Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda sosial sahə daim prioritetdir və bu il də prioritet olaraq qalacaq

Azərbaycanda sosial sahə daim prioritetdir və bu il də prioritet olaraq qalacaq

15.01.2015 [10:15]

Prezident İlham Əliyev: Bütün sosial proqramlar 2015-ci ildə də tam həcmdə təmin ediləcəkdir
Məlum olduğu kimi, Azərbaycanda genişmiqyaslı sosial infrastruktur layihələrini reallaşdırmaq, əhalinin etibarlı sosial müdafiəsini təşkil etmək üçün geniş imkanlar mövcuddur və bu istiqamətdə ardıcıl islahatlar həyata keçirilir, şəffaflıq təmin olunur. Prezident İlham Əliyev ölkədə sosial məsələlərin yüksək səviyyədə həllinə nail olmaq üçün böyük siyasi iradə nümayiş etdirir. Dövlət başçısı ölkəmizdə sosial siyasətlə bağlı hədəfi belə müəyyənləşdirib: “Azərbaycanda sosial sahədə vəziyyət dünyanın aparıcı ölkələrindən geri qalmamalıdır”.
Bu günlərdə Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlət başçısı ölkəmizdə sosial sferanın prioritet olduğunu bir daha nəzərə çatdırıb: “Bu sahə daim prioritetdir, bu il də prioritet olaraq qalacaq”.
Güclü iqtisadiyyat, düşünülmüş siyasət Azərbaycanda sosial sahəyə hərtərəfli diqqət göstərilməsinə geniş imkanlar açır
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət, səmərəli islahatlar kursu son illərdə Azərbaycanın dinamik inkişafını təmin edib və respublikamızı dünyanın qabaqcıl ölkələri sırasına çıxarıb. Son illərdə dünya miqyasında müşahidə edilən mənfi tendensiyalara, o cümlədən də, neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, ölkəmiz artıq tarixə dönən 2014-cü ildə də diqqətəlayiq uğurlara imza atıb, öz iqtisadi potensialını daha da artırıb. Ötən il respublikamızda ümumi daxili məhsul istehsalında 3 faiz artıma nail olunub ki, bu da kifayət qədər yüksək göstəricidir. Müqayisə üçün bildirək ki, hazırda dünyanın bir sıra ölkələrində tənəzzül müşahidə edilir, ən yaxşı halda isə ÜDM istehsalında cəmi 1 faizlik artım baş verir.
İqtisadi potensialını ilbəil genişləndirən Azərbaycan, eyni zamanda, güclü maliyyə resurslarına malik olan ölkəyə çevrilib. Hazırda respublikamız 50 milyard dollardan artıq, başqa sözlə desək, ümumi daxili məhsulun təxminən 70 faizi həcmində strateji valyuta ehtiyatlarına malikdir. Təkcə ötən il ölkəmizə 27 milyard dollar həcmində investisiya yönəldilib ki, bunun da təxminən 16 milyard dollarını sırf daxili sərmayələr təşkil edir.
Son illərdə Azərbaycanın dinamik inkişafa nail olması beynəlxalq reytinq agentliklərinin də diqqətindən kənarda qalmayıb. Böyük beynəlxalq nüfuza malik olan Davos Dünya İqtisadi Forumu ötən il respublikamızı iqtisadi rəqabətlilik qabiliyyətinə görə dünya ölkələri arasında 38-ci yerdə qərarlaşdırıb. Bu, ölkəmizin gücünü, iqtisadi potensialını təsdiqləyən yüksək qiymətdir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı çıxışında ötən il ölkəmizin iqtisadi sahədə qazandığı uğurlardan məmnunluğunu ifadə edərək vurğulayıb ki, gözəlləşən ölkəmiz bunun bariz sübutudur: “2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir, deyə bilərəm ki, bəlkə dünya miqyasında ən gözəl göstəricilərdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Bunu əhali, xalqımız görür, gözəlləşən ölkəmiz bunun bariz sübutudur”.
Azərbaycanda ardıcıl olaraq həyata keçirilən sosial məzmunlu siyasət məhz ölkənin iqtisadi-maliyyə imkanlarının artmasına əsaslanır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Əlbəttə, güclü iqtisadiyyat, düşünülmüş siyasət imkan verir ki, sosial sahəyə də diqqət göstərilsin”.
