Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Qələmi süngü ilə əvəz edənlər

Qələmi süngü ilə əvəz edənlər

11.11.2021 [10:43]

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Müharibə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində böyük  Zəfərlə başa çatdı.

44 gün ərzində Prezident İlham Əliyev, sözün əsl mənasında, informasiya müharibəsi apardı. Dünyanın aparıcı KİV-inə 30-dan çox müsahibə verərək,  erməni faşizminin əsl simasını açıb-göstərdi, Ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətlərini faktlarla sübut etdi.

Vətən müharibəsi zamanı hərbi jurnalistikamız özünü doğrulda bildimi?

Bu müharibə Azərbaycan jurnalistikası üçün də bir sınaq oldu. Hamı bir nəfər kimi cəbhədən gələcək xəbərləri gözləyirdi. Davam edən döyüşlərdən düzgün və operativ informasiyanın ötürülməsi olduqca vacib idi. Görəsən, hərbi jurnalistikamız özünü doğrulda bildimi? Cəmiyyətin informasiya tələbatı ödəndimi? Yerli jurnalistlər döyüş zonasında necə işlədilər?

Əfsuslar olsun ki, müharibəni işıqlandırmaq üçün döyüş bölgəsinə ezam olunmuş jurnalistlərin fəaliyyəti ilə bağlı fikirlər birmənalı olmadı. 44 günlük Vətən müharibəsi zamanı peşəkar hərbi jurnalist qıtlığı aydın hiss olunurdu. Bir qisim düşünürdü ki, yerli jurnalistlərin qaynar nöqtələrdən canlı bağlantı etmək gücü olsa da, mediamız bundan lazımınca yararlana bilmədi. Xarici mətbuat nümayəndələrindən fərqli olaraq, jurnalistlərimiz tərəfindən informasiyaların çatdırılmasında operativlik baxımından problemlər yaşandı.

Eyni zamanda, xəbərlərin peşəkarlıq baxımından təqdim edilməsində də çatışmazlıqlar yox deyildi. Bir çoxları Çingiz Mustafayevin davamçısını axtarsa da, axtarışları nəticə vermədi. Nəticədə, əksər insanlar daha dolğun informasiyanı xarici mediadan almağa çalışdılar.

Müharibə dövründə jurnalistikamızda hansı boşluqlar vardı?

Hazırda ölkəmizdə hərbi jurnalistikanın vəziyyəti barədə müxtəlif rəylər mövcuddur. Ekspertlərin fikrincə, bu gün hərbi jurnalistikanın inkişafı mütləqdir. Post-müharibə dövründə ölkədə bu sahəyə diqqət daha çox olmalıdır. O zaman başqa bir sual yaranır. 30 ildir ki, müharibə şəraitində yaşamağımıza baxmayaraq, yetərincə peşəkar hərbi reportyorlar yetişdirə bilməməyimizin səbəbi nədir? Üm?miyyətlə, müharibə dövründə jurnalistikamızda hansı boşluqlar vardı?

Bu mövzu ilə bağlı 20 ildir ki, cəbhə bölgəsində jurnalist kimi fəaliyyət  göstərən Teymur Zahidoğlu ilə həmsöhbət olduq. T.Zahidoğlu deyir ki, hazırda hərbi jurnalistika sahəsində bərbad bir situasiya var. Onun sözlərinə görə, hərbidən yazan jurnalistlərimiz daha çox xəbərçilik prinsipi əsasında fəaliyyət göstərdikləri üçün demək olar ki, onlar arasında hərbi-elmi publisistika yaza biləcək, təhlillər apara biləcək jurnalistlər yoxdur: “Hərbi strukturların, eləcə də hərbiləşdirilmiş təsisatların nəzdində fəaliyyət göstərən və kollektivi hərbi qulluqçulardan ibarət olan KİV hərbi jurnalistika hesab olunur. Azərbaycanda hərbi qurumlardan, hərbləşdirilmiş qurumlardan kənarda hərbi jurnalistika yoxdur. Hərbi jurnalistika həssas bir sahədir. Hər hərbdən yazan, yaxud vaxtilə hərbçi olan qələm sahibinə biz hərbi jurnalist deyə bilmərik. Hətta nə qədər peşəkar yazsa da, o, hərbi jurnalist sayıla bilməz. Qələm sahibi hərb sahəsi ilə mülki həyatdakı prosesləri, eləcə də ictimai-siyasi prosesləri peşəkarlıqla analiz və sintez edə bilməlidir. Bundan başqa, qanunvericiliyi dərindən bilməli və ordu quruculuğunda prosesləri yaxından izləməlidir. Ümumiyyətlə, jurnalist hadisələrə hərbçi kimi baxmalıdır. Azərbaycan kimi zəngin hərb tarixi olan bir ölkə üçün bu gün mövcud olan hərbi araşdırmalar, təhlillər, demək olar ki, sıfıra bərabərdir. Hərbidən, ekstremal jurnalistikadan anlayışı olmayan, bir dəfə də olsun cəbhəyanı bölgələrdə sosial, humanitar araşdırma aparmayan, hərbi terminləri bilməyən insanlar indi dissertasiya yazır, elmi iş müdafiə edirlər. Mediamız hərbi jurnalistika haqqında danışıb onun nə olduğunu bilməyən jurnalistlərlə doludur. Sizi inandırım ki, onlar kiçik praktiki məqalə belə yaza bilməzlər”.

Nə üçün xarici media bizə istinad etmədi?

