Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ABŞ-dan BCM-ə sanksiya hədəsi

ABŞ-dan BCM-ə sanksiya hədəsi

07.06.2024 [11:00]

Vaşinqton beynəlxalq hüququ pozur?

İlyas Hüseynov: BMT-dən kənar hansısa sanksiyaların qəbulu nəzərdə tutulmayıb

Yeganə Hacıyeva: Qərb sisteminin hüquqi əsasları məhz bu sistemin müəllifi olan ölkələr tərəfindən dağıdılır

Xəbər verildiyi kimi, Amerika Birləşmiş Ştatları konqresinin prosedur komitəsi Vaşinqton və onun müttəfiqlərinə qarşı icraat üçün Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar haqqında qanun layihəsini təsdiqləyib. Səsvermə komitənin internet saytında yayımlanıb. Qeyd olunur ki, BCM dövlət başında olan şəxslərin fəaliyyətini araşdırmağa davam edərsə, ona qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Bu, təkcə Amerika hökumət rəsmilərinə deyil, həm də ABŞ-ın BCM-nin yurisdiksiyasını tanımayan müttəfiq ölkələrinin vətəndaşlarına da aiddir.

Vurğulayaq ki, qanun məhkəmənin işinə kömək edən şəxslərin sanksiya siyahısına daxil edilməsini nəzərdə tutur. Amerika hakimiyyəti reyestrdə olanlara vizaların verilməsini və uzadılmasını dayandırmalıdır. Daha sonra sənədə Senatda və Nümayəndələr Palatasında baxılmalıdır.

Bu reaksiyanın Beynəlxalq Cinayət Məhkəməsinə cavab olduğu bildirilir. Belə ki, Məhkəmə İsrailin baş naziri Binyamin Netanyahunun həbs edilməsini tələb etmək niyyətin açıqlamışdı. ABŞ konqresinin komitəsinin addımı bunun qarşısını almaq xarakteri daşıyır.

Qeyd edək ki, BCM soyqırımı, müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və təcavüz cinayətlərinə görə məsuliyyət daşıyanları təqib etmək səlahiyyətinə malik ilk daimi beynəlxalq məhkəmə orqanı sayılır. Məhkəmə 1998-ci ildə qəbul edilmiş Roma Statutu əsasında yaradılıb. Sənədin qüvvəyə minməsi ilə, yəni 2002-ci il iyulun 1-də rəsmi olaraq fəaliyyətə başlayıb. BCM-in digər beynəlxalq məhkəmələrdən əsas fərqi daimi status daşımasıdır. Məhkəmənin səlahiyyəti daxilinə isə məhz Roma Statutunun qüvvəyə mindikdən sonra törədilmiş cinayətlər daxildir. Haaqa şəhərində yerləşən Məhkəmə BMT Təhlükəsizlik Şurasının tövsiyəsi ilə prosedur başlatmaq hüququna malik olsa da, BMT-nin rəsmi strukturları sırasına daxil deyil.

Siyasi ekspertlər isə ABŞ rəsmi strukturunun BCM-ə qarşı bu davranışının hüquqi statusu ilə bağlı birmənalı fikirdə deyillər. Vaşinqtonun nümayiş etdirdiyi mövqenin beynəlxalq hüquqa uyğun olmadığını düşünənlərlə yanaşı, bu addımın hüquqi prosedur kimi mümkünlüyünü iddia edənlər də var.