Ölkədə makroiqtisadi sabitliyin qorunması, eləcə də manatın məzənnəsinin sabit qalması sosial siyasətin daha məzmunlu olmasında, əhalinin yüksək rifahının təmin edilməsində mühüm rol oynayır
Azərbaycanda sosial siyasətin daha məzmunlu olmasını, əhalinin yüksək rifahının təmin edilməsini şərtləndirən amillər sırasında ölkədə makroiqtisadi sabitliyin qorunması mühüm rola malik faktor kimi çıxış edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasındakı çıxışında makroiqtisadi sabitliyin qorunmasının ölkə iqtisadiyyatı, eləcə də, əhalinin rifah halının yaxşılaşdırılması üçün əhəmiyyətinə diqqət çəkərək vurğulayıb: “Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir. Son illər ərzində əsas prioritetlər arasında biz həmişə makroiqtisadi sabitliyi qeyd edirdik. Bu, ölkə iqtisadiyyatı üçün önəmlidir, xarici investisiyaların cəlb edilməsi üçün çox önəmli amildir. Eyni zamanda və ilk növbədə, insanların rifah halının yaxşılaşması üçün makroiqtisadi sabitlik ən önəmli məsələdir və biz bu sabitliyi uzun illərdir ki, təmin edirik. Böhranlı illərdə - 2008-2009-cu illərdə də təmin etmişik. Keçən il də təmin etmişik və bu il də təmin edəcəyik”.
Onu da qeyd edək ki, son illərdə respublikamızda məqsədyönlü surətdə həyata keçirilən siyasət sayəsində ölkədə inflyasiya aşağı səviyyədə qalır, əhalinin pul gəlirləri isə əhəmiyyətli dərəcədə artır və beləliklə də, insanların rifah halı yüksəlir. Bu cəhətdən yola saldığımız 2014-cü il də istisna olmayıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin haqqında bəhs olunan iclasındakı çıxışında ötən il ərzində əhalinin pul gəlirlərinin inflyasiyanı üç dəfədən çox üstələməsinin çox gözəl göstərici olduğunu nəzərə çatdırıb: “İnflyasiya çox aşağı səviyyədə olmuşdur - 1,4 faiz. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 4,8 faiz artmışdır. Əhalinin pul gəlirləri inflyasiyanı üç dəfədən çox üstələmişdir”.
Öz növbəsində milli valyutanın-manatın məzənnəsinin sabit qalması daxili bazarın, makroiqtisadi və maliyyə sabitliyinin, o cümlədən də, sosial sabitliyin qorunmasında mühüm amil kimi çıxış edir. Sabit məzənnə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır. Son illərdə qlobal miqyasda baş verən mənfi meyillər ayrı-ayrı ölkələrin milli valyutalarının məzənnəsinə də sarsıdıcı zərbə vurub və nəticədə, bir sıra milli valyutalar məcburi olaraq ciddi devalivasiyaya uğrayıb.
Azərbaycanın nümunəsində isə başqa mənzərənin şahidi oluruq. Qlobal risklər müqabilində ölkə iqtisadiyyatının daha da genişlənməsi, strateji valyuta ehtiyatlarının ilbəil artması, eləcə də, müxtəlif seqmentlər vasitəsilə çevik tənzimləmə mexanizmləri manatın məzənnəsinin sabit qalmasını şərtləndirib. Qürurverici haldır ki, bu gün Azərbaycan manatı öz dəyərini qoruyaraq yüksək konvertasiya qabiliyyətli valyuta qismində çıxış edir. Təsadüfi deyil ki, bir sıra beynəlxalq agentliklər bu yaxınlarda manatı Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa məkanında ən stabil və etibarlı valyuta kimi tanıyıb və onun çox müsbət perspektivlərini qeyd ediblər. Prezident İlham Əliyev sözügedən iclasdakı çıxışında manatın məzənnəsinin sabit qalmasının əhalinin alıcılıq qabiliyyətini artırdığını xüsusi nəzərə çatdırıb: “Manatın məzənnəsi sabitdir. Bir neçə ildir ki, manatın məzənnəsi nəinki sabitdir və eyni zamanda, əsas dünya valyutalarına qarşı daha da böyük dəyər qazanır. Keçən il də biz bunu görmüşük. Bu da çox müsbət göstəricidir. Çünki manatın sabit olması ilk növbədə, insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, əhalinin alıcılıq qabiliyyəti artır. Azərbaycanda manatın məzənnəsi sabitdir. Bu, bir daha bizim uğurlu iqtisadi siyasətimizi göstərir”.
