Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azad mətbuatın formalaşması ölkədə demokratiyanın əsas əlamətlərindən biridir

Azad mətbuatın formalaşması ölkədə demokratiyanın əsas əlamətlərindən biridir

23.07.2015 [09:24]

Prezident İlham Əliyev: Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir
Təməli böyük maarifçi Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə qoyulan milli mətbuatımız ötən 140 il ərzində müxtəlif inkişaf mərhələlərindən keçərək bugünkü yüksək səviyyəyə çatıb. Hazırda müstəqil Azərbaycanda kütləvi informasiya vasitələri dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Ölkəmizdə əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Milli mətbuatımızın 140 illik yubileyinin qeyd olunması, həmçinin, KİV nümayəndələrinin təltif edilmələri və fəxri adlara layiq görülmələri ilə bağlı imzaladığı sərəncamlar isə dövlət başçısının cəmiyyətin güzgüsü olan mətbuatın inkişafı üçün güclü siyasi iradə nümayiş etdirdiyini bir daha təsdiqləyir. Onu da qeyd edək ki, yubiley ərəfəsində, iyulun 21-də Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşüb. Milli mətbuatın yaradılmasının 140 illiyi münasibəti ilə keçirilən görüşdə söylədiyi nitqində mətbuatımızın yubileyini tarixi hadisə kimi səciyyələndirən dövlət başçısı deyib: “Doğrudan da böyük əlamətdar bir tarixdir. Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir”.
Müstəqillik dövründə milli mətbuatımız yeni səviyyəyə qalxıb
Ümumiyyətlə, milli mətbuatımız 140 illik tarixində müxtəlif ictimai-siyasi formasiyalar şəraitində fəaliyyət göstərib və hər dövr də mətbuatımızda öz izini qoyub. Bu nöqteyi-nəzərdən Azərbaycanın dövlət müstəqilliyi qazandıqdan sonrakı dövr mətbuatımızın həm ideya cəhətdən zənginləşməsi, dünya çağırışlarına daha adekvat cavab verməsi, həm də maddi-texniki bazasının möhkəmlənməsi baxımından xüsusilə əlamətdardır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan mətbuatı yeni səviyyəyə qalxa bilmişdir. Dövlət başçısı sözügedən nitqində milli mətbuatımızın ancaq müstəqillik dövründə azad və müstəqil mətbuat kimi fəaliyyət göstərdiyinə xüsusi diqqət çəkib: “Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Bu barədə biz sizinlə dəfələrlə danışmışıq, - xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır”.
Həqiqətən də, bu gün dünyada mətbuatın Azərbaycan qədər azad olduğu və mətbuat işçilərinin sosial müdafiəsinin yüksək səviyyədə təmin edildiyi ölkələrin sayı çox azdır. Ölkəmizdə KİV-in inkişafına dövlət dəstəyinin bariz nümunəsi kimi, atılan bəzi addımları xatırlatmaq olar. Məsələn, Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” söz və məlumat azadlığının, KİV-lərin müstəqilliyinin təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilməsini nəzərdə tutan mühüm sənəddir. Konsepsiyanın əsas müddəalarından biri KİV-lərin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı kənar müdaxiləyə yol verilməməsi ilə bağlıdır. Konsepsiyada əks olunmuş məsələlərin həlli, o cümlədən də, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2009-cu ildən fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ardıcıl tədbirlər həyata keçirir. Siyasi oriyentasiyasından asılı olmayaraq müəyyən prosedur qaydaları gözlənilməklə nəşr edilən bütün kütləvi informasiya vasitələri fondun vəsaitlərindən bəhrələnirlər. Azərbaycanda yenə də hansı siyasi mövqe tutmasından asılı olmayaraq bütün KİV-lərin əməkdaşları dövlət vəsaiti hesabına tikilən mənzillərlə təmin olunurlar ki, bu da dünyada analoqu olmayan haldır. Bu gün Azərbaycan eyni zamanda, internet azadlığı sahəsində ən qabaqcıl ölkələrlə rəqabət apara bilər. Ölkənin bütün regionlarında əhalinin 70 faizdən çoxunun sürətli internetə çıxışı təmin edilib.
Demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil
Məlum olduğu kimi son illərdə Azərbaycan dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edir. Daha dəqiq desək, ölkənin iqtisadi-maliyyə potensialının davamlı olaraq artması fonunda bütün regionlar paralel surətdə inkişaf edir, şəhər və kəndlər abadlaşır. Əlamətdar haldır ki, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi daxili və xarici çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə həm iqtisadi, həm də siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatmağa nail olub. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Bütün azadlıqların təmin olunması Azərbaycan cəmiyyətinin əsas üstün cəhətidir. Respublikamızda sərbəst toplaşmaq, vicdan, din azadlığı tam təmin olunub. Azərbaycanın demokratik dəyərlərə, fundamental insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan dövləti daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Azərbaycanda hər sahədə müşahidə edilən dinamik inkişafla paralel surətdə cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq doğurur. Bu da, ilk növbədə, ölkəmizdə ictimai sektorun inkişafına dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə və praktiki dəstəklə bağlıdır. Respublikamızda vətəndaş fəallığının artırılması, cəmiyyətin dövlət siyasətinin həyata keçirilməsində rolunun təmin edilməsi təşviq olunur, eyni zamanda, dövlət üçüncü sektorun inkişafına əməli dəstək verir, davamlı olaraq təşkilati-hüquqi və maliyyə yardımları göstərir.
