Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropada yeni bir kabus...

Avropada yeni bir kabus...

16.01.2015 [10:10]

Son günlər ərzində Parisdə terrorçular tərəfindən məşhur “Şarli Hebdo” əməkdaşlarının qan donduran amansızlıqla həyata keçirilən qətliamı bütün Avropanı gərginlikdə saxladı. İyirmiyə yaxın adamın həyatına son qoyan terror və antiterror əməliyyatları Avropanı bir daha silkələnməyə və Avropa üçün toxunulmaz hesab olunan söz azadlığı və insan haqları kimi müqəddəs ideallar ətrafında yenidən birləşməyə səslədi. Terror qurbanlarının xatirəsinə ehtiram və terrora nifrət fransızlarla yanaşı bütün Avropa ölkələrinin də vətəndaşlarını küçələrə çıxardı. Baş verənlərin doğurduğu təəccüb, təəssüf və nifrət hisslərinin qarışığında çıxış yolu arayan siyasətçilər miqrantlara qarşı tədbirlərin sərtləşdirilməsindən tutmuş ölüm hökmünün yenidən qüvvəyə minməsinə qədər ciddi təkliflər səsləndirdilər. Fransa prezidenti Fransua Holland isə vətəndaşları terrora qarşı müqavimətə və milli həmrəyliyə çağırdı. Avropanın bütün şəhərlərində yüz minlərlə insan söz azadlığının müdafiəsi üçün həmrəylik mitinqlərinə qatıldı. Paris küçələrində “Mən Şarliyəm” şüarı altında Avropa ölkələrinin dövlət rəhbərlərinin iştirakı ilə milyonların marşı keçirildi. Beləcə, Fransanın çağdaş tarixinin daha bir qanlı səhifəsi yazıldı və qapandı. Hadisələr bitdi, ortada isə cavabsız suallar qalır.
Son yüz il ərzində Fransa Avropanın ən çox miqrant qəbul edən ölkəsi olmuşdur. Ölkədə sığınacaq tapıb, ailə qurub, nəsil davam etdirən 8 milyondan artıq miqrantın təxminən 42 faizi, yəni 3,5 milyonu müsəlman ölkələrindən gələnlərdir. Fransa hökuməti miqrantların cəmiyyətə adaptasiya olunması üçün hazırladığı mükəmməl proqramlar əsasında, doğrudan da, onların sosial müdafiəsini, səhiyyə ehtiyaclarını və təhsil haqlarını uğurla təmin edir. Belə olan halda öz tarixi ölkələrində bütün bu imtiyazlardan məhrum olan “gəlmələr”in iddiası nə ola bilər? Vaxtilə əsasən Şimali Afrika ölkələrindən gəlmiş miqrantların ikinci və hətta üçüncü nəsil xələflərini doğulub boya-başa çatdığı, təhsil aldığı, bütün hüquqlarının təmin olunduğu ölkədə nə qane etmir? İndi Fransa mətbuatında, eləcə də digər Avropa ölkələrinin mətbuatında dərc olunan müsahibələrdə siyasətçilərə, psixoloqlara, sosioloqlara və s. verilən bu sualların cavabları da müxtəlifdir: bəzi mülahizələrdə terror aktlarının Əl-Qaidə, İŞİD və digər dini cərəyanların təmsilçiləri tərəfindən həyata keçirilməsi ehtimal olunur. Sözügedən terror aktını keçən il Fransanın Malidə keçirdiyi hərbi əməliyyatların doğura biləcəyini iddia edənlər də var. İlk diqqəti çəkən isə bütün müsahiblərin terrorçuların müsəlman olduğunu önə çəkməsidir. Doğrudur, onların bir çoxu terrorçuluğun həqiqi İslamla heç bir əlaqəsi olmadığını vurğulasalar da, eyni zamanda, hamısı bu kimi halların islam radikalizmindən irəli gəldiyinə əmindirlər. Bir çox şərhlərdə islam radikalizminin Oman, Qətər, Səudiyyə Ərəbistanı kimi ölkələrdə meydana gəldiyi də söylənilir. Odur ki, ərəb ölkələrinin Fransadakı səfirlikləri öz hökumətləri adından terroru pislədiklərini və terrora qarşı mübarizədə Avropa hökumətlərinə hər zaman hər cür dəstək verdiklərini dönə-dönə bəyan