İkinci Qarabağ ?üharibəsində jurnalist kimi iştirak edən müsahibimiz yerli jurnalistlərlə yanaşı, xarici ölkələrin jurnalistlərinin də cəbhə bölgəsində fəaliyyət göstərdiklərini xatırladıb: “44 günlük Vətən müharibəsində hərbi jurnalistlərimiz ön cəbhədə hətta döyüşlərin içərisində oldular. Həmkarlarımız qorxmadan canfəşanlıqla hadisələrin içərisində işləməyə çalışdılar. Amma həmin jurnalistlərimizin topladığı informasiyaların hamısının ictimaiyyətə çatdırılması mümkünsüz idi. Çünki bu informasiyaların içərisində dövlət sirləri də vardı. Hərbi jurnalistlər həmişə bu tendensiyaları qorumağa çalışırlar. Hərbidən yazan mülki jurnalistlərin bir-birinin ardınca səhvlərə yol vermələri bir sıra xoşagəlməz halların yaşanmasını qaçılmaz etdi. Qeyd etdiyim kimi, həmkarlarımızın kifayət qədər səhvləri oldu. Məsələn, düşməndən qənimət kimi götürülmüş tankın üzərinə çıxıb bayraq sancan jurnalistimizin bu addımı peşəkarlıqdan çox uzaq idi. Burada vətəndaşlıqla peşəkarlığı qarışdırmaq düzgün deyil. Bu görüntülərə rast gələn xarici jurnalist müəllifin obyektiv olmadığını düşünəcək. Dünyanın ən tanınmış KİV-i, qəzet və jurnalları, radio və televiziyaları, demək olar ki, Azərbaycan mediasına istinad etmədi. Çünki onlar bizdən dolğun informasiya ala bilmədilər. Ərsəyə gətirilən materialların əksəriyyəti yalnız Azərbaycan cəmiyyəti üçün hazırlanmışdı.

Jurnalistlərimiz özlərini sosial şəbəkədə reklam etməklə məşğul idilər?

Müharibə bölgəsinə ezam olunmuş jurnalistlərin sosial şəbəkələrdə aktivliyindən söz açan ekspertin sözlərinə görə, həmkarlarının bir qismi özlərini sosial şəbəkələrdə reklam etməklə məşğul idilər: “Qonşu Türkiyədən jurnalist Fulya Öztürkün hazırladığı videomaterialların dünya səviyyəsində daha effektiv olduğunun şahidi olduq. Çünki Fulya xanım özünü reklam etməklə yox, daha dolğun informasiya çatdırmaqla məşğul idi”.

Jurnalistlərin 90 faizinin hərbi sahədən anlayışı yox idi

“Döyüş zonasında təhlükəsizliyə riayət olunması baxımından da hazır deyildilər. Bu faktın özü Azərbaycan hərb jurnalistikasında kifayət qədər boşluqların varlığından xəbər verirdi. Müşahidə etdiyim qədərilə, cəbhə bölgəsində işləyən jurnalistlərin 90 faizinin hərbi sahədən anlayışı yox idi. 30 il müharibə şəraitində yaşamış ölkənin jurnalis?ləri arasında peşəkar kadrlar olduqca azdır”,- deyə Teymur Zahidoğlu söyləyib.

Tələbələrə konflikt jurnalistikasi fənni tədris ediləcək

“Konflikt Jurnalistikası Məktəbi”nin rəhbəri, jurnalistika mütəxəssisi, müharibə veteranı Əlisəfa Mehdi isə bildirib ki, Azərbaycanda hərbi jurnalistika sahəsi hələ formalaşmayıb. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı yerli jurnalistlərin fəaliyyəti onu qane etməyib: “Vətən müharibəsi zamanı yerli media yalnız Azərbaycan miqyasında xəbərlər yaydı. Mütəxəssis kimi məni narahat edən odur ki, Vətən müharibəsi ilə bağlı həqiqətlərimizi dünya miqyasına lazım? şəkildə çıxara bilmədik. Bunun da obyektiv və subyektiv səbəbləri var. Transmilli mediada Azərbaycan həqiqətlərinin qarşısına çəpər çəkilməsi jurnalistlərimizin xarici auditoriyalara xəbər ötürmələrinə mane olan amillər sırasında yer aldı. Təcrübənin, kadrların yetərincə olmaması da burada öz sözünü dedi. Bu günlərdə Media İnkişafı Agentliyində bu barədə ciddi müzakirələr apardıq. Ekstremal, konfliktli situasiyalara jurnalistlərin hazırlaşdırılması, hərbi biliklərinin artırılması üçün təlimlərin keçirilməsi barədə məsləhətlər verdik. Düşünürəm ki, bu tipli təlimlərin davam etdirilməsi gözləntiləri doğruldacaq. Azərbaycanda hərbi  sahədə yazan jurnalistlər yetərincə maariflənəcəklər”.

Qəhrəman jurnalistlərimiz

Müstəqilliyimizin ilk illərindən etibarən Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində xalqımız minlərlə şəhid verdi. Onların arasında şəhidlik mərtəbəsinə yüksələn jurnalistlərimiz də var. Salatın Əsgərova, Alı Mustafayev, Çingiz Mustafayev, eləcə də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının videooperatoru Sirac Abışov və s. bu sırada yer alırlar.

Müşfiqə BAYRAMLI

 

 

Paylaş
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

Prezident bu gün

03 Dekabr 09:59

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31