Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi qəbul olunub

Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi qəbul olunub

14.02.2015 [10:36]

Parlamentin dünən keçirilən iclasında millət vəkilləri iqtidar-müxalifət dialoqunu da müsbət qiymətləndiriblər
Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasda əvvəlcə cari məsələlərlə bağlı çıxışlar olub. Bəzi millət vəkilləri fevralın 12-də siyasi partiyalar arasında keçirilən dialoqu yüksək qiymətləndiriblər. Qeyd olunub ki, iqtidar-müxalifət dialoqu bir sıra məsələlərin həlli baxımından əhəmiyyətlidir.
Məsələ ilə bağlı çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, iqtidar-müxalifət görüşünə bəzi siyasi partiyaların qatılmaması həmin partiyaların xarici qüvvələrin əlində oyuncağa çevrildiyini göstərir: “İndi onlar baş tutan görüşə kölgə salmaq istəyirlər. Ancaq bununla heç nəyə nail ola bilməyəcəklər. Hesab edirəm ki, bu görüş çox əhəmiyyətlidir. Hətta Prezident Administrasiyasının nümayəndələri də bildirdilər ki, belə görüşlər Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında keçirilir. Belə tədbirlər ölkədə demokratiyanın, siyasi sistemin və qanunların aliliyinin təmin olunmasına birbaşa təsir göstərir. Bu cür görüşlərə kölgə salmaq istəyən qüvvələr isə bir daha öz mövqelərinə diqqət etməlidirlər. Onlar imkan verməməlidirlər ki, ayrı-ayrı ölkələr tərəfindən idarə olunsunlar”.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da siyasi partiyalarla dialoqun aparılması istiqamətində ölkə başçısının göstərdiyi təşəbbüsü yüksək qiymətləndirib: “Bu dialoq siyasi mədəniyyət nümunəsidir. Kimlərsə iştirak etməyibsə, onlar çox böyük siyasi, taktiki səhvə yol veriblər”.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə qeyd edib ki, Azərbaycanda siyasi təşkilatların hakimiyyətlə bir masa arxasında müxtəlif məsələləri müzakirə etməsi ancaq dövlətimizin, millətimizin xeyrinədir.
Milli Məclisin sədri Oqtay Əsədov da bu dialoqu yüksək qiymətləndirib. Onun sözlərinə görə, cəmiyyətimizdə normal dialoq mühiti mövcuddur: “Görüşdə iştirak etməyən partiyalar dialoq istəyirlər, amma bu dialoq reallaşanda da belə münasibət göstərirlər. Məncə, onlar kölgə altında deyil, kök altındadırlar, ona görə də, bu görüşlərdə iştirak etmirlər”.
Daha sonra gündəlikdəki məsələlər müzakirə olunub. İlk olaraq Milli Məclisin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. V.Zahirov qeyd edib ki, beynəlxalq aləmdə öz layiqli yerini tutan, dinamik inkişaf edən Azərbaycan 2014-cü ili də uğurla başa vurub: “Dünyada davam edən qlobal iqtisadi-maliyyə böhranı şəraitində Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirərək bütün sahələrdə böyük uğurlar əldə edib”.
V.Zahirov bildirib ki, dövlətimiz yeni-yeni nailiyyətlər qazanıb, iqtisadi inkişaf sürətinə görə bir çox ölkələri geridə qoyub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş bu uğurlar demokratik islahatların davam etdirilməsinə daha yaxşı şərait yaradıb.
V.Zahirov bildirib ki, 2014-cü ildə inzibati nəzarət qaydasında baxılması üçün icraata 66 694 bələdiyyə aktı daxil olub. Onun sözlərinə görə, daxil olan bələdiyyə aktlarının hər birinin ekspertizası aparılıb: “Ekspertiza nəticəsində 62908 akt qanunvericiliyə uyğun hesab edilib, 3552 aktın dəyişdirilməsi, yaxud da ləğv edilməsi üçün onları qəbul edən bələdiyyələrə təkliflər verilib. Verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1709 akt ləğv edilib, 544 akt dəyişdirilib, 473 akt üzrə təsdiqedici sənədlər təqdim edilib, digərləri isə baxılmaqdadır. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 11 iddia qaldırılıb. Verilən təkliflərin bələdiyyələr tərəfindən qanuna müvafiq icra edilməsi nəticəsində belə iddiaların sayı son illər ərzində xeyli azalıb. Bələdiyyə tərəfindən torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi ilə bağlı qəbul edilən qərarlar nazirliyin təklifləri əsasında müvafiq bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilib”.
