Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Qarabağ və Şərqi Zəngəzur...

Qarabağ və Şərqi Zəngəzur...

25.09.2024 [09:14]

Sürətli dirçəliş, iqtisadi canlanma

Yeddinci çağırış Milli Məclisinin ilk iclasında iştirak edən Prezident İlham Əliyev ölkə qarşısında duran ilk vəzifənin Qarabağ və Şərqi Zəngəzuru bərpa etmək olduğunu xatırladıb. Dövlət başçısı bildirib ki, tarixi Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 2024-cü il də daxil olmaqla 19 milyard manat vəsaitin xərclənməsi təmin olunacaq.

İndiyə qədər həmin vəsaitlər hesabına bu bölgədə zəruri infrastrukturlar yaradılıb. İnfrastruktur layihələri çox geniş miqyas alıb, 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələrin içində 45 tunel nəzərdə tutulur və bu tunellərin uzunluğu 70 kilometrdir, - yəni, o dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil, - 450 körpünün inşası nəzərdə tutulur. Dəmir yolları, iki beynəlxalq hava limanı istifadəyə verilib. Enerji potensialı gücləndirilir və üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verilmişdir və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Bütün bu işlərin hər biri Azərbaycanın öz maliyyə imkanları hesabına təmin olunur. Sosial infrastruktur layihələrində qardaş Türkiyə, Özbəkistan və Qazaxıstanın köməyi də mühüm yer tutur. Özbəkistanın birbaşa maliyyə dəstəyi ilə Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilib, Qırğızıstan Respublikası isə Ağdam rayonunda məktəb inşasını davam etdirir. Ancaq çoxmilyonluq nəhəng infrastrukturların hər birinin arxasında Azərbaycanın özünün maliyyə qüdrəti dayanır.

Azad ərazilərdə 840 yeni iş yeri yaradılıb

Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır. İşğaldan azad edilmiş ərazilərdə öz doğma evlərinə geri dönən sakinlərin məskunlaşması tədbirləri ilə yanaşı, onların məşğulluğu ilə bağlı müxtəlif proqramlar və layihələr icra olunur. Ötən müddət ərzində Zəngilan rayonunun Ağalı kəndində inşa edilmiş ilk “Ağıllı” kəndə, Füzuli şəhərinə, Laçın şəhərinə və Zabux, Sus kəndlərinə, Suqovuşana, eləcə də Şuşa və Xocalıya qayıdan insanların məşğulluq imkanları ilə bağlı nəzərdə tutulan plan üzrə tədbirlər həyata keçirilib. Zəngilanın Ağalı kəndinə köç edən ailələr işlə təmin olunur. Ötən dövr ərzində həmin kəndlərdə, ələxsus da Ağalıda geniş məşğulluq infrastrukturları yaradılıb. “Kapital Bank”ın filialı, “Asan” və “Dost” Xidmət mərkəzləri, orta məktəb və uşaq bağçalaırında, tikiş müəssisəsində, çörəkbiçirmə sexlərində, mağaza və marketlərdə yüzlərlə iş yeri yaradılıb. Hökumət bu kəndlərdə həm yaşayış üçün ən müasir şəraiti təmin edib, həm də sakinlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün lazım olan sosial layihələrin icrasını davam etdirir.

Füzuli və Laçına, Zabuxa, Şuşa və digər ərazilərə qayıdan sakinlərin ənənəvi məşğulyyətinin bərpa olunması, heyvandarlıq məqsədilə kiçik ailə təsərrüfatlarının, o cümlədən heyvandarlıq, arıçılıq, bağçılıq və s. fərdi və kiçik ailə bizneslərinin yaradılması məqsədilə hökumət tərəfindən müvafiq layihələrin icrasına başlanılıb. Beləliklə, həmin layihə və tədbirlər sayəsində bu bölgəyə köçürülən sakinlərin məşğulluq imkanları da dayanıqlı şəkildə təmin edilir. 2024-cü il avqustun 1-nə azad edilmiş ərazilərdə, o cümlədən Qarabağ iqtisadi rayonunda 2024-cü ilin birinci yarısında iş yerlərinin yaradılması da sürətlənib. Belə ki, yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri yaradılıb ki, onun 299-u Laçının, 232-si Şuşanın,  103-ü Ağdamın, 42-si Kəlbəcərin, 38-i Cəbrayılın, 37-si Füzulinin, 15-i Xankəndinin, digərləri isə başqa rayonların payına düşür. Cəmi bir neçə ay əvvəl doğma sakinlərinə qovuşmuş Xocalıda da bir neçə iş yeri yaradılıb. Ümumilikdə, bu proses fasiləsiz olaraq davam etdirilir və ilin sonunda bu bölgədə iş yerlərinin sayının 1200-ü ötəcəyi gözlənilir.

