Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Maraqlı / Hisslər nə rəngdədir?

Hisslər nə rəngdədir?

25.11.2021 [11:24]

Rənglər psixologiyamıza necə təsir edir?

Həyatımız rənglərlə doludur... Və onlar bizə həm fiziki, həm də mənəvi olaraq öz təsirini göstərir. “Həyatını rənglə” kitabında da qeyd olunduğu kimi, isti rənglər insanları canlandırır, soyuq    rənglər isə sakitləşdirir. Canlı və parlaq rənglər insanı nə qədər xoşbəxt və enerjili edirsə, soyuq və tutqun rənglər bir o qədər sakitlik gətirir. Əsəb pozğunluğu olanlara sarı, yuxusuzluqdan əziyyət çəkənlərə bənövşəyi, sakitləşmək istəyənlərə mavi, şadlanmaq istəyənlərə narıncı, enerjili olmaq istəyənlərə isə firuzəyi rəngi seçmək tövsiyə olunur. Bəs filmlərdə nə üçün ağ-qara rənglərə önəm verilir? Çünki bu texnika real dünyadan xəyal dünyasına keçidi simvollaşdırır.

Rənglərin sirli dünyası bizə nə demək istəyir?

Psixoloq, sosioloq Eva Hellerin “Rəng psixologiyası. Rənglər hisslərə və ağıllara necə təsir göstərir” adlı kitabında qeyd etdiyi kimi, rənglər beynimizə spesifik təsir göstərir. Rənglər ilə zehin arasındakı əlaqəni öyrənmək üçün yalnız psixoloji tərəfdən deyil, fəlsəfə, fizika və digər elmi tərəfdən də tədqiqatlar aparılır.

Həyata yeni və bəmbəyaz bir səhifə açaq!

Rəng psixologiyasında ağ məsumluğun və saflığın rəmzi sayılır. Bununla yanaşı, yeni nəyəsə başlamaq istəyini təmsil edir. Ağ məkan insana şəfa və sakitlik hissi gətirir. İş görüşmələrinə gedərkən ağ geyinmək sizin haqqınızda xoş təəssürat yaradacaq.

Mavi: Nəzərdən qoruyur, siyasətçilər və marketoloqlar daha çox istifadə edir

Aparılan sorğuya görə, ən populyar rəng mavidir. Evlərimizdə tez-tez istifadə etdiyimiz mavi rəng sakitləşdirici, müalicəvi və rahatlaşdırıcı təsir yaradır. Gərgin mühitdə çalışırsınızsa, sizin üçün ən doğru seçim mavi rəngin çalarları olacaq. Ziqmund Freydə görə, mavi insanı sakitləşdirir, məşhur rəng psixoloqu Faber Birren isə mavinin qan təzyiqini aşağı saldığını deyir. Ərəblər mavi daşların qan axınını yavaşlatdığına inanırlar. Nəzərdən qoruyacağına inandığımız göz muncuqlarının mavi rəngdə olması heç də təsadüfi deyil.

Qərbdə mavi rəngin sakitləşdirici təsirə malik olduğunu bildikləri üçün intiharları azaltmaq məqsədilə körpü məhəccərlərini mavi rəngə boyayırlar. Başqa bir misal, Amerikada ibtidai məktəblərin birində divarları ağ və narıncı rəngdən mavi rəngə dəyişdiriblər, bununla da uşaqların qiymətlərinin artdığını və onların arasında nifaqın azaldığını aşkar ediblər.

Siyasətçilərin də ən çox istifadə etdiyi rəng sırasında mavi öndə gəlir. Belə ki, Bill Klinton Böyük Münsiflər Heyətinə ifadə verməzdən əvvəl məsləhətçiləri ona mavi qalstuk taxmağı məsləhət görmüşdülər.

Rənglər vasitəsilə insan psixologiyası ilə oynayırlar!

Fikir verin, dünyadakı şirkətlərin yarıdan çoxu öz loqolarında mavi rəngdən istifadə edir. Bankların loqolarında və şəkillərinin yaradılmasında ən çox istifadə edilən mavi və yaşıldır. Çünki bu rənglər gücün rəmzidir.

Dünyaca məşhur rəssam Van Qoq da emosional vəziyyətini ifadə etmək üçün ulduzlu səma yaradarkən mavi və sarı kimi canlı rəng çalarlarından istifadə etmişdi.

Artıq çəkidən şikayət edənlərin dərdinə çarə mavi...

Əgər artıq çəkidən əziyyət çəkirsinizsə, mətbəxinizdə mavi rəngdən istifadə edərək iştahanızı azalda bilərsiniz. Mavi rəng insanları yeməkdən uzaqlaşdırır. Bütün pəhriz məhsullarında mavi mətn və loqo istifadə olunması sizcə, təsadüfdür? Qətiyyən. Mavi rəngin yemək instinktini azaltdığını bilən fast-food şəbəkələrinin içərisində çətin ki, mavi rəng görəsiniz.

Misallardan da aydın olduğu kimi, insan psixologiyası ilə oynamaq bu qədər bəsitləşib. Marketoloqlar öz məhsullarını satmaq, eləcə də zamanımızı idarə etmək üçün rənglər vasitəsilə “həqiqətlərini” bizə təlqin etməyə çalışırlar. Nəticəyə baxsaq, istəklərinə də çatırlar.