Əhalinin pul gəlirlərinin ildən-ilə artırılması tempi daha sürətlə təmin edilməlidir
Ölkəmizdə iqtisadi potensialın artmasının müqabilində uğurlu sosial siyasət həyata keçirilməsini əhalinin pul gəlirlərinin artmasının timsalında daha aydın müşahidə etmək mümkündür. Respublikanın iqtisadi-maliyyə imkanları genişləndikcə buna müvafiq surətdə maaşlar, pensiyalar, sosial ödənişlər də artırılır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasındakı çıxışında 2014-cü ildə də ölkəmizdə əhalinin gəlirlərinin artmasından məmnunluğunu ifadə etməklə yanaşı, həm də vurğulayıb ki, bu templər ildən-ilə daha sürətlə təmin edilməlidir: “Əməkhaqqı, pensiya artmışdır. Azərbaycanda orta aylıq əməkhaqqı artıq 600 dollara yaxınlaşır. Biz çalışacağıq ki, bu templər ildən-ilə daha sürətlə təmin edilsin. 400 min insana ünvanlı sosial yardım verilir, 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Dövlət tərəfindən hər ailəyə orta hesabla 155 manat, yəni, 200 dollara yaxın vəsait verilir”.
Sadalanan bu rəqəmlər, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın uğurlu inkişafını təsdiqləyir. Şübhə yoxdur ki, gələcəkdə ölkəmizin inkişafı daha da sürətləndikcə insanların həyat səviyyəsi müvafiq surətdə yüksələcək, o cümlədən də ünvanlı sosial yardım alanların sayı azalacaq. Prezident İlham Əliyev buna əminliyini ifadə edərək bildirib: “Ancaq əminəm ki, insanların rifah halı yaxşılaşdıqca ünvanlı sosial yardıma ehtiyacı olanların da sayı azalacaq. Çünki hazırda Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. Keçən il də yoxsulluq aşağı düşübdür, işsizlik 5 faizdən aşağıdır. Bizim gördüyümüz işlərin nəticələri bax, budur. Bu rəqəmlər özlüyündə bizim uğurlu inkişafımızı təsdiq edir”.
Respublikada geniş sosial layihələr 2015-ci ildə də davam etdiriləcək
Geniş sosial infrastruktur layihələrinin reallaşdırılması son illərdə Azərbaycanın inkişaf mənzərəsini tamamlayan əsas cəhətlərdəndir. Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyük həcmli sərmayələr yönəldir. Respublikanın bütün bölgələrində yüksək sürətlə və keyfiyyətlə reallaşdırılan su, kanalizasiya və digər infrastruktur layihələri, yeni-yeni məktəblərin, səhiyyə ocaqlarının inşası bunun təsdiqidir. Son 11 ildə respublikanın müxtəlif bölgələrində təxminən 3 min məktəb, 500-dən artıq səhiyyə obyekti tikilib və yaxud əsaslı şəkildə təmir edilib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında 2014-cü ildə də sosial təyinatlı infrastruktur obyektlərinin inşasının eyni yüksək ahənglə davam etdirildiyini xüsusi vurğulayıb: “Sosial obyektlərin inşası uğurla təmin edilmişdir, 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilmişdir”.
Məmnunluq doğuran cəhət həm də ondan ibarətdir ki, sosial infrastruktur obyektlərinin yaradılması bundan sonra da ölkəmizin qarşısında duran prioritet hədəflər sırasında olacaq. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında 2015-ci ildə sosial sahə üçün lazım olan bütün layihələrin yerinə yetiriləcəyini xüsusi vurğulayaraq deyib: “2015-ci ildə ölkə iqtisadiyyatı, sosial sahə üçün lazım olan bütün digər layihələr, təbii ki, tam şəkildə icra ediləcək. Demək istəyirəm ki, bütün sosial proqramlar 2015-ci ildə də tam həcmdə təmin ediləcəkdir”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 720 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31