Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İlham Əliyev olmasaydı...

İlham Əliyev olmasaydı...

15.11.2021 [21:47]

Alqiş Musayev

Tarix təkrarlanmayacaqdı

15 OKTYABR 2021-ci il

Şuşadayıq!

Müqəddəs və Tarixi Şəhərin ziyarətinə Tarixi bir gündə gəlmişik: 18 il əvvəl – məhz bu gün Azərbaycan xalqı Qarabağın Xilaskarına, Şuşanın Fatehinə səs vermişdi. 2003-cü ilin 15 oktyabrı Zəfər Yolunun ilk addımı, Zəfər yolçuluğunun ilk günüydü.

Hələ qarşıda mücadilə dolu 18 il vardı... 15 oktyabrı Şuşada həm də ilk dəfə qeyd etməyimiz təsadüfi ola bilər. Amma... Bu gün heç kəsin cınqırını belə çıxarıb etiraz edə bilməyəcəyi bir həqiqət var. 15 oktyabr olmasaydı, 8 noyabr tarixi yaranmayacaqdı...

Şuşaya payız gəlib. Qızıl payızın cazibəsi və nəfəsi (bahar təravətiylə) hər tərəfdə hiss olunur. Tarix və təbiət (Azərbaycan və ümumtürk tarixi və təbiəti) Şuşada bir-birinə qovuşur, bir-birini tamamlayır və özünün Qızıl dövrünü yaşayır..

Şuşanın ərazisi çox kiçikdir, sanki bir ovuc boydadır. Amma içərisinə daxil olub gəzdikcə, şəhər qarış-qarış,  addım-addım böyüyür, tarixin dərinliyinə,  göy üzünün ənginliyinə doğru genişlənir.

İntəhasız və həm də mistik bir auranın əhatəsinə düşürsən. Şuşanın hər yanı və hər yeri, hər tərəfi bir tarixdir. Ümumiyyətlə, Şuşada tarixə toxunmadan, tarixin içindən keçib getmədən yerimək, gəzmək  mümkünsüzdür. Bu yeri,  məkanı yurd yeri kimi bəyənib seçən Xan Babamızı (və babalarımızı) rəhmətlə anıram.

Heyrətlənməyə bilmirsən. Axı  haradan ağıllarına gəlib bu yerdə məskən salıb möhkəmlənmək, qala qurmaq? Texnologiya-filan olmadığı bir zamanda. İnsan idrakının bu cür hüdudsuzluğu hər cür ehtiram və həm də təəccüb doğurur.

Təbii ki, bu yerdə hərbi-strateji fəhm, sərkərdə məharəti, bəsirətin miqyası öz sözünü deyib. Eyni zamanda, adama elə gəlir ki, Şuşa ilahi bir qüdrətin əliylə işarələnib mənşirlənmiş, dağların və tarixin zirvəsində vətənləşən ruhani-siyasi-coğrafi bir ərazidir...

Cıdır düzündə yerlə göy qovuşur. Şuşa paytaxt, ərazi vahidi, şəhər statusundan kənara çıxır. Ölçülər səma qədər  dəyişir və həm də səma kimi aydınlaşır. Şuşa, Cıdır düzü bu yerdə planetin ən uca, ən mötəbər və ən legitim xitabət kürsüsünə çevrilir. Ali Baş Komandanın daşıdığı missiyaya, qədd-qamətinə, milli qüruruna yaraşan, qalib Azərbaycan xalqının  döşünə  yatan bir kürsüyə!..

Burada səslənən hər söz xüsusi məna kəsb edir: “İrəvan, Göyçə, Zəngəzur bizim dədə-baba torpaqlarımızdır!“ Adi bəyanatdan daha çox tarixi-ideoloji bir hərəkatın, qarşısıalınmaz bir prosesin  leytmotivi kimi səslənir. Cıdır düzündə ötən il Cənab Prezidentin Novruz tonqalını  qaladığı yeri görmək istəyirəm. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin ictimaiyyətlə əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Zaur Həsənov həmən nişan verir:

- Bax, oradır, niyə soruşdunuz ki?

