Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib

Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib

12.01.2017 [09:19]

Prezident İlham Əliyev: Bütün Azərbaycan xalqı vahid amal uğrunda birləşib ki, ölkəmizi daha da inkişaf etdirək və müstəqilliyimizi daha da möhkəmləndirək
Son illərdə dünyada müşahidə edilən kədərli mənzərə ilə müqayisədə ölkəmiz sabitlik və inkişaf yoluna sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində vurğuladığı kimi, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib. İl ərzində ölkənin qarşısında duran bütün vəzifələr icra olunub. Dünyadakı kataklizmlərə baxmayaraq, respublikamızın öz yolu ilə getdiyinə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Bütün Azərbaycan xalqı vahid amal uğrunda birləşib ki, ölkəmizi daha da inkişaf etdirək və müstəqilliyimizi daha da möhkəmləndirək”.
2016-cı ildə iqtisadi sabitliyin qorunması Azərbaycanın böhrandan şərəflə çıxmasını təmin edib
Təbii ki, dünyada baş verən proseslər müstəqillik illərində həyata keçirilən məqsədyönlü siyasət sayəsində dünyaya sıx inteqrasiya edən Azərbaycana da müəyyən təsirsiz ötüşməyib. Ən azından onu vurğulamaq lazımdır ki, dünya birjalarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi respublikamıza valyuta daxilolmalarını azaldıb. Bununla belə, bir sıra mənfi tendensiyalarla səciyyələnən yeni iqtisadi şəraitdə də respublikamız xarici təsirlər qarşısında ümidsiz vəziyyətə düşmədi. Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə sayəsində ölkəmiz özünün güclü potensialını tam səfərbər edərək yenə də inkişafa istiqamətləndi. Digər ölkələrlə müqayisədə Azərbaycanın çətin şəraitdə də əldə etdiyi uğurlar onu deməyə əsas verir ki, ölkəmizin milli maraqları əsas tutaraq irəlilədiyi yolun alternativi yoxdur. Prezident İlham Əliyev ölkəmizin inamla irəlilədiyi bu yolu müstəqillik, sabitlik və inkişaf yolu kimi səciyyələndirib: “Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur”.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanda zamanında qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində saxlanılması və bu sahədə nəzərəçarpacaq uğurların qazanılması indiki qlobal çətinliklər şəraitində ölkənin inkişafa istiqamətlənməsini şərtləndirən əsas amillərdən biri qismində çıxış edir. Məhz neftdənkənar iqtisadiyyatın inkişafının nəticəsidir ki, ölkəmizdə qlobal kataklizmlərin təsiri nisbətən az hiss olunur. Eyni zamanda, neftin birjalarda kəskin dəyər itirməsinin iqtisadiyyatımıza vurduğu müəyyən ziyanlar səmərəli tədbirlər sayəsində aradan qaldırılır. Artıq Azərbaycan postneft dövrünə qədəm qoyub. Yaxın, orta və uzunmüddətli perspektivdə milli iqtisadiyyatımızda aparıcı qüvvə kimi məhz qeyri-neft sektoru çıxış edəcək. Çətin keçən 2016-cı ildə iqtisadi sabitliyin təmin olunması Azərbaycanın böhrandan şərəflə çıxmasını təmin edib, il ərzində ölkədə 100 mindən çox daimi iş yeri açılıb. Bu məqama diqqət çəkən Prezident İlham Əliyev deyib: “Biz, əlbəttə ki, bu böhranlı vəziyyətdən çıxış yolunu tapmalı idik və hesab edirəm ki, tapmışıq. Bütün çətinliklərə, itkilərə baxmayaraq, biz iqtisadi sabitliyimizi qoruya bildik, bu ağır vəziyyətdən şərəflə çıxa bildik. 2016-cı ildə də ölkəmizdə iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılmışdır”.
Aparılan islahatlar 2017-ci ildə və sonrakı illərdə özünü daha qabarıq şəkildə göstərəcək