Niyə Coca-Cola, Pizza Hut, McDonald’s kimi brendlər qırmızı   rəngdədir?

Mavidən fərqli olaraq, qırmızı rəng iştahı artırır. Ona görə də dünyadakı bütün qida şirkətlərinin (Coca -Cola, Pizza Hut, TGI Friday’s, McDonald’s, Burger King, Lay’s) loqoları qırmızı rəngdədir.

Həmçinin qırmızı qan təzyiqini artırır və qan axınını sürətləndirir. Məhz buna görə də gəncləri cəlb edən məhsullar loqo və etiketlərində qırmızı rəngə üstünlük verir. Levi’s, The Little Big, Nike, Puma və s. bu siyahını daha da artırmaq olar.

Eləcə də insanlar qırmızı fonlu yerlərdə zaman anlayışını itirirlər. Bu səbəbdən bütün gecə klubları və bar tipli yerlərdə qırmızı fondan istifadə edilir.

Heç özünüzə sual vermisinizmi, niyə polis avtomobillərindəki işıqların yarısı mavi, yarısı isə qırmızı rəngdədir? Bunun səbəbi lampanın qırmızı sayəsində yaxından, mavi sayəsində isə uzaqdan daha yaxşı görünməsiymiş.

Siyasətçilər ciddi və bir az da qorxu aşılayan imic formalaşdırmaq məqsədilə adətən tünd rənglərdə geyimlərə üstünlük verirlər.

İnsan psixologiyasında rənglərlə bağlı qəlibləşmiş fikirlər də var. “Qız çəhrayı, oğlan isə göy rəngdə geyinməlidir” fikri hələ də aktualdır.

Dünyaya gələcək körpə üçün indidən “don” biçilir. Həmsöhbətimiz psixoloq İlhamə Vəliqızının sözlərinə görə, rəng qavrama psixologiyası bizə uşaqlıqdan təlqin edilir. İnsanlar standartdan, çərçivədən çıxdıqları zaman isə özlərini narahat hiss etməyə başlayırlar: “Kişi tünd geyinməlidir” deyimi ucbatından kişilər psixoloji şiddətə məruz qalırlar. Düşünürlər ki, qırmızı və yaxud rəngarəng geyindiyi üçün onlara qeyri-ciddi adam kimi baxacaqlar. Əslində, hər şeyin təməli ailədən başlayır. Ailənin təlqin etdiyi fikirlər ucbatından uşaqlar öz seçimlərini etməkdə çətinlik çəkir, istədikləri rəngdə geyinməkdən məhrum olurlar. Heç şübhəsiz, depressiv ailə öz övladlarını tünd geyim almağa və geyindirməyə sövq edəcək. Baxmayaraq ki, övlad bu rəngi seçmək istəmir. Valideynlər övladlarına tərbiyə verərkən diqqətli olmalıdırlar. Unutmayaq ki, belə mühitdə böyüyən uşaq da gələcəkdə öz övladına yanlış örnək olacaq”.

Fikir vermisinizsə, siyasətçilər, iş və elm adamları əsasən tünd rənglərdə geyimlərə üstünlük verirlər. Bəs buna səbəb nədir? Qara rəng aristokratlıq rəngidir, yoxsa?

Psixoloq deyir ki, buna səbəb qorxudur: “Tünd rəngdə geyinən insanların əslində psixoloji olaraq qorxuları var. Çünki onlar gülünc görünməkdən çox qorxurlar. “Professoram, rəhbərəm, siyasətçiyəm, rəngli geyinib gülünc görünə bilmərəm” deyə düşünürlər. Bir növ, liderliyə meyilli insanlar özlərinə qarşı    ciddiyyət və qorxu yaratmaq məqsədilə tünd geyinməyə çalışırlar. Psixoloji aspektdən baxsaq, onların şüuraltında ciddi görünməmək qorxusu yatır. Bu, “mən gülünc görünərəm və əhatəm məni qeyri-ciddi qəbul edər” qorxusudur”.

Rənglərin əhvalımıza çox böyük təsiri olduğunu deyən mütəxəssis onu da vurğulayıb ki, kədərli, yaxud gərgin olan zaman insanlar rəngarəng ortamdan qaçmağa can atır, parlaq və işıqlı otaqda oturarkən qıcıqlanır, daha sakit bir yerə getməyə çalışırlar. Bu sadalanan misalların hər biri isə psixoloji vəziyyətdən irəli gəlir.

Bir sözlə, geyimdən tutmuş məkan seçimimizə qədər rənglər həyatımızda vacib  rol oynayır. Bu səbəbdən evinizi rəngləndirərkən məkanın atmosferinə uyğun, özünüzü əks etdirən seçimlər edin. Soyuq qış günlərində enerjinizi yüksəltmək üçün ətrafınızda edəcəyiniz kiçik dəyişikliklər fəslin tutqun ab-havasını dağıdacaq və həyat enerjinizi yeniləyəcək...

Müşfiqə BAYRAMLI

 

 

 

 

Paylaş
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30