Özünü Elçibəy-Rəsulzadə yolunun tərəfdarı hesab edən aqressiv ovqatlı bir müxalif həmkarım “Nədir axı Heydər Əliyev yolu?“ - deyə soruşmuşdu məndən. Mən də “Zamanında deyəcəyəm” söyləmişdim...

Yol konkret anlayışdır. Yolçusu, gedib-gələni olmasa, yolun mövcudluğu bilinməz. Hər şeyin, o cümlədən yolun əlaməti, nişanəsi gərək.

2021-ci ilin baharında ilk dəfə Müstəqil Azərbaycanın tarixində İlham Əliyevin Şuşada  yandırdığı Novruz  tonqalı Heydər Əliyev yolunun əlamətidir. Heydər Əliyevin yolu bizi 30 ildən sonra anbaan, günbəgün, addım-addım, qayalara dırmaşa-dırmaşa,  istehkamları uçura-uçura Şuşaya aparıb çıxardı. Heydər Əliyev yolunun alternativi kimi təqdim edilən, təmtəraqlı, cazibədar görünsün deyə Elçibəy-Rəsulzadə adından aşırı dərəcədə sui-istifadə edilərək etiketlənən yol isə Azərbaycan tarixini boşluğa, Azərbaycan xalqını məyusluğa, Azərbaycan dövlətçiliyini keçilməzə dirədi,  siyasi-iqtisadi dalana ürcah etdi. Kələkidən o tərəfə gedə bilmədi.

Kimsə bundan inciyə, qıcıqlana bilər, ancaq bu, bir gerçəklikdir! Siyasi yol, dövlətçilik marşrutu işlək olmalıdır - Heydər Əliyev yolu kimi! Heydər Əliyevin yolunun alternativi yoxdur...

Alternativi yoxdur, amma bu yol bir-birindən fərqli siyasi obrazlar, davamçılar, ardıcıllar təqdim edir Azərbaycan cəmiyyətinə və Azərbaycan tarixinə. İlham Əliyev, Mehriban Əliyeva kimi.

Vaqifin  məqbərəsi...

Sanki dil açıb başına gələn müsibətləri danışır.

Ölməz Səməd Vurğunun “Vaqif” dramında zindana salınmış şairin xalq qəhrəmanı Eldara göndərdiyi məktub bir xalqın, zəngin tarixin, etnoyaddaşın  Liderə ünvanlanan müraciəti kimi təkrarlanır:

“Sən də qurtarmasan Vaqifi dardan,

Yoxdur umacağım pərvərdigardan”

Milli taleyimizdə və tariximizdə Heydər Əliyevin əl işi olaraq azərbaycançılığın və Qarabağın rəmzi statusunu qazanmış Vaqif məqbərəsinin Vaqifin   özü kimi örnək bir tarixi və taleyi var.

Heydər Əliyev deyirdi ki, 1967-ci ildə Xankəndidə baş verən insidentlə bağlı (üç nəfər azərbaycanlı maşında yandırılmışdı) bir neçə gün Şuşada qalmalı oldum.

Və Vaqifin məzarını ziyarət etmək istədiyimi şəhər rəhbərliyinə bildirdim. Əvvəlcə, məzarın yerini tapa bilmədilər. Sonra tapdılar, gedib gördüm ki, Vaqifin məzarı baxımsız bir durumdadır, onun şəxsiyyətinə və tariximizdəki yerinə uyğun deyil. Diqqət yetirin. Əvvəlcə, heç Vaqifin məzarının yerini tapa bilməyiblər! Niyə? Cünki Heydər Əliyevə qədər kimsə maraqlanmayıb, kimsə itirib-axtarmayıb.

