Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNDƏ MULTİKULTURAL DƏYƏRLƏR

AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNDƏ MULTİKULTURAL DƏYƏRLƏR

19.04.2016 [09:54]

Bəşəriyyətin tarixi təkamül prosesi göstərir ki, hər hansı xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Nəcib əməllər sahibi olan belə insanlar həmişə saf və ali məqsədlər uğrunda mübarizənin önündə dayanmış, əlverişli siyasi şansdan böyük məharətlə, ustalıqla bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində gələcəyə doğru inamla addımlamışlar.
Hər bir millətin tarixi inkişafı, qarşıya qoyduğu hədəflərə yetişmək əzmi, ilk növbədə, onun malik olduğu milli-mənəvi potensialdan, dəyərlər sistemindən qaynaqlanır. Zəngin milli-əxlaqi keyfiyyətlərini, milli “Mən”ini, heysiyyətini qorumağı bacaran xalq gələcək yaşam fəlsəfəsini düzgün müəyyənləşdirir, dünya miqyasında layiqli yerini, mövqeyini təmin edir. Bu həqiqəti hər zaman ciddiliklə nəzərə alan böyük strateq Heydər Əliyev də Azərbaycanı qoruyub inkişaf etdirmək, hansısa mərhələdə milli müstəqilliyə qovuşdurmaq üçün, ilk növbədə, xalqımızın zəngin milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən dəyərlərini hifz etməyə çalışmışdır. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir.
Bu mənada, azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloyi bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Azərbaycançılıq dilindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət edir. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə tolerantlığın bariz təzahürüdür.
Bu gün Azərbaycan tolerantlığın hökm sürdüyü, müxtəlif xalqlar, dinlər arasında münasibətlərin harmoniya təşkil etdiyi ölkə kimi tanınır və multikultural dəyərlərini dünyaya nümayiş etdirir. Adətən multikulturalizm anlayışı müxtəlif sosial subyektlərin, fərqli mədəniyyətlərin bərabərhüquqlu inkişafına, ictimai həyatın bütün sahələrində əhalinin müxtəlif qruplarına münasibətdə ayrı-seçkiliyin aradan qaldırılmasına, bərabər hüquqların təmin edilməsinə yönəlmiş ideyalar və hərəkətlər kompleksini ifadə edir. Multikulturalizm həm ayrıca götürülmüş bir ölkədə, həm də bütövlükdə qloballaşan dünyada müxtəlif mədəniyyətlərin yanaşı mövcudluğuna şərait yaradılması deməkdir. Bütün bunlar belə bir nəticəyə gəlməyə əsas verir ki, multikulturalizm təkcə etnik doktrina deyil, eyni zamanda, açıq cəmiyyət formalaşdırılmasına kömək etməyə çalışan ölkələr üçün səciyyəvi olan strateji proqram, dövlət siyasəti deməkdir. Beləliklə, multikulturalizm və tolerantlıq bir-biri ilə sıx bağlı, lakin identik olmayan anlayışlardır. Dünyada polietnik, çoxkonfessiyalı və tolerant ölkə kimi tanınan Azərbaycanda cəmiyyətdə multikulturalizm və tolerantlıq məsələlərinə çox həssaslıqla yanaşılır, bu dəyərlərə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Bu, göründüyü kimi, qeyd olunan problemlərlə üzləşən dünyanın nəzərindən yayınmır.
Məhz ona görə də Ümummilli lider Heydər Əliyev vaxtilə bu məsələlərə böyük önəm verirdi. Ulu öndər Heydər Əliyev Azərbaycanın bütün istiqamətlər üzrə strateji hədəflərini müəyyən etmişdir. Azərbaycanda toleratlıq və dinlərarası dialoqla bağlı tez-tez beynəlxalq tədbirlər - simpoziumlar, konfranslar keçirilir. Məsələn, 2010-cu ildə keçirilən Dünya Dini Liderlərinin Zirvə Görüşü, bir il sonra düzənlənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi ölkəmizin bu məsələyə necə önəm verməsini diqqətə çatdırır. Digər tərəfdən, artıq dünya Azərbaycanın tolerantlığın ən gözəl nümunəsi olduğunu qəbul edir. Azərbaycanda müxtəlif dinə mənsub xalqların, millətlərin və azsaylı xalqların bərabər hüquq, anlaşma şəraitində yaşaması dövlətimizin bu sahədə apardığı siyasətin çox düzgün olduğunu sübut edir. Bundan əlavə, Azərbaycanda tolerantlıq mühitinin münbitliyi tarixi keçmişimizdən, milli-mənəvi dəyərlərimizin köklərinin, belə demək olarsa, daim humanizmdən irəli gəlməsi ilə bağlıdır.
