Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan enerji həmrəyliyinə hörmətlə yanaşan ölkədir

Azərbaycan enerji həmrəyliyinə hörmətlə yanaşan ölkədir

23.05.2024 [10:55]

Avropa Komissiyasının yenilənmiş enerji strategiyasında Xəzər regionu ön planda yer alır

Avropa İttifaqı (Aİ) Şurası 2026-cı ildən Rusiya və Belarusdan təbii qazın, o cümlədən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün dayandırılmasına imkan verəcək qaz bazarı islahatları strategiyasını təsdiqləyib. Yeni direktivdə qeyd edilir ki, orta və uzunmüddətli dövrdə bu regionun əsas enerji balansı bərpa olunan qaz, təbii qaz və hidrogenə əsaslanacaq.  Avropa Komissiyası həmin mənbələri əldə etmək üçün Xəzər, Yaxın Şərq-Afrika bölgəsinin enerji resurslarına daha çox etibar edir. Xüsusilə də Aİ gələcək etibarlı və dayanıqlı enerji təminatlarının əsas sütunlarından biri kimi Xəzər ölkələrinə daha çox arxalanır. 

Avropa İttifaqı gələcək enerji təminatı və balansını 3 mənbəyə əsaslanmaqla möhkəmləndirmək istəyir. Bunlar təbii qaz, bərpa olunan (LNG) qaz və “yaşıl enerji”dir. Həmin mənbələrin hər 3-ü Xəzəryanı ölkələrdə, daha doğrusu, Azərbaycan, Türkmənistan, Qazaxıstan və Özbəkistanda (Rusiya istisna olmaqla) cəmləşib. Bu isə o deməkdir ki, Avropa Komissiyası yaxınmüddətli dövrlərdə Azərbaycan əsas aparıcı ölkə olmaqla, Xəzər koalisiyasından həm təbii qazın, həm LNG-nin, həm də “yaşıl enerjinin” həcmlərini artırmaqda israrlıdır. 

Həmin təchizat zəncirində isə artıq 2 ildən çoxdur ki, yer alan Azərbaycanın Aİ və ya üzv dövlətlərin təhlükəsizliyində aparıcı ölkələrdən biri olması istisna deyil. Aİ Azərbaycanı enerji həmrəyliyi prinsiplərinə və öz öhdəliklərinə məsuliyyətlə yanaşan ölkə hesab edir. 

Trans-Xəzər Mərkəzi Asiya və Avropa arasında vacib körpüyə çevrilir...

Bu günlərdə Vaşinqtonda Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunmuş 8-ci Trans-Xəzər Forumunda iştirak edən Avropa Komissiyası Beynəlxalq Tərəfdaşlıq üzrə baş direktoru Henrik Hololeyi bildirib ki, Azərbaycan Avropa enerji ailəsinin ən sadiq üzvü kimi uzunmüddətli təminat blokunda yer alacaq və Aİ enerjinin həcmlərinin artırılması və şaxələndirilməsi  üçün səylərini daha da artıracaq.

Yeri gəlmişkən, Aİ həm də nəqliyyat tranzitlərinin şaxələndirilməsində də Azərbaycanın əsas rol aldığı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu da strateji maraq kursunda saxlayır. Henrik Hololeyi qeyd edib ki, bu layihə Mərkəzi Asiya və Avropa arasında çox vacib körpü rolunu oynayır. Təbii ki, Azərbaycan bu layihənin mərkəzindədir. Belə ki, Xəzər dənizinin şərq tərəfindən gələn bütün yollar Azərbaycandan keçməlidir. Avropa Komissiyası rəsmisi bildirib ki, bu layihə 10-dan çox ölkəni, o cümlədən Avropa ölkələrini və Ukraynanı bir araya gətirir: “Həmçinin Orta Dəhliz kimi tanınan bu layihə siyasi gündəlikdə əhəmiyyətli yerə malikdir. Bu istiqamətdə bir çox işlər görülüb və görülməkdə davam edir. Aİ bu xəttin Avropa ilə Asiya arasında müasir, davamlı, sərfəli və effektiv bağlantı olması üçün tərəflərlə işləməyə davam edir.

ABŞ Ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman da Azərbaycanın regional və qlobal nüfuzuna diqqət çəkərək bildirib ki, ABŞ Xəzər regionunun iqtisadi və strateji əhəmiyyətini xüsusi olaraq qiymətləndirir. Son 2 il ərzində ABŞ-ın Xəzər regionu ilə ticarət dövriyyəsi 40 milyard dollar təşkil edib, idxal və ixrac isə 20 milyard dollar olub. Bu statistika onu göstərir ki, kollektiv səylər nəticəsində ticarət qarşılıqlı ola bilər və hər iki tərəf qarşılıqlı hörmət və etimad nəticəsində qurulmuş əməkdaşlıqdan yararlana bilər. Xəzər regionundakı ticarətin əsas strukturunu enerji məhsulları təşkil edir ki, burada da əsas pay Azərbaycana aiddir. Ona görə də Vaşinqton bu regionun ticarət dövriyyəsinin əsas hərəkətvericisi olan Azərbaycanın timsalında dəyəri artırmaq üçün əlavə imkanlar axtarır və burada yenə də başlıca iqtisadi məsuliyyət Bakının üzərinə düşür. Cənab Venkataramanın “biz regiondakı tərəfdaşlarımızdan tez-tez iqtisadiyyatın diversifikasiyası niyyətləri barədə eşidirik və buna dəstək veririk” ifadəsi də məhz şaxələndirmənin əsas təşəbüskarı olan Azərbaycanla əlaqələrin keyfiyyətinin artırılmasına işarədir. 