Bəs bu əcaibliyin, laqeydliyin səbəbi, səbəbkarı kim idi? Kimin yaxasından yapışmaq, soruşmaq lazımdı? Başqa bir söhbətin mövzusu olsa da, vurğulamaq yerinə düşər ki, bu biganəlikdən özümüzünkülərə xüsusi və daha iri həcmdə pay düşür. Bu, sadəcə bir Azərbaycan şairinə diqqətsizlik deyil. Bir xalqın tarixinə, dövlətçiliyinə qarşı bir həqarət idi. Suallar yaranır, böyük-böyük, uzun-uzadı, bəzən cavabsız, bəzən də qorxulu...

Heydər Əliyev olmasaydı, Vaqifin məzarı, onun xatirəsi hansı aqibəti yaşayacaqdı? Heydər Əliyev olmasaydı, Azərbaycan xalqını   nələr, hansı sürprizlər, hansı faciələr gözləyirdi...

Bir Allah bilir!

Tarixdən bəllidir ki, 40 illik bir dövrdə vəzirlik edib, ədəbiyyatımıza əvəzsiz töhfələr verən Molla Pənah  Vaqifin həyatı faciə ilə sonuclanıb. O, yeganə övladı ilə birlikdə qətlə yetirilib. Oğlu Əlağanın başını onun gözünün qabağında kəsiblər. Firudin bəy Köçərlinin verdiyi məlumata əsasən, Molla Pənah Vaqif  öldürüldüyü  həmin yerdə də torpağa tapşırılıb. Və nə yazıq ki, şairin məzarı da Vaqifin həyatı kimi acınacaqlı, keşməkeşli bir tale yaşayıb. Mir Mehdi Xəzani “Qarabağnamə”də yazır ki, ilk vaxtlar Vaqifin məzarı üzərində bir gümbəz olub. Sonradan o gümbəz də uçulub dağıdılıb.

Firudin bəy Köçərli 1903-cü ildə ürək ağrısıyla haray çəkir ki, hazırda Vaqifin qəbri çox acınacaqlı bir durumdadır və heç kəs onu qaydaya salmağın qeydinə də qalmır. Heç kəs! Bu laqeydlik nə az, nə çox, düz 190 il davam edib - Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyevin 1967-ci ildə Şuşaya gəlişinə qədər.

“…Şuşanın bizim qədim şəhər olduğunu mən həmişə diqqət mərkəzində saxlamış və daim qayğı göstərmişəm. Mən 1967-ci ildə DTK-nın sədri olarkən, ermənilər tərəfindən Ərşad müəllimin yandırılması ilə əlaqədar Şuşaya gələndə ilk dəfə Vaqifin qəbrini ziyarət etdim. Elə o zaman fikirləşdim ki, şairin məzarı özünə qətiyyən yaraşmır. Və respublikanın rəhbəri olarkən orada həmin türbənin tikilməsinə göstəriş verdim…”.

Vaqifin məqbərəsi 1977-ci ildə (ölümünün 200 illiyində) tikilməyə başlanılıb və 1982-ci ildə  tamamlanıb. Vaqifin məqbərəsi, sadəcə bir memarlıq nümunəsi deyil. Qarabağın, Şuşanın tarixinə, Azərbaycanın taleyinə təravət gətirən hadisəydi. Əsasında Heydər Əliyev, mükəmməl dövlət ağlı, dövlətçilik təfəkkürü dayanan bir hadisə. Təəssüf ki, Vaqifin, onun məqbərəsinin, Qarabağın,  özünə qayıdan milli yaddaşın sevinci 10 il çəkdi.

1992-ci ildə yenidən Vaqif ruhunun, Vaqif  məqbərəsinin  (Qarabağın, Şuşanın) iztirablı günləri başladı. 29 il Qarabağın, Şuşanın, bütünlükdə Azərbaycanın üzərində bir müraciət, bəzən yalvarış, bəzən tələb, bəzən də ağır bir ittiham kimi dayandı - Sən də qurtarmasan Vaqifi dardan...