edir, sanki baş verən hadisələrdə təmsil etdikləri ölkələrin günahlandırıla biləcəyindən ehtiyatlanırlar. Fransanın bir sıra şəhərlərində isə keçən günlər ərzində artıq məscidlərə qumbara atılması faktları da qeydə alınıb. Lakin bütün bunlar baş verənləri izah etmək, hadisələri doğuran səbəbləri və onların ilkin şərtlərini ortaya çıxarmaq üçün uğurlu çıxış yolu deyil. Çünki hansı inancdan, hansı ideoloji mənbədən qidalanmasından və harada meydana gəlməsindən asılı olmayaraq radikalizm istənilən təzahür formasında sivil cəmiyyətə xas olan xüsusiyyət deyil. Ona görə də bu şəraitdə radikalizmin harada meydana gəlməsindən daha çox harada, hansı cəmiyyətdə və hansı səbəbdən baş verməsi sualı daha önə çəkilməlidir. Verilən şərhlərdə hadisələrin bir təfərrüatı unudulur ki, bu gün dini radikalizmin təzahürü adı çəkilən İslam ölkələrində deyil, məhz Avropada - demokratiyanın beşiyi sayılan Fransada baş verir. Öldürülən terroristlərin də heç biri Avropaya başqa ölkələrdən gəlməyib. Yəni hadisənin baş verdiyi məkan Fransa, hadisəni törədənlər isə fransızlardır. Bu günə qədər bir çox Avropa ölkələrində baş vermiş qanlı terror aktlarının icraçıları da məhz həmin ölkələrin öz vətəndaşlarıdır. Onların bir çoxu artıq tarixi ana dillərində danışa da bilmirlər və bütün hüquqi parametrlərinə görə onlar əsl fransızlar, əsl ingilislər və ya əsl ispanlardır. Başqa sözlə desək, bu terrorçular Avropada doğulub, Avropanın suyunu içib, çörəyini yeyib, təhsilini və tərbiyəsini almış uğursuz vətəndaşlardır. Hal-hazırda Suriyada müxtəlif yönümlü terror qruplarının tərkibində döyüşən 1100-dən çox fransızın, 600-dən çox ingilisin və digər avropalıların əksəriyyətinin də əvvəllər heç zaman İslam ölkələrində olmaması danılmaz faktdır. Bu halda Avropa vətəndaşının haradasa meydana gəlmiş islam radikalizminə yoluxmasının səbəblərini ərəb ölkələrində axtarmaq o qədər də məntiqli görünmür. Demək olar ki, bütün siyasətçilərin, eləcə də Fransa prezidenti Hollandın bu hadisələrlə bağlı öz xalqına müraciətində dediyi kimi, terrorçuların İslam dini ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, sivil cəmiyyətlərdə istənilən dinə bəşəriyyətin inkişaf tarixinin müəyyən mərhələsində bəşər övladı tərəfindən yaradılmış qeyri-maddi mədəniyyət nümunəsi, antik cəmiyyətin əxlaq kodeksi kimi baxılmalıdır və etiraf etməliyik ki, bəzi istisnaları nəzərə almasaq, belə də baxılır. Deməli, problemin kökü dində deyil, hadisələrin baş verdiyi cəmiyyətlərin daxilində axtarılmalıdır. Bütün dünya isə Avropa cəmiyyətində demokratiyanın hökm sürdüyünü, fikir və söz azadlığının insan azadlıqlarının önündə getdiyini, vətəndaşın rifah halının ən yüksək səviyyədə təmin olunduğunu iddia edir. Bəli, bütün dünyaya Avropa dəyərləri kimi təbliğ olunan dəyərlərin çoxu, doğrudan da, heyranedicidir. Onda bəs paradoks nədədir? Bəlkə, səbəbin kökündə terrorçuların dədə-babalarının hansı ölkədən gəlməsi yox, onların belə yüksək rifah cəmiyyətində hansısa səbəbdən uğursuz olmaları dayanır? Əlbəttə, cəmiyyəti maddi rifah bolluğunda “bəsləmək” hökumətlər üçün qürur və şərəf işidir. Lakin görünür, maddi rifahın yüksək səviyyəsi cəmiyyətin tam sağlamlığı üçün yeganə zəruri şərt deyil və ya kifayət deyil.