Heç şübhəsiz, demokratik, azad cəmiyyətin formalaşmasını qabaqcıl ideyaların daşıyıcısı olan mətbuatsız təsəvvür etmək mümkün deyil. Bu məqama toxunan Prezident İlham Əliyev sözügedən görüşdəki nitqində ölkəmizdə azad mətbuatın fəaliyyətini demokratiyanın əsas əlamətlərindən biri kimi səciyyələndirib: “Azad mətbuatın artıq formalaşması və uğurla fəaliyyət göstərməsi demokratiyanın əsas əlamətlərindən biridir. Azərbaycanda bütün başqa azadlıqlar da - söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşma azadlığı təmin olunur. Azərbaycanda yüzlərlə qəzet, jurnal, 50-dən çox televiziya və radio kanalı fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur və bu, bizim böyük sərvətimizdir”.
Demokratik cəmiyyət quruculuğu yolu ilə gedən Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri isə ondan ibarətdir ki, ölkəmizdə insanlar milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verirlər və bütövlükdə cəmiyyətimiz milli ideya ətrafında birləşib. Dövlət başçısı burada mətbuatın rolunu yüksək qiymətləndirib: “Bu gün Azərbaycanda azad cəmiyyət formalaşıb. Mən cəmiyyətdə gedən prosesləri yüksək qiymətləndirirəm. Azərbaycan cəmiyyəti milli ideya ətrafında birləşmişdir. Əlbəttə ki, burada mətbuatın rolu həddindən artıq əhəmiyyətlidir”.
Onu da qeyd edək ki, Azərbaycan cəmiyyətin demokratikləşdirilməsini, fundamental azadlıqların təmin olunmasını kimlərinsə diktəsi və yaxud kimlərəsə xoş gəlmək üçün həyata keçirmir. Bu yol xalqımızın, dövlətimizin şüurlu seçimidir. Ölkəmizdə mətbuatın da vacib rol oynadığı demokratik cəmiyyət quruculuğu bundan sonra da davam etdiriləcək. Bununla bağlı Azərbaycanın niyyətini ifadə edən Prezident İlham Əliyev deyib: “Bir daha demək istəyirəm ki, demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Bir daha demək istəyirəm, həm jurnalistlər bunu bilsinlər, həm bizim ictimaiyyət də bir daha Azərbaycanın rəsmi mövqeyini eşitsin ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək. Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər”.
Mətbuat qərəzsiz olmalı və dövlət maraqlarından çıxış etməlidir
Azad cəmiyyətdə mətbuatın qərəzsizliyi çox böyük aktuallıq kəsb edir. Ölkədə söz azadlığının təmin olunması KİV-lərin təmsilçiləri üçün geniş yaradıcılıq imkanları açmaqla yanaşı, həm də onların üzərinə böyük mənəvi məsuliyyət qoyur. Bəzən hansısa mətbuat orqanında dərc edilən qərəzli informasiyalar iş adamlarının, dövlət məmurlarının, bütöv kollektivlərin nüfuzuna xələl gətirir, ictimaiyyətdə yanlış rəy formalaşdırır və insanları məyus edir. Buna görə də jurnalistlər qələmə aldıqları yazılarla geniş oxucu auditoriyası ilə ünsiyyətə girdiklərini nəzərə alaraq hadisələrin şərhində və qiymətləndirilməsində obyektivlik meyarını əsas götürməlidirlər. Gizlətmək lazım deyil ki, bir sıra hallarda mətbuatdan “qara piar” aləti qismində istifadə olunmasına cəhdlər göstərilir və ayrı-ayrı KİV-lər kimlərinsə çirkin oyunlarında alətə çevrilirlər. Mətbuatda tənqid lazımdır, ancaq heç bir halda qərəz jurnalist vicdanını üstələməməlidir. Prezident İlham Əliyev haqqında bəhs olunan görüşdəki nitqində də bütövlükdə mətbuatı qərəzsiz olmağa çağırış edib: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük”.