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, BCM-in qərarı İsrailin Yaxın Şərqdə keçirdiyi əməliyyatlara cavab olaraq qəbul edilməlidir. Burada İsrailin həm siyasi, həm də hərbi rəhbərliyinin məsuliyyətə cəlb olunması ilə bağlı ifadələr yer alır: "Şübhəsiz ki, ABŞ İsrailin ən yaxın müttəfiqi olaraq bütün hərbi, maddi, iqtisadi ehtiyacların qarşılanması öhdəliyini öz üzərinə götürüb. Amma hərbi əməliyyatların gedişi zamanı, xüsusilə Rəfahda yerüstü əməliyyatların keçirilməsi yönündə bəzi ziddiyyətlər meydana gəlmişdi. Hərbi tədarükün edilməməsinə dair müəyyən qərarlar və açıqlamalar verilmişdi. Lakin daha sonra bu açıqlamalar təkzib olundu və belə arqumentləşdirildi ki, ABŞ üzərinə müəyyən hərbi təchizatla bağlı öhdəlik götürüb - onların icrası isə xüsusi əhəmiyyət daşıyır. ABŞ-ın BCM-ə qarşı təkzibi və ya dirənişi, müxtəlif sanksiyalar dili ilə danışma cəhdi isə beynəlxalq hüquqa ziddir. Ümumiyyətlə, nəzərə alsaq ki, BMT-dən kənar hansısa sanksiyaların qəbulu nəzərdə tutulmayıb, rəsmi Vaşinqtonun Rusiyaya, Çinə, İrana, hətta bəzən Turkiyəyə və başqa dövlətlərə qarşı ortaya atdığı "sanksiyalar" beynəlxalq hüquqi əsasa malik deyil. Dövlətlərüstü və universal məhkəmə orqanı olan BCM-ə qarşı həyata keçirilən fəaliyyət bu mənada absurddur, beynəlxalq hüququn tapdalanmasıdır, heçə sayılmasıdır. Bu addımla ABŞ özünün imperialist maraqlarının, geopolitik ambisiyalarının qarşısında heç bir maneənin olmayacağını deməyə çalışır. Bununla yanaşı, sözügedən addım həm də noyabrda keçiriləcək prezident seçkilərinə hədəflənib. Hazırda hakimiyyətdə olan partiya bu yolla elektoratı öz tərəfinə cəlb etməyə çalışır".

Politoloq Yeganə Hacıyeva bildirib ki, ABŞ-ın öz daxili qanunlarını eksteroterial qanunlar kimi elan etməsi, hətta BCM-ə təsir göstərmək üçün istifadə etməyə çalışması mövcud beynəlxalq nizamda qanunsuzluqdur. Çünki BMT-nin tamhüquqlu üzvü kimi ABŞ da BCM-in tövsiyyə və məsləhətlərinin izlənməsi, ona qulaq asılması və əməl olunması kimi öhdəlik və məsuliyyət daşıyır: "Görünən odur ki, ABŞ bu öhdəlik və məsuliyyətdən yayınmaq istəyir. Onu da qeyd edim ki, bu geniş bir tendensiyadır. Bu tendensiyanın əsası isə 1989-cu ildən qoyulub. ABŞ həmin dövrdən özünün daxili qanunlarını bütün dünya üçün keçərli saymağa başlayıb. Bu isə nəticədə beynəlxalq hüquqi nizamın çökməsi ilə nəticələnir. Bu müzakirə də ABŞ-ın və tərəfdaşlarının maraqlarının müdafiəsi yönündə əzələ nümayişi kimi görünsə də, qeyri- qanunidir".

Politoloq vurğulayıb ki, son dövrlərdə BCM də daxil olmaqla mövcud nizamda icra qüvvəsi olan hüquqi və tövsiyyə xarakterli instansiyaların nüfuzunu itirməsi müşahidə olunmaqdadır. Burada bir sıra amillər əsaslı rol oynayır: "Həmin beynəlxalq hüquqi instansiyaların beynəlxalq hüquqdan kənar işlərin müzakirəsinə, dəyərləndirilməsinə, hüquqdan kənar siyasi interpretasiyalara yol verməsi nüfuz itirilməsini daha da gücləndirir. Maraqlıdır ki, belə tendensiyaları yaradanlar isə məhz beynəlxalq münasibətlər müstəvisinin ən böyük qlobal gücü sayılan ölkələridir. Başqa sözlə, Qərb sisteminin hüquqi əsasları məhz bu sistemin müəllifi olan ölkələr tərəfindən dağıdılır. Belə ölkələrdən biri də ABŞ-dır", -deyən Y.Hacıyev bildirib ki, bəzi hallarda BCM kimi hüquqi instansiyalar öz imiclərini özləri də pozur. BCM-in keçimiş prokuroru olsa da, Azərbaycana münasibətdə Okamponun müraciəti üzərindən məhkəmənin apardığı "dəyərləndirmə" bunun ən bariz misalıdır: "Okamponun bu addımı əslində BCM-in bütövlükdə gözdən salınması prosesinə start verilməsi idi. Təssüfləndirici haldır ki, Okamponun erməni lobbisinin təhriki ilə Azərbaycanın əleyhinə almağa çalışdığı bu "hüquqi rəy" həm də bir presedent olmağa başlayıb. Bu kimi nümunələr də göstərir  ki, BCM də heç də həmişə ədalətli deyil".

Pərviz

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

24 İyun 10:29

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30