Yüksək mədəni dəyərlərin hökm sürdüyü iddia edilən bir cəmiyyətdə vətəndaşın öz həmvətənlərinə qarşı terror aktı həyata keçirməsi, söz və fikir azadlığına təcavüz etməsi, insanlığa qarşı cinayət törətməsi faktı, məncə, ortadakı sualları ilk növbədə Avropa cəmiyyətinin özünə ünvanlamağı tələb edir. Bu qədər liberal-demokratik dəyərlərin hökm sürdüyü mühitdə yetişmiş vətəndaşlar niyə öz cəmiyyətlərinə qarşı belə amansızdırlar? Cəmi bir neçə il öncə öz millətinin 80-ə yaxın gəncini qətlə yetirmiş və 20 il həbs cəzasına məhkum edilmiş Breyviki bu qədər qəddarlaşdıran nə olmuşdu? Yeri gəlmişkən, bəzi Qərb şərhçiləri hal-hazırda rasizm və nasizm kimi neqativ halların Avropa cəmiyyətində mövcudluğunu etiraf edərək intensivləşən terror aktlarının bu kimi hallara qarşı bumeranq effekti ola bilməsini də istisna etmirlər. Fransanın daxili işlər naziri isə öz çıxışında ölkədə hüquq-mühafizə sisteminin mükəmməl olmadığını etiraf etdi. Antiterror üzrə fransalı ekspert Klod Monikenin “Euronews” telekanalına müsahibəsi də maraq doğurur. Belə ki, cənab Monike öz müsahibəsində Fransa xüsusi xidmət orqanlarında ölkədə terror törətmək ehtimalı olan bütün vətəndaşların siyahısının mövcudluğunu, o cümlədən, Şərif və Səid Kuaşi qardaşlarının da çoxdan “qara siyahı”da olduğunu bildirdi. Teleaparıcının “...belə olan halda xüsusi xidmət orqanlarının bu şəxsləri niyə vaxtında neytrallaşdırmaması və ya heç olmasa onları müşahidə altında saxlamaması” haqqında sualına Klod Monikenin cavabı da bəzi məqamlara aydınlıq gətirir. “...Birincisi, onların sayı 1000-2000 nəfərdir, bu qədər adamı nəzarət altında saxlamaq bizim hüquq-mühafizə orqanlarının (yəni Fransanın - CF) gücü xaricindədir. Çünki, bir tərəfdən, insan haqları adı altında spekulyasiya ifrat həddə çatıb. Polis orqanlarının müasir cihazlarla texniki təchizatı üçün vəsait istənildikdə dərhal “insan haqları” adı altında cəmiyyətdə isterika yaşanır və hər hansı bir addım “psevdodemokratların” müqaviməti ilə rastlaşır. İkincisi, hal-hazırda ölkənin hüquq-mühafizə və gömrük orqanlarında korrupsiya o həddə çatıb ki, zabitlər artıq ölkənin təhlükəsizlik məsələlərinə də biganə yanaşırlar...” Mənə elə gəlir ki, ekspertin cavabı Fransadakı, bəlkə də, bütün Avropadakı bugünkü gerçəkliyi obyektiv şəkildə əks etdirir və qismən də olsa hadisələri doğuran səbəblərə işıq salır. Amma səbəblərin tam siyahısı bununla da bitmir. Soyuq müharibə erası başa çatdıqdan sonra yaranmış yeni şəraitdə güc və söz sahibi olan Qərb dövlətləri qolobal siyasət meydanında baş verən rəqabət mühitində bəzi universal dəyərlərdən geri çəkilməyə başlamışlar. Bu, daha çox Avropanın qeyri-qərb dövlətlərinə qarşı münasibətlərində beynəlxalq hüquq və beynəlxalq ədalət normalarına ikili yanaşmasında özünü göstərir. Məsələn, keçən il ərzində Ukraynada baş verən hadisələrə Qərbin sərgilədiyi obyektiv münasibət bundan daha əvvəl Azərbaycanda, Gürcüstanda və Moldovada baş vermiş hadisələrə olan münasibətdən xeyli fərqlənir. Artıq 25 ilə yaxın bir müddətdə davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Avropa tərəfindən qərəzli yanaşma da Avropa siyasətinə, onun ədalətliliyinə etimadı azaltmaqdadır. Beynəlxalq ədalətin təmin edilməsi sahəsində nümayiş etdirilən ayrı-seçkilik isə heç də Avropanın nüfuzunun möhkəmlənməsinə