Azərbaycan Konstitusiyasından tutmuş, vətəndaşların azadlıqlarını təsbit edən sənədlərin, demək olar ki, hamısında insanların hüquqlarının bərabərliyi dönə-dönə qeyd olunur. Məsələn, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 3-cü maddəsində belə yazılıb: “Azərbaycan Respublikasının vətəndaslığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq, hamı üçün bərabərdir. Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və basqa hallardan asılı olmayaraq bərabərdir”.
Azərbaycan dünyaya daha geniş inteqrasiya etdikcə onun iqtisadi uğurları ilə yanaşı, ölkəmizdə mənəvi dəyərlərin, insan hüquqlarının yüksək səviyyədə qorunması da alqışlanır. Ölkəmizdə yüksəlişə kömək edən başlıca amillərdən biri də milli və dini zəmində tolerantlıq mühitinin yaradılmasıdır.
Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Heç şübhəsiz, bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, biri-digərinə yaxınlaşmağa vadar etmiş, bir-biri ilə yaxın ünsiyyətdə olmuşlar. VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı həmişə ehtiram və dözümlülük göstərmişlər.
“İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumda Ulu öndərimiz Heydər Əliyev demişdir: “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda, heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapmışdır. Azərbaycanda İslam dini ilə yanaşı, xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar”.
Sovet rejiminin dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı, əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni erməni təcavüzü yaradırdı. Onların bu işi minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb oldu. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, ermənilərin dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdur. Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya Azərbaycandan “İslam təhlükəsi” gözlənilir.
Digər tərəfdən, Azərbaycanda antimüharibə və hətta ermənipərəst meyillərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşmağa başladı. Belə ki, dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də danılmaz xidmətləri oldu. Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir prinsipi xalqlar arasında səmimiyyət yaratmağa səbəb oldu. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada mövcud olan digər dinlərə də qayğı göstərdi.
Azərbaycan hər zaman fərqli dinlərin, müxtəlif millətlərin qardaşlıq şəraitində yaşadığı ölkə olub. Xalqımız tarixin hər bir dönəmində dünyaya tolerantlıq nümunəsi nümayiş etdirib. Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə lazımi şərait yaradılıb. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn, Azərbaycanı bir dövlət kimi məhv olmaqdan xilas etmək missiyası kimi böyük bir yükü çiyinlərinə götürən Ümummilli liderimiz Heydər Əliyev o dövrdə yaranan gərginliklərin, baş verən mürəkkəb və ziddiyyətli proseslərin fonunda xalqın dini-mənəvi, milli dəyərlərinin yenidən bərpası istiqamətində böyük və çox önəmli işlər gördü. Bu mövqe xalqımızın əsrlərlə formalaşdırdığı zəngin mədəni və dini-mənəvi irsdən bəhrələnməklə yanaşı, zamanın ruhu və tələbləri ilə səsləşən prinsipləri özündə əks etdirirdi.
Azərbaycanın ən ağır günündə yenidən millətinin və dövlətinin xilasına yeganə ümid işığı olan Ulu öndərin mövqeyi məhz bu prioritetə söykənirdi. Dövrün gərginliyinin tələbi baxımından uğurlu, düşünülmüş, uzaqgörən siyasi strategiya müəyyənləşdirməklə, ölkəmizdə yaşayan bütün millətləri bir ideologiya - Azərbaycançılıq ideologiyası ətrafında birləşdirməklə yanaşı, Ümummilli liderimiz Heydər Əliyev xalqın sahib olduğu milli-mənəvi dəyərlərin qiymətləndirilməsinə, bu irsin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə zəmin yaratdı.
Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, bu sahədə də Ulu öndərin siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Konstitusiyasında da dinindən, dilindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunması ölkəmizdə tolerantlığın bariz nümunəsidir. Azərbaycan Konstitusiyası dini-milli tolerantlığın hüquqi təməlidir.