Çətin keçən 2016-cı ildə milli iqtisadiyyatımızda sabitliyin təmin olunması və böhran meyillərinin uğurla dəf edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. Düşünülmüş siyasət, kompleks islahatlar və ölkənin gələcəyi ilə bağlı planların müvəffəqiyyətlə icrası kimi mühüm amillər Azərbaycanın bundan sonra da inamlı inkişafı üçün etibarlı platforma qismində çıxış edir. Dövlət başçısının qəbul etdiyi mühüm qərarlar və aparılan islahatlar iqtisadi sektora aid müxtəlif istiqamətləri əhatə etməklə ümumi inkişafa daha effektiv təsir göstərir.
Ümumiyyətlə, yeni şəraitdə ölkənin iqtisadi inkişafının ardıcıllığını təmin etmək məqsədilə həyata keçirilən islahatların dairəsi kifayət qədər genişdir. 2016-cı ildə əldə olunan nəticələr aparılan islahatların səmərəliliyini bir daha təsdiqləyir. Çətin keçən 2016-cı ildə Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını saxlayıb və müəyyən inkişaf dinamikasına nail olub. Ötən il ölkəmizin qeyri-neft sənayesinin 5 faiz, kənd təsərrüfatının 2,6 faiz artması çox yaxşı göstəricidir.
İslahatlara bütün səviyyələrdə güclü dəstək nümayiş etdirilməsi, əldə olunan ilk nəticələr onu deməyə əsas verir ki, başlanan yeni iqtisadi kurs neft gəlirlərinin azaldığı dövrdə, o cümlədən də 2017-ci ildə ölkəmizin uğurlu inkişafını təmin edəcək. Bütövlükdə 2016-cı ili islahatlar ili kimi səciyyələndirən Prezident İlham Əliyev məmnunluq hissi ilə vurğulayıb ki, artıq qəbul edilən qərarlar öz nəticələrini verir: “2016-cı il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir. Əminəm ki, bu nəticələr bu il və bundan sonrakı illərdə daha da qabarıq şəkildə özünü göstərəcək”.
Ölkəmizdə 2016-cı ildən tətbiqinə başlanan yeni iqtisadi modelin dəstəklənməsi baxımından Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanı böyük aktuallıq daşıyır. Sənəd 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir.
İnvestisiyaların təşviqi Azərbaycanın sərmayə cəlbediciliyini daha da artırır
Bir sıra çətinliklərlə müşayiət olunan 2016-cı ildə də ölkəmizə investisiya qoyuluşu yüksək səviyyədə olub. Yaradılmış gözəl sərmayə iqlimi hesabına Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayə cəlb edilib. Prezident İlham Əliyev adambaşına düşən investisiyaların həcminə görə Azərbaycanın dünyada ən qabaqcıl yerlərdən birini tutduğuna diqqət çəkərək bildirib: “...Ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur. Bir daha demək istəyirəm ki, bu, çox gözəl göstəricidir. Bu göstəricinin mütləq rəqəmləri də çox böyükdür. Əgər bunu adambaşına hesablasaq, görərik ki, biz, bəlkə də, dünya miqyasında ən qabaqcıl yerlərdən birini tuturuq”.
Əlamətdar haldır ki, ötən il ölkəmizə yönəldilən sərmayələrin yarıdan çoxunu xarici investisiyalar təşkil edib. İndiki narahat dünyada respublikamıza xarici sərmayə qoyuluşunun yüksək səviyyədə olması olduqca müsbət göstəricidir. Son illərdə Azərbaycanın, bir tərəfdən, fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə, ölkəmizin daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı və inamı da əhəmiyyətli dərəcədə artıb.
Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, yeni iqtisadi şəraitdə dövlət, eyni zamanda, investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədinin verilməsi qaydası müəyyənləşdirilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 737 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30