Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sülhün şərti dəyişməzdir!

Sülhün şərti dəyişməzdir!

27.09.2024 [11:13]

Nazirlərin Nyu-York görüşü nə vəd edir?

Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması beynəlxalq birliyin diqqət mərkəzindədir. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması vacibdir. Azərbaycan dövləti regionun gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib. Uzun müddətdir ki, tərəflər arasında sülh sazişi layihəsi müzakirə olunur.

ABŞ-ın vasitəçiliyi...

İki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı bəzi böyük dövlətlər vasitəçilik təşəbbüsü ilə çıxış ediblər. ABŞ da belə təşəbbüslər irəli sürən dövlətlərdən biridir. ABŞ rəsmiləri mütəmadi olaraq Azərbaycana və Ermənistana səfərlər edir, münasibətlərin normallaşdırılması üçün müxtəlif təkliflər verirlər. Sentyabrın 26-da isə rəsmi Vaşinqtonun təşəbbüsü ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub. Bu görüş nazirlərin Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirakı çərçivəsində baş tutub. Görüşdə ABŞ dövlət katibi Antoni Blinken də iştirak edib.

Xatırladaq ki, bu ilin iyul ayında da Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN başçılarının görüşü keçirilmişdi. Görüş NATO-nun 75-ci yubiley Zirvə görüşü çərçivəsində baş tutmuşdu. Həmin görüş xarici işlər nazirlərinin sülh sazişi üzrə 8-ci görüşü idi.  Hazırkı görüş isə sayca doqquzuncu oldu. Nəzərə alaq ki, tərəflər arasında sülh sazişi ilə bağlı ilk görüş 2022-ci il oktyabrın 2-də Cenevrədə, ikinci görüş isə noyabrın 7-də Vaşinqtonda keçirilmişdi. Üçüncü görüş həmin ilin dekabrında Moskvada nəzərdə tutulsa da, son məqamda Ermənistan tərəfi bu görüşdən imtina etmişdi. Bu səbəbdən də, həmin görüş Rusiya və Azərbaycanın XİN başçıları arasında keçirilmişdi. Bundan sonra isə sülh sazişi üzrə müzakirələr onlayn formatda aparılırdı. Lakin 2023-cü ilin 1-4 may tarxilərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da görüşü keçirildi ki, bu da üçüncü raund oldu. Həm də, bu görüş tərəflərin masaya qayıtmasının təsdiqi idi. Sözügedən görüşdə tərəflər bir sıra məslələr üzrə razılığa gəldilər. Ceyhun Bayramovla Ararat Mirzoyanın dördüncü görüşü isə həmin il mayın 19-da Moskvada baş tutdu. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ötən ilin iyun ayında ABŞ-ın paytaxtı Vaşinqtonda sülh sazişi üzrə danışıqların beşinci raundunu keçirdilər. Altıncı raund  bu il fevralın 28-29-da Almaniyanın paytaxtı Berlində, yeddinci raund isə  10-11 may tarixlərində Qazaxıstanın Almatı şəhərində gerçəkləşdi. Ardınca, qeyd etdiyimiz kimi, iyul ayında ABŞ-da növbəti görüş baş tutub.

XİN başçılarının 5 görüşü ABŞ-da keçirilib

Hazırkı görüş isə bu platforma çərçivəsində hər iki ölkənin  XİN başçılarının doqquzuncu görüşüdür. Beləliklə, XİN başçılarının 9 görüşündən 5-i ABŞ-da reallaşıb.  Bu fakt göstərir ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırlması istiqamətində çox fəallıq göstərir. Ümumiyyətlə, son vaxtlar sülh prosesi ilə bağlı danışıqlarda intensivlik müşahidə olunur. Tərəflər proseslə bağlı pozitiv fikirlər də səsləndirirlər. Xüsusilə, tərəflərin vasitəçilər olmadan, birbaşa təmasları prosesdə müsbət tendensiyaları  şərtləndirən əsas amildir. Ötən ilin dekabrında bəyan edilmiş ikitərəflli açıqlama və orada əksini tapan müddəalar, bu il aprelin 19-da əldə edilmiş razılığa əsasən Qazaxın 4 kəndinin qaytarılması da bu faktı təsdiqləyir.

Azərbaycan rəsmi səviyyədə bəyan edib ki, sülh sazişi layihəsinin təxminən 80 faizi razılaşdırılıb. Erməni tərəfi də sülhlə bağlı pozitiv açıqlamalar verir. Bu günlərdə Nikol Paşinyan deyib ki, Ermənistan COP29-a qədər sülh sazişinin razılaşdırılmış maddələr üzrə imzalanmasının tərəfdarıdır. Lakin rəsmi Bakı razılaşdırılmamış maddələrin sülh sazişindən çıxarılmasını və bu formada imzalanmasını qəbul etmir. Çünki bu, “yarımçıq” saziş olacaq və dayanıqlı sülhü təmin etməyəcək. Ona görə də, prinsipial məsələləri layihədən çıxarmaq yox, onları razılaşdırmaq lazımdır.   Sülhə nail olmaq üçün ən əsası Azərbaycanın haqlı tələbləri yerinə yetirilməlidir.

Əsas şərt...

İlk növbədə, Ermənistan özünün əsassız iddialarını unutmalı, Azərbaycanın beynəlxalq aləm tərəfindən qəbul edilən sərhədlərinin toxunulmazlığını tanımaqla yanaşı, qondarma ərazi iddialarından rəsmən əl çəkdiyini ortaya qoymalıdır. Məlumdur ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-yə yenidən birləşmək haqqında” birgə qondarma qərar mövcuddur. Yəni, rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Azərbaycan isə haqlı olaraq Ermənistan konstitusiyasının dəyişikliyinə ehtiyac duyulduğunu önə çəkir. Rəsmi İrəvan konstitusiyasında dəyişiklik etməklə sülh üçün maraqlı olduğunu isbat edə bilər. Ötən ilin sentyabrında baş tutan antiterror tədbirlərinin uğurlu nəticəsi sülh prosesi ilə bağlı mənzərəni daha da aydınlaşdırıb - artıq Ermənistanın manipulyasiya imkanları əlindən alınıb. İndiki məqamda yeganə əsas problem və başlıca şərt Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişinin imzalanması mümkünsüz görünür.

Şübhəsiz ki, Nyu-Yorkda XİN başçılarının görüşündə də bu məsələ diqqət mərkəzində olub. Yekun sülh sazişini imzalamaq üçün Ermənistanın konstruktiv mövqe nümayiş etdirməsi lazımdır. ABŞ-a gəlincə, onun sülh üçün təşəbbüsləri müsbət dəyərləndirilir. Lakin bu ölkənin 30 il işğalçı siyasət yürütmüş Ermənistana 250 milyon dollardan çox yardım etməsi, eləcə də silahlandırması onun obyektiv vasitəçiliyinə zərər vura bilər. Ona görə də, rəsmi Vaşinqton prosesdə səmimi olmalı və tərəf tutmamalıdır.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31