Müasir Azərbaycan dünyaya dini tolerantlıq, millətlərarası münasibətlərin inkişafı modelini nümayiş etdirir. Dinlərarası dialoq gücləndirilir. Bu gün ölkəmizdə tarixi, dini abidələrə xüsusi diqqət göstərilir, məscidlər, kilsələr, sinaqoqlar təmir edilir, yenidən qurulur.
Müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla müşayiət olunan XX əsrin sonunda Azərbaycanda bu cür gözəl bir ab-havanın hökm sürməsi, bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə şəraitin yaradılması birbaşa Ulu öndərimizin fəaliyyəti ilə bağlı idi.
Azərbaycan beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün dövlətlərə münasibətdə onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq, dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan praqmatik xarici siyasət həyata keçirir. Şəffaflıq və öncədən müəyyənləşdirmə Azərbaycanın xarici siyasətini səciyyələndirən əsas xüsusiyyətlərdir. Azərbaycan bütün ölkələrlə dostluq və qarşılıqlı səmərəli ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirməklə öz regionunda və onun sərhədlərindən kənarda sülh içində birgə yaşamağı və mehriban qonşuluğu təşviq edir.
Bütövlükdə, Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə, keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.
Hələ Ali Sovetin Sədri seçilərkən Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir. Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlamdüşüncəli xarici siyasəti olmayıbdır”.
Sözünə davam edərək Heydər Əliyev bu sahədə buraxılan səhvlərə diqqəti yönəldir: “Azərbaycanın bütün dövlətlərlə gərək bərabərhüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəbistan dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabərhüquqlu əlaqələri olmalıdır”.
Ulu öndər Heydər Əliyev son illərdə Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğuladı. O, özünütəcrid xəttinin acı nəticəsi kimi dünyanın Azərbaycanı tanımamasını, problemlərimizi bilməməsini, haqq səsimizi eşitməməsini göstərir və belə siyasəti “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırırdı. Ölkənin mənafelərini qorumaq istiqamətində hərtərəfli ölçülüb-biçilmiş addımların atılmasının vacibliyini vurğulayan Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. Bu gün də Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir.
Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya bu gün öz bəhrələrini verməkdədir. Bu strategiyanı müasir dövrün tələblərinə uyğunlaşdıran və yeni dəyərlərlə zənginləşdirən Prezident İlham Əliyevin müdrik və müstəqil xarici siyasət yürütməsi ölkəmizin çağdaş dünyamızda mövqeyini getdikcə möhkəmləndirir, gələcəyə daha nikbin nəzərlərlə baxmağa əsas verir.
Mədəniyyətlərin və dinlərin harmonizasiyası və ənənəvi siyasəti sayəsində Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrilib. Müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerant və dostluq münasibətləri Azərbaycan xalqının humanist mədəniyyəti üçün hər zaman xarakterik olub. Möhtərəm Prezidentimiz İlham Əliyev zamanında Ulu öndərin önəm verdiyi özünütəcrid məsələsini gündəmə gətirərək qeyd etmişdir ki: “Qloballaşma dövründə, informasiya mübadiləsinin və bütövlükdə inteqrasiya proseslərinin fəallaşdığı bir vaxtda özünütəcrid ilə məşğul olmaq, sadəcə, məhvə məhkum olmaqdır”.
Bəşəriyyətin mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha zənginləşdirilmiş halda ötürülməlidir. Şübhəsiz ki, mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir. Qloballaşmadan kənarda qalmayan ölkəmiz bu prosesdə məhz öz inkişaf yolunu, özünəməxsus dəyərlərini əsas götürərək gələcəyə doğru addımlayır. Təbii ki, qloballaşma dövrünün də öz tələbi, diktəsi var. Lakin bu prosesdə ölkəmizin ən mühüm istinadgahı, ilk növbədə, tarixi keçmişimiz, dövlətçilik ənənələrimiz, mənəviyyatımız və milli mentalitetimizdir.