Dünyada müxtəlif tendensiyaların baş qaldırdığı və bir sıra hallarda milli mənafe üçün təhdidlər yarandığı indiki vaxtda mətbuatın öz fəaliyyətində dövlət maraqlarını önə çəkməsi də böyük önəm daşıyır. Məlumdur ki, hazırda milli dövlətlərə qarşı ikili standartların tətbiqi müasir dünyanın arzuolunmaz mənzərəsini təşkil edir. Bunu öz nümunəsində qlobal əməkdaşlığa sanballı töhfələr verən Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin sərgilədikləri münasibətdə aydın şəkildə görmək mümkündür. Xüsusilə əlamətdar tarixlər, Azərbaycanın ev sahibliyi etdiyi mühüm beynəlxalq tədbirlər ərəfəsində xaricdəki erməni lobbisi, islamofob dairələr tərəfindən daxildəki “beşinci kolon” təmsilçiləri ilə əlaqələndirilmiş şəkildə ölkəmizə qarşı gözdənsalma kampaniyalarına start verilir. Azərbaycan cəmiyyəti ölkəmizin uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunları ərəfəsində belə qərəzli “qara piar” təbliğatının əyani şahidi oldu. Oyunlar ərəfəsində anti-Azərbaycan dairələri ölkəmizin uğurlarına kölgə salmaq, həmçinin bütün Avropa ailəsini birləşdirən yarışların miqyasını azaltmaq məqsədilə ölkəmizə qarşı xüsusi layihə hazırlamışdılar. Bütövlükdə Azərbaycan mətbuatı həmin layihənin ifşa olunmasında və ölkəmizin dövlət maraqlarının qorunmasında sözün əsl mənasında fədakarlıq nümayiş etdirdi və beləliklə də, böhtançı, qərəzçi dairələrin planları tamam alt-üst oldu. Lakin təəssüf doğuran haldır ki, daxildəki radikal müxalifət düşərgəsinə məxsus bəzi mətbuat orqanları xaricdəki antimilli dairələrin alətinə çevrilərək milli maraqlarımızı təhdid edən kampaniyada yer aldılar.
Mətbuatın dövlət maraqlarından çıxış etməsinin real nümunəsini elə Qərbin timsalında da aydın görmək mümkündür. Son vaxtlaradək bizim təsəvvürlərimiz elə idi ki, mütərəqqi təcrübənin məhz Qərbdə olduğuna, azad cəmiyyətin məhz orada formalaşdığına inanırdıq. Ancaq indi görürük ki, Qərb ölkələrində hər hansı bir vacib mövzu ilə bağlı mətbuatda fikir ayrılığı yoxdur. Əksinə, hər hansı bir alternativ fikri tapmaq çox çətindir. Prezident İlham Əliyev bu məsələni xüsusi olaraq diqqət mərkəzinə gətirərək bildirib: “Qərb mediası Qərbin siyasi maraqlarını maksimum dərəcədə müdafiə edir. Əlbəttə ki, bu, təqdirəlayiq bir haldır. Baxmayaraq ki, bu, azad mətbuatın tam şəkildə təzahürü deyil. Ancaq ölkələrin, yaxud da ki, təşkilatların maraqlarını təmin etmək üçün bu, əlbəttə, təqdirəlayiq bir haldır. Bizdə də elə olmalıdır və hesab edirəm ki, biz də bu yolla gedirik. Çünki cəmiyyətimiz milli ideyalar, milli, strateji maraqlar ətrafında birləşib. Cəmiyyətdə bizim strateji seçimimizlə, ölkəni narahat edən əsas problemlərlə bağlı fikir ayrılığı yoxdur. Bizim mətbuatımız da, əlbəttə ki, ilk növbədə, dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır”.
Mətbuat operativliyini və cəmiyyətdəki nadir rolunu davam etdirməlidir
Mətbuatın önəmini və cəmiyyətdəki nadir rolunu şərtləndirən amillərdən biri də onun operativliyi ilə bağlıdır. Prezident İlham Əliyev haqqında bəhs olunan nitqində bildirib ki, Onun özü bir çox hallarda ölkədə, misal üçün, hər hansı pozuntular baş verdikdə, qüsurlar olanda, yaxud da, hər hansı bir xoşagəlməz vəziyyət yarananda məlumatı, o cümlədən, mətbuatdan əldə edir. Dövlət başçısı bunun çox əhəmiyyətli olduğunu vurğulayıb: “Bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada, digər yerlərdə, digər strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı, bu, yoxlanılmalıdır, əgər həqiqətdirsə ölçü götürülməlidir. Ona görə, sizin işiniz mənim üçün də çox dəyərlidir, əhəmiyyətlidir və mən bunu yüksək qiymətləndirirəm”.
Gizlətmək lazım deyil ki, respublikamızın dinamik inkişafı ilə yanaşı, ölkədə həllini gözləyən problemlər də qalmaqdadır. Dövlət başçısının qeyd etdiyi kimi, hələ ki, həm siyasi islahatlarla, həm də iqtisadi inkişafla bağlı görüləsi işlər çoxdur.
Cəmiyyətdəki nöqsanların aşkarlanmasında və əlaqədar qurumların, o cümlədən də, ölkə rəhbərliyinin diqqətinə çatdırılmasında mətbuat nadir rol oynayır. Prezident İlham Əliyev bununla bağlı mətbuata çağırış edərək deyib: “Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar - korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq”.
Mübariz ABDULLAYEV

 
Paylaş:
Baxılıb: 626 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31