xidmət etmir. Dünyadan, xüsusilə də hələ möhkəmlənməmiş yeni dövlətlərdən ikitərəfli iqtisadi-siyasi münasibətlərdə özləri üçün əlavə imtiyazlar qoparmaq məqsədilə onlarla ikili standartlar əsasında qərəzli davranan Qərb dövlətləri və siyasətçiləri də bunu yaxşı bilirlər. Buna baxmayaraq, həm Fransa, həm də bütövlükdə Qərb dövlətləri yerli-yersiz qeyri-qərb cəmiyyətlərini korrupsiya və insan haqlarının pozulması iddiaları ilə şantaj etməkdən çəkinmirlər. Qərb dövlətləri vaxtaşırı dünyanın müxtəlif bölgələrində peyda olan PKK, Əl-Qaidə, Boko-Haram, İŞİD və s. kimi terror təşkilatlarının bir çox hallarda onlar tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi haqqında səsləndirilən iddiaları da hələ ki inandırıcı şəkildə təkzib etmək iqtidarında deyillər. Bəzi hallarda Avropa dövlətləri özləri söz və fikir azadlığına dövlət səviyyəsində birbaşa təcavüz edirlər. Fransa Senatında qondarma “erməni genosidi”ni tanımamağa görə vətəndaşa qarşı cinayət işinin açılmasını nəzərdə tutan qanunun qəbul edilməsi, sadəcə, bir terrorçunun deyil, “lazım gəldikdə” siyasi maraqlar naminə elə dövlətin özünün də cəmiyyətdə söz və fikir azadlığına sipər çəkməsini sübut etmirmi? Avropa esteblişmentində hakimiyyət uğrunda mübarizədə siyasi spekulyasiyalar, qorunması və daha da möhkəmləndirilməsi zəruri olan mənəvi-etik dəyərlərin siyasi oyunlara qurban verilməsi qərb cəmiyyətində mənəvi-əxlaqi dəyərlərin aşınmasına gətirib çıxarır. Siyasət mənəvi-əxlaqi dəyərlər müstəvisindən kənarda formalaşdıqda isə cəmiyyət “xəstələnir”. Beləliklə, cəmiyyətin dərin qatlarında inkubasiya dövrünü yaşayıb birdən-birə üzə çıxan və müasir Qərb cəmiyyətini silkələyən intihar, eynicinsli evlilik və terror kimi xəstəlikləri ilk növbədə Qərb siyasətçiləri özləri dövriyyəyə gətirir və bu kimi halların mövcudluğundan müəyyən siyasi ambisiyalara nail olmaq üçün sui-istifadə edirlər. Bütün bu oyunların baş verdiyi qlobal siyasət meydanında dünyanı idarə etmək iddiası ilə çox uzaqlardakı labirintlərdə dolaşan Qərb siyasəti öz çıxış nöqtəsindəki - Avropadakı daxili vəziyyətdən xəbərsiz kimi görünür. Başları digər ölkələrə “demokratiya və azadlıq”, “dözümlülük və tolerantlıq” dərsi keçməyə qarışmış Avropa hökumətləri, Avropa Birliyinin çoxsaylı qurumları öz cəmiyyətlərinin “diaqnostika”sına və “profilaktika”sına diqqət ayırmağı unudublar. Halbuki, ilk növbədə onlar öz vətəndaşlarının hansı səbəblərdən uğursuzluğa düçar olub öz taleyini terrora qurban verdiyini araşdırmalıdırlar.
Avropada isə yenə bir kabus dolaşmaqdadır. Lakin bu, məşhur sitatda deyildiyi kimi, kommunizm kabusu deyil. Bu - heç də ondan az təhlükəli olmayan terror kabusudur. Tarix bir çox qlobal fəlakətlərin dünyaya Avropadan yayılmasının şahididir. Belə bir təhlükə qarşısında bu dəfə də Avropa daha sıx birləşməli və yeni kabusun bütün dünyaya yayılmasının qarşısını almaq üçün ilk növbədə onu doğuran səbəbləri aradan qaldırmalıdır. Bunun üçünsə Avropa siyasəti özündə qeyri-qərb cəmiyyətləri ilə əməkdaşlıqda bərabərlik, tərəfdaşlıqda etibar, mədəniyyətdə universallıq, siyasətdə əxlaq, dünyaya münasibətdə səmimiyyət və ən başlıcası isə Universal Ədalət təcəssüm etdirməlidir.
Cavanşir Feyziyev
Fəlsəfə doktoru, millət vəkili

Paylaş:
Baxılıb: 616 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31