Hazırda azad edilmiş bölgələrdə ən çox tətbiqinə geniş yer verilən layihələrdən Özünüməşğulluq proqramlarını qeyd etmək olar. Həmin proqram çərçivəsində təqdim edilən aktivlərin əsas qismi kənd təsərrüfatını, heyvandarlığı əhatə edir.Bu tədbirlər çərçivəsində Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Sarıcalı, Kəngərli, Salahlı Kəngərli, Baş Qərvənd kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarının təşkili işlərinə başlanıb. Ümumilikdə həmin ərazilərimizdə 2026-cı ilədək ilkin mərhələdə 12 min şəxsin peşə hazırlığına cəlbi nəzərdə tutulub.

1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib

Azad edilmiş ərazilərdə yaşayan sakinlərin biznes fəaliyyəti üçün də lazımi hüquqi-iqtisadi əsaslar yaradılmaqdadır. Hökumət  onların biznes fəaliyyəti ilə məşğul olmaları üçün bir çox iqtisadi-vergi güzəştləri tətbiq etməkdədir. Belə ki, onlar 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunub, məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır, yəni sığorta vergisini dövlət özü ödəyir. Nəticədə bu güzəştlər isə bölgədə kiçik ailə təsərrüfatları quran, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların biznes imkanları stimullaşdırılır. Bunun nəticəsidir ki, bölgədə artıq iqtisadi fəallıq dayanmadan artır, bölgədə sahibkarların sayı yüksəlir. Həmin ərazilərdə yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin də sayında artımlar qeydə alınıb. Belə ki, hesabat dövründə azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb. Fərdi sahibkarların böyük bir hissəsi, təxminən 520-si Ağdamda qeydə alınanlardır. Bu rayondakı Sənaye Parkının yaradılması sahibkarların fəaliyyətə başlaması üçün mühüm rol oynamaqdadır. Eləcə də, Füzuli və Kəlbəcərdə də sahibkarlıq subyektlərinin sayı durmadan artır, bu rayonlarda birlikdə 600-dən çox fərdi sahibkar mövcuddur. Şuşada 61, Xocalıda isə 42 sahibkarlıq subyekti qeydə alınıb.

Xarici sərmayəçilərin investisiya təşəbbüsləri artır

Bu statistika ona dəlalət edir ki, artıq Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonlarında iqtisadi dəyər yaradan sahələr formalaşır və biznesin ilk addımları öz müsbət səmərəsini göstərməyə başlayır. İki il əvvəl fəaliyyətə başlamış Zəngilandakı “Dost Aqropark” layihəsi artıq öz müsbət nəticələrini verməkdədir. Bu ərazidə ötən il kənd təsərrüfatı məhsullarının istehsalı ümidverici göstəriclərlə yadda qalıb. Yaxud, Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” və Sənaye Parkının yeni formalaşan sənaye potenisalının imkanları böyüyür. Bu bölgədə Rusiyanın “Kamaz”, İtaliyanın “İveco” markalı avtomobilləri üçün servis mərkəzi yaradılıb və rezidentlərin sayı artmaqdadır. Artıq 5 sahibkarlıq subyekti Parkın rezidenti kimi, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyata alınıb və investisiya təşəbbüsləri dayanmadan artır.

Eləcə də Qubadlı və Zəngilanda taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri, heyvandarlıq təsərrüfatları, həmçinin, Kəlbəcər və Laçında arıçılıq təsərrüftları yaradılıb. Türkiyə, İsrail, Rusiya və digər ölkələrə məxsus sahibkarlar bir neçə investisiya layihəsi icra etməkdədir. Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə artıq sərmayə proqramlarının icrasına başlayıb. Türkiyənin “Eti Bakır A.Ş.” şirkəti Qaşqaçay filiz yatağında, “Artvin Maden A.Ş.” şirkəti Elbəydaş və Ağduzdağ filiz yataqlarında neçə aydır ki, fəaliyyət göstərir. Ağdam Sənaye Parkında işlərə start verilib.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31