Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qiymətlər artsa da... 

Qiymətlər artsa da... 

02.07.2024 [10:30]

Keyfiyyət daha da yaxşılaşacaq

İyulun 1-dən etibarən nəqliyyat sektoru, məişət tullantılarının daşınması və dərman vasitələri ilə bağlı tariflərin dəyişməsi əsas etibarilə bazar iqtisadiyyatının tələblərindən meydana çıxan idaretmə mexanizmlərinin optimallaşdırılması ilə bağlıdır. Belə ki, bazar iqtisadiyyatı şəraitində əsas tələblərdən biri olan rəqabətin təmin olunması və xidmət keyfiyyətinin artırılması başlıca şərtdir və tarif uyğunsuzluqları daim bu sahələrdə çevik idarəetməyə və rentabelli, dayanılqı fəaliyyətə mane olur, xidmət və keyfiyyət amillərini zəiflədir. 

Bu xarakterik əlamətlər ölkəmizin nəqliyyat sektorunda uzun müddətdir ki, daha çox müşahidə edilir. Belə ki, daşıyıcı şirkətlərin maşın parkının müasirləşdirilməsi, yeni avtobusların alınması, bu sahədə əsaslı təmir və modernizasiya işlərinin aparılması, sərmayə qoyuluşları imkanları məhdud idi. Nəticədə köhnə tariflər xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin daim saz vəziyyətdə saxlanmasına imkan vermirdi. Dövlət tərəfindən nəqliyyat sektoruna yönələn dotasiyalar isə bu sahəni hökumətdən ələbaxımlı vəziyyətə salır, daim subsidiya tələb olunur və daşıyıcı şirkətlərin əsaslı plan əsasında öz layihələrini icra etməsini əngəlləyirdi. Bütün bunları nəzərə alan hökumət tarif dəyişikliklərinə getməyə məcbur idi. 

Tariflərin yenilənməsi zamanı dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal tarif dəyişikliyi edilib. Belə ki, yeni tariflərin tətbiqi zamanı xidmət keyfiyyəti və müştəri məmnuniyyətinin artırılması, İstehlakçı ilə xidmət göstərən tərəflərin maraqlarının uzlaşdırılması, xidmətin dayanıqlılığının və iqtisadi əlverişliliyinin təmin olunması, keyfiyyətin yüksəldilməsi, avtobus parklarının yenilənməsi, metro infrastrukturunun genişləndirilməsi, vətəndaşların ictimai nəqliyyatdan daha rahat istifadəsinə səbəb olan yeni sərmayələrin cəlbi üçün səmərələşdirici tədbirlər görüləcək və bu istiqamətdə işlər nəzarətdə saxlanılacaq. 

Qeyd edək ki, ictimai nəqliyyat sektoru hədsiz dərəcədə bahalı sahədir və davamlı sərmayələr tələb edir. Bu fəaliyyət növü ilə məşğul olan özəl şirkətlərin isə sərmayə proqramları yetərli qədər olmadığından bu sahədə yenə də əsas yük dövlətin üzərinə düşür, dövlət bu sahədə əsaslı yenidənqurma işlərini, maşın parkının və avtobusların alınmasını öz xərcləri hesabına təmin edir. Ötən müddətdə şəhərdaxili və rayondaxili, şəhərlərarası avtobus marşrutlarında, metro nəqliyyatında tətbiq olunan tariflər bu sektorun zərərlə işləməsinə səbəb olmasına baxmayaraq, dövlət tərəfindən hər il on milyonlarla manat sərmayələr  yatırılıb. Təkcə, 2023-cü il ərzində yalnız Bakı şəhərində 200-dən çox avtobus istismara verilib, ilin sonuna kimi 160 elektrik avtobusunun sərnişinlərin xidmətinə verilməsi planlaşdırılır. Xidmət səviyyəsinin yüksəldilməsi, daha rahat və sürətli daşınmanı təmin etmək məqsədilə Bakıda 21 küçə və prospektdə uzunluğu 65 km olan xüsusi avtobus zolaqları təşkil edilib. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin təşkili üçün bu il daha 31 küçə və prospekti əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkili həyata keçiriləcək. Bundan başqa, Bakı şəhərinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə yeni marşrut şəbəkəsi təsdiq edilib, yaxın günlərdə Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrində fəaliyyət göstərəcək 5 yeni marşrut olmaqla bu şəbəkənin tətbiqinə başlanılacaq.