V.Zahirov qeyd edib ki, bütövlükdə 4022 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb: “Onlardan 1502 ha kənd təsərrüfatı təyinatlı torpaqlar olub. Eyni zamanda, bələdiyyələrə 3998 tövsiyə göndərilib. Bələdiyyə aktlarının vaxtında təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 445 protokol tərtib edilərək müvafiq məhkəmələrə göndərilib. Onlardan 96-sı təkrar inzibati xəta üzrə tərtib edilib. Müvafiq protokollar əsasında 381 nəfər bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilib, 64 protokol üzrə müraciət isə baxılmaqdadır. Ötən illərlə müqayisədə inzibati məsuliyyətə cəlb edilən bələdiyyə sədrlərinin sayı xeyli azalıb”.
Nazir müavini qeyd edib ki, əsas qanun pozuntularına bələdiyyə torpaqlarının idarəçiliyində yol verilib: “Bu sahədə qanun pozuntuları təhlil edilib. Ümumiləşdirilmə nəticəsində bələdiyyələrin daha çox qanun pozuntularına kənd təsərrüfatı təyinatlı torpaqların qanunsuz olaraq qeyri-kənd təsərrüfatı məqsədləri üçün satılması zamanı müəyyən edilib. Bundan başqa, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, bələdiyyə qərarlarında torpaq sahəsinin kateqoriyasının və təyinatının göstərilməməsi, müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılmaması da qeydə alınıb”.
Müzakirələrdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov yerli özünüidarə orqanlarının fəaliyyətinin əhəmiyyətli olduğunu bildirib. Millət vəkili deyib ki, bələdiyyələr yerli demokratiyanın inkişafında vacib rol oynayır. Hazırda bələdiyyələrin inkişafı yönündə müsbət nəticələrin olduğunu deyən S.Novruzov müəyyən problemlərin də olduğunu diqqətə çatdırıb. Türkiyə bələdiyyələrinin təcrübəsi ilə bağlı bəzi millət vəkillərinin fikirlərinə münasibət bildirən S.Novruzov deyib ki, Türkiyədə sistem fərqlidir: “Orada daha çox böyükşəhər bələdiyyələri var. Kəndlərdə isə muxtarlar deyilən şəxslər var və onlar da bələdiyyə üzvüdür. Bunu hesablasaq, Türkiyədə bələdiyyələrin sayı bizdən bir neçə dəfə çox olar. Bizdə bəzən bələdiyyələrlə icra orqanları dəyişik salınır. Bələdiyyələrin statusu var, genişdir. Bəzən deyirlər ki, bələdiyyə torpaq satır. Torpaq bölünübsə, necə sata bilərlər? Ola bilsin ki, kimsə dələduzluq edir. Ancaq bu bəlli olanda cəzalandırılır. Bəli, elə bələdiyyə sədri var ki, səlahiyyətinin əksinə fəaliyyət göstərir”.
Millət vəkili təqdim olunan məruzəni müsbət qiymətləndirib.
Müzakirələrdən sonra məruzə qəbul olunub.
İclasda, həmçinin, “Torpaq bazarı haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında”, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında”, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “İcra məmurları haqqında”, “Cinayət Məcəlləsi”, “İnzibati Xətalar Məcəlləsi”, “Cinayət-Prosessual Məcəlləsi”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Bələdiyyə qulluğu haqqında” qanunlara dəyişikliklər müzakirələrdən sonra ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Həmçinin, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və layihə müzakirələrdən sonra ilk oxunuşda qəbul edilib.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31