhər Stadionunda baş tutan yarışlarda Azərbaycan millisi Küveyt yığmasını 5:0 hesabı ilə məğlub edib. Bununla da millimiz qrupu birinci yerdə başa vuraraq yarımfinala yüksəlib.

Millimiz finalda Özbəkistanla üz-üzə gəlib. Görüş Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Şahmar Nağızadə, Vahid Məmmədov və Tərlan Qurbanəliyev rəqib qapısından keçiriblər. Beləliklə də, çövkən üzrə milli komandamız yarışları ən yüksək pillədə başa vurub və qızıl medal qazanıb. Çövkan yarışlarında üçüncü yeri isə Qırğızıstan yığması tutub.

Çövkən üzrə turnirdə 6 komanda iştirak edib. A qrupunda Azərbaycan, Qırğızıstan və Küveyt, B qrupunda isə Özbəkistan, Qazaxıstan və Türkiyə yer alıb.

Azərbaycan millisinin qələbəsi beynəlxalq çövkən oyunlarının inkişafı üçün böyük addımdır. Bunu çövkən yığmasının baş məşqçisi Namiq Orucov jurnalistlərə açıqlamasında deyib. O yığmanın nəticəsini dəyərləndirərək deyib: “İlk dəfədir MDB Oyunlarına qatılmışıq. Yarış yüksək səviyyədə keçirildi. Təşkilatçılara minnətdarlığımı bildirirəm. Bu nailiyyət Azərbaycan atçılığı üçün çox yüksək nəticədir. Beynəlxalq çövkən oyunlarının inkişafı üçün böyük addımdır. Çox şadıq ki, 50-yə yaxın ölkə Beynəlxalq Çövkən Federasiyasına üzv olub. Növbəti illərdə komandaların sayı arta bilər”.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 5 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Siyasət

MEDİA

MEDİA

Londonda iqlim dialoqu...

09 Oktyabr 09:56  

Analitik

5 saatlıq görüş...

09 Oktyabr 09:42

Analitik

Sosial

Məktubunuz var...

09 Oktyabr 08:20  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31