Respublikanın bölgələrində daşıyıcı şirkətlərin maddi resurs imkanları zəif olduğundan dövlət bu istiqamətlərdə də nəqliyyat xərclərinin böyük hissəsini də öz üzərinə götürüb. Bakıdan Gəncə, Mingəçevir, Zaqatala, Bərdə və Tərtər istiqamətlərində yeni avtobuslar istifadəyə verilib və bu proses davam edir. Metro nəqliyyatına gəlincə, bu sektorda infrastrukturun əsaslı yenilənməsi və yeni stansiyaların tikilməsi işləri son illərdə daha geniş vüsət alıb və dövlətin 200 milyon manatdan çox sərmayəsi təmin olunub. Bu vəsaitlər hesabına, ümumilikdə, 65 yeni vaqon sifariş edilib, bu vaqonlardan 35 ədədinin bu ilin sonuna qədər ölkəyə gətirilməsi nəzərdə tutulur. 

Bütün bunlar dövlətin nəqliyyat siyasətində sosialyönümlülük prinsipinə daha çox önəm verdiyini göstərir, özəl daşıyıcıların da xərclərinin bir hissəsini öz üzrəinə götürdüyünü təsdiqləyir. Ancaq hazırda dünyada nəqliyyat avadanlıqlarının və vasitələrinin bahalaşması müşahidə edilir, ölkəmizin xarici dövlətlərdən idxal etdiyi mal-material və avadanlıqlar, avtobus və metro vaqonları, eləcə də təmir üçün nəzərdə tutulan xərclər artır, dövlət bu xərcləri öz gücünə qarşılayır, ancaq özəl sektoru təmsil edən şirkətlər bunun öhdəsindən gələ bilmir və nəticədə onlar köhnə tariflərlə heç bir təmir və yeniləmə apara bilmir. Bu baxımdan tarif dəyişikliyi onların xərclərinin optimallaşmasına və avtobus parklarının yenilənməsinə, yeni sərmayələr yatırmaqla xidmətin keyfiyyətini artırmasına əsaslı baza yaratmış olacaq. 

Tarif dəyişikliyinin tətbiq edildiyi digər sahədə - Bərk Məişət Tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri üzrə tariflər də mövcud xidmətlərin göstərilməsində uyğunsuluq yaradırdı, bu sahədə xidmət göstərən nəqliyyat vasitələrinin, avadanlıqların yenilnməsinin qarşısını alırdı. Həmin sahədə tariflər sonuncu dəfə 13 il əvvəl, 2011-ci ildə müəyyən olunmuşdu və bu dövr ərzində ölkədə tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənsədə, şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi üçün konteynerlər müasirləşsə də, bu sahə də rentabelli fəaliyyətin qurulması mümkün olmurdu. Dövlətin dotasiyaları hesabına bu sahəni uzunmüddətli idarə etmək mümkün deyildi, xüsusilə də büdcədən ayrılan subsidiyanın ayrılması ilə tariflərin aşağı səviyyədə saxlanılması əhali və qeyri-əhali abonentlərinin uçotunun təşkili və yığımla əlaqədar problemlərə gətirib çıxarır, büdcədən əhəmiyyətli dərəcədə asılılıq dövlət tənzimlənməsinin təkmilləşdirilməsi siyasətinə mane olurdu. Ona görə də qeyd edilən səbəblər bu sahədə yeni tənzimləməni labüd idi. Tarif dəyişikliyindən sonra əhali üzrə 1 nəfərin aylıq xərci 70 qəpik  artacaq ki, bu da bir günlük 2,3 qəpik deməkdir. Digər ölkələrdə bu sahədə tariflərlə müqayisə aparaq. Məsələn, əhali qrupu üzrə Rusiyada 9 manat/kub metr, Qazaxıstanda 2 manat/nəfər/ay, Gürcüstanda 1,6 manat/nəfər/ay, Belarusda 7-8,3 manat/kub metr, qeyri-əhali qrupu üzrə Rusiyada 16-20 manat/kub metr, Qazaxıstanda 7 manat/kub metr, Gürcüstanda 9,5 manat/kub metr, Belarusda 8,4-16,6 manat/kub metr arasında dəyişir. 

Göründüyü kimi kommunal sektorun əsas bölmələrindən biri olan məişət tullantılarının daşınması xərilərinin bahalaşması sayəsində bu sahədə də dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə imkan yaranacaq.

Tarif dəyişikliyinin edildiyi digər sahə olan dərman vasitələrinin qiymətində tənzimləmələr də sosial əhəmiyyət kəsb edir və etibarlı təchizatın yaradılması məqsədi daşıyır. Belə ki, müvafiq tənzimləmələrdən sonra yeni dövlət qeydiyyatına alınan 115 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə 62 dərman vasitəsinin qiymətinin yuxarı həddində dəyişikliklər aparılıb. 

Məhəmməd

Paylaş:
Baxılıb: 146 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Analitik

Xarici siyasət

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31