Aİ Xəzərin “yaşıl hidrogen” ehtiyatlarına güvənir... 

Aİ-nin yanacaq təchizatında güvəndiyi Xəzərin qaz mənbələri kifayət qədər çoxdur. İlk növbədə təbii qazdan söhbət gedirsə,  burada əsas resurs zonası və təchicatçı kimi diqqət Azərbaycanın üzərində cəmləşir. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri xanım Kadri Simson Azərbaycan Cənub Qaz Dəhlizini genişləndirilməklə 2027-ci ilə qədər qaz ticarətini iki dəfə artıracaq və yanacaq nəqli 20 milyard kubşmetrə çatdırılacaq. Azərbaycanın liderliyi və təşəbbüskarlığı sayəsində əlavə güclərin ixracı üçün Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulması nəzərdə tutulur ki, nəticədə Xəzər mənbəyindən Avropaya illik 40-50 milyard kub.metrə yaxın qaz nəqli gözlənilir. 

LNG-yə gəlincə, Aİ-nin bu resurslarla təminatında Xəzər yenə də əsas təminat nöqtəsidir. Özbəkistan bu yanacaq  növünün istehsalı və emalında ən iri ixracatçı ola bilər. Eyni zamanda, Qazaxıstan və Azərbaycan da artıq LNG emalında öz texnoloji imkanlarını və infrastruktur-logistika sahələrini yaratmaqla həmin enerji nəqlində pay ala bilər.    

Avropanın Xəzər bölgəsindən nəql etmək istədiyi 3-cü enerji mənbəyi olan “yaşıl enerji” təchizatında da Azərbaycan açar ölkə sayılır. Respublikamız öz enerji mənbələrinin Aİ regionuna inteqrasiyası üçün infrastruktur-logistik təminatlarını 2  il əvvəldən yaratmaqla prosesə başlayıb. Belə ki, ölkəmizin liderliyi sayəsində 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in tələblərinə əsasən, dörd ölkənin - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və ya “Qara dəniz kabeli” yaradılıb. Bu marşrut “yaşıl enerji”nin Rumıniyaya və Avropaya nəqlini nəzərdə tutur. Azərbaycanın Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi ilə Aİ-nin “WindEurope” Assosiasiyası arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də Azərbaycanın Energetika Nazirliyi ilə Aİ-nin “Nobel Energy” şirkəti arasında Anlaşma Memorandumunun imzalanması da yeni enerji müttəfiqliyinin əsas bəndləridir. Aİ şirkətləri həm də azad edilmiş rayonlardakı güc mənbələrinin reinteqrasiyasına da maraq göstərir və 2 ay əvvəl Aİ-nin “Nobel Energy” şirkəti ilə imzalanmış sazişə əsasən, bu investor Cəbrayıl rayonunda 100 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı mərkəzi yaradacaq ki, bu da Aİ-nin artıq Qarabağdakı layihələrdə təmsil olunması deməkdir.

Azərbaycanın “yaşıl güclər”lə koalisiyada yeri ...

Bu siyasətin tərkib hissəsi kimi 2027-ci ilin sonunadək “yaşıl güclər”in ölkənin enerji sisteminə inteqrasiyasını təmin etmək üçün Aİ ilə birgə yeni strategiya hazırlanır. Bütün bunlar birmənalı olaraq Aİ-nin Azərbaycanın başlatdığı yeni enerji bumu və ya “yaşıl enerji” proqramında güclü tərəfdaş olduğunu və siyasi dəstək verəcəyini qətiləşdirir. 

Aİ-nin Xəzərdə yaratmaq istədiyi “yaşıl enerji” koalisiyasının müəllifi də Azərbaycandır. Belə ki, mayın 1-də Daşkənddə keçirilən görüşdə Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirləri enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıb ki, sənəd hər 3 ölkənin mövcud külək və Günəş enerjisi resurslarını vahid dəhlizdə birləşdirərək Avropaya nəqlini nəzərdə tutur. Üç qardaş ölkənin bərpa olunan enerji potensialları bölgədə yeni  “yaşıl” enerji dəhlizinin yaradılmasına zəmin yaradır.

Göründüyü kimi Azərbaycan həm təşəbbüskar, həm təchizatçı, həm də beynəlxalq enerji koalisiyasının coğrafiyasını genişləndirən, Avropa ilə Asiya arasında körpü yaradan dövlətdir. Məqsəd və məram isə bütün bölgə ölkələrini bir sülh ailəsində birləşdirməkdir. Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıq üzrə baş direktoru Henrik Hololeyin bəyan etdiyi kimi Azərbaycan enerji həmrəyliyi prinsiplərinə hörmətlə yanaşan ölkədir.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 209 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30