2020-ci il sentyabrın 27-nə qədər Azərbaycan xalqının ATƏT-dən, BMT-dən,  hər yerdən, artıq Tanrıdan belə umacağı qalmamışdı. Sonradan qaragüruhçu, nadan, idbar düşüncə Qarabağın timsalında qürurumuzu bizə qaytaran Ali Baş Komandanın əlindən öpmək istəyən bir Azərbaycan qadınını, ananı hədəf seçəcəkdi.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                

Qadın kimsənin əlini öpməməlidir – Bu, xain, xəstə bir xislətin isterikasıdır...

Xalqın 30 il boyunca həsrətlə gözlədiyi hücum əmrini imzalayan Ali Baş Komandanın əlləri öpülməyə layiqdir. Əgər Azərbaycan qadını, Azərbaycan anası onun namusunu hifz edən, 44 gün ərzində hər gün döyüş taktikasını imzalayıb təsdiqləyən Ali Əsgərin əlindən öpürsə, burada hansı qəbahət ola bilər? Əksinə, o səmimiyyət, o Ana, o Ali Əsgər hər cür ehtirama layiqdir.

Tarix təkrarlanır...

“Təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin iyul ayında – iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif poeziya günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif poeziya günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri ki, hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq”...

Məqbərə önündə başqa bir şairin, anadilli ədəbiyyatımızın  nəhənglərindən biri, böyük Füzulinin bir beyti başımda dolaşır:

Bu vüsalə yuxu əhvalı demək mümkün idi,

Yuxu olsaydı əgər dideyi-giryanımıza.

Hələ indi belə, hətta qələbəmizin ildönümündə Şuşanın, Qarabağın işğaldan qurtuluşu yuxu kimi gəlir. Gerçək bir yuxu. Şuşa görmək istədiyimiz, amma yuxumuza belə gəlməyən şirin bir röya olaraq qalacaqdı. Qarabağı yuxuda belə görə bilməyəcəkdik. Əgər İlham Əliyev olmasaydı... İlham Əliyev olmasaydı, tarix heç vaxt,  heç vaxt təkrarlanmayacadı...

Qoruq idarəsinin ikinci qatından Xankəndı apaydın görünür...

Postmüharibə dövrünün gerçəkliyini ən dəqiq ifadə edən mətn İlham Əliyevə məxsusdur. “Ayağımızın altındadırlar!”. Sözün bütün mənalarında. Demoqrafik baxımdan, siyasi, iqtisadi, geosiyasi anlamda da belədir. Həm də təkcə ermənilər yox. Onların havadarları da. Bölgədən çəkilib getmək istəməyən güclər də. İndi onlar özləri istədikləri yerdə yox, biz istədiyimiz və göstərdiyimiz yerdə mövcuddurlar..

Azərbaycan və Türkiyə müttəfiqliyinin müəyyən etdiyi şərtlər daxilində çızdığı dairədə. Və dərədə...

Şuşaya xəfif bir duman gəlir, tez də çəkilir. Sosial şəbəkələrdə, mətbuatda yazdığım bir fikri yenidən, təkrar bölüşmək istəyirəm. Əslində, Şuşa dağlarının  və Qarabağın dağlarına duman İrəvan ermənilərə paytaxt kimi güzəşt ediləndə çökdü.

Milli Şuranın 1918-ci il mayın 29-da keçirilən iclasında İrəvanın verilməsinə üç nəfər etiraz etmişdi. Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanov. Çox təəssüf ki, bu üç nəfəri çox az adam tanıyır, böyük əksəriyyətin onların kimliyindən xəbəri belə yoxdur. Dərsliklərdə adları çəkilmir, mətbuatda xatırlanmırlar, xatirələri əbədiləşdirilməyib. Nə üçün? Əslində, bu üç nəfər Cümhüriyyət dövrünün əlahiddə qəhrəmanlarıdırlar.

Nəriman bəy Nərimanovun atası əslən Şuşadandır, İrəvana müəllimlik etməyə gedib, Nəriman bəy də orada anadan olub. Nəriman bəy Nərimanovun xatirəsinin məhz Şuşada əbədiləşdirilməsi ədalətli bir qərar olardı... Şuşada İrəvanı xatırlamaq və xatırlatmaq həm də bizim mühüm ideoloji vəzifələrimizdən biridir.