Müasir dövrdə bəşəriyyətin dəyərlər sistemində struktur dəyişiklikləri baş verir, sivilizasiyalar arasında dialoqun mahiyyət etibarilə tam yeni mexanizmləri təşəkkül tapır. Bu proseslər sürətlə qloballaşan dünya nizamının humanitar əsasını təşkil edir və ümumbəşəri dəyərlərin təkamülü şəraitində daha səmərəli humanitar platforma yaradılması zərurəti qarşıya çıxır. Zaman özü tələb edir ki, bu platforma üzərində sivilizasiyalar təmas nöqtələri tapsınlar, effektiv dialoqa və qarşılıqlı anlaşmaya mane olan fərqləri aradan qaldıra bilsinlər. Bu çağırışların diktə etdiyi mədəniyyətlərarası mübadiləyə olan ehtiyacı zamanında dəyərləndirən Azərbaycan humanitar əməkdaşlığın yeni gündəliyinin işlənib hazırlanması təşəbbüsü ilə çıxış edib. Bir sıra nüfuzlu politoloqlar da bu fikirdədirlər ki, Azərbaycan regionda və dünyada qarşılıqlı dialoqun və əməkdaşlığın yeni modelini yaradıb. Yerləşdiyimiz coğrafiyanın və sahib olduğumuz humanitar dəyərlərin şərtləndirdiyi bu platforma artıq dünyada sivilizasiyalararası dialoqun Azərbaycan modeli kimi tanınır. Azərbaycan indiyədək müasir humanitariyanın gündəliyini formalaşdıran, aktual problemlərin həlli yollarını müəyyənləşdirən dörd Beynəlxalq Humanitar Foruma, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Dünya Dini Liderlərinin Zirvə görüşünə, Krans Montana Forumuna, Dünya Davos Forumuna, III Qlobal Bakı Forumu və digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.
Təsadüfi deyil ki, Bakı Beynəlxalq Humanitar forumlarına maraq getdikcə artır, onun auditoriyası dünyanın nüfuzlu siyasət və dövlət xadimlərinin olduqca böyük kontingentini əhatə edir. Humanitar forumların keçirilməsi üçün nəyə görə məhz Azərbaycanın seçilməsini şərtləndirən amilləri Prezident İlham Əliyev çox gözəl izah edib: “Əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi yaşamışlar. Hesab edirəm, bizim təcrübəmiz əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər”.
Ulu öndərin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərini ən yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə həyata keçirilən “sabitlikdən inkişafa doğru” ideyasıdır.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini yenidən bərpa edib. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunun davamlılığını təmin edən Prezident İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Bu gün dünyanı narahat edən bir sıra məsələlərdə böyük dövlətlərin başçıları Azərbaycanın - onun rəhbərinin mövqeyi ilə hesablaşırlar. Avropa və Asiyanın qovuşuğunda yerləşən mühüm geostrateji məkan kimi Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün dayaq nöqtəsi kimi ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçudur və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz.
Azərbaycan qonşu dövlətlərlə təhlükəsizliyin təmini aspektində regional lider səviyyəsində münasibətlər qurmuşdur, enerji təhlükəsizliyi məsələsi ilə əməkdaşlığın digər sahələri arasında unikal harmoniya formalaşmışdır.
Bu gün Azərbaycan düzgün düşünülmüş siyasət nəticəsində bütün dünyada haqq-ədalətin qorunması yolunda fəaliyyət göstərir. Başqa xalqlarla dostluq münasibətləri çərçivəsində əlaqələr qurur və bütün dünyada sülhün bərqərar olmasına çalışır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi: “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Azərbaycan bu istiqamətdə bütün dünyaya nümunə modelidir. Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edib. Bu cür yanaşma həm multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları ilə, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın davamlı inkişaf tələbatlarından irəli gəlir. Ümummilli lider multikulturalizm siyasətini hər zaman ölkəmizin demokratik inkişafının ayrılmaz tərkib hissəsi kimi görüb. Bu gün Prezident İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönəldilmiş bu siyasəti uğurla davam etdirir. Ölkə Prezidentinin əzmkar fəaliyyətini qeyd edərkən Ulu öndərin bu müdrik sözləri yada düşür: “Sizi əmin edirəm ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır”.
Sevinc FƏTƏLİYEVA
Milli Məclisin deputatı,
YAP İcra Katibliyinin şöbə müdiri

Paylaş:
Baxılıb: 1193 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

İqtisadiyyat

YAP xəbərləri

Analitik

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30