Şuşa təkcə mədəniyyət paytaxtı deyil. Mən bu yerdə “Ədəbiyyat”qəzetinin redaktoru Azər Turanın məntiqini bölüşürəm. “Adını Şərqin konservatoriyası qoyub keçməyək. Elxanilər, teymurilər, osmanlılar, səfəvilər, Rusiya, İran min ildir ki, bu torpaqlara konservatoriya olduğu üçün axın etməyiblər.”..

Şuşada türkün gücünü ifadə edən bir inanc, energetika var. Türk Dünyasının Ali Ordeni də Azərbaycan Prezidentinə məhz Şuşada yekunlaşan qurtuluş savaşıyla türkün gücünü bütün dünyaya nümayiş etdirdiyi üçün təqdim edildi...

Bir dəfə müzakirələrin birində “Müasir Azərbaycan üç sütunun üzərində dayanır” demişdim. 1993-cü ilin Qurtuluş  günü, 1994-cü il Əsrin müqaviləsi. Və 2003-cü il prezident seçkisi. Artıq dördüncü sütundan danışmağın zamanıdır.

Zəngəzur dəhlizi!

Bakını Türk Dünyasına, Avropaya qovuşduracaq Mehri dəhlizi böyük Zəfər yolunun davamıdır...

Şuşada, Cıdır düzündə Qələbəmizin ildönümü günü verilən bəyanat regionun dörd yanında əks-səda verir: “Biz Şuşada, Zəngəzurda əbədi yaşayacağıq!”.

Təbii ki, qarşıda həllini gözləyən suallar var. O sualların cavabı necə, nə zaman veriləcək?

2002-ci ildə “Yeni Azərbaycan” qəzeti İlham Əliyevin ABŞ səfərinə həsr edilmiş xüsusi buraxılış çap etdi. Dərgimiz Ulu Öndərimizin çox xoşuna gəldi. Onda məndən soruşdu ki, sən onun (İlham Əliyevin) Cons Hopkins Universitetindəki çıxışına və suallara verdiyi cavablara qulaq asdın?

-Əlbəttə ki, bəli, qulaq asdım,- dedim.

Ulu Öndərimiz bir qədər düşünüb əlavə etdi:

-Oğlum olduğu üçün demirəm, amma etiraf edim ki, mən Heydər Əliyev,  o suallara o cür mükəmməl və o cür dəqiq cavablar verə bilməzdim...

Bu, bir atanın öz övladına verdiyi dəyər deyildi, bir ustad siyasətçinin, azman dövlət adamının İlham Əliyevin potensialına, dəyanətinə verdiyi qiymət idi.

Doğrusu, mən o vaxt Ulu Öndərimizin elə deməyinə təəccüblənmişdim.

İlham Əliyev bu gün opponentlərini, bədxahlarını, bütün dünyanı təəccübləndirməkdə davam edir.

Alqış Həsənoğlu

Paylaş:
Baxılıb: 799 dəfə

Müəllifin digər məqalələri:

Xarici təzyiqlərə boyun əyməməyin qüruru və düsturu…

Vətəndaş öhdəliyindən irəli gələn...

26.09.2024 [16:17]

40-cı paralel üzərində…

(Çin səfərindən...

08.05.2024 [10:50]

RUHUN ŞAD OLSUN, QONŞU: İLHAM ƏLİYEV BACARDI!

Həmin gün onun dediklərini,...

04.03.2024 [11:28]

HİMNİMİZİN 3-CÜ BƏNDİ...

İLHAM ƏLİYEV XALQIMIZ,...

04.03.2024 [11:19]

İlham Əliyevin sirri

İlham Əliyev Tarix...

04.03.2024 [11:15]

İlham Əliyevin ( və ölkəsinin) əsas resursu nədir?

Baş redaktor...

14.10.2022 [16:06]

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31